Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1472/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın əvəzinin, habelə hüquqi yardıma görə çəkilmiş xərcin və dövlət rüsumunun ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə edilən “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sonuncunun xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, M.Kazımovski küçəsində yolun sağ hərəkət zolağında saxlayaraq avtomobilin sol qabaq qapısını açdığı zaman həmin avtomobilin qapısının qeyd olunan küçə ilə eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilinin sağ yan hissəsinə dəydiyini, zərbənin təsirindən “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşıdan gələn ona məxsus “Audi A6 minik” markalı 10-XO- 904 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, nəticədə digər avtomobillə yanaşı ona məxsus “Audi A6 minik” markalı avtomobilə maddi ziyan dəydiyini, bununla bağlı Cavabdeh2 barəsində xx.xx.2019-cu il tarixli “inzibati xəta haqqında” protokol tərtib olunduğunu və onun 40 manat cərimə edildiyini, hadisə nəticəsində avtomobilinə ümumilikdə 7550 manat maddi ziyan dəydiyni, Cavabdeh2 idarə etdiyi “Mazda CX-5 minik” markalı 99- FF-652 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta olunduğu sığorta şirkəti tərəfindən ziyanın 3916 manat hissəsinin ödənildiyini, zərərin qalan hissəsinin ziyan vuran şəxslər tərəfindən ödənilməli olduğunu, hər iki cavabdehə bununla bağlı edilmiş rəsmi və ya şifahi müraciətlərə müsbət cavab verilmədiyini, avtomobilinin təmiri üçün 7250 manat ödədiyini bildirmiş, buna görə də cavabdehlərdən müşətərək qaydada 3334 manat ziyan məbləğinin, həmçinin hüquqi yardım üçün ödənilmiş 300 manatın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 dəymiş maddi zərərə görə 3334 (üç min üç yüz otuz dörd) manatın, hüquqi yardıma görə 200 (iki yüz) manatın, dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğini düzgün müəyyənləşdirmədiyi, bununla bağlı üç fərqli qiymətləndirmə rəylərinin orta nisbətini əsas götürməli olduğu halda, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəyinə üstünlük verdiyi, iddiaçının avtomobilinin zədələnərək sıradan çıxmış hissələrinin ona verilməli olması məsələsinə münasibət bildirmədiyi arqumentləri ilə əsaslandırmışlar. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh2, eləcə də digər cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak iddiaçının vəkili isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını, həmçinin apellyasiya icraatı üçün iddiaçının ödədiyi 200 manat hüquqi yardım xərcinin onun xeyrinə tutulmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin, buna bağlı olaraq da məhkəmə xərclərinin bölüşdürülməsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı ümumiyyətlə şikayət verməmiş, Cavabdeh2 isə qətnamənin iddianın təmin olunması ilə bağlı hissəsini mübahisələndirmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə saat 22:15-də etibarnamə əsasında idarə etdiyi və mülkiyyətçisi Cavabdeh1 olan “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını qəflətən açaraq arxadan gələn “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma törətmiş, zərbənin təsirindən “Mercedes” markalı avtomobil qarşıdan gələn İddiaçı məxsus “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillərə ziyan dəymiş, Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, “Audi A6 minik” markalı avtomobilin rəsmi servisi (distryubutoru) olan “European Cars” LTD tərəfindən həmin avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr və görülən işlər daxil olmaqla 7550 manat, “xxxx” MMC tərəfindən isə dəyişdirilməli hissələrə görə 5245 manat müəyyənləşdirilmiş, avtomobil “xxxx” MMC-də təmir olunmuş və İddiaçı avtomobilinin təmiri üçün həmin MMC-nə ümumilikdə 7250 manat ödəniş həyata keçirmiş, “Mazda CX-5 minik” markalı avtomobilin sahibinin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti “Audi A6 minik” markalı avtomobilə dəymiş ziyanın 3916 manat hissəsini Elxan Salamova ödəmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə də müəyyən olunmuşdur ki, 2017-ci il buraxılışlı “Audi A6 minik” markalı **-XO-***dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə tətbiq edilməklə təxminən 7300 manat təşkil edir. İddiaçı, məhz işin müəyyən olunmuş sözügedən hallarına istinad etməklə avtomobilinə dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməyən hissəsini cavabdehlərdən tələb etmiş, Cavabdeh2 isə həmin ziyanı ödəməli olduğunu mübahisələndirməsə də, ziyan məbləğinin düzgün müəyyənləşdirilmədiyini, həmçinin “Audi A6 minik” markalı avtomobilin dəyişdirilmiş (zədələnmiş) hissələrinin ona verilməli olduğunu irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, yüksək təhlükə mənbəyi olan “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh2 üzərinə qoymaqda haqlı olmuşdur. Kollegiya iddiaçıya vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, həmin məbləğ həm “Audi” markalı avtomobilin rəsmi distryubutorunun verdiyi rəylə, həm də məhkəmənin təyin etdiyi ekspertiza rəyi ilə müəyyən olunmuş, ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir. Apellyatorun, “iddiaçının avtomobilinin zədələnərək sıradan çıxmış hissələrinin ona verilməli olması məsələsinə münasibət bildirilmədiyi” arqumentinə də qiymət verərək kollegiya qeyd edir ki, Cavabdeh2 sözügedən zədələnmiş ehtiyat hissələrini müvafiq servis mərkəzindən tələb etmək hüququna sahibdir. Kollegiya birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşaraq eyni zamanda hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği də apellyatora aid olunmalı, apellyasiya icraatı üçün iddiaçının vəkilə ödədiyi 200 manatın 100 manat hissəsi isə ondan iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, apellyasiya baxışı zamanı iddiaçının vəkilinin təqdim etdiyi müqavilədən və ödəniş qəbzindən iddiaçının onunla apellyasiya icraatı üçün müqavilə bağladığı və 200 manat ödəniş həyata keçirdiyi aydın olur; Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə isə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1256/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. İddiaçı apellyasiya icraatı üçün vəkilə ödəmiş olduğu hüquqi yardım xərcinin əvəzi olaraq 100 (yüz) manat Cavabdeh2 onun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1472/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1472/2021
04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver