Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1472/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)-1065/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(001)- 1065/2020 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)-1065/2021 saylı qərardadı ilə apellyasiya şikayəti, onun məzmunu ilə bağlı tələblərə riayət olunmaması əsası ilə qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, hazırda qeydiyyatda olduğu ünvanda yox, mülkiyyət hüququ ilə özünə məxsus ünvan 1 ünvanında yaşayır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı da təqdim etmişdir. Belə olan halda, hesab edir ki, məhkəmə yaşadığı yer barədə lazımi məlumatları qeyd etməməsini üzrlü saya bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(001)- 1065/2021 saylı qərardadı ilə, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Baxılan işdən isə görünür ki, rayon məhkəməsi tərəfindən qətnamənin surəti iddiaçıya iş materiallarında olan qeydiyyatda olduğu ünvan üzrə (ünvan 2 ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Sonradan iddiaçı 27.01.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, qətnaməni almadığını bildirərək, təqdim olunmasını xahiş etmiş, lakin ərizədə yeni ünvanı barədə qeyd göstərmədiyindən, məhkəmə tərəfindən qətnamənin surəti ona qeydiyyatda olduğu ünvan üzrə yenidən göndərmişdir. Göründüyü kimi, məhkəmə sənədinin iddiaçıya onun iş materiallarında olan ünvan üzrə çatdırılması mümkün olmamış, buna baxmayaraq, o, qətnamədən verdiyi apellyasiya şikayətində yaşayış yerini (yaxud olduğu yeri) və ya məhkəmə sənədlərinin çatdırılmasını istədiyi hər hansı başqa ünvanı barədə qeyd etməmişdir. Halbuki, MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Qeyd olunmalıdır ki, apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin) göstərilməsi, məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə olan halda, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qeyd olunan əsasla qaytarmaqda haqlı olmuşdur. Təsadüfi deyil ki, MPM-in “Apellyasiya şikayətinin qaytarılması” başlıqlı 363-cü maddəsinin 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyasında apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsi onun birinci instansiya məhkəməsi tərəfindən qaytarılması əsası kimi ayrıca göstərilmişdir. Məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)-1065/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(001)- 1065/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1472/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1472/2022
18.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver