Məhkəmə qərarları › İş №2(103)-1475/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1475/2022

24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1475/2022 24.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı mənzilin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mənzil 1996-cı ildən mülkiyyətindədir, qəzalı vəziyyətdə olduğundan sakinlərinin köçürülməsi, binanın sökülərək digər zəruri tədbirlərin görülməsi Bakı şəhəri İcra Hakimiyyətinə tapşırılmışdır. Mənzilin üzərinə Daxili İşlər Nazirliyinin(BMCMİ) 21.05.2015-ci il tarixli 278m nömrəli məktubuna əsasən nəzarətməhdudiyyət qoyulmuşdur. Bu səbəbdən mənzilin sökülməsi ilə əlaqədar ona kompensasiya verilməsindən məhrum olmuşdur. Yəni, mənzil sökülmüş, iddiaçı isə 2020ci ilin fevral ayından qızının evində sığınmaq məcburiyyətində qalmışdır. Məhkəmənin bu işə inzibati məhkəmə tərəfindən baxılması fikri uydurmadı, çünki məhdudiyyətin təşəbbüskarı Daxili İşlər Nazirliyidir, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi isə ancaq icraçıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi icraata xitam verərkən qənaətini belə əsaslandırmışdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 16.3-cü bəndində göstərilmişdir ki, “ümumi və ya inzibati məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2021-ci il tarixli, **********43 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 21.05.2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən nəzarət qoyulmuşdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 saylı evin 15 saylı mənzilinin üzərinə məhdudiyyət inzibati orqan tərəfindən qoyulduğundan, İddiaçı iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və ümumi məhkəmədə baxıla bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Əvvəla, birinci instansiya məhkəməsi iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığı əsası ilə iş üzrə icraata xitam verilməsi qənaətinə gəlsə də, əslində iddiaçının tələbinin məzmunundan bəlli olur ki, ərizəyə elə məhkəmə qaydasında baxılmalıdır. O başqa məsələ ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında yaxud inzibati məhkəmə icraatı yaxud cinayət məhkəmə icraatı qaydasında baxılmalı olması, əlbətdə ki, dəqiq müəyyənləşdirilməlidir. Mübahisəli mənzilin üzərinə cavabdeh kimi göstərilən Daxili İşlər Nazirliyinin, konkret olaraq nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.05.2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən nəzarət qoyulması ən azından işdə olan sənədlərə əsasən işin mübahisəsiz halıdır. Bunu həmin İdarənin iddiaçıya ünvanladığı və iş materialına surəti əlavə edilmiş 25.06.2020-ci il tarixli(bax.i.v.23) məktubun məzmunu da təsdiq edir. Qeyd olunan məktubda həm də iddiaçının ərizəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin külli miqdarda pul vəsaitlərinin cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı istintaq edilən cinayət işinə əlavə edildiyi, müraciətə baxılmasının nəticəsi barədə əlavə məlumat veriləcəyi göstərilmişdir. Göründüyü kimi, Daxili İşlər Nazirliyinin, konkret olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 21.05.2015-ci il tarixli, 278m nömrəli məktubuna əsasən mübahisəli mənzilin üzərinə hansı məqsədlə nəzarət qoyulması iş materiallarından qismən də olsa bəlli olur. Bununla yanaşı, Daxili İşlər Nazirliyinin inzibati orqan statusuna malik olması da o demək deyil ki, bu orqan yalnız inzibati hüquq münasibətlərinin iştirakçısı ola bilər. Başqa sözlə Daxili İşlər Nazirliyi dövlət idarəçiliyində və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqan kimi vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı hansısa ümumi(publik) hüquq münasibətlərində tərəf kimi iştirak edə bilər. Lakin bu hallar onun hüquq mühafizə orqanı kimi əsas funksiyalarından biri kimi cinayət təqibini həyata keçirən orqan olduğunu da istisna etmir. Hazırki iddianın və ona əlavə edilmiş sənədlərin məzmunundan da bəlli olur ki, tərəflər arasında olan mübahisə hansısa idarəçilik sahəsindəki ümumi(publik) hüquq münasibətlərinin nəticəsində yaranmamışdır. Yəni, cavabdeh kimi göstərilən orqanın Baş İdarəsinin 21.05.2015-ci il tarixli, 278m nömrəli məktubu, həmin İdarədə istintaqı aparılan cinayət işinin istintaqı ilə əlaqədar olduğu iş materialları ilə təsdiq olunur. Bu cür vəziyyətdə məhkəmənin mübahisəli mənzilin üzərinə məhdudiyyəti qoyan orqanı cinayət təqibini həyata keçirən orqan deyil, məhz inzibati orqan adlandırması işin hallarına uyğun gəlmir. Çünki, ən azından işdə olan sənədlərdən məhdudiyyətin inzibati hüquq münasibətləri ilə bağlı deyil, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar qoyulduğu görünür. Məhkəmənin iddia tələbinin predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və ümumi məhkəmədə baxıla bilməz qənaəti də iş materialları ilə təkzib edilir. Çünki, iddiaçının tələbi predmetinə və subyekt tərkibinə görə formal olaraq inzibati xarakterli kimi görünə bilər. Ancaq hazırki tələbin yaranmasına əsas olan səbəbin özü cavabdeh kimi göstərilən orqanın ümumi(publik) hüquqi fəaliyyəti ilə bağlı olmamışdır. Demək, məhkəmənin gəldiyi nəticə işin halları ilə ziddiyyət təşkil edir. Çünki, bu qənaət o zaman düzgün olardı ki, ən azından iş materiallarında tərəflər arasında hansısa formada inzibati hüquq münasibətlərinin yaranmasına dair bir fakt olardı. Bu cür faktın olması işdən ümumiyyətlə görünmür. Əksinə, mübahisəli mənzilin üzərinə məhdudiyyətin cavabdehin cinayət təqibinin həyata keçirən orqanının əməkdaşları tərəfindən qoyulmasına dair işdə kifayət qədər məlumatlar və sənədlər olsa da, məhkəmə bu sənəd və məlumatlarda göstərilənlərə əsasən tərəflər arasında olan bu “mübahisəyə” cinayət məhkəmə icraatı üzrə, Cinayət Prosessual Məcəllədə nəzərdə tutulan qaydada, yəni cinayət təqibini həyata keçirən orqanın qərarlarından, eləcə də hərəkətlərindən yaxud hərəkətsizliyindən cinayət təqibi üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək yolu ilə baxılmalı olmasına yaxud olmamasına münasibət bildirməmişdir. Qeyd olunan məsələlərə hər hansı bir münasibət bildirmədən məhkəmənin gəldiyi qənaəti isə tam araşdırılmış və yoxlanılmış düzgün nəticə hesab etmək olmaz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2187/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar