Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1476/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzilə su axıdılması nəticəsində dəymiş ziyan, ekspert rəyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 160 saylı evin 3-cü mərtəbəsində yerləşən 19 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
2. Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 160 saylı evin 4-cü mərtəbəsində yerləşən 22 saylı mənzil Cavabdeh mülkiyyətindədir və mənzildə onun tanışları yaşayır.
3. Bakı şəhəri 56 saylı MKİS-nin əməkdaşları - mühəndis N.Məmmədov, sahə nəzarətçisi A.Nəhmədov, S.Şirinova tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 160 saylı evin Cavabdeh məxsus 22 saylı mənzilindən həmin ünvanda yerləşən 19 saylı mənzilə su axır və su axması nəticəsində 19 nömrəli mənzilə maddi ziyan dəymişdir.
4. 56 saylı MKİS-nin əməkdaşları - mühəndis N.Məmmədov, sahə nəzarətçisi A.Nəhmədov, S.Şirinova tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, 160 saylı evin Cavabdeh məxsus 22 saylı mənzilindən 19 saylı mənzilə 22 saylı mənzildə yaşayanların dediyinə görə döşəməyə su dağıdılması nəticəsində su axmışdır. 19 saylı mənzilin tavanında qabarmalar əmələ gəlmişdir. 19 saylı mənzildə mətbəx yeri dəyişilmişdir və mətbəxdən yataq otağı kimi istifadə edilir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ona dəymiş maddi ziyana görə 500 manatın, mənəvi ziyana görə 500 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 160 saylı evin 19 saylı mənzilində yaşayır, həmin ünvanda yerləşən 22 saylı mənzil (onun mənzilinin üst qatı) Cavabdeh məxsusdur. Hazırda həmin mənzildə kirayəçilər yaşayır və onlar tərəfindən mənzilinə artıq neçə müddətdir ki, su axıdılır və get-gedə su axını çoxalaraq antisanitariya vəziyyəti yaradır, divarların və tavanın səthində nəm ləkələri və soyulmalar böyüyür, oboy kağızları qoparaq döşəməyə tökülür, bu azmış kimi, suyun daimi sızması nəticəsində tavandan keçən elektrik naqilləri islanaraq izolyasiya qatı korlanır, öz elektrik keçirmə qabiliyyətini itirməklə yanaşı, həm də hamamda və mətbəxdə olan bütün dəmir əşyalara elektrik keçirir, insanın həyatı üçün təhlükəli vəziyyət yaradır. Bu halın aradan qaldırılması ilə bağlı dəfələrlə həmin mənzildə yaşayan sakinlərə öz iradını bildirsə də, heç bir müsbət nəticə əldə etməmiş, əksinə mənzilin sahibi adından onunla əlaqə saxlayan Ruslan adlı şəxs ona bununla bağlı heç bir təmir işlərinin görülməyəcəyi bildirmişdir. Bununla da hər gün o dəhşətli mənzərəyə baxdıqca mənəvi və psixi sarsıntı keçirir və əsəb sistemi pozulur. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi ziyan çəkir. Mövcud vəziyyətlə əlaqədar Yasamal rayon 56 saylı MKİS-ə müraciət etmiş, MKİS-nin mühəndisi və sahə nəzarətçiləri tərəfindən mənzilinə baxış keçirilmiş, nəticə olaraq su sızması və mənzilə zərər dəyməsi təsdiq edilərək akt tərtib olunmuşdur.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş, etirazında göstərmişdir ki, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 160 saylı evin 22 saylı mənzil ona məxsusdur, həmin mənzildə yaxın tanışı yaşayır. İddiaçı dəfələrlə böhtan xarakterli şikayət vermişdir. Bu şikayətlə o mənzilin bağlı olduğu aidiyyatı üzrə mənzil kommunal istismar idarəsinə müraciət etmiş və ona rəsmi akt təqdim edilmişdir. Həmin aktda konkret olaraq göstərilmişdir ki, şikayətçinin müraciəti dəfələrlə araşdırılmış və şikayətçinin 19 saylı mənzilin tavanındakı qabarmalar iddiaçının yaşadığı mənzil sahibinin mənzildə mətbəxin yerinin dəyişməsi nəticəsində, yəni mətbəxdən yataq otağı kimi istifadə etməsi olmuşdur. Yəni, iddiaçının ona qarşı qanunsuz tələbi rədd edilməlidir.
8. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, evi təmir etmiş, sonradan mənzilin hazırki istifadəçiləri tərəfindən su dağıdılaraq axıntısı aşağı mənzilə sızmışdır. Mənzilin santexnika təchizatı saz vəziyyətdə olmaqla, bir neçə il əvvəl təmir edilmişdir. Ona görə də alt mərtəbədə yerləşən mənzilə mütəmadi olaraq su axıntısının olması ehtimalını qəbul etmir.
9. Məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki və əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 19 avqust 2022-ci il tarixli rəydə göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 160 saylı evin 19 saylı mənzilinin yaşayış otağı və balkon tikililərinin konstruktiv elementlərində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Lakin 19 saylı mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzilin sanitar qovşağının təmirli və su kanalizasiya xətləri gizli şəkildə olduğundan 19 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi 160 saylı evin 19 saylı mənzildə konstruktiv dəyişikliklər edildiyi, sənəd üzrə mətbəx tikilisi kimi göstərilən tikilinin təyinatı dəyişdirilərək yaşayış otağı kimi istifadə olunduğu müəyyən edilmişdir. Aparılmış konstruktiv dəyişikliklərin sözügedən mənzilə su sızmasına və vurulmuş zərərlə hər hansı əlaqəsinin olmaması müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi 160 saylı evin 19 saylı mənzilində su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 352 manat məbləğində təşkil edir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 352 (üç yüz əlli iki) manat, məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 382 (üç yüz səksən iki) manatın İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Məhkəmə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçının maddi zərərin əvəzi olaraq tələb etdiyi 500 manat məbləği 352 manat hissəsində sübut olunduğundan iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Mənəvi zərər tələbi ilə bağlı isə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
12. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 1096-cı və 1097-ci maddələrinə istinad etmişdir.
13. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını, maddi və mənəvi ziyanın məbləği ilə bağlı səhv nəticəyə gəldiyini irəli sürmüşdür.
Apellyasaiya şikayətinə qarşı yazılı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır (verilməmişdir).
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu, mənzillərindən iddiaçıya məxsus mənzilə su axıdılmadığını, bununla belə mübahisənin davam etməməsi üçün iddiaçıya ümumilikdə 500 (beş yüz) manat verə biləcəyini (təklif etdiyini) bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
25. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun
28. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Apellyasiya baxışının həddi
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin, iddiaçının iddiasının təmin edilməyən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni mübahisələndirməmiş, iddiaçı isə yalnız qətnamənin müvafiq hissəsindən apellyasiya şikayəti vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
32. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
33. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
34. Yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən ekspertiza təyin olunaraq su sızmanın səbəbi və zərərin həcmi soruşulmuş, ekspertin rəyində iddiaçıya məxsus mənzildə yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun təqribi dəyərinin 382 manat təşkil etdiyi göstərilmişdir.
35. İddiaçı bu məbləğin daha çox olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla müvafiq nəticəyə gəlmişdir.
36. İddiaçının mənəvi ziyan tələbi ilə bağlı da kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir; belə ki, iddiaçı mənəvi sarsıntı çəkərək iztirablara məruz qalması barədə hər hansı sübutu ümumiyyətlə məhkəməyə təqdim etməmişdir.
37. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
38. Bununla belə, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçıya maddi ziyanın əvəzi qismində 500 manat ödəməyə razı olduğunu bildirdiyindən, kollegiya hesab edir ki, qətnamə müvafiq hissədə dəyişdirilməlidir.
39. Məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərc isə apellyatora aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-934/2022 saylı iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi “Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 352 (üç yüz əlli iki) manatın İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 500 (beş yüz) manat tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə