Məhkəmə qərarları › İş №2(103)-1484/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1484/2025

02.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1484/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X3 və Cavabdeh4 qarşı ilk, iddiaçı Cavabdeh2 İddiaçı qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşılıqlı iddia ərizələri ilə bağlı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, yaşayış sahəsindən çıxarılma) X1 (sədrlik edən və məruzəçi), X6 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X3 və Cavabdeh4 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi xx.xx.2010-cu il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir.

2. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsini 6.000 manata İddiaçı satmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 556G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m olan bağ evi və 0.04 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

4. "xxxx" MMC-nin UNİ/Y-xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixə bazar qiyməti 22.000 manat, torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kv.m olan daşınmaz əmlakla birgə həmin tarixə bazar qiyməti 44.000 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 ona məxsus mübahisəli bağ evindən və 0.04 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 556G ünvanda 0.04 ha torpaq sahəsində yerləşən bağ evini Cavabdeh2 xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almış və bağ evinə dair mülkiyyət hüquqlarını xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh bir neçə ay müddətinə özü üçün alacağı evə köçəcəyi müddətədək ona möhlət verməyini xahiş etmişdir. O da ona bir neçə ay müddətinə möhlət verməyə razı olmuşdur. Hazırda xeyli müddət keçməsinə və dəfələrlə evi tərk etməsini tələb etməsinə baxmayaraq cavabdeh evi ona təhvil vermir. Bununla yanaşı o həmin ünvana ailə üzvlərini, yəni digər cavabdehlər arvadı Cavabdeh1, anası Cavabdeh3, övladları X5 və Cavabdeh4 da qanunsuz gətirmiş və oradan çıxarmır.

7. Nəbiyev X7 Ceyhun Nuhi oğluna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" şirkətində işləyəndə əmək haqqını anasının xəstə olmasına sərf etdiyinə görə az miqdarda olmaqla borcları yaranmış, şirkət bundan məlumatlı olduğu halda ona heç nə deməmiş, 2020-ci ildə ona 7.000 manat borcu yarandığı bildirilmiş, sonradan onun şirkətə 17.000 manat borcu olsa da, şirkət ona 15.000 manata razı olduğunu bildirmişdir. Onun şirkətə olan borcu özünün hesablamasına görə 12.000-13.000 manat olmuşdur. Borcunu ödəmək üçün bankdan kredit almaq istəmiş, lakin bank ona kredit verməmişdir. Cavabdeh ona bildirmişdir ki, evi mülkiyyətinə keçirsin, cavabdeh həmin evin əsasında bankdan kredit alsın, onun borcunu bağlasınlar. Borc ödənildikdən sonra evi yenidən onun mülkiyyətinə qaytaracaqdır. O da razılaşmış, cavabdehlə xx.xx.2020-ci il tarixdə “alqı-satqı” müqaviləsini bağlamış, müqavilədə bağ sahəsinin qiyməti 6.000 manat göstərilmişdir. Cavabdeh 6.000 manatı banka qoymuş, o, həmin pulu götürüb Ceyhuna qaytarmış, bütün xərcləri Ceyhun özü çəkmişdir. Lakin 2022-ci ildə Ceyhun ona şirkətə olan borcu ödəməsini, daha sonra evdən çıxmasını bildirmiş və aralarında mübahisə yaranmışdır. Çünki o, evini Ceyhuna satmamış, aralarında razılaşma olmuşdur. Maştağa qəsəbəsində 0,01 ha torpaq sahəsi 8.000 manat olduğu halda, onun 0,04 ha bağ sahəsini İddiaçı 6.000 manata satmağı mümkünsüz idi, ev barədə onunla ümumiyyətlə söhbət olmamışdır. Onların bağladığı “alqı-satqı” müqaviləsi alqı-satqı niyyəti olmadan bağlanmış əhəmiyyətsiz əqd olmuşdur. Şirkətə olan borcunu ödəyə bilmədiyinə görə razılaşmış, evi cavabdehə vermək, satmaq fikri olmamışdır. Əslində şirkətə borcunu ödəmək üçün Ceyhunun onun evinə görə bankdan borc alıb ödəməsi üçün formal olaraq müqavilə bağlamışdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-1078/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd edilərək, qarşılıqlı iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında iddiaçının adına xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir (hakim Şəbnur Qədirova).

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli bağ sahəsi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, Alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 əsl niyyəti torpaq sahəsini satmaq deyil, onun müxtəlif şəxslər qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, iddiaçı Cavabdeh2 mübahisəli torpaq sahəsini onun adına rəsmiləşdirməsini, sonuncunun da torpaq sahəsini banka ipotekaya qoyub kredit alaraq Cavabdeh2 verməsini, Cavabdeh2 borcunu ödədikdən sonra evini qaytaracağını təklif etmişdir. Cavabdeh2 də İddiaçı təklifi ilə razılaşmışdır. Alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti Cavabdeh2 borcunun məbləğinə uyğun formal olaraq 6.000 manat göstərilmişdir. Qeyd olunan hallar mübahisəli daşınmaz əmlaka dair bağlanmış Alqı-satqı müqaviləsinin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, formal olaraq, borc öhdəliklərinin pərdələnməsi məqsədi ilə bağlanması barədə Cavabdeh2 dəlillərinin inandırıcı olmasına dəlalət etmişdir.

11. Məhkəmə Cavabdeh2 tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdehin dəlilini əsassız hesab edərək göstərmişdir ki, hazırkı iş üzrə də Cavabdeh2 qarşılıqlı iddiası torpaq sahəsinin Alqı-satqı müqaviləsinin yalan əqd olaraq əhəmiyyətsizliyinin təsdiqi və müqavilənin predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olduğundan, onun bu tələbi müddətlə məhdudlaşdırıla bilməz.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.4, 340.2, 390.1, 404.1, 567, 568.1, 646.1-ci maddələri, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, qarşılıqlı iddianın rədd edilməsi və ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. X20 ifadəsində qeyd olunanlar isə məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki, onun dediyi sözlər və hallar ümumiyyətlə olmamış və olsa da, bu mübahisəyə heç bir aidiyyəti olmamışdır. O, Rəfi Məmmədovu heç vaxt tanımayıb və o, mübahisəli bağ sahəsini Cavabdeh2 alarkən Rəfi onların heç bir söhbətlərində iştirak etməyib. O, sonralar Zahidin sözləri ilə öyrədilərək məhkəmədə dindirilmiş şəxs olmuşdur. Cavabdehin izahatında və şahidin ifadəsində qeyd olunan hallar, yəni guya Cavabdeh2 işlədiyi müəssisəyə borcu olması, həmin borcun əvəzində onunla Cavabdeh2 arasında mübahisəli bağ sahəsinə dair müqavilənin bağlanması, mübahisəli bağa dair hansısa bankdan kredit götürülməsi barədə məhkəmədə sadalanmış cəfəngiyyatların isə heç bir əsası və təsdiqi olmamışdır. Onunla Zahid arasında heç vaxt heç bir borc məsələsi olmayıb. Zahidin başqa şəxslərə borcunun olub-olmamasının isə onun mülkiyyətinə və bağ sahəsi ilə bağlı alqı-satqı müqaviləsinə heç bir aidiyyəti olmamışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 241/2024 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Axundova (sədrlik edən, və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev).

16. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsini 6.000 manata İddiaçı satmışdır. Müqavilədə yalnız torpaq sahəsinin satılması göstərilsə də, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 556G ünvanında yerləşən, ümumi sahəsi 87 kv.m olan bağ evi və 0.04 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan daşınmaz əmlakda Cavabdeh2 ailə üzvləri yaşayır. İddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından iki il sonra məhkəməyə müraciət edərək, cavabdehlərin evdən və torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. O cümlədən, Cavabdeh2 da qarşılıqlı iddia verərək, müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsindən görünür ki, yalnız torpaq sahəsi 6.000 manata satılmışdır. Mütəxəssis rəyindən də müəyyən olunduğu kimi əmlakın dəyəri bir neçə dəfə bahadır. Torpaq sahəsinin xx.xx.2020-ci il tarixə bazar qiyməti 22.000 manat, ünvan 5 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 87 kvm olan daşınmaz əmlakla birgə xx.xx.2020-ci il tarixə bazar qiyməti 44.000 manat təşkil edir. Bağ evinin satılması ümumiyyətlə öz təsdiqini tapmamışdır. Mübahisə predmeti olan əmlak birgə nikah dövründə alındığından Cavabdeh1 Böyükağa qızının ərizəsi alınmışdır. Onun ərizəsində torpaq sahəsinin bağışlanmasına etiraz etmədiyi qeyd etmişdir. Alqı-satqı müqaviləsində də bağ evi qeyd edilməmişdir. İddiaçı nümayəndə və vəkili qeyd etmişdir ki, bağ evinə dair müqavilədən kənar ödəniş olunmuşdur. Müəyyən olunduğu kimi ilkin olaraq torpaq sahəsi xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Daha sonra həmin torpaq sahəsi üzərində inşa edilmiş bağ evinin eskiz layihəsi və Sabunçu rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məlumatlandırma ərizəsi əsasında Maştağa qəsəbəsi, ümumi sahəsi 87 kv.m olan 556G (yeni ünvan) saylı bağ evi və 0,04 hektar sahəsi xx.xx.2021-ci il tarixdə vahid əmlak kimi İddiaçı adına qeydiyyata alınmışdır. Kollegiya əlavə olaraq onu da qeyd etmişdir ki, mübahisələndirilən bağ evində əvvəlki mülkiyyətçinin ailə üzvləri yaşamışlar. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdır.

18. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinə əsasən bildirmişdir ki, iddiaçı Cavabdeh2 evini və torpağını adına keçirdikdən sonra "xxxx" QSC-dan kredit götürüb Cavabdeh2 barədə şirkət tərəfindən müəyyən edilmiş borcu ödəmişdir. Hazırda Cavabdeh2 şirkətə deyil, İddiaçı Nuhu oğluna borcu yaranmışdır. Borcunu ödəmək üçün lazım olan məbləği qazanmaq üçün Rusiya Federasiyasına getmişdir. Borcu ödəməkdən heç vaxt imtina etməmişdir. Hazırda əqd etibarsız hesab edildiyindən, habelə iddiaçı Cavabdeh2 şirkətə olan borcunu ödədiyindən iddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 337.1, 337.2, 337.4, 340.1, 404.1, 405.1-ci və MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

20. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, qarşılıqlı iddianın rədd edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)- 3550/2024 nömrəli mülki iş üzrə xx.xx.2024-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-241/2024 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Elşad Şamayev və Əhliman Xıdırov).

22. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə əqdin etibarsızlığına dair mübahisəyə baxarkən yalnız iradə ifadəsini deyil, həm də bu iradənin formalaşmasına və bəyan edilməsinə əsas olmuş şərait və motivi, tərəflər arasındakı həqiqi münasibətləri çəkişmə prinsipi çərçivəsində müəyyən etməlidir. Təqdim olunmuş sübutların tədqiqi nəticəsində məhkəmənin müəyyən etdiyi yekun faktiki hallara aidiyyəti hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Hazırkı işdə bu qaydaya əməl edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı işin halları üzrə kifayət qədər araşdırma aparmadan, həmin müqavilənin bağlanması zamanı Mülki Məcəllədə müəyyənləşdirilmiş hansı şərtlərin pozulduğunu dəqiqləşdirmədən, yalnız qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfin irəli sürdüyü arqumentlərlə kifayətlənərək iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində əqdin hansı maddi hüquq normasına əsasən etibarsız hesab edilməsini göstərməsə də, birinci instansiya məhkəməsi iddianı Mülki Məcəllənin 340.2-ci maddəsini tətbiq etməklə iddianı təmin etmiş, apellyasiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab etmişdir ki, müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi MM-in 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Belə ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə həmin müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu sübuta yetirmək vəzifəsi onu iddia edən tərəfə aiddir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq, məhkəmələr gəldikləri nəticəni Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb və alqı-satqı müqaviləsinin iddiaçı Cavabdeh2 əsl niyyətinin torpaq sahəsini satmaq deyil, özünün "xxxx" şirkətinə olan borcunun İddiaçı tərəfindən ödənilməsi üçün təminat olaraq bağlandığını və borc ödənildikdən sonra torpaq sahəsinin geri qaytarılacağını qeyd etdikləri halda, həmin müqavilə ilə pərdələnən başqa əqdin, yəni borc müqaviləsinin mövcudluğu, məbləği, borc müqaviləsinin tərəfləri, borcun qaytarılıbqaytarılmadığı və sair işin halları barədə heç bir araşdırma aparmamışdır.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi yalnız Cavabdeh2 nümayəndəsinin izahatına əsaslanaraq, İddiaçı Cavabdeh2 evini və torpağını adına keçirdikdən sonra "xxxx" QSC-dan kredit götürüb Cavabdeh2 barədə şirkət tərəfindən müəyyən edilmiş borcu ödədiyini, hazırda Cavabdeh2 şirkətə deyil, İddiaçı Nuhu oğluna borcu yarandığını və borcu ödəməkdən heç vaxt imtina etmədiyini müəyyən edərək, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfin izahatında bildirdiyi halların digər sübutlarla əlaqələndirməmiş, tam və obyektiv həqiqətə nail olmaq üçün tərəflərə bu halların sübut olunmasına dair hər hansı təklif verməmiş, bununla da prosessual pozuntuya yol vermişdir. Əqdin etibarsız hesab edilməsi üçün apellyasiya məhkəməsi tərəfindən göstərilən digər hallar, yəni torpaq sahəsinin dəyərinin əqddə az göstərilməsi, torpaq sahəsi üzərindəki evin alqı-satqı predmeti olmaması, həmçinin torpaq sahəsində və üzərindəki evdə keçmiş mülkiyyətçiləri yaşaması isə özü özlüyündə torpaq sahəsinə dair bağlanmış əqdin əhəmiyyətsiz hesab edilməsi üçün tutarlı əsaslar hesab edilə bilməz. Belə ki, torpaq sahəsi üzərində olan evə dair keçmiş mülkiyyətçinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin əmlak alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi, həmçinin tərəflər müqavilədə satılan əmlakın dəyərini qarşılıqlı razılıqla müəyyən edirlər. Məhkəmə kollegiyası həmçinin qəbul edir ki, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin icra edilməsinin təminatı kimi daşınmaz əmlakın ipoteka müqaviləsini “alqısatqı müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu səbəbdən mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin əslində bu müqaviləni borcun ödənilməsi üçün təminat kimi sənədləşdirmək düşüncəsi ilə hərəkət edib-etməmələrinin müəyyən edilməsi əhəmiyyət kəsb edir. Odur ki, notariat orqanında alqı-satqı müqaviləsinin təsdiqlənməsi ilə əslində mövcud borcun təminatı üçün girov (ipoteka) sənədləşdirilməsi sübuta yetirildikdə isə məhkəmə MM-in 340.2-ci maddəsinə əsasən tərəflərin əqd bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidirlər.

25. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü, 337-ci, 340-cı, 405-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 217.1-ci, 217.3-cü, 407.2-ci, 416.1-ci, 416.2-ci, 418.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

ə) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinə etiraz təqdim edərək, etirazı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir, onun arvadı əmlakın alqı-satqısından məlumatsız idi, arvadının şəxsiyyət vəsiqəsinin müddətinin bitməsinə baxmayaraq iddiaçının səyləri nəticəsində arvadının razılıq ərizəsi notarius tərəfindən qəbul edilmişdir. Qarşı tərəf şahidi tanımadığını və mübahisə ilə bağlı danışıqlarda şahidin iştirakçı olmamasına istinad edir. Halbuki şahid kimi çağırılmış Rəfi Məmmədov onunla eyni məhəllədə yaşayır. Onun əmlakını satmaq niyyəti olsa idı, o, bu işlə məşğul olan vasitəçilərə müraciət etmiş olardı ki, bundan da həmin ərazidə yaşayan hamı məlumatlı olardı. Belə ki, o bu məqsədlə, hər hansı bir vasitəçiyə müraciət etsə, onun əmlakına qoyulan qiymət daha yüksək olardı. İlk iddiaçı iddia müddətinin ötürülməsini qeyd etsə də, halbuki hazırki münasibətlərə iddia müddəti tətbiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, ilk iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X11 apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin, apellyasiya şikayətinə qarşı yazılı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdehlər Cavabdeh1 (ilk iddia üzrə cavabdehlər X2 və Cavabdeh4 qanuni nümayəndəsi) və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alqısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Həmçinin qeyd olunmuşdur ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Nəticələr üzrə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir və yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

37. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

38. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və mövcud vəziyyətdə apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi xahiş edildiyindən, qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə səhv qənaətə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmuş, onun üzərində yerləşən bağ evinin hüquqmüəyyənedici sənədi olmamış, yəni hüquqi vəziyyətinə görə özbaşına tikili olmuşdur. xx.xx.2020-ci il tarixdə torpaq sahəsi Cavabdeh2 arvadı Cavabdeh1 razılıq ərizəsi əsasında onun tərəfindən 6.000 manat məbləğinə İddiaçı satılmış, həmin torpaq sahəsi və onun üzərində yerləşən 87 kv.metr sahəsi olan bağ evi vahid əmlak kimi xx.xx.2021-ci il tarixdə sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmışdır.

41. Hazırda ilk iddiaçı qeyd edilən hallara istinad edərək, Cavabdeh2 ailə üzvləri (anası, arvadı və uşaqları) ilə birlikdə mülkiyyətində olan torpaq sahəsindən və onun üzərində yerləşən bağ evindən çıxarılmasını tələb edir. Qarşılıqlı iddiaçı isə ilk iddianı qəbul etmir, işlədiyi şirkətə borcu olduğunu, öz adına kredit ala bilmədiyi üçün ilk iddiaçının təklifinə əsasən mübahisəli torpaq sahəsinin sonuncunun adına rəsmiləşdirilməsi müqabilində sonuncu tərəfindən bankdan kredit götürüldüyünü, iş yerinə borcunu ödədikdən sonra evin ona geri qaytarılmalı olduğunu bildirir və xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinin onun şirkətə yaranmış borcunun təminatı ilə bağlı münasibətləri pərdələdiyinə istinad edərək mahiyyət etibarı ilə yalan əqd olduğundan etibarsız hesab edilməsini, onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Bununla bağlı qarşılıqlı iddiaçı torpaq sahəsinin müqavilədə müəyyənləşdirilmiş qiymətinin faktiki dəyərindən aşağı olmasına, arvadının torpaq sahəsinin satılmasına deyil, bağışlanılmasına razılıq verdiyinə və hazırda da həmin əmlakda yaşamasına istinad edir.

42. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan aidiyyəti müddəalarına istinad edərək ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

43. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə xx.xx.2020-ci il və X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarlar).

44. Yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Odur ki, yazılı qaydada bağlanılmış hər hansı əqdin əsas əqdi pərdələmək məqsədilə bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Hazırki halda isə qarşılıqlı iddiaçının istinad etdiyi hallar alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək üçün bağlanmasını, nəticədə, həmin müqavilənin etibarsız hesab edilməsini şərtləndirmir.

45. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı alqı-satqı müqaviləsinin onun şirkətə olan borcunun təminatı olaraq həmin münasibətləri pərdələmək məqsədilə bağlandığını bildirsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qarşılıqlı iddiaçının şirkətə borcunun olması, onun öz adına kredit götürə bilməməsi işin halları və iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapmır. İlk iddiaçı da qəti şəkildə qarşı tərəfin bu mövqeyi ilə razılaşmır. Hər bir halda alqı-satqı müqaviləsinin yalan əqd olması mövqeyindən çıxış edən qarşılıqlı iddiaçı ən azından pərdələnən borc münasibətlərinin mövcudluğunu sübut etməli, bankdan götürülən kreditin onun şirkətə yaranmış borcunu ödəmək məqsədilə götürülməsinə baxmayaraq, ödənişlərin onun özü tərəfindən deyil, qarşılıqlı iddiaçı tərəfindən ödənilməsinin səbəblərini göstərməli idi. Nəticə etibarı ilə qarşılıqlı iddiaçının istinad etdiyi “Camal” LTD şirkətinə hər hansı məbləğdə borcunun olması yalnız onun özününü bu barədə sözlərindən ibarətdir. Bu halı təsdiq edən audit yoxlaması, üzləşmə aktı, borcun etirafı barədə hər hansı sənəd, habelə ona hər hansı bank təşkilatı tərəfindən kreditin verilməsindən imtina edilməsi barədə adi bir məktub belə mövcud deyil. Hazırki mübahisə üzrə tərəflərin sadəcə eyni iş yerində çalışmasına əsasən qarşılıqlı iddiaçının izahatını rəhbər tutaraq müqavilənin yalan əqd hesab olunması qənaətinə gəlmək qanuni olmamaqla yanaşı, ağlabatan da hesab edilə bilməz.

46. Digər tərəfdən borcun həmin şirkətə yarandığı bir halda həmin borc münasibətlərinin pərdələnməsi məqsədi ilə alqı-satqı müqaviləsinin məhz ilk iddiaçı ilə bağlanması özü-özlüyündə anlaşılmazdır. Belə ki, “Elektron” məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən ilk iddiaçı “Camal” LTD şirkətində satış üzrə nümayəndə vəzifəsində işləyir, şirkətin rəhbəri isə X9r. Başqa sözlə, şirkətə vurulmuş maddi zərər nəticəsində məhz ilk iddiaçının maddi itkiyə məruz qalması, habelə əmək haqqıdan başqa şirkətdə onun hər hansı maddi maraqlarının olması müəyyən edilmir. Eyni zamanda, şirkətə maddi zərər vurulmuşdursa, həmin zərərin ödənilməsini təminat altına almaq məqsədi ilə mübahisəli əmlakın şirkətin özü tərəfindən əldə edilməsinə maneə olan hər hansı hal mövcud deyil. Bundan başqa qarşılıqlı iddiaçının həqiqətən də şirkətə borcu yaranmışdırsa da həmin məsələnin onun üçün daha əlverişli qaydada, yəni torpaq sahəsinin alqı-satqısı deyil, şirkət və ya ilk iddiaçı tərəfindən götürülmüş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilməsi yolu ilə həll edilməsi də mümkün idi. Bu halda da nəticə etibarı ilə borcun ödənilməsi təmin edilmiş olurdu.

47. Məhkəmə kollegiyası borcun məbləği ilə bağı vurğulayır ki, qarşılıqlı iddiaçı şirkətə 2020-ci ildə 6.000 manat məbləğində borcun yarandığını, 2022-ci ildə şirkət tərəfindən ona borcunun artaraq 17.000 manat olduğunun bildirildiyini vurğulayır. Halbuki, qarşılıqlı iddiaçının özünün mövqeyinə görə həmin borcun 6.000 manat hissəsi ilk iddiaçı tərəfindən ödənilməli idi. Belə olan halda, 2022-ci ildə ondan 17.000 manat deyil, (17.000 – 6.000 = 11.000) artıq 11.000 manat məbləğində borc tələb edilməli idi. Belə çıxır ki, ilk iddiaçı şirkətə hər hansı məbləğdə ödəniş etməyib, şirkət də bugünədək yaranmış borc məbləğini qarşılıqlı iddiaçıdan tələb etməyib, hətta buna bütün imkanlarının olmasına baxmayaraq, hər ay onun əmək haqqısından da hər hansı məbləğdə tutmalar etməyibdir. Baxmayaraq ki, qarşılıqlı iddiaçı bügünədək şirkətə olan borcundan hər hansı məbləğdə pul ödəmədiyini etiraf edir. Başqa sözlə, yaranmış ziddiyyətli mənzərəyə əsasən belə çıxır ki, əmlak ilk iddiaçının mülkiyyətindədir, onun tərəfindən qarşılıqlı iddiaçının borcunun bağlanması üçün şirkətə hər hansı məbləğdə ödənişin edilməyibdir, nəticə etibarı ilə qarşılıqı iddiaçının şirkətə borcu var, lakin şirkət ondan borcunu tələb etmir, əmlakın isə şirkətə ümumiyyətlə hər hansı aidiyyəti yoxdur.

48. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı alqı-satqı müqaviləsi bağladıqdan sonra heçnə olmamış kimi (heç elə bil belə bir hadisə baş verməyib), hələ iki ilə yaxın müddət ərzində həmin şirkətdə işləməyə davam edib və belə çıxır ki, əmlakının ilk iddiaçının mülkiyyətinə keçməsindən narahat olub və bu baxımdan borcunu ödəyib əmlakını geri qaytarmaq əvəzinə hələ dediyinə görə borcunu 6.000 manatdan 17.000 manatadək artırıbdır və borclar hər hansı haqq-hesaba deyil, şirkətin adi bir sözünə söykənib, qarşılıqlı iddiaçı da həmin borc məbləği ilə razılaşıbdır.

49. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, alqı-satqı müqaviləsinə əsasən qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya yalnız torpaq sahəsi satılıb, daha sonra artıq torpağın mülkiyyətçisi olaraq ilk iddiaçı həmin torpaq sahəsi üzərində olan bağ evini də öz adına özəlləşdiribdir. Bununla bağlı da rəsmiləşdirmənin (ölçmə işlərinin) aparılması üçün səlahiyyətli qurumun əməkdaşları da həmin evə gəlibdir. Nəticə etibarı ilə qarşılıqlı iddiaçı və onun ailə üzvləri bütün bu proseslərin həyata keçirilməsinə şərait yaradıblar. Bu halların mövcudluğu da qarşılıqlı iddiaçının mövqeyinin əsassız olduğunu təsdiq edir. Belə ki, alqısatqı müqaviləsinin məhz borc münasibətlərinin pərdələnməsi məqsədi daşıdığı bir halda, onun üzərində yerləşən bağ evinin ilk iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasına şəraitin yaradılmasının məqsədinin bir izahı qalmır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakın (torpaq və bağ evi) mülkiyyətçisi olduqdan sonra ilk iddiaçı "xxxx" ASC ilə xx.xx.2021-ci il tarixdə bağladığı kredit müqaviləsinə əsasən 15.000 manat məbləğində kredit götürmüş və həmin öhdəliklərinin təminatı olaraq bu əmlakı bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin 2022-ci ilin sonuna bank qarşısında olan öhdəliklərini taş şəkildə icra etmiş və əmlak ipoteka yüklülüyündən azad edilmişdir. Bu kreditin hər hansı hissəsinin qarşılıqlı iddiaçı tərəfindən ödənildiyi (bu barədə ilk iddiaçının ona və ya onun ilk iddiaçıya müraciət etməsi) müəyyən edilmir. Bununla belə, 46-50-ci bəndlərdə göstərilənlər birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, qarşılıqlı iddiaçının şirkətə hər hansı borcu yoxdur və olmayıbdır. Qeyd edilənlər də öz növbəsində mübahisələndirilən əqdi yalan əqd kimi qiymətləndirilməsini istisna edir.

51. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının arvadının həmin müqavilənin bağışlanılması üçün razılıq ərizəsi verməsi, faktiki olaraq hazırda mübahisə predmetini təşkil edən alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməməsi səbəbdən həmin müqavilənin əhəmiyyətsiz hesab olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, hüquqi təbiətinə görə bağışlanma müqaviləsi alqı-satqı müqaviləsinə nisbətdə əmlakın mülkiyyətçisi üçün daha ağır məhrumiyyət nəzərdə tutur. Belə ki, alqı-satqı müqaviləsi müvafiq haqq müqabilində əmlakın özgəninkiləşdirilməsi məqsədini daşısa da, bağışlanma müqaviləsində bu münasibətlər əvəzsiz qaydada əmlakın üçüncü şəxsin mülkiyyətinə keçməsinə səbəb olur. Hazırki halda da qarşılıqlı iddianın arvadı razılıq ərizəsində nəinki haqqı ödənilmiş formada əmlakın özgəninkiləşdirilməsinə, bundan daha ağır nəticələrə səbəb olan qeyri-müəyyən subyektlərə əvəzsiz qaydada bağışlanılmasına belə razı olduğunu bildirmişdir. Digər tərəfdən, Cavabdeh1 razılıq ərizəsinin notarial qaydada təsdiqlənməsi onun həmin əqdin doğura biləcəyi nəticələri barədə məlumatlı olmasını, yəni notarius tərəfindən onun bu barədə məlumatlandırılmış olduğunu deməyə əsas verir. Bu da öz növbəsində bu dəlilin əsassız olmasını təsdiq edir.

52. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının əmlakın real dəyərinin müqavilədə göstəriləndən artıq olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, müqavilə azadlığı müqavilə tərəflərinə qiyməti azad surətdə - bazar dəyərindən aşağı və ya yüksək müəyyən etməyə imkan verir. Başqa sözlə, sırf müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərinin faktiki bazar qiymətlərindən aşağı olması müqavilənin yalan əqd olması və nəticəsində etibarsız hesab olunmasına öz-özlüyündə əsas vermir. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının və onun ailə üzvlərinin hazırda da həmin əmlakda yaşaması məsələsinə də eyni qaydada yanaşır və belə qənaətə gəlir ki, bu hal da həmin müqavilənin etibarsız hesab edilməsini şərtləndirmir.

53. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd hesab olunması və bu səbəbdən etibarsız olması qənaətinə gəlmək üçün hər hansı əsaslar yoxdur. Ümumiyyətlə bu müqavilənin hər hansı başqa əsasla etibarsız hesab edilməsi üçün də bir əsas mövcud deyil. Bu baxımdan ilk iddiaya iddia (kəsici) müddətin tətbiq edilməli olub-olmaması məsələsinə hüquqi qiymət verilməsinə hər hansı hüquqi zərurət qalmır.

54. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nin əsas tələb, çıxarışın ləğv edilməsinin törəmə tələb olduğunu nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia üzrə əsas tələb rədd edildiyindən həmin hissədə də iddia tələbi rədd edilməlidir.

55. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd edir ki, hüquqi nəticə etibarı ilə ilk iddiaçı ilə qarşılıqlı iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi etibarlı hesab edildiyindən, ilk iddiaçı mülkiyyətində olan mübahisə predmetini təşkil edən torpaq sahəsi və bağ evinə öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə sərbəstdir. Həmin mənzildə hazırda ilk iddia üzrə cavabdehlər yaşayır. Cavabdehlərin bu evdə yaşamaq, ondan istifadə və ona sahiblik etmək üçün hər hansı hüquqi əsasının olması, o cümlədən onlarla ilk iddiaçı arasında kirayə və sair müqavilənin bağlanması, başqa sözlə cavabdehlərin mübahisəli əmlakla hər hansı hüquqi bağlılığı müəyyən edilməmişdir. Belə ki, qeyd edilən alqı-satqı müqaviləsinin bağlanması və onun bağlanmasına razılığın verilməsi artıq mübahisə predmetini təşkil edən əmlaka münasibətdə cavabdehlərin heç bir hüquqi bağlılığının qalmamasını göstərir. Cavabdehlərin ilk iddiaçıya məxsus olan bağ evində məskunlaşması və məskunlaşmanın qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı nəticə etibarı ilə ilk iddiaçının həmin evə olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ olmasına baxmayaraq, onun bu hüququ formal mahiyyət kəsb edir, ilk iddiaçı bu hüququnu həyata keçirə bilmir. Qeyd edilənlər öz növbəsində ilk iddianın əsaslı olmasını təsdiq edir və cavabdehlərin mübahisəli əmlakdan çıxarılmasını şərtləndirir.

56. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, ilk iddia üzrə cavabdehlər qismində müəyyən edilmiş X10 və Cavabdeh4 digər cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahından doğulmuşdur. İlk iddianın təmin edilməsi və bu uşaqların valideynlərinin mübahisəli evdən çıxarılması hüquqi nəticə etibarı ilə uşaqların da həmin evdən çıxarılması ilə nəticələnəcəkdir. Belə ki, uşaqlar yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil, onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə qanuni nümayəndələri, yəni atası X10 və anası Cavabdeh1 qoruyur. Ona görə ilk cavabdehlərin bu evdən çıxarılması, hüquqi nəticə etibarı ilə özündə həmçinin, bu uşaqların da çıxarılmasını ehtiva edir.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilk iddia təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, X10 və Cavabdeh4 ilə birlikdə ilk iddia ürə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 556G saylı bağ evindən və 0.04 ha torpaq sahəsindən çıxarılmalı, qarşılıqlı iddia rədd edilməlidir. İlk və qarşılıqlı iddiaların, verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia ürə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1078/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, X10 və Cavabdeh4 ilə birlikdə ilk iddia ürə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 556G saylı bağ evindən və 0.04 ha torpaq sahəsindən çıxarılsın. İddia və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia ürə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar