Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1485/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fİkrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3548/2021 saylı, 29.10.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsini, Cavabdeh onun xeyrinə 30.000,00 (otuz min) manat məbləğində maddi və 150.000,00 (yüz əlli min) manat məbləğində mənəvi ziyanın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il dekabr ayında Cavabdeh ona birgə sahibkarlıq faliyyəti ilə məşğul olmağı təklifi etmişdir. Bu məqsəd ilə zəli istehsalına böyük təlabat olduğunu bildirmişdir. Onun hesablamalarına görə zəli yetişdirib satmaqla hər 3 ayda 1.200.000,00 (bir milyon iki yüz min) manat məbləğində gəlir əldə etmək mümkündür. Zəli yetişdirmək və satışını təşkil etmək üçün onun bazası olduğunu bildirmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşaraq zəli yetişdirib satmaq biznesinə qoşulmuşdur. 2020-ci ilin yanvar ayında 23.000,00 (iyirimi üç min) manat dəyərində zəli alıb cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, albalılıq bağ massivində yerləşən, bağ evinin həyətində inşa edilmiş su hovuzuna boşaldılmışdır. Həmin hovuzda zəli yetişdirməli və artırmalı idi. Bu işlə cavabdehin özü və yaxınları məşğul olmalı idi. Bununla yanaşı olaraq müştərilər axtarıb tapma vəzifəsi iddiaçıya həvalə edilirdi. Aradan bir neçə ay keçmiş onun tapdığı müştəri ilə birlikdə cavabdehin bağ evinə gələrkən hovuzda zəli aşkar edilməmişdir. Cavabdeh məlumat verdi ki, zəlilərin hamısını oğurlamışlar. İnandırıcı olmayan bu məlumat, ona qarşı inamını alt-üst etmişdir. Bundan sonra birgə işləmək həvəsi qalmamışdır. O, iddiaçıya yalan məlumat vermişdir ki, Sabunçu dairəsindən sol tərəfdə onun 270 m2 torpaq sahəsi var və həmin sahədə qeyri yaşayış obyekti tikib, orada zəli mərkəzi yaratmaq olar. Amma həmin obyekt sənədləşdirilməmişdir. Cavabdeh təklif etdiyi sahədə lazımi tikinti işləri aparıb sənədləşdirmək lazım idi. Bu məqsədlə o ilkin sənədləri təqdim edib Əmlak xidmətləri Mərkəzindən imtina almışdı. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi məqsdi ilə iddia ərizəsi yazıb Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Sonrakı araşdırmalar zamanı İddiaçı məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair verilmiş bütün sənədlər saxtadır. Bundan sonra cavabdeh ondan 3000 (üç min) manat pul istəmişdir ki, guya o, yerli bələdiyyə ilə danışmış və yeni sənədlər tərtib edib verəcəklər. Həmin vaxt iddiaçı kənarda olduğu üçün hər ikisinin tanışı olan Musanın vasitəçiliyi ilə ona 2000 (iki min) manat məbləğində pul göndərib,1000 (min) manat isə sonra verəcəyini bildirib. Sonradan məlum olub ki, cavabdeh ondan aldığı pulu bələdiyyəyə verməyib. Eyni zamanda məhkəməyə ərizə verərək işin qayrtarılmasını xahiş etmişdir. Ondan xərclədiyi pulların və əldə edəcəyi mənfəətin hesabını tələb edərkən o, ona heç bir borcu olmadığını bildirdi və əksinə şəriklik üçün ortaya qoyduğu pulları iddiaçıdan tələb etmişdir. O, öz qoyduğu vəsaiti hesablayıb İddiaçı qoyduğu vəsaiti hesablamamışdır. Onların hesablamaları ilə hər 3 (üç) aydan bir onlar birlikdə 1.200.000,00 (bir milyon iki yüz min) mənfəət əldə etməli idilər. Lakin cavabdehin qeyri-ciddi və məsuliyyətsiz əməlinin nəticəsi olaraq o, 30.000 (otuz min) manat nağd vəsaitindən və əldə edə biləcəkləri mənfəətdən məhrum olmuşdur. Cavabdeh ona etibar etdikləri zəlini bağ evindən özü satmışdır. İddiaçıya isə zəlinin oğurlanması barədə yalan məlumat vermişdir. O, dəfələrlə Cavabdeh polisə məlumat verməsini tələb etsə də, o zəlilərin oğurlanması barədə polisə məlumat verməmişdir. Bu isə onun zəlinin satılmasında əli olduğunu sübut etmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3548/2021 saylı, 29.10.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 4000 ədəd zəli, bu mümkün olmadıqda isə onun dəyəri olan 2850 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 15 manat hissəsinin isə İddiaçı aid edilməsi qət edilmişdir (sədrlik edən: Həqiqət Əhmədova).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabr ayında cavabdeh Sarvan Aliyevlə birgə “Zəli” istehsalı barədə sahibkarlıqla məşğul olmaq qərarına gəlmişlər. O zaman cavabdehin hesablamalarına görə hər üç ayda 1.200.000 (bir milyon iki yüz min) manat gəlir götürəcəklərini bildirmişdir. Yetişdirilən Zəliləri cavabdehin bazasında həyata keçiriləcəyinə razılaşmışlar. 2020-ci ilin yanvar ayında ümumilikdə 23.000 (iyirmi üç min) manat Zəli alıb cavabdehin Buzovna qəsəbəsi Alibalılıq bağ massivində yerləşən və bağ sahəsində inşa edilmiş su hövuzuna boşaltdırmışdır. Yetişdirilmiş “Zəlilərin” satılması ilə həm, iddiaçı, həm də cavabdeh məşğul olmalı idilər. Lakin bütün hallarda hər satışda hər ikisinin iştirakı olmalı idi. Bununla əlaqədar iddiaçı 14500 (on dörd min beş yüz) ABŞ dolları faizə pul götürüş və həmin pul vasitinə zəlil alınması üçün Sarvan vermişdir. Sarvan isə ilkin olaraq aldığı zəliləri, Vüqardan xəbəri olmadan gizli olaraq başqa şəxslərə satmış və iddiaçıya isə zəlilrin oğurlandı adı ilə aldadaraq, pulunu qaytarmaqdan imtina etmişdir. Eyni zamanda iddiaçı faizə götürdüyünü dollaragörə 19000 (on doqquz min ) ABŞ dolları vəsait qaytarmışdır. Cavabdeh iddiaçını aldatmaqla iddiaçının həm pulunu əlindən almış həm də onu borclu çıxarmışdır. Bir neçə aydan sonra müştəri ilə birlikdə cavabdehin bağ evin gəldikdə hovuzda “Zəli” aşkar etməmişdir. Həmin vaxtı cavabdeh bildirmişdir ki, guya “Zəliləri” kimsə oğurlamışdır. İddiaçı o zaman cavabdehin sözlərinə inanmamış və eyni zamanda “Zəlilərin” oğurlanması barədə heç bir hüquq-mühafizə orqanlarına müraciət olunmamışdır. Daha sonra cavabdeh Sabunçu dairəsi deyilən yerdə qeyri-yaşayış obyektinin olduğu, həmin yeri tikib hazırladıqdan sonra, zəli saxlamaq üçün münasib olduğunu və həmin yerin daimi onun nəzarətində olduğunu bildirməklə iddiaçını təkrar zəli istehsalına cəlb etmək istəmişdir. Beləki, cavadeh həmin yeri sənədləşdirmək üçün iddiaçıdan 3000 manat pul istəmiş və iddiaçı kənarda olduğu üçün tanışı Musa vasitəsi ilə cavabdehə 2000 min manat pul vermişdir. O zaman iddiaçı öz vəsaiti ilə qeyri-yaşayış sahəsini sənədləşdirmək üçün sənədləri məhkəməyə təqdim etmiş və məhkəmə araşdırmasında məlum olmuşdur ki, cavabdehin iddiaçıya təqdim etdiyi bütün sənədlər saxtadır. Daha sonra öyrənmişdir ki, cavabdeh iddiaçının ona verdiyi pulu Bələdiyyəyə verməmişdir. Belə olan halda iddiaçı ona verdiyi pulları hesablayıb qaytarmağı tələb etdikdə, iddiaçıya bildirmişdir ki, onun iddiaçıya borcu yoxdur. Halbuki, iddiaçı cavabdehə 11000 (on bir min) dollarlıq pul vəsaitini Sarvanın göstərişi ilə onun göstərdiyi şəxsə köçürmüşdür. Ümumilikdə iddiaçı 30000 (otuz min) manat pulu onun göstərdiyi şəxslərə ödəmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı illik götürməli olduğu gəlirdən mərhum olmuşdur və həmin məbləğ 150.000 (yüz əlli min ) manat təşkil edir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili M.Əliyev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X3 ifadəsində bildirmişdir ki, iddiaçını 15 ildən çoxdur, Sarvanı isə 3 ilə yaxındır ki tanıyır. Azərbaycanda zəli işini onun kimi yaxşı bilən yoxdur. Zabratın aşağısında Savalan gölü var, o, ora 500-600 zəli töküb yetişdirirdi. X1 və Sarvanla birlikdə söhbət edərkən pul qazanmaq üçün zəli işinin olduğunu demiş və onlar Sarvan və Vüqarla birlikdə razılaşaraq bu işə başlamışlar. Sarvanın Vişnovkada həyətində hovuzu var. Onlar həmin hovuza baxıb və zəli yetişdirmək üçün əlverişli şərait olduğunu görmüşlər. Həmin vaxt hovuzdan su axıtdığı üçün onun təmirinə Sarvan 500 manat və sonradan 220 manatlıq da torpaq alıb tökmüş və hər dəfə 20 manat suya verərək 12-13 dəfə hovuza su tökdürmüşdür. O, şəxsən Sarvana 2100 manat dəyərində 3000 zəli alıb verib. X4 da zəli almasını xahiş etmişdir. O da 4000 ədəd anakonda zəlisi almış və Vüqar da əvəzində ona 2850 manat pul vermişdir. Vüqar köçürmə yolu ilə tanımadığı şəxsə 11000 ABŞ dollarlıq zəli almışdı, amma o zəlini gətirməmişdirlər. Sarvan 6 ay bundan qabaq ona zəng etmiş və onlar hovuza zəlilərə baxmağa getmişlər. Zəliləri hovuzda ağacla tərpətmiş, lakin zəlilər üzə çıxmamışlar. Zəlilərin oğurlanmasını düşünmüş və bununla bağlı Vüqara zəng etmiş, zəlilərin olmamasını ona bidirmişlər. Bir iki gün bundan əvvəl o, Sarvanla gedib qoyun kəsib qanını hovuza tökdükdə 300-ə yaxın zəli çıxmışdır. Həmçinin o, Vüqarın 11000 ABŞ dollarlıq zəlisinin gəlib çıxmadığını, Vüqarın malının Ərdəbildə İranlıda qaldığını, zəlilərə sonradan Sarvanın baxdığını, Sarvan müalicədə olarkən zəlilərə heç kimin baxmadığını, Vüqardan 2850 mantlıq zəlidən başqa onun hovuza zəli qəbul etmədiyini bildirmişdir. Hüquqi dəyərləndirmə:
11. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
14. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir.
15. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Kollegiya iddia tələbinin və apellyasiya şikyətinin maddi zərərəgörə 30.000 manat məbləğində pulun Cavabdeh tutulması hissəsi ilə bağlı bildirir ki, iddiaçı məhz zəli alınması üçün 14500 ABŞ dolları məbləğində pul verməsini, həmin məsələyə görə bu vəsaiti sələmə götürərək faizlər ödəməsini bildirsə də, buna dair məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir.
17. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı alınmış şahid ifadəsi ilə də təsdiq olunur ki, iddiaçının 2850 manat dəyərində 4000 sayda zəlisi cavabdehin bağ evindəki hovuzuna tökülmüşdür. Bundan əlavə, onun tərəfindən və ya onun hesabına hovuza tökülməsi üçün zəli gətirilməsi faktı sübut olunmamışdır.
18. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh bildirmişdir ki, Vüqar onun hovuzuna 4000 zəli tökmüşdür və istənilən vaxt gəlib zəlilərini aparabilər. İddiaçı borcunu qaytarsa və cavabdeh zəliləri verə bilməsə onun dəyəri olan 2850 manatı iddiaçıya qaytarar. Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X3 ifadəsində bildirmişdir ki, Vüqar köçürmə yolu ilə tanımadığı şəxsə 11000 ABŞ dollarlıq zəli almışdı, amma o zəlini gətirməmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin şahidin verdiyi bu ifadəyə münasibət bildirmədiyini qeyd etmişdir.
19. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, İddiaçı 11000 dollarlıq zəli alması halı iş materialları ilə öz təsdiqini tapmır və bu səbəbdən apellyasiya şikayəti həmin hissədə əsassızdır.
20. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
22. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Ona görə də kollegiya hesab edir ki, iddia tələbinin həmin hissədə qismən təmin edilərək, Cavabdeh 4000 (dörd min) ədəd zəlinin, bu mümkün olmadıqda isə onun dəyəri olan 2850 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
24. Kollegiya iddia tələbinin və apellyasiya şikayətinin 150.000,00 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı vurğulayır ki, iddia tələbinin həmin hissədə əsassız olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə doğru olmuşdur. Belə ki, İddiaçı mənəvi zərərə görə 150.000,00 manat pul tələb etməsinə baxmayaraq məhz cavabdehin hərəkətləri nəticəsində onun mənəvi istirab və sarsıntı keçirməsini əsaslandıra bilməmiş, tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir.
25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər.
26. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
27. Sadalanan xüsusatlara əsaəsən, kollegiya toplanmış sübutlara apellyasiya şikayətinin dəlilləri ilə birgə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilərək, Cavabdeh 4000 ədəd zəli, bu mümkün olmadıqda isə onun dəyəri qismində 2850 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
28. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
31. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3548/2021 saylı, 29.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev