Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1488/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4080/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.076,40 manat məbləğində əsas, 500 manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Kommunal” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən buraxılmış MS seriyalı, 000124 nömrəli və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 22.02.2007-ci il tarixində 08/5-008 nömrəli dövlət qeydiyyatına alınmış mənzil sertifikatı əsasında Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən 80 No-li mənzil 11.02.2014-cü il tarixdən cavabdehin adına rəsmiləşdirilmişdir və cavabdeh həmin tarixdən Kooperativin üzvlüyünə qəbul edilmişdir. “Hüquq" Mənzil Tikinti Kooperativi ilə İddiaçı MMC arasında bağlanan müqaviləyə əsasən kommunal xidmətlər o cümlədən: giriş-çıxışa və əraziyə nəzarəti həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMC tərəfindən həyata keçirilir. Kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Lakin Cavabdeh həmin mənzilə görə 11.02.2014-cü il tarixdən 01.04.2021-ci il tarixədək mövcud olan kommunal borcunu ödəməmişdir. Belə ki, Cavabdeh 80 №-li mənzili üçün kommunal borcu 4076,40 təşkil edir. Borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı formada müraciətlər olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmiş və bugünədək olan kommunal borcunu ödəməmişdir. Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2.820 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin edilməməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 28.04.2008-ci il tarixli protokoluna əsasən müqavilə bağlanmasada ondan kommunal xidmətlərə görə pulun tutulmasının məhkəmə tərəfindən qismən təmin edilməsi mövqeyi düzgün deyildir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən üzərinə götürdüyü yuxarıda qeyd edilən kommunal xidmətlər ona göstərilir və həmin xidmətlər digər sakinlərdə olduğu kimi onun üçündə əlçatımlıdır. Bildirir ki, onun həmin kommunal xidmətlərdən istifadə etməyi üçün Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən D1 saylı blokun 80 saylı mənzilində yaşamağı vacibdir və kommunal xidmətlərinin ona göstərilməsi üçündə İddiaçı MMC ilə onun arasında mənzil məcəlləsinin tələblərinə əsasən müqavilə bağlanılmalıdır. Lakin hal-hazırda qeyd olunan mənzilin təmirsiz olması və onun həmin mənzildə yaşamamağı ona dəlalət edir ki, məhkəmənin istinad etdiyi kommunal xidmətlərinin ona göstərilməsi mövqeyi məhkəmə tərəfindən düzgün, hərtərəfli araşdırılmayaraq müəyyən edilmişdir. Belə ki, qeyd edilən mənzil təmirsizdir, həmin mənzildə heç kəs yaşamır və o, həmin mənzili təmirsiz şəkildə 11.02.2014-cü il tarixində həmin mənzilin əvvəlki sahibi Samir Nərimanov adlı şəxsdən almışdır. Eyni zamanda da qeyd edir ki, mənzil qanunvericiliyində belə bir başa göstərilmişdir ki, tərəflər arasında yaşayış binasının saxlanılması ilə bağlı müqavilə bağlanılmalıdır və həmin müqaviləyə əsasən o, yaşayış binasının saxlanılması üçün kommunal xərclər üzrə ödənişlər etməlidir. Belə bir müqavilə isə hal-hazıradək onunla İddiaçı MMC arasında mövcud olmadığından həmin ödənişlərin ümumi yığıncağın protokoluna əsasən ondan tələb edilməsidə qanunvericiliyin tələblərinə əsasəndə ziddir. Ona görə ki, qanunvericilik belə bir başa tələb edir ki, tərəflər arasında Mənzil Məcəlləsinin müvafiq bəndlərində göstərilənlərə əsasən yaşayış binalarının saxlanılması və təmiri üzrə xərclərlə bağlı, habelə kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanılması əsas şərtlərdən biridir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiyindən kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Qeyd olunan kontekstdə məhkəmə kollegiyası iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "Hüquq” MTK-nın üzvlərinin ümumi yığıncağının 28 aprel 2008-ci il tarixli iclas protokolundan görünür ki, həmin iclasda Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilə bağlanmasının təmin edilməsi, bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılması qərarə alınmışdır. İş materiallarında olan 01.05.2012-ci il tarixli "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilədən görünür ki, sifarişçi "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yüksəkmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi hüququnu icraçı İddiaçı MMC-yə vermiş, icraçı İddiaçı MMC isə öz növbəsində həmin sakinlərə kommunal xidmətlər göstərməyi və haqqını həmin sakinlərdən almağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən icraçı İddiaçı MMC bina sakinlərinə göstərilən mənzil-kommunal xidmətlərinə görə mənzilin hər k/m üçün 0,30-0,50 manatın yığılmasını öz üzərinə götürür. İş materiallarından görünür ki, "Hüquq” MTK ilə İddiaçı MMC arasında bağlanmış 01.05.2017-ci il tarixdə eyni məzmunlu daha bir müqavilə imzalanmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 20.10.2020ci il tarixli 165 saylı məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu olması barədə xəbərdarlıq edilmiş, həmin borcun ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnun İddiaçı MMCyə Bakı şəhəri, Xətai prospekti 38 ünvanındakı binada yerləşən 80 №- li mənzil üzrə 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020 və 2021-ci illər üzrə ümumilikdə 4076,40 manat borcu var. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 38 ünvanında çoxmənzilli yüksək mərtəbəli bina inşa edilmişdir. Həmin kooperativin 28 aprel 2008-ci il tarixdə keçirilmiş ümumi yığıncağında qeyd edilən binada yerləşən mənzilin hər kv.m. üçün 0,30-0,50 manat pulun yığılması nəzərdə tutulmaqla sakinlərə mənzil-kommunal xidmətlərinin göstərilməsi üçün müvafiq xidmətlər göstərən təşkilatla müqavilənin bağlanması qərara alınmışdır. Bundan sonra müxtəlif illərdə, o cümlədən 01.05.2017-ci il tarixdə "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilələrə əsasən iddiaçı həmin binanın sakinlərinə kommunal xidmətlərin göstərilməsini və görülən işlərinin haqqını sakinlərdən almağı öz öhdəsinə götürmüşdür. Hazırda da müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. İddiaçı tərəfindən göstərilən kommunal xidmətin haqqı mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,30 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh həmin binanın sakinidir. İddiaçı kommunal xidmətlərin göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən 11.02.2014-cü il tarixdən 01.04.2021-ci il tarixədək kommunal haqqın ödənilmədiyini, nəticədə 4.076,40 manat məbləğində kommunal borcunun yarandığını, kommunal borcun ödənilməsinin təmin edilməsi üçün cavabdehə rəsmi olaraq müraciət edildiyini iddia edir və bu halın təsdiqi olaraq maliyyə arayışı təqdim etməklə həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəfindən qeyd edilən dövr ərzində kommunal haqqın ödənilməsini təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qeyd etmişdir ki, iddiaçı göstərilən kommunal xidmətlərə görə yaranmış borc məbləğini 2014-cü ilin fevral ayından 2021-ci ilin aprel ayınadək (sonuncu ay mart) hesablamaqla tələb edir. Halbuki, bu xidmətlərə görə ödənişlər vaxtaşırı ödənişlərə aid edildiyindən iddiaçı Mülki Məcəllənin qeyd edilən maddəsinin tələbləri baxımından 2016-cı ilin fevral ayından sonra (martdan başlayaraq) yaranmış borc məbləğini tələb edə bilər. Belə ki, bu tarixədək yaranmış borcun ödənilməsi haqqında tələb 5 il keçdiyindən qüvvəsini itirmiş olur. Bununla da cavabdehin borcun ödənilməsi üzrə 2016-cı ilin mart ayınadək yaranmış öhdəliyinə müddət etibarı ilə xitam verilməlidir və ondan 2016-cı ilin mart ayından 2021-ci ilin aprel ayınadək (sonuncu ay mart) olan dövr üçün yaranmış (47 x 12 ay x 5 il = 2.820) 2.820 manat məbləğində kommunal haqqı borcu tutulmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 135.2, 137.1, 137.5, 137.8, 137.10, 139.1-ci maddələri ilə hüquq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehdən kommunal xərclərə görə ödənilməli olan xidmət haqqını tələb etməkdə haqlı olmuşdur. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Belə ki, "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarı dövlət və ictimai mənzil fondu evlərinə şamil olunur. Özəl mülkiyyətdə olan çoxmənzilli binanın mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqqın miqdarı isə Nazirlər Kabinetinin, yaxud Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tariflərlə tənzimlənmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29.12.2015-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr çoxmənzilli binalarda kommunal xidmətləri həyata keçirən idarəedici təşkilatların fəaliyyəti ilə bağlı yaranan mübahisələri həll edərkən, həmin təşkilatlar tərəfindən ümumi istifadədə olan sahələrdə sərf edilən təbii inhisarda olan malların (qaz, elektrik, su və s.) qiymətinin Tarif Şurası tərəfindən müəyyən edilmiş satış qiymətlərinə müvafiq olaraq kommunal xidmətlərə daxil edilməsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin həmin qərarla qərara alınmışdır ki, çoxmənzilli binaların mənzil və digər sahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, həmçinin, cavabdehdən mənzilinin sahəsinə görə tələb edilən kommunal haqqın miqdarını da ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ (mənzilin hər kvadrat metrinə görə 30 qəpik) "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin həmin mənzildə yaşayıb-yaşamamasından asılı olmayaraq da, qeyd edilən kommunal ödənişləri ödəmək qanunvericiliyin tələbinə əsasən onun vəzifəsidir. Belə ki, mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Həmçinin, kollegiya qeyd edir ki, cavabdehin iddiaçı ilə müqavilə bağlamadan kommunal haqlardan istifadə etməsi hüquqdan sui-istifadə kimi qəbul edilməlidir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4080/2021 saylı, 23 iyun 2021ci i il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1488/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1488/2022
02.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver