Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1489/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Məmmədov Məhərrəm Mustafa oğlunun nümayəndəsi (atası) Mustafa Məmmədovun iştirakı ilə, Məmmədov Məhərrəm Mustafa oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1242/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Məmmədov Məhərrəm Mustafa oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyanın əvəzi qismində 12889 manat, hüquqi yardıma çəkilmiş xərcin əvəzi kimi 210 manat, habelə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 07:50 radələrində Məmmədzadə Əliş Həzi oğlu cavabdehə məxsus “Volkswagen Polo” markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozmuş və nəticədə iddiaçının idarə etdiyi “Hyundai İX35” markalı, **-UV-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Ə.Məmmədzadə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 469.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Qəza nəticəsində iddiaçınına avtomobilinə 12889 manat məbləğində ziyan dəymişdir. Həmçinin, iddiaçı hüquqlarının məhkəmədə müdafiə olunması üçün 210 manat xərc çəkmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1242/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, zərərin əvəzi qismində 11614 manat, hüquqi yardıma görə ödənilmiş 210 manat və iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsindən tutularaq Məmmədov Məhərrəm Mustafa oğluna ödənilməsi, məhkəmə – əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 120 manat məbləğində pul vəsaitinin 10 manat məbləğində hissəsinin Məmmədov Məhərrəm Mustafa oğlundan, 110 manat məbləğində hissəsinin isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi onun iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahişt etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının avtomobilinə dəymiş zərərin daha az olmasına baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq ekspert rəyinə istinad edərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, buna görə də kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin maddi ziyanın maəbləğinə dair hissəsində yoxlanılması təşkil edir. Çünkü, cavabdeh maddi ziyanın maəbləğinə dair hissəsində qətnaməni mübahisələndirmiş, qətnaməni iddiaçı isə ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan AC seriyalı, 248521 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Hyundai İX-35” minik markalı, AZ90-UV906 qeydiyyat nişanlı avtomobil Məmmədov Məhərrəm Mustafa oğlunun mülkiyyətindədir. İş materiallarında olan Yol vərəqəsinin surətindən görünür ki, “Volkswagen Polo” minik markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsinə məxsusdur. AP seriyalı, ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətindən görünür ki, Məmmədzadə Əliş Həzi oğlu xx xxxxxx 2019-cu il tarixdə yol vərəqəsi ilə idarə etdiyi “Volkswagen Polo” minik markalı, **-PR-*** qeydiyyat nişanlı avtomobillə yol ayrıcında işıqforun qırmızı işığının tələbinə əməl etməmiş, nəticədə sol tərəfdən düzünə hərəkət edən “Hyundai” markalı, **-UV-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin vaxt “Volkswagen Polo” minik markalı avtomobilin icbari sığorta şəhadətnaməsinin olmadığı aşkarlanmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, TP ******* nömrəli “inzibati xəta vermə haqqında” qərarın surətindən görünür ki, Məmmədzadə Əliş Həzi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli qüsur aktından görünür ki, “Hyundai İX-35” minik markalı, AZ**-UV-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər xidmət haqqı ilə birlikdə 12889 manat təşkil edir. Birinci instansiya məkhəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən, avtomobilə vurulmuş ziyanın dəqiq müəyyən olunması məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 9/2953 saylı rəyində göstərilmişdir ki, “Hyundai İX-35” markalı, **-UV-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11614 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, sözügedən hadisədə Məmmədzadə Əliş Həzi oğlunun təqsiri qanuni qüvvədə olan qərarla müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq Əliş Məmmədzadənin işə götürəni olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsindən maddi ziyanın əvəzini tutmuşdur. Yuxarıda qeyd olunduğu kimi cavabdehin qətnaməni bu hissədə mübahisələndirmir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci və 1099.2-ci maddələrinə görə isə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Kollegiya cavabdehdən tutulmuş olan maddi ziyann məbləği ilə da razılaşır. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən zərərin əvəzi qismində 11614 manat cavabdehdən iddiaçının xeyrinə tutmuşdur. Apellyasiya şikayətinin avtomobilə dəyən ziyanın daha az olması arqumenti ilə bağlı kollegiya qeyd ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, irəli sürdüyü mülahizənin mümkün vasitələrlə yoxlanılması üçün təşəbbüs göstərməmişdir. Əksinə birinci instansiy məhkəməsinin təyin etdiyi ekspertiza əsasında avtomobilə dəymiş zərərin məbləği müəyyənləşdirilmişdir.Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Ekspert rəyinin həqiqətə uyğun olmaması dəlili ilə bağlı apellyasiya şikayətində irəli sürülən mülahizələrlə bağlı kollegiya qeyd edir ki, qanunvericilik məhkəməyə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda təkrar ekspertiza təyin etmək hüququnu vermişdir (MPM-nin 102.2-ci maddəsi); hazırkı iş üzrə verilmiş rəydə isə qeyri-aydın və ya ziddiyyətli xüsusatlar olmadığından təkrar ekspertiza təyin edilməsinin prosessual əsasları mövcud deyildir. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1242/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1489/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1489/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver