Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-149/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “mülkiyyətdə payın ayrılması və ya hərrac vasitəsilə satılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-257/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahədə yerləşən torpaq sahəsi (bundan sonra – Torpaq sahəsi) X2 miras qalmışdır. Torpaq sahəsi Lenin (indiki Sabunçu) Rayon Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il, 14/19 nömrəli qərarı əsasında verilmişdir.
2. Torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında tərəflərin mülkiyyətinə keçmiş, bu barədə 18 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və Torpaq sahəsinə dair İddiaçı2 2/4 hissədə, digər İddiaçı1 isə ¼ hissədə payları müəyyən edilmiş, Cavabdeh ¼ hissədə payı isə açıq saxlanılmışdır.
3. İddiaçı2 Torpaq sahəsinə dair 2/4 hissədə paylı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə, yəni 0,05931 hektar torpaq sahəsinin (Bundan sonra – Torpaq sahəsi) və üzərindəki tikilinin naturada ayrılması, bu mümkün olmadığı təqdirdə açıq hərrac vasitəsilə satılaraq əldə olunan pulun paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilir ki, torpaq sahəsinin vərəsəlik qaydasında 2/4 hissəsi İddiaçı2, 1/4 hissəsi isə İddiaçı1 mülkiyyətinə keçmişdir. Digər varis - cavabdehin vərəsəliyə münasibət bildirmək üçün notariat kontoruna gəlmədiyinə görə, onun payı açıq qalmışdır. Cavabdeh qeydiyyatda olduğu ünvanda faktiki yaşamır. Qeyd edilən torpaq sahəsində Lenin (indi Sabunçu) Rayon Xalq Deputatları Sovetinin İcra Komitəsinin 22 aprel 1988-ci il tarixli, 14/19 saylı qərarına əsasən, fərdi ev tikilmişdir (torpaq sahəsinin çıxarışı olsa da, evin çıxarışı yoxdur). Cavabdeh həmin sahəyə və evə girişi kilidləmişdir. Onun yaratdığı manelərə görə, həmin evə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış əldə edilməsi mümkün olmamışdır. İddiaçıların cavabdehlə qohumluq münasibətləri yaxşı vəziyyətdə deyil. Birgə iddiaçıların qohumluq münasibətləri isə yaxşıdır. İddiaçılarla cavabdehin əmlakdan birgə istifadəsi mümkün deyil. Bu səbəbdən əmlakın bölünməsi və ya məhkəmə tərəfindən hərrac vasitəsilə satılaraq paylara uyğun olaraq pulun verilməsi zərurəti vardır. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi olduğuna görə, onun naturada paylara alınmasını mümkün görmürlər.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-257/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi (hakim Zamanlı Pərviz) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu ilə ekspertiza xərci iddiaçılara aid edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iddiaçıların iddia tələbi 3 hissədən ibarətdir: 1) Torpaq sahəsinin naturada ayrılması; 2) üzərindəki tikilinin naturada ayrılması və 3) naturada ayrılması mümkün olmadıqda hər iki daşınmaz əmlakın açıq hərrac vasitəsilə satılaraq əldə olunan pulun paylara uyğun bölünməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edib ki, Torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında tərəflərin mülkiyyətinə keçməsi və tərəflərin paylı mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. Paylı mülkiyyətdə olan daşnmaz əşyanın bölünməsini və ondan payın ayrılmasının qanunda 3 qaydası nəzərdə tutulmuşdur: birincisi qayda payın ayrılması qaydası və şərtləri ilə bağlı mülkiyyətçilərin razılığının olmasını nəzərdə tutur. İkinci qayda mübahisənin məhkəmə yolu ilə həll edilməsini nəzərdə tutur. Bu qayda o halda qüvvədə olur ki, birinci qayda (tərəflərin razılaşması) mövcud olmasın. Üçüncü qayda isə birinci və ikinci qaydanın tükənməsindən sonrakı prosesi tənzimləyir və bu zaman payının ayrılmasını istəyən mülkiyyətçi digər mülkiyyətçilərdən payının dəyərini tələb etmək hüququna malikdir. İşin hallarından da göründüyü kimi, tərəflər arasında payların ayrılması ilə bağlı razılıq mövcud deyil. Bu halda hazırkı mübahisəyə ikinci qayda tətbiq olunacaqdır. Bu qayda isə tələb edir ki, paylı mülkiyyətdə olan payın naturada ayrılmasının mümkün olubolmaması, yaxud ayrılması mümkün halda bunun ümumi mülkiyyətdə olan əşyaya hansı dərəcədə zərər vurub-vurmaması müəyyənləşdirilməlidir. Çünki iddianın təmin edilibedilməməsi məhz bu halın nəticəsindən asılıdır. Odur ki, məhkəmə tərəfindən paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü barədə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/4811 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli Torpaq sahəsinin paylara uyğun naturada ayrılması mümkün deyil. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edib ki, mübahisəli Torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tərəflər isə Torpaq sahəsinə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Tələbin ikinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçılar Torpaq sahəsinin üzərində yerləşən tikilinin də naturada bölünməsini tələb etsələr də, həmin tikiliyə dair tərəflərin mülkiyyət hüquqlarını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, Mülki Məcəllənin 213.1-ci maddəsi ümumi mülkiyyət hüququnun yaranması üçün əşyanın yalnız mülkiyyət hüququ əsasında yaranmasını nəzərdə tutur (iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur). Mülkiyyət hüququ isə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Göründüyü kimi, tələbin ikinci hissəsi ilə bağlı qanuni əsas mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddianın ikinci hissəsi ilə bağlı qanuni əsas mövcud olmadığından iddia həmin hissədə də təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddianın 3-cü hissəsi də təmin edilə bilməz. Yuxarıda paylı mülkiyyətdə olan əşyanın bölünməsinin 3 qaydası barədə qeyd edilmişdir. Mülki Məcəllənin 220.6-ci maddəsi müəyyən edir ki, yalnız paylı mülkiyyətin bölünməsinin göstərilən qaydaları tükəndikdən sonra əşyanın hərracdan satılması mümkündür. Məhkəmə qeyd edir ki, əşyanın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Əvvəldə də şərh edildiyi kimi, əvvəlcə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında da göstərilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Mülki Məcəlləsinin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalarına riayət etmədən iddiaçıların ilk tələbi ilə Torpaq sahəsinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətində qeyd etmişlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə, yəni 0,05931 hektar torpaq sahəsinin vərəsəlik qaydasında 2/4 hissəsi İddiaçı2, 1/4 hissəsi isə İddiaçı1 mülkiyyətinə keçmişdir. Digər varis Cavabdeh payların miqdarını mübahisələndirmiş və Xətai Rayon Məhkəməsinin e-2(011)-4040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə payların miqdarı dəyişdirilərək hər bir varis üçün 1/3 miqdarında müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsində Lenin (indi Sabunçu) Rayon Xalq Deputatları Sovetinin İcra Komitəsinin 22 aprel 1988-ci il tarixli, 14/19 saylı qərarına əsasən, fərdi ev tikilmişdir (torpaq sahəsinin çıxarışı olsa da, evin çıxarışı yoxdur, lakin qanunvericiliyə uyğun tikilmişdir). Cavabdeh həmin sahəyə və evə girişi kilidləmişdir. Onun yaratdığı manelərə görə, həmin evə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış əldə edilməsi mümkün olmamışdır. İddiaçıların cavabdehlə qohumluq münasibətləri yaxşı vəziyyətdə deyil. Birgə iddiaçıların qohumluq münasibətləri isə yaxşıdır. İddiaçılarla cavabdehin əmlakdan birgə istifadəsi mümkün deyil. Əmlakın naturada bölünməsi və ya hərrac vasitəsilə satılaraq paylara uyğun olaraq pulun bölünməsi haqqında cavabdehə müraciət edilsə də, nəticə olmamışdır. Bu səbəbdən də əmlakın naturada bölünməsi, bu mümkün olmazsa, məhkəmə tərəfindən hərrac vasitəsilə satılaraq paylara uyğun olaraq pulun bölünməsi iddiası qaldırılmışdır. Ekspert rəyi ilə təsdiq edilmişdir ki, əmlakın naturada bölgüsü mümkün deyildir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında iddiçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi, həmçinin ərizə ilə müraciət edərək bildirdi ki, hərracda satılmasını tələb etdiyi torpaq sahəsi və üzərindəki tikili nəzərə alınmaqla qarşı tərəfdən bir pay üzrə 30000 manat, iki pay üzrə 60000 manat payların ödənilməsini tələb edir.
10. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini, həmçinin hüquqlarını müdafiə etdiyi şəxslə əlaqə saxlayaraq torpaq sahəsinin dəyəri olan 33000 manatın 2/3 hissəsində, yəni 22000 manat payların dəyərinin ödənilməsinə razı olduğunu bildirdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı... Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
20. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar Mülki Məcəllənin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşdığından və cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qismən qalxdığından iddia haqlı sayılır.
22. Mülki iş apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə, yəni 0,05931 hektar torpaq sahəsinin üzərindəki tikili də nəzərə alınmaqla, hazırki dövrə olan bazar dəyərinin nə qədər təşkil etməsi müəyyən edilməlidir. Çünki ekspert rəyi ilə təsdiq edilmişdir ki, əmlakın naturada bölgüsü mümkün deyildir. Mübahisəli torpaq sahəsinin və üzərindəki tikilinin hazırki dövrə olan bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertiza təyin edilməlidir.
23. Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi 3-16-16/2-10/7637 saylı, 03 iyun 2024-cü il tarixli rəydə göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayış massivi, kvartal 52.8 saylı sahə, yəni 5,931 sot olduğunu nəzərə alaraq, torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 33000.0 (5570 x 5,931 sot) manat məbləğində müəyyən edilir. Lakin yaşayış evinin mülkiyyət sənədi olmayan tikililərin bazar qiymətlərinə uyğun dəyəri və ya satışı barədə analoji internet saytlarında hər hansı məlumat olmadığından tədqiq olunan ünvanda yerləşən 0.05931 ha torpaq sahəsinin üzərindəki tikililər də nəzərə alınmaqla hazırki dövrə olan bazar dəyəri nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı.
24. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərildiyi kimi Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İddiaçılar da hazırki iddia üzrə qeyd olunan qaydalara və ardıcıllığa riayət etmişlər.
25. Apellyasiya baxışı zamanı da iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 yazılı ərizə təqdim edərək cavabdehin bir pay üzrə 30.000 manat olmaqla (həm torpaq sahəsi, həm də üzərindəki tikili nəzərə alınmaqla), cəmi 60.000 manat payların dəyərini ödəyəcəyi halda mübahisəni yekunlaşdıra biləcəyini bildirdi, ancaq cavabdehin vəkili Vəkil2 hüquqlarını müdafiə etdiyi şəxslə əlaqə saxlayaraq yalnız ekspertiza rəyi ilə müəyyən edilən torpaq sahəsinin dəyəri olan 33000 manatın 2/3 hissəsində, yəni 22000 manat payların dəyəri kimi ödənilməsinə razı olduğunu bildirdi. Göründüyü kimi, iddiaçılar olan iki paylı mülkiyyətçinin tələbi üzrə cavabdeh paylı mülkiyyətçi kimi 60000(altmış min) manat kompensasiya verə bilmədiyindən və ya vermək istəmədiyindən iddiaçılar paylı mülkiyyətdə olan torpaq sahəsini üzərində olan qeydiyyata alınmayan evlə(tikililərlə) birlikdə hərracdan satılmasını tələb etməkdə haqlı olmuşdur.
26. Birinci instansiya məhkəməsi torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tələbin ikinci hissəsi üzrə isə tikiliyə dair tərəflərin mülkiyyət hüquqlarını təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən qanuni əsasının mövcud olmadığına görə iddianı rədd etmişdir. Qeyd olunduğu kimi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da üzərindəki tikili qeydə alınmamışdır. Ancaq həmin ev qeydə alınmasa da tikintisi qanunla müəyyən edilmiş qaydada rəsmi icazə əsasında aparılmışdır və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçıların mövqeyinə görə məhz cavabdehin maneə yaratmasına görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmur. Bununla yanaşı, iddiaçılar torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə naturada bölünməsini, bu mümkün olmadıqda isə hərracda satılmasını tələb ediblər.
27. Birinci instansiya məhkəməsinin mövqeyindən belə çıxır ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün deyil, üzərindəki tikili(ev) isə qeydə alınmadığından bölünə bilməz. Cavabdeh isə torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə dəyəri nəzərə alınmaqla digər iki paylı mülkiyyətçinin payına uyğun tələb olunan kompensasiyanı ödəmək istəmir. Bu cür vəziyyətdə əvvəla mübahisə həll edilməmiş qalır. İkincisi digər iki paylı mülkiyyətçinin hüquqlarının cavabdeh tərəfindən pozulması davam edir. Demək ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm də ədalətli olmamışdır.
28. Göstərilənlərdə əlavə, apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyində torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 33000.0 (5570 x 5,931 sot) manat məbləğində müəyyən edilsə də, yaşayış evinin mülkiyyət sənədi olmayan tikililərin bazar qiymətlərinə uyğun dəyəri və ya satışı barədə analoji internet saytlarında hər hansı məlumat olmadığından tədqiq olunan ünvanda yerləşən 0.05931 ha torpaq sahəsinin üzərindəki tikililər də nəzərə alınmaqla hazırki dövrə olan bazar dəyəri nə qədər təşkil etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində yerləşən tikililərlə birlikdə ipoteka predmeti kimi deyil, tərəflərin paylı mülkiyyəti kimi Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən açıq hərracdan satılmalı olduğundan ilkin satış qiyməti olaraq likvid dəyəri göstərilə bilməz. Düzdü, bu cür iddialar üzrə torpaq sahəsinin üzərində yerləşən tikililərlə birlikdə açıq hərracda satılması ilə əlaqədar qətnamədə real bazar dəyərinin ilkin satış qiyməti kimi göstərilməsi də qanunvericilikdə birbaşa qadağan edilməmişdir. Ancaq torpaq və mənzil bazarında qiymətlərin dəyişkən olması, eləcə də bu cür işlər üzrə hərrac zamanı torpağın üzərində yerləşən tikililərlə birlikdə qətnamədə göstərilə biləcək qiymətdən də yuxarı qiymətə satılması ehtimalı yüksək olduğundan ümumiyyətlə ilkin satış qiymətinin göstərilməsi paylı mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Buna baxmayaraq, qətnamənin icrası ilə əlaqədar hərrac zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2024-cü il tarixli rəyində müəyyən edilən torpaq sahəsinin(üzərindəki tikililər nəzərə alınmadan) hazırki orta bazar qiyməti bir meyar kimi nəzərə alına bilər.
29. Şərh olunanlara əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-257/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməli; Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə, yəni 0,05931 hektar torpaq sahəsi üzərindəki tikililərlə birlikdə açıq hərracda satılmalı və əldə edilmiş vəsait tərəflərin paylarına mütənasib bölünməli; İddia təmin edildiyindən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş ümumilikdə 45 (qırx beş) manat dövlət rüsumu, eləcə də İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100(yüz) manat da Cavabdeh tutulmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-257/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə, yəni 0,05931 hektar torpaq sahəsi üzərindəki tikililərlə birlikdə açıq hərracda satılsın və əldə edilmiş vəsait tərəflərin paylarına mütənasib bölünsün. İddia təmin edildiyindən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş ümumilikdə 45 (qırx beş) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödəilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100(yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.