Məhkəmə qərarları › İş №2(103)-1496/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1496/2022

10.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1496/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(001)-6048/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.570 manat məbləğində əsas borcun, 1000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 13.600 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini mənəvi zərərin əvəzinin tutulması hissəsində azaltdığını və cavabdehdən yalnız 12.570 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xeyli müddətdir ki, tanıyır. Cavabdeh polis işçisidir. 31.05.2019-cu il tarixdə 12.570 manat məbləğində pulu iddiaçıdan almışdır. Aralarında şifahi razılaşma olmuşdur ki, bir ay ərzində borcunu qaytaracaq. Lakin bugünədək iddiaçı pulun qaytarılmasını tələb etsə də, heç bir nəticəyə nail ola bilməmişdir. İddiaçı həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iclasında cavabdeh ərizə təqdim edərək, iddianı etiraf etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(001)-6048/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 12.570 (on iki min beş yüz yetmiş) manat məbləğində əsas borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman cavabdehin hüquqi savadsızlığını nəzərə almamışdır. Binəqədi rayon Məhkəməsinin sözügedən qətnaməsi əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 52.5-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki həmin maddədə göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Cavabdehin iddia tələbini etiraf etməsi savadsızlığından olmuşdur. Onun gələcək üçün hüquqi nəticələrini bilməmişdir. Başqa sözlə desək, həmin qətnamə qəbul edilən zaman onun hüquqi mənafeyi nəzərə alınmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakı etmədiyindən kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan Cavabdeh 12.570 manat məbləğində əsas borc və 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə müvafiq olaraq, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh iddia tələbini tam həcmdə etiraf etmişdir. Apellyasiya şikayətində isə iddianı hüquqi savadsızlığından etiraf etdiyini bildirmişdir. Kollegiya hesab edir ki, cavabdehin iddiaçıdan 12.570 manat məbləğində pulu aldığını və maddi imkansızlığı səbəbindən qaytara bilmədiyini etiraf etməsi halında hüquqi savadın olması zəruri deyil. Belə olan halda iddianın etiraf edilməsi təsdiq edilməli və iddia tələbləri sübutlar araşdırılmadan təmin edilməlidir. Apellyasiya şikayətinin dəlilləri işin halları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdehin hüquqi mənafeyinin nəzərə alınmaması ilə bağlı dəlilləri qeyri-müəyyəndir. Cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığından, onun qəbul edilməməsi iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olardı. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli, 2(001)-6048/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar