Məhkəmə qərarları › İş №2(103)-1497/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1497/2024

13.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1497/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Suraxanı rayon İcra şöbəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi və digər şəxslər cəlb edilməklə) “avtomobilə dair qeydiyyatın ləğv edilməsi, mülkiyyət hüququnun və qeydiyyatın bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(005)-1100/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “Mətanət A” şirkətinin iddiaçıya qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, ondan 1400,36 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcunun, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq “Mətanət A” şirkətinə ödənilməsi qət edilmişdir. Qətnamə icraya yönəlmiş, xx.xx.2018-ci il tarixində Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin olunması məqsədilə borclu İddiaçı məxsus olan “VAZ 2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin 8(010)- 1389/2018 saylı, 2707.2018-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, avtomobilin üzərinə həbs qoyulmuşdur. "xxxx"MMC tərəfindən **-GT-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 1800 manat məbləğində müəyyən edilmişdir. Rəydən sonra avtomobil 3-cü şəxs Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1536 manat borc əvəzi olaraq “Mətanət A” şirkətinə təklif edilmiş və “Mətanət A” şirkəti avtomobili borc əvəzi olaraq qəbul etmişdir. Avtomobil üzərində cavabdeh “Mətanət A” şirkətinin mülkiyyət hüququ qeydə alınmış, daha sonra avtomobil digər şəxlərə satılmış və hazırda üçüncü şəxsin mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı avtomobil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-GT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində cavabdeh “Mətanət A” şirkətinin adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi və onun **-GT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə bağlı mülkiyyət hüququna dair qeydiyyatının bərpa edilməsi və qeyd olunan avtomobilinin də geriyə özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6904/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “Mətanət A” şirkətinin ona qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, ondan 1400,36 manat məbləğində əsas borcun, 100 manat məbləğində cərimə borcunun, habelə iddia ilə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq “Mətanət A” şirkətinə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2016-cı ildə qüvvəyə mindikdən sonra icraya yönəlmişdir. xx.xx.2018-ci il tarixində Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin olunması məqsədilə borclu İddiaçı məxsus olan “VAZ 2107” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 saylı, 2707.2018-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra icraatı zamanı xx.xx.2018-ci il tarixli “X1” müqaviləyə əsasən Suraxanı rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona məxsus olan Bakı şəhəri, Nefcilər metrosu yaxınlığında yerləşən 11 saylı cərimə meydaçasında saxlanılan **-GT-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin qiymətləndirilməsi işi üçüncü şəxs "xxxx" MMC tərəfindən aparılmış, "xxxx"MMC tərəfindən əsassız olaraq ona məxsus olan **-GT-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 1800 manat məbləğində müəyyən edilmişdir. Avtomobilə müəyyən edilmiş qiymət avtomobilin həqiqi dəyərinə uyğun deyil, cavabdehin qiymətləndimə ilə bağlı rəyi tamamilə əsassızdr. Ekspert rəyinə görə 2000-ci il buraxılışı olan **-GT-*** dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin xx.xx.2018-ci il tarixində bazar dəyəri guya 1800 manat məbləğində təşkil edir. Halbuki, 2000-ci il buraxılışlı “VAZ 2107” markalı avtomobilin qiyməti avtomobilin vəziyətinə görə bazar qiyməti 4500 manatdan 6300 manat arasında dəyişir. Ekspert rəyində qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, bazar qiymətləri araşdırılmamış və nəticə etibarı ilə aşağı qiymət müəyyən edilmişdir. Əsassız rəyindən sonra avtomobil 3-cü şəxs Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1536 manat borc əvəzi olaraq “Mətanət A” şirkətinə təklif edilmiş və “Mətanət A” şirkəti avtomobili borc əvəzi olaraq qəbul etmişdir. Bundan sonra həmin avtomobil üzərində mülkiyyət hüququna dair qeydiyyatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində ləğv edilmiş, avtomobil üzərində cavabdeh “Mətanət A” şirkətinin mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək etirazını onunla əsaslandırılmışdır ki, borclu İddiaçı İcra sənədini könüllü icra etmədiyinə görə icra məmuru İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edərək Suraxanı Rayon Məhkəməsinə göndərsə də, məhkəmə xx.xx.2018-ci il tarixdə icraata xitam vermişdir. Bundan sonra İddiaçı mülkiyyətində olan VAZ 21074 markalı, **-GT-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimat verilmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.1018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İddiaçı qərardaddan şikayət vermiş, lakin Bakı Apellyasiya Məhkəməsi 8(103)-889/2018 saylı, xx.xx.2018-ci il tarixli qarərdadı ilə qüvvəsində saxlamışdır. İcra məmuru həmin avtomaşının borcludan götürərək duracağa yerləşdirmiş, qiymətləndirmə dəvət etmişdir. "xxxx" MMC avtomaşının bütün parametrlərinə yerində vizual baxış keçirdərək mütəxəsis rəyi ilə avtomaşını 1800 manat dəyərində qiymətləndirmiş, həmin qiymətlə də icra məmuru borc əvəzinə tələbkara təklif etmiş və tələbkar da təklifi qəbul etmişdir. İddiaçı tərəfindən qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirmə rəyinin ləğv edilməsi barədə iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə yenidən avtomaşının qiymətləndirilməsini təşkil edərək iddianı təmin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi avtomaşına heç bir vizual baxış keçirmədən yalnız “Az Turbo” saytında internet məlumatlarına əsaslanaraq nəzəri olaraq 4500 manat qiymət müəyyən etmişdir. Lakin apellyasiya şikayəti verilmiş, "xxxx" MMC tərəfindən avtomaşına yenidən vizual baxış keçirilərək 1900 manat dəyərində qiymətləndirilməsi barədə mütəxəsis rəyi məhkəməyə təqdim edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-421/2022 saylı qərardadı ilə Xətai Rayon Məhkəməsinin qərardadı ləğv edilərək iddia rədd edilməklə icraata xitam verilmişdir. İddiaçı hazırkı iddia ərizəsindən də göründüyü kimi, iddiaçı əsasən məhkəmə qərarının icrası çərçivəsində ona məxsus avtomobilin üzərinə həbs qoulması barədə Suraxanı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadını, avtomobilin tələbkar “Mətanət A” şirkətinə təklif edilməsini, tələbkarın avtomobili borcun əvəzinə qəbul etməyə razılaşmasından sonra adıçəkilən avtomobilin şirkətin mülkiyyətinə verilməsini və onun adına rəsmiləşdirilməsini, bunun əsasında qoyulan həbsin Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(010)-294/2019 saylı qərardadı ilə götürülməsini mübahisələndirir. Bu əsassız iddiaya görə isə Nərimanov Rayon Məhkəməsi əsassız olaraq 16(005)- 42/2023-001 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı **-VR-*** dövlət nömrə nişanlı, “VAZ 21074” markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini qadağan etmişdir. Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qərardadlarından İddiaçı tərəfindən şikayətlər verilmiş, onun şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilmişdir. Bu da o deməkdir ki, həmin qərardadlar və onlarla müəyyən edilmiş hallar heç bir halda Nərimanov Rayon Məhkəməsində mübahisələndirilə bilməz, yuxarı instansiya məhkəməsinin qərardadına birinci instansiya məhkəməsi olan Nərimanov Rayon Məhkəməsi yenidən baxa bilməz. Avtomobilin tələbkara borcun əvəzinə təklif edilməsi və onun tərəfindən təklifin qəbul edilməsindən sonra “Mətanət A” şirkətinin adına rəsmiləşdirilməsi prosesi də öz növbəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-421/2022 saylı qərardadına geniş araşdırılmış, icra məmurunun məhkəmə qərarının icrası ilə bağlı həmin hərəkətlərinin qanuni olduğu bir daha qeyd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(005)- 1100/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə icra məmuru qanunvericiliyin və prosessual normaların tələblərə uyğun olaraq iddiaçıya məxsus olmuş avtomobilin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmiş, təqdimat təmin edildikdən sonra avtomobilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, avtomobilin dəyəri 1800 manat təşkil etmiş və üzərinə həbs qoyulmuş avtomobil tələbkara təklif olunmuşdur. Tələbkar Cavabdeh borcun əvəzi olaraq avtomobili qəbul etmiş və icra işinə xitam verilmişdir. Göründüyü kimi icra məmurun hərəkətləri qanuna müvafiq olmuş, həmçinin tələbkar olmuş Cavabdeh əmlakı qanuni yolla əldə etmişdir. Məhkəmə qeyd etmişdir ki, avtomobilin “Mətənat-A” şirkətinin adına aparılmış qeydiyyatın ləğvi üçün heç bir əsas yoxdur. Belə ki, iddia tələbinin əsasını "xxxx" MMC tərəfindən avtomobilin qiymətləndirilməsinin düzgün aparılmaması təşkil edir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçı, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, iddiası Xətai Rayon Məhkəməsinin 2(011)-88/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-421/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilmiş, ekspert rəyinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilmiş və İddiaçı icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin izahına uyğun hərəkət edilməmiş, yəni icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən şikayət verilməmişdir. Hazırda isə iddiaçı avtomobilə qoyulmuş qiymətin aşağı olmasını əsas gətirərək, “Mətənat-A” şirkətinin adına aparılmış qeydiyyatın ləğvi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırki halda qeyd edilən səbəb “Mətənat-A” şirkətinin adına aparılmış qeydiyyatın ləğv üçün əsas ola bilməz və buna görə də, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli avtomobil Cavabdeh adına qeydiyyata alındıqdan sonra xx.xx.2020-ci il tarixdə X3, daha sonra xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Hazırda onların vicdanlı alıcı olmamalarına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə onları vicdanlı alıcı kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı iddianın təmin edilməsi üçün hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin “**-GT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində cavabdeh “Mətanət A” şirkətinin adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” hissəsində təmin edilməməsi qənaətinə gəldiyindən, iddia tələbi qalan hissələrdə də, təmin edilməməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 157.1, 157.2, 157.5, 182.1; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 43.1.1, 44.1, 45.1, 50.2, 63.1; eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 7.1, 88, 119.1, 217.1, 217.3, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış və göstərilmişdir ki, avtomobilə müəyyən edilmiş qiymət avtomobilin həqiqi dəyərinə uyğün olmamış, cavadehin qiymətləndirmə ilə bağlı rəyi tamamilə əsassızdır. Ekspert rəyinə görə 2000-ci il buraxılışı olan «VAZ- 2107» markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə bazar dəyəri guya 1800 manat məbləğində təşkil edir. Habuki, 2000-ci il buraxılışlı «VAZ-2107» markalı avtomobiln qiyməti avtomobilin vəziyyətinə görə bazar qiyməti 4500 manatdan 6300 manat arasında dəyişir. Ekspert rəyində qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, bazar qiymətləri araşdırılmamış, və nəticə etibarı ilə aşağı qiymət müəyyən edilmişdir. Həmçinin maşın hərraca çıxarılmadan və alqı-satqı edilmədən əsassız olaraq icra məmuru tərəfindən borc əvəzi «Mətanət A» şirkətinə təklif edilmidir. Bu isə öz növbəsində qanunsuzdur və özbaşınalıqdır. Əsassız rəydən sonra avtombil 3-cü şəxs Suraxanı rayon İcra və Probsiya Şöbəsi tərəfindən 1536 manat borc əvəzi olaraq «Mətanət A» şirkətinə təklif edilmiş və «Mətanət A» şirkəti avtomobili borc əvəzi olaraq qəbul etmşdir. Bundan sonra həmin avtomobil üzərində mülkiyyət hüququna dair qeydiyyatı Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsində ləğv edilmiş, avtombil üzrərində cavabdeh «Mətanət A» şikətinin mülkiyyət hüququ qeydə alınmışdır. Həmin avtomobil əvvəl xx.xx.2020-ci il tarixdə X3, xx.xx.2022-ci il tarixdə isə X4 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin «İcraata xitam verilməsi haqqında» xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 6904/2016 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qərardadına əsasən verilmiş icra vərəqəsi yenidən icra olunması üçün Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra icra məmuru iş materiallarında icra vərəqəsinin olmadığını bəhanə edərək yenidən ona məhkəməyə müraciət etməyni tələb etmişdir. O da öz növbəsində yenidən ərizə ilə Suraxanı rayon məhkəməsinə müraciət etmiş, hakim Tural Məmmədovun sədrliyi ilə məhkəmə prosesi keçirilmiş və xx.xx.2016-cı il tarixli 2(010)- 6904/2016 Ns-li icra vərəqəsi yenidən icra olunması üçün Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. Lakin, hansı səbəbdənsə icra məmuru icra vərəqəsi və məhkəmə qərardadı olduğu halda öhdəsinə düşən vəzifəni icra etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.5 və 6.1.6-cı maddələrinə görə inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi sayılır. 43.1.1. Borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləridir. 44.1. Həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görunur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 6904/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı 1400,36 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq Cavabdehnə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsi alaraq İcra şöbəsinin xx.xx.2017-ci il tarixli İcraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərarı ilə icra vərəqsi icraata götürülərək icra hərəkətlərinə başlanılmışdır İş materiallarından daha sonra görünür ki, “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2000-ci il tarixdə İddiaçı mülkiyyətində olmuşdur və El- Ex” MMC-nin xx.xx.2018-ci il tarixli Avtonəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən sözügedən avtomobilin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 1800 manat təşkil edir. Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə sözügedən avtomobil üzərinə həbs qoyulması qərara alınmış və Suraxanı rayon İcra və Probasiya şöbəsi Cavabdehnə ünvanladığı xx.xx.2018-ci il tarixli Təklif məktubu ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş, tələbin yönəldilməli olan “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul edib-etməməyə dair münasibət bildirilməsi xahiş edilmişdir. Tələbkar Cavabdeh borcun əvəzi olaraq avtomobili qəbul etmiş və icra işinə xitam verilmişdir. İş materiallarından daha sonra görünür ki, Suraxanı Rayon Məhkəməsinin 8(010)- 294/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Suraxanı Rayon Məhkəməsinin 8(010)-1389/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadının ləğv edilməsi və həmin qərardada əsasən İddiaçı məxsus “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Həmçinin işdən görünür ki, xx.xx.2019-cu il tarixdə “Vaz 21074” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adından qeydiyyatdan çıxarılmış və borc əvəzi olaraq Cavabdeh adına, daha sonra isə xx.xx.2020-ci il tarixdə X3, xx.xx.2022-ci il tarixdə isə X4 adında rəsmiləşdirilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 8(010)-1/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Suraxanı rayon İcra və Probasiya şöbəsinin “İcraata xitam verilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin yenidən icra olunması üçün Suraxanı rayon İcra və Probasiya şöbəsi göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 421/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 88/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh "xxxx" MMC-yə (üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və “Mətanət A” şirkətinə) qarşı əmlak qiymətləndirmənin nəticəsinin ekspert rəyinin ləğv edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi, İddiaçı icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Vaz 21074” markalı, ilkin qeydiyyat nişanı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixə bazar dəyəri 1900 manat təşkil edir. Göründüyü kimi iddiaçı Suraxanı Rayon Məhkəməsinin 2(010)-6904/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə icra məmuru qanunvericiliyin və prosessual normaların tələblərə uyğun olaraq iddiaçıya məxsus olmuş avtomobilin üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət etmiş, təqdimat təmin edildikdən sonra avtomobilin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, avtomobilin dəyəri 1800 manat təşkil etmiş və üzərinə həbs qoyulmuş avtomobil tələbkara təklif olunmuş və sonradan özgəninkiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı avtomaşınla bağlı bütün məhkəmə iclaslarından və qəbul edilmiş məhkəmə aktlarından xəbərdar olmuş və hazırki iddia tələbində avtomaşının üzərində mülkiyyət hüquqlarının bərpa olmasını göstərsə də, irəli sürdüyü dəlilinin əsasını "xxxx" MMC tərəfindən avtomobilin qiymətləndirilməsinin düzgün aparılmaması təşkil edir ki, məhkəmə tərəfindən də bü əsasların qanuniliyinə işin faktiki araşdırılmış halları baxımından obyektiv və qanuni mövqe bildirilmişdir. Başqa sözlə, icra məmurun hərəkətləri qanunamüvafiq olması, həmçinin tələbkar olmuş Cavabdeh əmlakı qanuni yolla əldə etməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi düzgün olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin izahına uyğun hərəkət edilməmiş, yəni icra icraatı çərçivəsində avtomobilin qiymətləndirməsini sifariş etmiş icra məmurunun hərəkətlərindən şikayət verilməmişdir. Hazırda isə iddiaçı avtomobilə qoyulmuş qiymətin aşağı olmasını əsas gətirərək, “Mətənat-A” şirkətinin adına aparılmış qeydiyyatın ləğvi tələbi etsə də hazırki halda qeyd edilən səbəb “Mətənat-A” şirkətinin adına aparılmış qeydiyyatın ləğv üçün əsas ola bilməz və buna görə də, iddia təmin edilməməlidir. Göründüyü kimi avtomobilin qiymətləndirilməsi barədə sifariş etmiş icra məmurunun hərəkətlərini mübahisələndirmədən iddiaçı avtomobilə qoyulmuş qiymətin aşağı olmasına istinad etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin “**-GT-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində cavabdeh “Mətanət A” şirkətinin adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi” hissəsində təmin edilməməsi qənaətinə gəldiyindən, iddia tələbinin qalan hissələrdə də, təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin mübahisəli avtomobil Cavabdeh adına qeydiyyata alındıqdan sonra xx.xx.2020-ci il tarixdə X3, daha sonra xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınması ilə onların vicdanlı alıcı olmamalarına dair sübutların da iş materiallarında olmamasına dair mövqeyi ilə razılaşır. Kollegiya bu qənaətə gələrkən apellyatorun mübahisəli avtomaşının digər şəxslərin mülkiyyətinə keçməsinə dair müvafiq əqdlərin qanuniliyini mübahisələndirməməsini nəzərə almışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(005)- 1100/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar