Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1499/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-6846/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən sayğac sərfiyyatı qeyd etmir. Boş rejimdə işləyir. Nəticədə cavabdehə dəymiş ziyan 25920 m3 hesablanmışdır.
2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə ilə qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün cavabdeh tərəfindən hesabat aparılmış, qaz sərfi 6x24x180=25920 m3 hesablanaraq iddiaçıdan tələb edilmişdir.
3. **********00000 nömrəli abonentin saldosundan görünür ki, İddiaçı qalıq və aktlar üzrə 3110,40 manat məbləğində borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3.110,40 manat məbləğində borcun silinməsini və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 150 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda da təbii qazdan istifadəyə görə abonent istifadəçisidir. Abonent kodu **********00000-dır. Sayğac isə küçədə quraşdırılıb və xüsusi mühafizə olunmur. Ünvanına quraşdırılan sayğac elektron sayğacdır və karta pul yükləməklə təbii qazdan istifadə edilir. xx.xx.2023-cü ildə ünvanına quraşdırılan sayğac çıxarılmış, əvəzində yeni sayğac quraşdırılmış, bununla bağlı elə həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Bu yaxınlarda karta pül yüklədiyi zaman məbləğin 90 faizinin karta yüklənmədiyinin şahidi olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Belə ki, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ”xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta əsasən, sayğacın sərfiyyatı qeyd etmədiyi, boş rejimdə işlədiyi göstərilmişdir. Üstəlik həmin aktın tərtib edilməsi tarixi 29 aprel göstərilsə də, ünvanına xx.xx.2023-cü il tarixdə baxış keçirildiyi qeyd edilmişdir. Sayğac xx.xx.2023-cü il tarixdə çıxarıldığı halda, xx.xx.2023-cü il tarixdə necə akt tərtib edilə bilər və xx.xx.2023-cü il tarixə necə istinad edilə bilər? Bu əsasla ona 3.110,40 manat məbəlğində borc yazılmışdır. Göründüyü kimi, sözügedən akt tamamilə əsassız və saxtadır. Sayğac xüsusi mühafizə altında olmayıb, küçədə quraşdırılıb. Bəlkə, elə sayğacda göstərilən qüsurlar sayğacı çıxaran zaman Cavabdeh İB-nin əməkdaşları tərəfindən edilmişdir?! Küçədə kənar şəxs tərəfindən də sayğaca hər hansı bir kənar təsir ola bilərdi. Cavabdeh onun tərəfindən sayğaca təsir edildiyini sübut etməli idi. Halbuki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Çünki, bu akt yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki onun, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də onun qeyd olunan məbləğdə qaz istehlak etməyi də inandırıcı və ağlabatan görünmür. Cavabdehin ona təqdim etdiyi aktdan görünür ki, qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız akt ucbatından ona 3.110,40 manat borc yazılmışdır.
6. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş materiallarına əlavə edilmiş GASREP çıxarışına əsasən iddiaçı tərəfindən 2022-ci ilin yanvar ayından sayğac əvəz olunan tarixə (2023-cü ilin may ayı) qədər təbii qazdan istifadəyə görə heç bir ödəniş etmədiyini, istehlakçıya məxsus ünvanda quraşdırılmış sayğacın qaz sərfini qeydə almadığını və təqdim etdiyi sübutları nəzərə alaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 6846/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Mirzəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən **********00000 abonent İddiaçı qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2.360 manat borcun silinməsi, iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 150 manat məbləğində pulun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə hesabat müddəti ilə razılaşmayaraq hesab etmişdir ki, maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat deyil, 12 saat qəbul edilməli və hesabat müddəti 180 gün deyil, 90 gün kimi qəbul edilməlidir: 6 x 12 x 90 = 776 x 0.12 = 750 manat dəymiş ziyan hesablanmasını əsaslıdır. Belə ki, sayğacın boş rejimdə işləməsi, sayğacın klapanının açıq qalması və sayğacın işlək vəziyyətdə saxlanılması “Azərqaz” İBnin vəzifəsidir. Həmçinin, sayğacın işlək vəziyyətdə saxlanılması və hər 30 gündən bir onun yoxlanılması Azəriqaz İB-nin öhdəliyidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Maddə 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hesablanmış 2.360 manat məbləğində borcun silinməsi hissəsində dəyişdirilməli, həmin məbləğ 2.624,4 manat məbləğində müəyyən edilməlidir.
21. İşdən görünür ki, xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akta əsasən sayğacın sərfiyyatı qeyd etməməsi və boş rejimdə işləməsi səbəbindən cavabdehə dəymiş ziyan 180 günə (6 ay) görə 25920 m3 hesablanmış və iddiaçıdan 3.110,40 manat məbləğində borc tələb edilmişdir.
22. İşdən o da görünür ki, iddiaçı tərəfindən 2022-ci ilin yanvar ayından sayğac əvəz olunan tarixə (2023-cü ilin may ayı) qədər təbii qazdan istifadəyə görə heç bir ödəniş edilməmişdir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hesablama aparılarkən cavabdeh tərəfindən tərtib edilmiş akta uyğun olaraq əvvəlki 6 ay müddətində iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə ödənilmiş məbləğlər nəzərə alınmalı idi.
24. Kollegiya qeyd edir ki, abonent saldosuna əsasən 2021-ci ilin fevral, mart, aprel, noyabr, dekabr ayları və 2022-ci ilin yanvar ayı üzrə iddiaçı tərəfindən cəmi 486 manat məbləğində ödəniş edilmişdir. Belə olduqda həmin məbləğ cavabdeh tərəfindən hesablanmış borcdan çıxılmaqla, silinməli olan məbləğ 2.624,4 manat müəyyən edilməlidir (3110,40-486).
25. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 6846/2023 nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı hesablanmış (abonent kodu **********00000) 2.624,4 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR