Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1500/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qarşı icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə iddia ərizəsinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(001)- 7919/2024 nömrəli qərardadından İddiaçı şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(001)-773/2020 nömrəli qətnaməsi üzrə icra vərəqəsinin yenidən icraya yönəldilməsi vəzifəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(001)-773/2020 nömrəli qətnaməsi ilə onun Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, ev 238 nömrəli evə köçürülməyi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsi həmin qətnaməni icra etmiş və icra üzrə icraata xitam vermişdir. Bir müddət həmin əmlakda yaşadığına baxmayaraq hal-hazırda qarşı tərəf həmin əmlaka daxil olmağına imkan vermir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(001)- 7919/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbulundan imtina edilməsi qərara alınmışdır.
4. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə iddia ərizəsi ilə deyil, ərizə ilə müvafiq məhkəməyə müraciət etməlidir. Ona görə də iddiaçıya izah olunmalıdır ki, hazırki tələblə müvafiq məhkəməyə ərizə formasında müraciət etsin.
5. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh olduğu üçün onun iddiasına münasibət bildirə bilməzdi. Cavabdeh olaraq Bakı şəhəri Binəqədi rayon məhkəməsinin bu cür qərardad çıxarması tamamilə əsasssız və qeyri-qanunidir. Məhkəmə isə ona qarşı yönəlmiş iddianı baxılması üçün başqa məhkəmədə baxılmağa vermək əvəzinə iddia ərizənə münasibət bildirərək iddia ərizəsini yolverilməzlik əsası ilə icraata qəbul etməkdən imtina etmək haqqında qərardad çıxarmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, e-2(001)- 7919/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; Maddə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Maddə 153.3. hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Maddə 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
9. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Maddə 73.5. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir.
11. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı öz iddia ərizəsində qətnamə üzrə icra vərəqəsinin yenidən icraya yönəldilməsi vəzifəsini məhkəmənin üzərinə qoyulmasını tələb edir.
12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan 23.3, 73.5-ci maddələrində də icra sənədinin yenidən icraya yönəldilməsi prosedurunun hansı qaydada həyata keçirilməsi əksini tapmışdır.
13. MPM-nin 44.2-ci maddəsində məhkəmənin işi hansı hallarda başqa məhkəmədə baxılmağa verməli olmasının əsasları qeyd edilmişdir. Həmin əsasları nəzərdən keçirərkən müəyyən olunur ki, bu əsaslar işin icraata qəbulundan sonrakı mərhələni nəzərdə tutur. Hazırkı situasiyada isə işə ümumiyyətlə məhkəmədə baxılmanın yolverilməzliyi aşkardırsa, işin icraata götürülərək yenidən digər məhkəməyə göndərilməsinə zərurət yoxdur.
14. Belə olan halda ərizəyə iddia icraaatı qaydasında baxılması mümkün olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddianın qəbulundan imtina etmişdir.
15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(001)- 7919/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli, e-2(001)- 7919/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.