Məhkəmə qərarları › İş №2(103)-1503/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1503/2022

14.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1503/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı1 və nümayəndəsi vəkil X16 və Cavabdeh nümayəndəsi X11 iştirakları ilə, iddiaçılar İddiaçı1, X8, X9 və X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6023/2021 saylı işi üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 oğlu, X15 və X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən 20 saylı evin həyətyanı sahəsində ümumi sahəsi 863 m2 ərazidə ticarət obyektinin tikintisi və təmiri üçün xərclədikləri 42500 manat məbləğində pulun Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; 2004-cü il tarixli texniki pasporta əsasən, Dəvəçi İcra Hakimiyyəti Başçısının 16.11.2002-ci il tarixli 227 saylı sərəncamına əsasən lisenziya hüququna malik şəxs X6r; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışı ilə, Şabran şəhəri, M.Ə.Rəsulzadə küşəsi 20 ünvanında yerləşən mənzilə mülkiyyət hüququ rəsmiləşdirilən şəxs X5r; 12.04.2011-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportu ilə Şabran şəhəri, M.Ə.Rəsulzadə küşəsi 20 ünvanında yerləşən mənzilin hüquq subyekti X10 müəyyən edilmişdir (səh.7, 39, 73) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6023/2021 saylı işi üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Mülki Prosessual Məcəllənin 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6023/2021 saylı, 04 noyabr 2021- ci il tarixli qətnaməsini ləğv edib iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 157.6, 157.7, 1091, 1092; Mülki Prosesual Məcəllənin 97.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hal-hazırda biz bu ticarət obyekti hesabına öz ailələrinin bütün zəruri xərclərini ödəyirlər. İş yeridir, ailənin dolanacaq mənbəyidir.Həmin həyətyanı torpaq sahəsinin keçmiş mülkiyyətçisinin oğlu Cavabdeh yuxarıda qeyd etdiyi ünvanda yerləşən evi, həyatyanı torpaq sahəsini orada yerləşən dükan ilə birlikdə soyadı onlara məlum olmayan Elxan adlı şəxsə satmışdır. Elxan isə öz növbəsində istifadələrində olan dükanı tərk etmələrini tələb edir. Əks halda ticarət obyektini içərisində olan əmlak ilə birlikdə məhv edəcəyi ilə onları hədələyir. Məhkəmənin nəzərinə çatdırır ki,X17 ilə uzaq qohumluq münasibətləri olmuşdur. O, öz ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışdır. Yuxarıda qeyd etdiyi ünvanda yerləşən ev, həyətyanı torpaq sahəsi həmişə onların istifadlərində olmuş, həmin evdə 20 ildən çox müddətdə mübahisəsiz formada yaşamışlar. Hal-hazırda həmin ev İddiaçı1 istifadəsindədir. Gülbahara aid bir çox əşyalar hal-hazırda həmin evdədir. Ona görə də X13 razılığı ilə sözügedən ünvanda ticarət obyekti inşa etmiş, buna görə isə biz ümumilikdə 42500 manat məbləğində vəsait sərf etmişlər (ticarət obyektinin tərəflərindən inşa edilməsini təsdiq edən video görüntülər və digər sübutlar mövcuddur). Həmin torpaq sahəsində tərəflərindən ticarət obyekti inşa olunduğu zaman torpaq sahəsi X13 qanunsuz sahibliyində olmuş, yəni X17 həmin torpaq sahəsini zəpt etmişdir. Torpaq sahəsinin üzərində ticarət obyekti inşa etdikləri zaman qanunvericiliyin tələblərinə uyğun Dəvəçi Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Dəvəçi Rayonun İcra Hakimiyyəti Başçı 16.11.2002-ci il tarixli sərəncamı ilə sözügedən ərazidə X1 məqsədləri üçün istifadə etməyə görə ticarətə və ictimai iaşə obyektinin tikintisinə icazə verilmişdir. Həmin sərəncam əsasında X4 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət hüquqlarının qeydiyyyatı idarəsi tərəfində Texniki Pasport verilmişdir. Ticarət obyektinin bütün kommunal xidmətləri X4 adına rəsmiləşdirilmişdir. Nəsimi Rayon Məhkəməsi yuxarıda qeyd etdiyi halları nəzərə almamışdır. Bundan Başqa işə məhkəmə icraatında baxıldığı dövr ərzində iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı vəsastət verilsə də məhkəmə bu vəsatətə ümumiyyətlə münasibət bildirməmişdir.Bununla da məhkəmə qətnamə qəbul edərkən mülki və prosessual hüquq normaların tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştiark edən İddiaçı1 nümayəndəsi vəkil X16 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin icraatı zamanı mağazanın 800 kv.m torpaq sahəsinin içində yerləşməsinin yanlış olduğunu, belə ki mərhumun 2 torpaq sahəsinin olduğunu, torpaq sahəsindən birinin yardımçı sahə olduğunu, mağaznın həmin yardımçı ərazidə tikildiyini, ticarət obyektinin 87.2 kv.m olduğunu, bu sahənin təcrid olunmuş sahə olduğunu, torpaq sahəsinin 1996-cı ildə Tahirov Heybətin və onun arvadının razılığı ilə iddiaçı X7 verildiyini, dükanla cavabdehin evi arasında hasar olduğunu, Tahirov Heybət torpaq sahəsini verərkən onun torpaq sahəsinə yaxınlaşmadan iddiaçıya verilmiş sahədə istədiklərini tikə bilmələri üçün icazə verdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştiark edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin atası Tahirov Heybətin sahədə yaşamağa və dükan tikməyə icazə verdiklərini, Tahirov Heybət və onun arvadının razılığı ilə torpaq sahəsinin onların adına keçdiyini, həmin dükan vasitəsilə ailələrini dolandırdıqlarını, dükana və evə faktiki sahibliyin onlar tərəfinfən həyata keçirildiyini və həmin dükanın tikintisi üün də vəsaitin onun tərəfindən qoyulduğunu, torpaq sahəsinin satılmasından xəbərsiz olduğunu, satılacağını bildiyi halda özü tərəfindən alınmasını istədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştiark edən Cavabdeh nümayəndəsi X18 apellyasiya şikayətini qəbul etməyərək, Bakı şəhərinə köçdükləri zaman torpaq sahəsinə nəzarət etmələri üçün həmin torpaq sahəsinin içində dükan tikmələri ilə bağlı atası tərəfindən razılıq verildiyini, dükanın yerləşdiyi torpaq sahəsinin də onlara məxsus olduğunu, torpaq sahəsini bütövlükdə satdıqlarını, 20-25 il ərzində onlara məxsus ərazidə dükan tikib işlədikləri üçün heç bir ödəniş tələb etmədiklərini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçılar X9, X4 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 385-390, 1096; Mülki Prosesual Məcəllənin 14.2, 48-49, 72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətinin dəlilləri sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir, cavabdehlik sübuta yetirildiyi təqdirdə belə məhz pul vəsaitlərinin təyinatı üzrə məbləğının müəyyən edilməsi üçün bunu sübut edəcək təkzibedilməz sübutlar təqdim edilməlidir. Halbuki bu sübutlardan öncə birgə iddiaçıların subyektiv tərkibinə müvafiq hüquqları, habelə şikayət verənin bütövlükdə və ya özünə münasibətdə tələbi, habelə bu tələbə münasibətdə hüququ belə sübuta yetirilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6023/2021 saylı işi üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar