Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1507/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əli oğlunun sədrliyi ilə,İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştriakları ilə, İddiaçı Cavabdeh qarşı təmir haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-426/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı təmir haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin təqsiri üzündən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 76 nömrəli evə korroziya uğraması nəticəsində təmir haqqına görə 9.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır. Cavabdehin evinin divarları onun evi ilə bitişik olduğundan, həmin evdə cavabdeh qeyri-qanuni avtoyuma işlədirdi. Avtoyuma fəaliyyətinin nəticəsində onun birotaqlı mənzili korroziyaya və dağıntıya uğramışdır. Onun yaşadığı ev cavabdeh tərəfindən vurulan zərərə görə təmir olunmalıdır. Bununla bağlı olaraq, xx.xx.2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Layihə İnstitunun 2 nömrəli memarinşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov və 3 nömrəli memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov onun evində vizual baxış keçirmiş və baxış zamanı qeyd olunmuşdur ki, ona məxsus evin divarlarında 2-3 mm olan çatlar müşahidə edilir. Həmçinin, avtoyuma fəaliyyətinin nəticəsində onun evinin giriş hissəsində divarlarda suvaq qatları və hörgü məhlulları aşınmış, metal borular üzərində olan dəmir-beton döşəmə hissəsinin mühafizə qatları aşınmış, borular və armaturlar ciddi şəkildə korroziyaya uğramışdır. Evin təmir haqqını cavabdeh ödəmək istəmir. Buna görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-426/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin avtoyuma sexində ekoloji və təhlükəsiz qaydalarından düzgün istifadə olunmadığına görə, eyni zamanda, mənzilin təyinatı üzrə isdifadə edilmədiyi, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda onun yaşadığı bir otaqdan ibarət mənzildə nəmişlik yaranmış, divarlarda erroziyaya və dağıntıya uğrama baş vermiş, hətta onun mənzilində insan sağlamlığı üçün nəfəs almaq, yaşamaq təhlükəli vəziyyətə çatmışdır. Onun Bakı şəhər İcra Hakimiyyətinə və rayon icra hakimiyyətinə çoxsaylı müraciətlərinə baxmayaraq heç bir köməklik olmamışdır. Sonra məcbur olub Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikinti Təhükəsizliyə nəzarət X2 Lahiyə İnstitutunun 2 nömrəli Memar İnşaat şöbəsinin mühəndislərini dəvət etməli olmuşdur. Mühəndislər vizual baxış keçirmiş və baxış zamanı qeyd olunmuşdur ki, ona məxsus ev avtoyuma sexindən axıdılmış sular nəticəsində divarlarda 2-3 mm olan çatlar müşahidə edilmişdir. Həmçinin, cavabdeh tərəfindən açılmış avtoyuma sexi nəticəsində onun evinin giriş hissəsində divarın suvaq qatları və hörgü divarı aşınmış, dəmir borular və armaturlar ciddi şəkildə korroziyaya uğramışdır. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehin avtoyuma sexinin bağlanması ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsindən sonra cavabdeh həmin sexi işlətməyə davam etmiş, icra məmuru bununla bağlı heç bir tədbir görməmişdir. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçının tələbi ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları var, 2019-cu ildən sonra o, avtoyuma sexini işlətməmişdir. İddiaçı eyni tələblə üçüncü dəfədir ki, məhkəməyə müraciət edir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-426/2022 saylı qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0 və 261.0.2-ci maddələrinə əsasən eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət etməsinə yol verilmir; 384.0 və 384.0.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; 114.1 və 114.1.4-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-2721/2017 saylı qətnaməsindən görünür ki, ilə İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanda yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış sahəsində rəsmi icazə olmadan fəaliyyət göstərən avtoyuma hissəsinin fəaliyyətinin dayandırılması və mənzilə vurulmuş zərərin əvəzi kimi 3.000 manat məbləğində pulun tutulması barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 8121/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-2721/2017 saylı qətnaməsi qismən – avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin tələb təmin olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 76 nömrəli fərdi yaşayış evinin Cavabdeh aid hissəsindəki avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-8262/2018 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-8121/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5453/2019 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı iddianın 10.000 manat məbləğində maddi zərərin ödənilməsi hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 1319/2020 saylı qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5453/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən tələb edilmiş 35262 nömrəli icra işinin materiallarından görünür ki, Nəsimi rayon icra şöbəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8121/2018 saylı icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmış, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən 76 nömrəli fərdi yaşayış evinin Cavabdeh aid hissəsindəki avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılmış və avtoyuma məntəqəsi bağlanmış, bununla bağlı icra məmuru tərəfindən tələbkrın, borclunun və hal şahidlərinin iştiarkı ilə akt tərtib edilmiş, icra sənədi üzrə icraata xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. 68041 nömrəli icra işinin materiallarından görünür ki, tələbkarın müraciəti əsasında həmin icra sənədi yenidən Nəsimi rayon icra şöbəsinə göndərilmiş, icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmış, xx.xx.2019-cu il tarixində icra məmurları və hal şahidlərinin iştirakı ilə avtoyuma məntəqəsinin fəaliyyətinin dayandırılması ilə bağlı akt tərtib edilmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə məxsus avtoyuma nəticəsində ona vurulmuş zərərinin əvəzinin ödənilməsi ilə bağlı birinci dəfə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmiş, eyni tələblə məhkəməyə ikinci dəfə müraciət etmiş və məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı tərəfindən cavabdehə qarşı eyni predmet barəsində iddia qaldırılsa da, yeni əsasın əmələ gəlməsi iş materialları ilə müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən ikinci dəfə məhkəməyə müraciət etməmişdən öncə artıq icra məmuru tərəfindən avtoyuma məntəqəsinin fəaliyyəti dayandırılmış və müvafiq aktlarla rəsmiləşdirilmişdir. Bundan sonra yuxarıda istinad olunan icra işlərində iddiaçı tərəfindən avtoyuma məntəqəsinin fəaliyyətinin davam etdirilməsi barədə şikayətlərinin olması müəyyən olunmur. Həmçinin, iddiaçı tərəfindən həmin vaxtdan sonra cavabdeh tərəfindən avtoyuma fəaliyyətinin davam etdirilməsi barədə sübutlar da məhkəməyə təqdim edilməmişdir. İddiaçı hazırki iddia tələbində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən vizual baxış nəticəsində tərtib olunmuş akta əsaslanır ki, həmin aktda 2020-ci ilədək əmələ gəlmiş qüsurlardan bəhs edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261, 262, 384, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-426/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı təmir haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1507/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1507/2023
06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver