Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1511/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4750/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh İsmayil oğluna qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdeh İsmayil oğlu xx.xx.2022-ci il tarixdə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4750/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin keçməsi səbəbindən cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə geri qaytarılmışdır.
4. Cavabdeh tərəfindən həmin qərardaddan şikayət verilmişdir.
5. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4750/2022 nömrəli, 23 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
8. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, Cavabdeh İsmayil oğlu iddia ərizəsinin surəti xx.xx.2022-ci il tarixdə almış və xx.xx.2022-ci il tarixdə etiraz qeydlərini məhkəməyə göndərmişdir.
10. Göründüyü kimi cavabdehin iddia ərizəsinin surətini aldığı vaxtdan (xx.xx.2022-ci il tarixdən) 20 gündən çox vaxt keçmiş, qarşılıqlı iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə, təxminən 3 aya yaxın bir müddət keçdikdən sonra təqdim olunmuşdur.
11. Cavabdeh qarşılıqlı iddianın verilməsi üçün əsasların ona sonradan məlum olmasını və ya qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.
12. Belə ki, vəkil Baş Dövlət Yol Polisi şöbəsinə sorğu verdiyini və sorğunun cavabı gecikdiyinə görə qarşılıqlı iddia ərizəsini gec təqdim etdiyini bildirsə də, ərizəyə əlavə olunmuş sorğudan görünür ki, sorğuya xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz qeydlərindən görünür ki, cavabdeh iddia ərizəsinə etiraz göndərməklə, qarşılıqlı iddianın verilməsi üçün əsasların ona məlum olmasını bir növ qəbul etmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir.
14. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.
15. Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.
16. MPM-in 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
17. 154.1-ci maddədə nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.
18. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıq iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
19. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
20. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 2(010)-4750/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov