Məhkəmə qərarları › İş №2(103)-1512/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1512/2025

14.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1512/2025 14.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Əlisultan oğlu, 3-cü şəxs X9 və 3-cü şəxsin vəkili Vəkil3 iştirakları ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4827/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı (nümayəndəsi və vəkili Vəkil1 Əlisultan oğlu) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə X9 arasında birgə fəaliyyətin aparılmasına dair müqavilə imzalanılmış, lakin müqavilə gözlənilən nəticəni verməmiş, buna görə də iddiaçı müqavilənin etibarsız hesab edilməsi və ona dəymiş mənəvi və maddi zərəri tələb etmək məqsədilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərə görə 60000 (altmış min) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat, ümumilikdə 80000 (səksən min) manat pul vəsaitinin cavabdeh- xüsusi notarius X3 tutularaq İddiaçı ödənilməsi barədə, həmçinin iddia təmin edilərsə 330 (üç yüz otuz) manat dövlət rüsumunün da cavabdehin üzərinə qoyulması, xx.xx.2021-ci il tarixli “birgə fəaliyyətə dair müqavilə”nin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi barədə qətnamə qəbul edilməsi və cavabdeh - xüsusi notarius X5 qanunsuz hərəkətləri barədə xüsusi qərar qəbul edilərək prokurora göndərilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xüsusi notarius kimi fəaliyyət göstərən X5 imzası və möhürü ilə Bakı şəhəri 11 saylı notariat ofisində 22 yanvar 2021-ci il tarixində iddiaçıya qarşı aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq cinayət əməlləri törətmiş şəxs- X9 ilə iddiaçı arasında qanunvericiliyin tələblərinə uyğun olmayan 3M-80 qeydiyyat nömrəsi ilə əqd (birgəfəaliyyət barədə müqavilə) və AR-İİ seriyalı ******* nömrəli etibarnamə qanunsuz olaraq rəsmiləşdirilmişdir. Eyni zamanda cavabdeh X5 imzası ilə notarial qaydada təsdiq edilən xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilənin və AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunauyğunluğuna şübhə etmədən həmin gün 11 saylı notariat ofisində iddiaçı ona qarşı dələduzluq cinayət əməlləri törədən X6 60000 (altmış min) manat pul vəsaitini nəğd şəkildə ödəmişdir. İddiaçı belə hesab etmişdir ki, əgər xüsusi notarius sənədləri dəqiq yoxlayıb təsdiqləyirsə, bu halda onun maddi ziyana uğramaq ehtimalı aradan qalxır, xüsusi notariusun vicdanına, öz dövlətinə və qanunlarina tam arxayın olmuşdur. Təəssüf ki, onun düşündüyünün əksi baş vermişdir. Belə ki, xüsusi notarius saxta (qanunsuz hazırlanmış) sənədlərdən əsas kimi istifadə etməklə birgə fəaliyyətə dair müqaviləni və etibarnamə rəsmiləşdirmək kimi qanunsuz hərəkətləri ilə iddiaçının 60000 manat maddi ziyana düşməsinə səbəbkar olmuşdur. İddiaçı 60000 manat vurulmuş maddi ziyanin könüllü ödənməsi barədə cavabdehin ünvanına xx.xx.2024-cü il tarixdə məktub göndərmiş, lakin həmin müraciətə cavab verilməmiş, qanunsuz hərəkətlər nəticəsində iddaçıya vurulmuş maddi ziyan ödənilməmişdir. İddiaçının 22 yanvar 2021-ci il tarixdə 11 saylı notariat ofisində dələduzluq cinayət əməli törədən şəxs (X9) tərəfindən aldanaraq 60000 manat maddi ziyana uğramasında cavabdehin səbəbkar olması qənaətinə gəlməyinin əsasları aşağıdakılardır. 22 yanvar 2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilənin 1-ci bəndində göstərilir ki, həmin müqaviləyə əsasən birinci tərəf-X9 ilə ikinci tərəf-İddiaçı razılığa gəlirlər ki, hüquqi şəxs təsis etmədən öz imkanları hesabına ticarət və xitmət sahələri üzrə 5 (beş) il müddətinə birgə fəaliyyət həyata keçirsinlər. Həmin müqavilənin 2-ci bəndində qeyd edilir ki, birgə fəaliyyətin həyata keçirilməsi ilə əlaqədar birinci tərəf-X9 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı Dağ-mədən ayırması Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu,"Şahqaya” əhəng daşı yatağında (Cənub sahə) yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinin 6 ha hissəsini ikinci tərəfə,yəni iddiaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Çox təəcüblüdür ki, xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilə şərtlərinə nəzər saldıqda açıq-aşkar icarə müqaviləsinin elementləri görünür. Belə ki, müqavilənin 1-ci bəndində absurd olaraq göstərilir ki, ikinci tərəf-İddiaçı bu müqavilə üzrə birgə fəaliyyətin həyata keçirilməsi üçün 5 (beş) il müddətində hər ay 1500 (bir min beş yüz) manat nəğd pul vəsaiti təqdim etməyi öhdəsinə götürür. Birgə fəaliyyətə dair müqavilənin 13-cü və 14cü bəndlərindən isə görünür ki, sahənin saxlanması xərcləri, kommunal xərclər, vergi ödənişləri (14 faiz) ödənilməsi öhdəliklərini də ikinci tərəf-İddiaçı öz üzərinə götürmüşdür. Bütün dünyada birgə fəaliyyətin mahiyyəti bundan ibarətdir ki, adətən birgə fəlaiiyət aparılarkən hər iki tərəf ayrılıqda biznes layihələrə sərmayələr qoymalı, fəaliyyətdən gəlir əldə etməyi,zəruri xərclər həmin gəlirlər hesabına ödənməli və nəticədə əldə edilmiş xalis mənfəəti isə qoyduqları sərmayələrə və ya razılaşdıqları müqavilə şərtlərinə mütənasib bölməlidirlər. Başqa sözlə, birgə fəaliyyət zamanı istehsal sahəsinin saxlanması, kommunal və digər xərclər hər hansı bir tərəfin hesabına deyil, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesabına şəriklər tərəfindən ödənilməlidir. Habelə birgə fəaliyyət zamanı tərəflərdən birinin digərinə aylıq haqq ödəməsi öhdəliyi çox absurd görünən bir haldır. Cavabdeh xüsusi notarius X5 rəsmiləşdirdiyi müqaviləni isə analoqu olmayan müqavilələr siyahısına daxil etmək mümkündür. Müqavilənin adı onun məzmununa, şərtlərinə uyğun deyildir. Qeyd etmək vacibdir ki, xx.xx.2021-ci il tarixli birgə fəaliyyətə dair müqavilədə iddiaçının birinci tərəf X6 60000 manat pul vəsaiti ödəməyi qeyd edilməmişdir. İddiaçı cavabdehə bildirmişdir ki, 60000 manat pul vəsaitini borc müqaviləsi kimi rəsmiləşdirsin, lakin cavabdeh yenidən onu aldatmaqla bildirmişdir ki, ertəsi gün gələrsən notarial ofisə həll edərik. Müqaviləni imzalayarkən iddiaçı bu hallar barədə məlumatsiz olmuşdur. Hüquqi savadsızlığı və hüquqi məlumatsızlığı hallarından və cavabdehin təsdiq etdiyi qanunsuz müqavilə və etibarnamədən istifadə edərək birinci tərəf-X9 qanuni səlahiyyətlərə malik olmadan sənədlər imzalayaraq aldatma və etibardan sui istifadə etmək yolu ilə və işin hallarından,ərizəyə əlavə edilən sənədlərdən mübahisəsiz qaydada göründüyü kimi cavabdeh-xüsusi notariusun köməkliyi ilə iddiaçının 60000 manat pul vəsaitini ələ keçirmişdir, iddiaçının şikayət etdiyi istintaq orqanları cavabdeh-xüsusi notariusun təsdiq etdiyi qanunsuz və məntiqsiz birgə fəaliyyətə dair müqaviləyə istinad edərək, dələduzluq cinayət əməlinə mülki don geyindirmişlər, cinayət işini başlamaqdan imtina etmişlər, buradan aydın olur ki, tərtib edilən birgə fəaliyyətə dair müqavilə və etibarnamə planlı şəkildə gələcəkdə baş vermiş cinayətə “mülku don geyindirmək" məqsədi daşımışdır. İddiaçı istintaq orqanlarının həmin qərarlarından Binəqədi Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayətlər vermişdir. Qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iclaslarında da həmçinin cavabdeh- xüsusi notarius X5 qanunsuz hazırlanmış saxta sənəddən iddiaçıya qarşı dələduzluq cinayət əməli törədən X4 hazırki işdə İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında istifadə etməsi tam sübut edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001 )-78/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında göstərilir ki, “Məhkəmə xüsusi olaraq qeyd edir ki, iş materiallarında olan AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən X4 istifadəsində və sahibliyində olana ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X4 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında saxta sənəddən istifadə edilmişdir.” Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001 )-111/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ‘‘Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X14 X1 11 dekabr 2022- ci il tarixli 000063 nömrəli Aktından görünür ki, Dağ-Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonunun inzibatı ərazisindən (Markşeyder planı 1,2,3,4 və 5 künc nöqtələri) əsasında X6 ayrılması bildirilən torpaq sahəsi əslində X8 ayrılmışdır. Beləliklə təsvir edilənlərdən mübahisəsiz qaydada görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ- Mədən Ayırması 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən X4 istifadəsində və sahibliyində olana ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır), həmin sənəd əsasında X4 İddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlaması isə saxta sənəddən istifadə edildiyini göstərir”. Beləliklə, qeyd edilənlərdən mübahisəsiz qaydada tam aydın olur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin X18 00611 nömrəli Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Şahqaya yatağında yerləşən X4 istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinə dair sənəd saxtadır (qanunsuz hazırlanmışdır). Cavabdeh- xüsusi notarius tərəfindən X4 iddiaçı ilə xx.xx.2021-ci il tarixli Birgə Fəaliyyətə dair müqavilə bağlanmasında, etibarnamə tərtib edilməsində həmin saxta sənəddən əsas kimi istifadə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 00611 saylı dağ-mədən ayırması aktından görünür ki, dağ-mədən ayırmasının müddəti 5 (beş) il müəyyən edilmişdir, yəni ki, həmin akt müqavilənin bağlanılma tarixindən bir neçə il əvvəl, xx.xx.2017-ci ildə hüquqi qüvvəsini itirmişdir. 00611 saylı Dağ-mədən ayırması aktından məlum olur ki, birinci tərəf X9 cavabdehin 11 saylı notariat ofisində əqd bağlamağa hüquqi səlahiyyətə malik olmayıb. Lakin cavabdeh hansı səbəblərdənsə hüquqi qüvvəsini itirmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəsmi sənədinə əsaslanıb Birgə fəaliyyətə dair müqaviləni notarial qaydada rəsmiləşdirmiş, notariat hərəkətlərini aparmaqdan imtina etməmişdir. Bu halda sual yaranır: cavabdehin hansı maddi marağları olub ki, notariat hərəkətlərini aparmaqdan imtina etməyib, hətta müqavilədən əlavə qanunsuz bir etibarnamə də rəsmiləşdirmişdir. Məlum olur ki, cavabdeh öz qanunsuz hərəkətləri ilə birinci tərəf-X4 iddiaçıya qarşı dələduzluq cinayət əməli törətməsinə yardımçı olmuşdur. Bu baxımdan hesab edir ki, iddiaçıya vurulan 60000 manat maddi ziyana görə cavabdehin tam məsuliyyətli olması işin mübahisəsiz halıdır. Cavabdeh öz səlahiyyətlərindən istifadə edərək İddiaçının maddi ziyana uğramaması üçün heç bir hərəkət etməmiş,heç bir mövqe sərgiləməmişdir. Cavabdehin vəzifəsi qanunla müəyyən edilmiş qaydada bəhs edilən notariat hərəkətini aparmaqdan imtina etmək olduğu halda, əksinə iddiaçını formal və şəxsi mülahizələri ilə sənədləri arxayıncasına imzalamağa sövq etmişdir, bu hərəkətlərindən görünmüşdür ki, 60000 manat pul vəsaitinin dələduzun əlinə keçməsində cavabdeh maraqlı olmuşdur. Beləliklə qeyd olunanlardan mübahisəsiz qaydada görünür ki, cavabdeh- Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X11 Notariat haqqında Qanunun 9- cu, 35-ci və 40-cı maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh-X5 qanunsuz hərəkətləri nəticəsində ididaçı- İddiaçı 60000 (altmış min) manat maddi ziyan vurmuşdur. Beləliklə, təsvir edilənlərdən məlum olur ki, cavabdeh qanunsuz hərəkətləri ilə, yəni qanunsuz hazırlanmış, hüquqi qüvvəsi olmayan saxta sənəddən istifadə etməklə, həmin sənədə əsaslanaraq xx.xx.2021-ci il tarixli Birgə fəaliyyətə dair müqaviləni və xx.xx.2021-ci il tarixli etibarnaməni notariat qaydada rəsmiləşdirməklə, Notariat haqqında Qanunun tələblərini kobud surətdə pozmuşdur. Bununla da iddiaçının 60000 manat pul vəsaitinin aldatma və etibardan sui istifadə etmə yolu ilə X9 tərəfindən dələduzluq cinayət əməli törətməklə ələ keçirməsində, həmçinin iddiaçının hüquq və qanunla qorunan manefələrinin, ailəsinin maddi təminatının pozulmasında X9 ilə birgə iştirak etməklə onun maddi və mənəvi ziyana uğramasına səbəbkar olmuşdur. Notariat ofisində aldanaraq 60 000 manat pul vəsaitini dələduzlar tərəfindən ələ keçirilməsi səbəbindən, iddiaçı çətin maliyyə duruma düşmüşdür, ona görə də şəxsi mənzilini satmağa məcbur olmuşdur, kirayə evdə yaşamağa başlamışdır. Göründüyü kimi qeyd edilən hadisə onun mənzilinin itirilməsi ilə nəticələnmişdir. Bu hadisə həm onda, həm də ailə üzvlərində əsəb stressi və ciddi mənəvi sarsıntı yaratmışdır. Cavabdeh tərəfindən iddiaçıya maddi zəzərlə bərabər, eyni zamanda mənəvi zərər də vurulmuşdur. Odur ki, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinin qüvvədə olan tələblərinə əsaslanaraq hesab edir ki, qüvvədən düşmüş dövlət sənədi ilə əqd bağlamağa səlahiyyəti mövcud olmayan şəxslə əqdi notariat qaydada rəsmiləşdirməklə, yəni xüsusi notarius kimi qanunvericiliyin tələblərini kobud surətdə pozaraq qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulan 60000 manat maddi ziyan, 20000 manat mənəvi ziyan qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən şəxsi vəsaiti və yaxud qanunla müəyyən olunan qaydada icbari sığorta məbləğindən, zəmanət kassasından iddiaçıya ödənməlidir. Bununla da dövlət tərəfindən iddiaçınin pozulmuş konstitusyon hüquqları,qanuni mənafeləri və maddi təminatı bərpa olunmalıdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 4827/2024 nömrəli qətnaməsi ilə (hakim E.Musayev) iddia təmin olunmamış və dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Əlisultan oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh- Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X11 Notariat haqqında AR Qanunun 9-cı, 35-ci və 40-cı maddələrinin, habelə Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın müvafiq tələblərini kobud surətdə pozmuş, iddiaçınin maddi ziyana uğramasına səbəbkar, təqsirli olmuşdur. Şahid də məhkəmə iclasında mühüm əhəmiyyəti olan halı ifadəsi ilə təsdiq etmişdir. Məhkəmə qanunvericiliyə zidd olaraq, baxmayaraq ki, bütün zəruri sübutlar mövcud olmuş, həmin maddi hüquq normaları tətbiq etməmişdir. Baxmayaraq ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını təsdiq edən bütün zəruri sübutları məhkəməyə təqdim etmişdir, lakin qanunvericiliyə zidd olaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarını tətbiq etməmiş, iddianı rədd etmişdir. İddia tərəfi iddia tələblərini rəsmi sənədlərlə, qanunvericiliyin müvafiq normaları ilə əsaslandırmış, məhkəməyə mötəbər sübutlar təqdim etmiş, məhkəmə iclaslarındakı çıxışlarda həmin sübut və dəlillərini məhkəmənin və proses iştirakçılarının nəzərinə çatdırmışdır. Cavabdeh məhkəməyə etiraz təqdim etmiş, etirazdakı hüquqi mövqeyini hər hansı sübutlarla əsaslandırmadan, müdafiə xarakterli həqiqətə uyğun olmayan və hüquqda məntiqsiz sayılan mülahizələrini irəli sürərək iddia tələblərini rədd etməyi xahiş etmişdir. Məhkəmə iddiaçının açıq-aşkar sübutlarını, dəvət etdiyi şahidin ifadələrini görməzlikdən gələrək qəbul etməmiş, lakin cavabdehin absurd, özünümüdafiə xarakterli mülahizələrini qəbul edərək iddianı təmin etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı 3-cü şəxsin vəkili elektron məhkəmə informasiya sistemi vasitəsi ilə etiraz ərizəsi ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 9.Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs və 3-cü şəxsin vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

11. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:

15. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı:

Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır.

17.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı: Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

18.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı:

Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

19.“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqeyə görə 20.....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 24.Belə ki, birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən – iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad olunan halların sübut olunmamasını (sübutetmə yükünün həyata keçirilməməsinə), əqdləri mübahisələndirməkdə iddia müddətlərinin keçməsinə və s. əsaslanmışdır.

25. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, mülki işin hallarından göründüyü kimi, İddiaçı ilə X9 arasında birgə fəaliyyətə dair münasibətlər yaranmış, bu istiqamətdə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. 26.MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

28. Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). 29.İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərəkən müqavilənin qanunvericiliyə uyğun olmadığını və bu müqavilənin notarius tərəfindən təsdiqlənməsinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın müvafiq tələblərini kobud surətdə pozduğunu qeyd etmişdir. Belə ki, iddiaçı tərəf hesab etmişdir ki, tərəflər arasındakı münasibətlərin xarakteri daha çox icarə münasibətlərinə uyğun olduğundan birgə fəaliyətə dair müqavilənin notarius tərəfindən təsdiq edilməsi düzgün olmamışdır. 30.Lakin qeyd edilməlidir ki, MM-nin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir.

31. Həmçinin birgə fəaliyyətə dair qanunvericilikdə hər hansı xüsusi forma müəyyənləşdirilmədiyindən tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmələri müqavilənin bağlanmış sayılması üçün kifayət edir.

32. Eyni zamanda iş materiallarına baxdıqda müəyyən olunur ki, iddiaçı hazırda etibarsız hesab etmək istədiyi müqaviləni mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti birdəfəlik itirmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixli “Birgə fəaliyyətə dair müqavilə” bağladıqdan qısa müddət sonra aldadıldığından şübhələnərək polis orqanına şikayət etmiş, Binəqədi RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin İddiaçı bundan üç il müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır ki, bununla MM-in 354.2-ci maddəsi ilə müəyyən edilmiş kəsici bir illik müddəti ötürmüşdür.

33. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin, o cümlədən, “kəsici” müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 34.Bununla yanaşı iddiaçı AR-İİ seriyalı ******* saylı etibarnamənin qanunsuz (etibarsız) hesab edilməsi ilə bağlı nə birinici, nə də apellyasiya instanisyası məhkəməsinə əsaslı dəlil və bu dəlili təsdiq edəcək sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbinin bu hissəsi də əsaslı hesab edilə bilməz. 35.İddiaçı apellyasiya şikayətində “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu, 35-ci və 40-cı maddələrinin tələblərinin pozulduğunu qeyd etsə də, kollegiya tərəfindən bu pozuntuların mövcudluğu aşkarlanmamışdır. Digər tərəfdən, apellyator bu dəlilini irəli sürərkən formal mülahizələrə istinad etmiş, sözügedən halları təsdiqləyən sübutları nə birinci, nə də apellyasiya istansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Odur ki, kollegiya iddiaçının bu dəlilini də əsassız hesab edir.

36. İddiaçı cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını təsdiq edən bütün zəruri sübutları məhkəməyə təqdim etməsi ilə bağlı dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, iş materiallarında göründüyü kimi sözügedən müqavilədə 60000 manatın ödənilməsi ilə bağlı hər hansı şərt yoxdur və iddiaçı bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir.

37. Mübahisələndirilən müqavilənin şərtinə əsasən “birinci tərəf” - X9 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin DağMədən Ayırması 00611 l№-li Aktına əsasən Bakı şəhəri, Qaradağ rayonu, “Şahqaya” yatağında yerləşən istifadəsində və sahibliyində olan ümumi sahəsi 24 ha təşkil edən qeyri-yaşayış sahəsinin 6 ha hissəsini “İkinci tərəf’- İddiaçı təqdim etməyi öhdəsinə götürür. “İkinci tərəf’ İddiaçı isə müqavilə üzrə birgə fəaliyyəti həyata keçirmək üçün 5(beş) il müddətinə hər ay 1500 (bir min beş yüz) manat məbləğində nəğd pul vəsaitini “birinci tərəf”-ə təqdim etməyi öhdəsinə götürür.

38. Apellyasiya şikayətində qeyd edilən 60000 manatın cavabdehə verilməsi ilə bağlı şahidin ifadələrini görməzlikdən gələrək qəbul etməməsi, lakin cavabdehin absurd, özünümüdafiə xarakterli mülahizələrini qəbul edərək iddianı təmin etməməsi ilə bağlı dəlili ilə bağlı kollegiya bildirir ki, hazırkı iddia tələbi ilə bağlı qüvvədə olan qanunvericiliyin normalarına əsasən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur.

39. Kollegiya vurğulayır ki, birinci istansiya haqlı olaraq şahidin ifadəsini mötəbər və yetərli sübut kimi qəbul etməyib. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. Qeyd edilməlidir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

41. İddiaçının izahatı ilə şahidin ifadəsi arasındakı uyğunsuzluğun olması şikayətin bu dəlilinin də formal mülahizələrdən ibarət olduğunu göstərir. 42.Belə olan halda iddiaçının notariusun qanunsuz hərəkətləri ilə bağlı dəlilləri əsassız olmaqla yanaşı, hazırki iş üzrə əhəmiyyət daşımır. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

43. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

44. İddiaçıya mənəvi zərərin vurulması ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı onun maddi ziyana uğraması nəticəsində mənəvi zərərə uğradığını qeyd etmişdir. Lakin, hazırkı iş üzrə maddi ziyanla bağlı iddia tələbi təmin olunmadığından mənəvi zərərlə bağlı tələbi də təmin oluna bilməzdi. Belə olan halda birinci istansiya məhkəməsi sözügedən tələbi əsassız hesab etməkdə haqlı olmuşdur.

45. Odur ki, apellyasiya şikayətində qeyd edilən dəlillər əsassızdır. 46.Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

47. MPM-ə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (maddə 385.2).

48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-4827/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar