Məhkəmə qərarları › İş №2(103)-1517/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1517/2024

03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1517/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(006)-3384/2023 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı istintaq orqanının səhvi nəticəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək kifayət qədər uzun müddət, xx.xx.2021-ci il tarixdən 18.xx.xx.2022-ci il tarixədək müddətinə - 7 ay ərzində əsassız yerə başqa yerə getmək hüququ məhdudlaşdırılmış, daha sonra isə xx.xx.2022-ci il tarixdən onun barəsində bəraət hökmü verldiyi tarixə, yəni xx.xx.2022-ci il tarixədək müddətinə - 3 ay həbsdə saxlanılmaqla azadlıqdan məhrum edilmişdir. 2.İddiaçı qeyd olunanlara əsasən ona maddi və mənəvi zərər dəydiyini iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyanın əvəzi olaraq 40.000 manat və maddi ziyanın əvəzi olaraq 5.000 manat olmaqla, cəmi 45.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Polis İdarəsinin 24 aprel 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Səbail RPİnin 22 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarı ilə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail Rayon Polis İdarəsinin 22 iyul 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarı ilə İddiaçı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-16/2022 saylı hökmü (hakim Günel Səmədova) ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəza çəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs İddiaçı müdafiəçiləri S.A.Kərimov və E.H.Məmmədov tərəfindən birlikdə, zərərçəkmiş şəxslər və mülki iddiaçılar O.Paşayev, V.Balayev, T.Şərifov, Ç.Məmmədrzayev M.Əhmədov tərəfindən ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-820/2022 saylı hökmü ilə məhkum edilmiş şəxs İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmçinin İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, eləcə də, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-20/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)- 820/2022 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, barəsində qeyd olunan ittiham elan olunmamışdan əvvəl zərgərlik fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edirdi. Qeyd olunan ittiham olunandan sonra nəinki zərgərlik fəaliyyəti, ümumiyyətlə heç bir işlə məşğul ola bilmir. Belə ki, istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs kimi tanınmış şəxslər tərəfindən onun barəsində həqiqətə uyğun olmayan məlumatlar xəbər saytlarında və sosial şəbəkələrdə dərc etdirildiyi üçün adını “Google” axtarış sisteminə yazan kimi dələduzluq maddəsi ilə həbs olunduğu görünür. Bunu görən işəgötürəndə də ona qarşı mənfi fikir formalaşır ki, bu səbəbdən də heç bir işlə məşğul ola bilmir. Bundan başqa, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi 7 ay müddətində azadlığı qismən məhdudlaşdırılmış, həbsdə saxlanıldığı 82 gün müddətində isə azadlıq hüququ tamamilə əlindən alınmışdır. İstintaq müddəti ərzində və məhkəmə iclaslarında iştirak üçün Ağsu rayonundan Bakı şəhərinə gəlib-qayıtmaq üçün yol pullarına, hüquqi yardım xərclərinə, təcridxanada saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pullar xərclənilmişdir ki, bu problemdən dolayı ailəsi ciddi şəkildə maddi zərər görmüşdür. Həmçinin, istintaq və məhkəmə araşdırması müddətində o və ailə üzvləri ciddi şəkildə mənəvi iztirablar çəkdikləri üçün həkim qəbullarında olmuşlar və müalicələr almışlar. Həbsdə saxlanıldığı müddətdə böyrəyində böyük ölçülü daş əmələ gəlmişdir ki, həbsdən çıxdıqdan sonra bir neçə ay həmin daşa görə müalicələr almışdır. Bundan əlavə olaraq isə ətrafındakı bir çox şəxslər cinayətkar olduğunu zənn edərək, onunla münasibətləri kəsmişlər. Beləliklə də, ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri və həbsə salınması onu həm maddi, həm də mənəvi zərərə məruz qoymuşdur. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. 5.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 19 sentyabr 2023-cü il tarixli, 2(006)-3384/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Anar İbadzadə) iddia tələbi qismən təmin edilərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 6.500 (altı min beş yüz) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 6.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)-16/2022 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Hökmlə maddi sübuta, mülki iddialara hüquqi qiymət verilmişdir. 7.Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)-820/2022 saylı hökmündən görünür ki, məhkum edilmiş şəxs İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərər çəkmiş şəxslər və mülki iddiaçıların verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(009)- 16/2022 saylı hökmü məhkum edilmiş şəxsin müdafiəçilərinin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, həmçinin İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, eləcə də, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. 8.Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)- 20/2023 saylı qərarından görünür ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-820/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər O.Paşayev, T.Şərifov, Ç.Məmmədrzayev, M.Əhmədov tərəfindən birgə verilmiş, zərər çəkmiş şəxs V.Balayev tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. 9.Məhkəmə iddia ərizəsində qeyd olunan xüsusatların iş materialları ilə öz təsdiqini tapdığını qeyd edərək müəyyən etmişdir ki, iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində öncə başqa yerə getməmək haqqında, daha sonra həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdiyi kimi kifayət qədər uzun müddət ərzində əsassız yerə başqa yerə getmək hüququ məhdudlaşdırılmış (xx.xx.2021-ci il tarixdən 18.xx.xx.2022-ci il tarixədək müddətinə - 7 ay), daha sonra isə həbsdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətinə - 3 ay) saxlanılmaqla azadlıqdan məhrum edilmişdir. 10.Məhkəmə qeyd olunanlara əsasən iddiaçıya mənəvi zərər dəydiyini qeyd edərək iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 6.500 (3 ay həbs müddəti X 1000 manat = 3000 və 7 ay başqa yerə getmək barədə iltizam X 500 = 3500) manat məbləğində mənəvi ziyan tutulmalıdır. 11.Məhkəmə iddia tələbinin qalan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ona maddi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyinə görə iddia tələbi bu hissədə rədd edilməlidir. 12.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096, 1100, 1101.1, 1101.2-ci; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7, 12-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2, 77.1, 217.4, 216-220, 227, 233 və 360-cı maddələrlə istinadla əsaslandirmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 13.Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin həbsə alınması barədə qərar qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır.Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyinmüvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. İş materiallarından da aydınolur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı hətta xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə tərəfindən təmin edilən kompensasiya məbləği ağlabatan deyildir. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi – “mənəvi ziyanın həbsdə olmanın hər ayı üçün 1000 manat, başqa yerə getməmək iltizam qətimkan tədbirinin tətbiq olunduğu hər ay üçün 500 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara mütənasib müəyyən edilməsi yanaşması əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. 15.Qətnamədən həmçinin İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tamamilə haqlı olaraq kifayət qədər uzun müddət ərzində əsassız yerə başqa yerə getmək hüququnun məhdudlaşdırılması, daha sonra isə həbsdə saxlanılmaqla azadlıqdan məhrum edilməyi nəticəsində ona mənəvi ziyan vurulması qənaətinə gəlmişdir. Lakin iddiaçıya qarşı ittiham elan olunandan sonra işgüzar nüfuzunun zədələnməsi nəticəsində heç bir işlə məşğul ola bilməməyi nəticəsində mənəvi ziyana məruz qalmağı nəzərə alınmayaraq mənəvi ziyan olduqca az miqdarda təmin edilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin maddi ziyan hissəsini təmin etməyərək qətnamədə göstərmişdir ki, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Bildirir ki, istintaq müddəti ərzində və məhkəmə iclaslarında iştirak üçün Ağsu rayonundan Bakı şəhərinə gəlibqayıtmaq üçün yol pullarına, istintaq təcridxanasında saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pullar xərclənilmişdir. Lakin xərclər barəsində sübut təqdim etmək mümkünsüzdür. Çünki hamıya məlum olduğu kimi istər rayon taksiləri, istərsə də ərzaq satılan bazarlar göstərilən xidmətə görə qəbz təqdim etmirlər. Hesab edir ki, hamıya məlum olan hallar barəsində sübut təqdim edilmədən də maddi ziyanı təmin etmək olardı. Məhkəmə iddia tələbini qismən təmin etməklə qanunvericiliyin tələblərini və işin bütün faktiki hallarını nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 18.Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 22.Maddə 1101.1.Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 23.Maddə 1.Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 24.Maddə 5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 25.Maddə 6-cı maddəsinin 1-ci bəndi.Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 26.Maddə 7-ci maddəsinin 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 27.Maddə 12.Fiziki və mənəvi ziyan,Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmətərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraatmüddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləğiAzərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmətərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 30.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsalılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 33.Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətini və mülki iş materiallarının araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(006)-3384/2023 saylı qətnaməsi cavabdehdən tutulan mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməlidir. 34.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı istintaq orqanının səhvi nəticəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək xx.xx.2021-ci il tarixdən 18.xx.xx.2022-ci il tarixədək müddətinə - 7 ay ərzində əsassız yerə başqa yerə getmək hüququ məhdudlaşdırılmış, daha sonra isə xx.xx.2022-ci il tarixdən onun barəsində bəraət hökmü verldiyi tarixə, yəni xx.xx.2022-ci il tarixədək müddətinə - 3 ay həbsdə saxlanılmaqla azadlıqdan məhrum edilmişdir. İddiaçı bu müddət ərizində əsassız yerə istintaqa cəlb edilmiş, əsassız olaraq azadlığının məhdudlaşdırılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. 35.Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olur ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması və cinayət təqibinə məruz qalması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. 36.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1-ci maddəsində göstərilir ki, “qurbanlar” termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli qərarında da “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 38.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 39.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames vəVebster Birləşmiş Krallığa qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. 40.Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 41.Məhkəmə kollegiyası cavabdehdən tutulmalı olan mənəvi zərərin əvəzinin 4750 manat (3 ay həbs müddəti X 1000 manat = 3000 və 7 ay başqa yerə getmək barədə iltizam X 250=1750, cəmi 4750 manat) həcmində müəyyən edilməsini daha ədalətli və ağlabatan hesab edir. 42.Məhkəmə kollegiyası maddi zərərlə bağlı iddianın təmin edilməyən hissəsində məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddiaçı ona istintaq orqanının səhvi nəticəsində əsassız olaraq azalığının məhdudlaşdırılması ilə əlaqədar 5000 manat maddi ziyan dəydiyini iddia etsə də, ona məhz qeyd olunan məbləğdə maddi ziyan dəydiyini təsdiq edən hər hasnı bir mötəbər sübut təqdim edilməmişdir. 43.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 44.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 45.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 46.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 47.Kollegiya cavabdeh tərəfin deliktin onun tərəfindən törədilməməsinə dörə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınmasının əsassız olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 48.Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 49.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 50.Bundan başqa Mülki Məcəllənin 1101.1-ci maddəsinin məzmunua əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 51.Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir. 52.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. 53.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 54.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(006)-3384/2023 saylı qətnaməsi cavabdehdən tutulan 6500 manat mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməli, mənəvi zərərin əvəzi 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 55.Kollegiya qeyd edir ki, cavabdehə münasibətdə mübahisələndirilən hissədə məbləğ 5000 manatdan az (yəni 4750 manat) olduğundan, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(006)-3384/2023 saylı qətnaməsi cavabdehdən tutulan 6500 manat mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilsin, mənəvi zərərin əvəzi 4400 (dörd min dörd yüz) manat məbləğində müəyyən edilsin Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar