Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1520/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “sağlamlığına vurulmuş zərərə görə maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3795/2024 saylı, 7 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 MMC-də (bundan sonra - klinika) İddiaçı üzərində aparılmış “Üst Abdomen MRT” müayinəsinin nəticəsinə görə: “Qaraciyərin kraniukaudal uzunluğu 162 mm olmaqla, ölçüləri az dərəcədə artmışdır. Hepatosteatoza bağlı parenximasında diffuz siqnal dəyişikliyi təyin olunur. Konturları düzgündür. Parenximası homogendir. Portal və hepatik venalar açıqdır. Öd kisəsi ölçüləri artmış olub, divar qalınlığı normaldır. Boyun hissəsində king qeyd olunur. Kisə mənfəzində daş və ya solid törəmə mövcud deyil. Xoledox diametri 7-8 mm olub, mənfəzində daş təyin olunmur. Solda intrahepatik öd yolları minimal genişdir. Mədəaltı vəzi ölçüləri normal, siqnal dağımı homogendir. Pankreatik kanal genişlənməyib. Dalaq ölçüləri artmışdır (130 mm). Parenximasının siqnal intensivliyi təbiidir. Hər iki böyrək üstü vəzdə patoloji dəyişiklik mövcud deyil. Böyrəklərin ölçüləri və parenxima qalınlığı normaldır. Hər iki böyrəyin siqnal intensivliyi homogendir. KL sistemi hər iki tərəfdə norm genşlikdədir. Mədə və görüntü sahəsinə daxil olan intestinal strukturda patoloji dəyişiklik izlənmədi. Qaraciyər hilus və preaortik səviyyədə tək-tək subsn/mm-ik reaktiv limfa düyünləri təyin olunur. Qarın boşluğunda patoloji limfa düyünü və ya sərbəst maye mövcud deyil. Abdominal arota və vena kava inferior normaldır. Müayinə sahəsinə daxil olan sümük toxumaların strukturası və kortikal tamlığı dəyişməyib”.
2. xx.xx.2024-cü il tarixdə İddiaçı üzərində Azərbaycan Tibb Universitetinin X4 aparılmış Ultrasəs müayinəsinin nəticəsinə görə: “Qara ciyər – ölçüləri: kənarları aydın, hamar. Parenximanın strukturu mülayim steatoz. Arxitektonikası pozulmayıb. Ocaqlı dəyişiklik qeyd olunmur. Ciyərdaxili qan damarları aydın qeyd olunur. Vena portae genişlənməyib. Ciyərdaxili öd axarları mülayim genişləniblər. Öd kisəsi – ölçüsü 110x40 mm (Norm 90x30 mm), kisə boynu qarmaqvari formadadır. Divarları sərtləşib. Möhtəviyyatı konsentrasiyalıdır. Xoledov 12 mm-ə qədər genişlənib və distal hissədə 7 mm ölçüdə konkrement qeyd olunur. Mədəaltı vəzi – ölçüləri böyüməyib. Kənarları hamar. Sərtliyi orta, strukturunda ocaq qeyd olunur. Virsunq axarı genişlənməyib”.
3. Sonuncu müayinədən sonra iddiaçı yenidən xx.xx.2024-cü il tarixdə Klinikaya müraciət etmiş, ona Xoledoxolitiaz. Biliar pankeatit. Mexaniki sarılıq diaqnozu təyin edilmiş və xx.xx.2024-cü il tarixdə üzərində “ERXOQ EOST xoledoxdan daş ekstraksiya əməliyyatı” icra edilmişdir. İddiaçı xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə Klinikada saxlanılmış, xx.xx.2024-cü il tarixdə kafi vəziyyətdə evə yazılmış, bu zaman onun vəziyyəti qənaətbəxş olmuşdur.
4. İddiaçı tərəfindən Klinikaya xx.xx.2024-cü il tarixdə 480 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat və 334 manat, xx.xx.2024-cü il tarixdə isə 130 manat (cəmi, 2.094 manat) ödəniş etmişdir.
5. Cavabdeh1 Klinikanın işçisidir və orada şüa diaqnostikası həkimi vəzifəsində işləyir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞnin 627/KEŞ nömrəli 26 iyul 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə çəkilmiş üst qarın boşluğunun MRT müayinəsinin (CD diski) görüntüləri mütəxəssis müayinəsinə təqdim edilmiş, baxış zamanı öd kisəsinin daxilində və xoledoxda kalsiləşmiş konkrement qeyd edilməmişdir. (MR-da normada “yumşaq” siqnallı konkrement aşkarlanmır). İddiaçı xx.xx.2024-cü il tarixdə çəkilmiş üst qarın boşluğunun MRT-nın (CD diski) mütəxəssis müayinəsinə təqdim edilmiş və həmin görüntülərə əsasən, MRT müayinəsinin nəticəsi müayinənin görüntüsünə uyğun olmuşdur. xx.xx.2024-cü il tarixdə aparılmış MRT müayinəsindən sonra, yəni xx.xx.2024-cü il tarixədək İddiaçı öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrementin (daşın) qeyd edilməsi və ultrasəs müayinəsi ilə təsdiq edilməsi həmin konkrementin kalsinasiyası ilə əlaqədar olmuşdur. Belə ki, kalsinasiya olunmamış konkrement MRT müayinəsində müəyyən edilmir. Eyni zamanda konkrementin qısa (7 gün) müddətdə 7 mm ölçüdə böyüməsi istisna edilir. xx.xx.2024-cü il tarixdə İddiaçı aparılmış MRT müayinəsinin nəticəsində onda öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrement (daş) aşkar olunmamışdır. Həmin konkrement kalsinasiya olunmadığından MRT müayinəsi zamanı müəyyən edilməmişdir. Konkrement müəyyən edilib cərrahiyyə əməliyyatı vaxtında icra olunduğu halda xəstədə “Xoledoxolitiaz. Biliar pankreatit. Mexaniki sarılıq” yaranmazdı. İddiaçı öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrementin (daşın) ERXPQ üsulu ilə götürülməsinə tibbi göstəriş olmuşdur.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞnin 238/KEŞ nömrəli 14 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim olunmuş MRT görüntüləri dəyərləndirmə üçün keyfiyyət baxımından yararlıdır. Lakin onu da qeyd etmək lazımdır ki, yuxarı qarın boşluğu müayinələrində görüntülərin keyfiyyəti xəstənin nəfəs saxlama qabiliyyətindən birbaşa asılıdır. Üst qarın boşluğu müayinələrində əldə olunan MRT görüntülərin keyfiyyəti, baş beyin, onurğa və ya oynaq müayinələrindəki kimi ideal və hərəkətsiz ola bilməz. Bu fərq qarın nahiyəsindəki tənəffüs hərəkətləri və fizioloji proseslərin təsirindən yaranır. Bu texniki məhdudiyyət bütün MRT cihazları üçün universal bir qaydadır və heç bir müasir MRT aparatı bu fizioloji təsirləri tam aradan qaldıra bilmir. Buna baxmayaraq CD formatında təqdim olunmuş MRT görüntüləri dəyərləndirmə üçün yararlıdır. Dünya ədəbiyyatında ümumi elmi yanaşma və göstəricilər belədir - xoledox daxilində xolesterol tərkibli daşların MRT müayinəsində aşkarlanmasının dəqiqliyi və həsssaslığı 64-85% ehtimalındadır. Beləliklə, hər 10 öd daşı olan xəstənin üçündə MRT müayinəsində daş görünmür (yalançı - false neqativ nəticə ). Xolesterol növlü daşın MRT müayinəsində aşkarlanması aşağıdakı hallarda texniki olaraq mümkün deyil: öd kisəsində daş kalsinasiya olunmamış vəziyyətdə olduqda, öd kisəsi ilə öd kanalı (xoledox) arasında yerləşən daşlar kiçik ölçülü olduqda və ya MRT protokolu uyğun olmadıqda aşkarlanmaya bilər. Öd kanalında (xoledoxda) mövcud olan daşlar, xüsusilə kiçik ölçülü və ya qeyri-kalsinasiya olunmuş daşlar MRT-də görünməyə bilər. Mexaniki sarılığın əmələ gəlməsi xolesterol növlü daşın yerindən asılıdır. Əgər daş öd kanalında yerləşibsə və kanalı tam və ya qismən bağlayırsa, mexaniki sarılıq əmələ gələ bilər. Radioloji müayinə (tədqiqat metodlarının seçimi) həkim-radioloqlar tərəfindən aparılmır. Müayinənin seçimi müalicə həkiminin təyinatı əsasında aparılmalıdır. Öd daşlarının kalsinasiya prosesi çox mürəkkəb bir prosesdir və tam kalsinasiya olunması üçün dəqiq bir zaman çərçivəsi müəyyən etmək çətindir. Bu proses bir sıra amillərdən asılıdır: daşın növü - xolesterol tərkibli daşlar kalsinasiya olunmağa daha az meyillidir, bəziləri heç vaxt tam kalsinasiya olmaya bilər; fərdi faktorlar - şəxsin metabolizmi, qidalanması, genetik xüsusiyyətləri; daşın ölçüsü və tərkibi - kiçik daşlar böyük daşlara nisbətən daha tez kalsinasiya oluna bilər; iltihabi proseslər - öd yollarında və öd kisəsində iltihabi proseslərin olması kalsinasiya prosesini sürətləndirə bilər.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehlər tərəfindən məruz qaldığı maddi zərərə görə 2.455 manat, mənəvi zərərin əvəzi kimi 7.500 manat və iş üzrə ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini; həmçinin cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində qarın boşluğunda kəskin ağrılarla Klinikaya gətirilmiş və həmin tarixdə həkim-radioloq Cavabdeh1 rəhbərliyi altında ÜST Abdomen MRT edilmişdir. Lakin onda heç bir ciddi dəyişiklik aşkar edilmədiyi qeyd edilərək evə buraxılmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixədək 8 gün kəskin, küt ağrılarla keçirmişdir. Şiddətli ağrıları davam etdiyindən 6 saylı Məlikov adına Xəstəxanaya yaxınlaşmış, həkim onun xarici görünüşündə olan sarılığa əsasən dərhal xx.xx.2024-cü il tarixdə Azərbaycan Tibbi Universiteti X6 Ulturasəs Müayinəsinə göndərmiş, orada öd kisəsində distal hissədə 7 mm ölçüdə konkrement olması qeyd edilmişdir. Vəziyyətinin ağır olmasını nəzərə alan qohumları onu dərhal Klinikaya yerləşdirmişlər, orada çoxsaylı müayinələr edilmiş, epikrizində Xoledoxolitiaz, Biliar pankreatit və mexaniki sarılıq kliniki diaqnozu qoyulmuş və dərhal əməliyyata alınmışdır. Həkimlərin səyi nəticəsində uzunmüddətli intensiv müalicədən sonra ölümdən xilas olunmuşdur. Epikrizdən göründüyü kimi Klinikanın həkim radioloqu Cavabdeh1 ona xx.xx.2024-cü il tarixində səhv diaqnoz qoyduğundan vəziyyəti kəskin pisləşmiş, 8 gün kəskin ağrılara tab gətirmək məcburiyyətində qalmış, 20 kilodan çox çəki atmış, ailəsi və özü mənəvi və böyük məbləğdə maddi ziyan görmüş və sonunda ölümdən xilas olmuşdur. İlkin müalicəsi üçün çəkdiyi xərclərin ümumi dəyəri 2.455 manat təşkil edir. Hal-hazırda onun daxili orqanlarında bəzilərinin fəaliyyəti Klinikanın həkimi Cavabdeh1 tərəfindən səhv diaqnoz qoyulduğundan əməliyyatdan sonra belə, kəskin pankreatit (mədəaltı vəzi iltihabı) sancıları ilə evə buraxılması mümkünsüz olmuşdur. Bu da birbaşa səhv diaqnozun və gecikdirilmiş müalicənin nəticəsidir. İndi normal həyata dönə bilmir, normal iş fəaliyyəti ilə məşğul ola bilmir. Bu isə ailəyə maddi və mənəvi yöndən xeyli zərər vurub. Hal-hazırda ambulator qaydada nəzarət altındadır. Himayəsində 2 azyaşlı övladı, xərçəng xəstəsi anası vardır, ailənin yeganə işləyən fərdidir.
10. Cavabdehlər iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdirlər ki, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının MRT-maqnit rezonans tomoqrafiya sahəsi üzrə üst abdomen-qarın boşluğunun MRT müayinəsi aprılmışdır. Müayinədə qaraciyərdaxili öd yollarında (sol payda) genişlənmə, öd kisəsinin ölçülərinin artması qeyd olunub və öd kisəsinin boyun hissəsində kinq olması söylənilib. Xoledox diametri 7-8 mm olub (normalda 7 mm-dən kiçik olmalıdır), mənfəzində daş təyin olunmur. İddia ərizəsində qeyd olunanların əksi olaraq, Aydın həkim-terapevt, yəni, müalicə həkimi vəzifəsini və funksiyasını icra etmir. İddiaçıya müayinə, müalicəni və onunla bağlı müvafiq tibbi prosedurların icra edilməsini onun müalicə həkimi müvafiq tibbi sənədlər əsasında icra etməli və qərar verməlidir. Öd kisəsi kontraktiv (yığılmış) olduğu, boynunda King olduğu, ağrı səbəbindən müayinə zamanı pasient nəfəsini optimal tuta bilmədiyi halda, müayinə sırasında yaranan artefaktlara bağlı MRT müayinəsinin dəyərləndirilməsində məhdudiyyətlər yarana bilər və alternativ müayinə vasitələrinə (USM-ultrasəs və ya ERXP endoskopik rutrograd xoiangiopankreatoqrafiya) müraciət oluna bilər. Bu kimi tibbi prosedurların xəstə üzərində icra edilməsinə həkim-radioloq yox, xəstənin müalicə həkimi terapevt qərar verir və məsuliyyət daşıyır. Öd kisəsində mövcud olan daşların təyini daşların yerləşmə yerinə görə və müayinə zamanı pasientin nəfəsini optimal tutması və artefaktların olmaması hallarında MRT müayinəsi zamanı görünə bilər. Bəzi hallarda əgər xəstənin öd yolları patalogiyasına aid klinika varsa və bu hal MRT müayinəsi zamanı aşkar olunmazsa xəstənin müalicə həkiminin təyinatı əsasında alternativ müayinələr kimi USM və ya ERXP müayinəsindən keçməsi və ya digər əlavə müayinələrin icrası vəzifəsini xəstədən həkim-radioloq yox, müalicə həkimi tələb edə bilər, məcburi göstərişlər vermək müalicə həkiminin birbaşa vəzifəsidir. xx.xx.2024-cü il tarixdə Klinikada iddiaçıda Xoledoxolitiaz (öd axarında daş) diaqnozu ilə xoledoxdan daş ekstraksiyası əməliyyatı icra edilmişdir. Tibb müəssisəsində ona yüksək keyfiyyətli tibb xidmətlər göstərilmişdir, hətta əməliyyatdan sonra bir neçə gün stasionar şəraitdə qalmış, göstərlən tibbi xidmətlərdən və personalın ona münsaibətindən hər hansı bir narazılıq və şikayət bildirməmişdir. Əməliyyatdan sonrakı zamanda Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçının tam qarın boşluğunun nativ KT-kompyuter tomoqrafıyası icra edilmiş, mədəaltı vəzində kəskin pankreatit diaqnozu aşkar olunmuş, bu barədə xəstəyə və onu əməliyyat edən həkim cərraha məlumat verilmişdir və rəyin surəti iddiaçıya məxsus xəstəxanada olan tibbi sənədlər siyahısına daxil edilmişdir. Klinika tərəfindən iddiaçıya yüksək keyfiyyətli tibbi xidmətlər, cərrahi əməliyyat və müalicə xidmətləri göstərilmişdir. İddiaçının mənəvi sarsıntı keçirməsi cavabdehlərin düzgün tibbi xidmətlər göstərməməsi ilə bağlı deyil, iddiaçının özünün düzgün tibbi xidmətlər növünü seçməməsi ilə bağlıdır. Əgər Klinikada ona düzgün tibbi xidmət göstərməyibsə, MRT müayinəsi səhv aparılıbsa, düzgün diaqnoz qoyulmayıbsa niyə 8 gün sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı öd daşının çıxarılması əməliyyatını Klinikada etmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3795/2024 saylı 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək mənəvi zərərə görə 2.000 manat pulun və 24 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, bir çox nəzəri tibbi mənbələr, eləcə də iş üzrə məhkəmə iclasında dindirilmiş ekspert (məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası ilə bağlı rəy vermişdir) iddiaçıda mövcud simptomlarla müşayiət edilən öd daşı xəstəliyinin yalnız cərrahi yolla aradan qaldırılmasının mümkün olduğunu bildirmişdir. 33. Şərh edilənlərdən də göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə iddiaçı müayinə edilərkən öd kisəsində daşın müəyyən edildiyi halda belə, onun xəstəliyinin aradan qaldırılması üçün cərrahi müdaxilə mütləq həyata keçirilməli idi. İddiaçının cərrahi əməliyyat yolu xəstəliyinin aradan qaldırılması üçün xərc çəkməsinə cavabdehlərin hər hansı bir təqsirli hərəkətləri səbəb olmamışdır.
13. İddiaçıda səhv diaqnoz nəticəsində vaxtında cərrahi əməliyyatın olmaması səbəbindən mexaniki sarılığın yaranması ilə bağlı məhkəmə qeyd etmişdir ki, təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə AR SN-nin “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ-nin xx.xx.2024-cü il tarixli rəyində (5-ci sual üzrə) qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya aparılmış MRT müayinəsinin nəticəsində onda öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrement (daş) aşkar olunmamışdır. Həmin konkrement kalsinasiya (dəyişməmiş, yetişməmiş, göy) olunmadığından MRT müayinəsi zamanı müəyyən edilməmişdir. Konkrement müəyyən edilib cərrahiyyə əməliyyatı vaxtında icra olunduğu halda xəstədə “Xoledexolitiaz . Billar pankreatit. Mexaniki sarılıq” yaranmazdı. Ekspertin gəldiyi nəticədən də görünür ki, iddiaçıda əməliyyatdan sonra “Xoledexolitiaz. Billar pankreatit. Mexaniki sarılıq” əlamətlərinin yaranmasına səbəb MRT müayinəsi nəticəsində onun öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrementin (daşın) vaxtında aşkar olunmaması ilə bağlı olmuşdur. Lakin, iddiaçı buna görə hər hansı müayinə və müalicə olunmasına görə nə qədər xərc çəkməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı 2455 manat maddi zərəri isə iddia ərizəsində də qeyd etdiyi kimi, ilkin müalicəsi üçün (ilkin və sonrakı müayinələr və cərrahi əməliyyata görə) çəkdiyi xərclərlə bağlı tələb etmişdir.
14. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçı sağlamlığının bərpa edilməsi üçün cavabdehdən maddi zərərə görə hazırkı əsasla pul tələb etməkdə haqlı deyil. Belə ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa görə nəticə ondan ibarətdir ki, qanunla dairəsi müəyyənləşdirilmiş sığorta olunanların səhhətində müalicə, müayinə və əməliyyata zərurətin yaranması, yaxud belə zərurət yaranmasa da, şəxsin profilaktik məqsədlə tibbi xidmətlərdən istifadə etmək istəməsi, icbari tibi sığorta münasibətləri anlamında, sığorta hadisəsinin baş verməsi hesab edilir. Sığortaolunanların icbari tibbi sığortadan yararlana bilməsi üçün ikinci zəruri şərt isə göstəriləcək tibbi xidmətlərin xidmətlər zərfinə daxil olması məsələsidir. Qanunun verdiyi anlayışa görə xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Göründüyü kimi, icbari tibbi sığorta üzrə sığortaolunanlara bütün tibbi xidmətlər deyil, yalnız xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin göstərilməsi qanunla tənzimlənir.
15. Halbuki, işdən görünür ki, iddiaçının icbari tibbi sığortadan yararlanması üçün sığorta hadisəsi baş vermiş və o, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumata əsasən "xxxx" ASC-də işləməklə sığortaolunan hesab edilir. İddiaçı icbari tibbi sığorta çərçivəsində sağlamlığını bərpa etməyə qanuni əsasları olduğu halda, dəyən zərərin əvəzini iddiaçıdan tələb etməkdə o halda haqlı olardı ki, ona təyin edilmiş diaqnoz üzrə üzərində aparılmış tibbi əməliyyat icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olmasın. İddiaçı isə təyin edilmiş son diaqnoz üzrə sağlamlığının bərpa olunması üçün aparılmış cərrahi əməliyyatın icbari tibbi sığorta hesabına həyata keçirilməməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, əməliyyat olunması üçün Klinikanı isə öz təşəbbüsü ilə seçmişdir. İddiaçı tərəfindən Klinikaya ödənilmiş 480 manat pul xx.xx.2024-cü il tarixdə, yəni mübahisəli vəziyyətin baş verməsindən (xx.xx.2024-cü il) xeyli əvvəlki vaxtda ödənilmişdir.
16. İddiaçının mənəvi zərərin ödənilməsi tələbini qismən (mənəvi zərərin pulla ifadə edilməsinə münasibətdə) əsaslı hesab etmişdir.
17. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Klinikaya səhhətində olan ağrılarla müraciət edərkən Cavabdeh1 tərəfindən aparılmış MRT müayinəsi zamanı onun öd kisəsində daş aşkar edilməmiş, ağrıları davamlı olduğundan xx.xx.2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X6 müraciət etmiş, onun üzərində Ultrasəs (USM) müayinəsi aparılmış, bu zaman öd kisəsində - distal hissədə 7 mm ölçüdə konkrement (daş) olduğu müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh1 iddiaçının öd kisəsində daşın aşkar olunmamasında birbaşa təqsirli olmasa da, onun əməlində obyektiv məsuliyyətin əlamətləri mövcuddur.
18. Tibbi mənbələrdə öddə daşın müəyyən edilməsinin 3 üsulu göstərilir. Bunlardan birincisi, USM müayinəsidir ki, bu müayinə zamanı öddə daşın aşkar edilməsi bəzi hallarda tam nəticəyə verməyə bilər. Şübhə olduğu halda, müayinənin MRT cihazı vasitəsi ilə həyata keçirilməsi ilə bağlı tibbi mənbələdə bir çox tövsiyələr mövcuddur. Öd daşının müəyyən edilməsinin üçüncü üsulu isə KT müayinəsidir ki, bu zaman xəstəliyin aşkara çıxarılması nisbəti digər cihazlarla müqayisədə daha üstün hesab edilir. Tibbi mənbələrdə də MRT cihazı ilə müayinənin aparılması zamanı xəstəliyin aşkara çıxarılmasında müəyyən şübhələrin olması halında KT vasitəsilə müayinənin aparılması tövsiyə edilmişdir.
19. Lakin təqdim edilmiş ekspert rəyindən də görünür ki, xx.xx.2024-cü il tarixdə USM müayinəsi zamanı iddiaçının öd kisəsində (distal hissədə) aşkar olunmuş daşın xx.xx.2024-cü il tarixdən keçən 8 gün ərzində (xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək) 7 mm ölçüdə yaranması mümkün deyil. Bu isə o anlama gəlir ki, hələ xx.xx.2024-cü il tarixdə iddiaçının öd kisəsində daş mövcud olmuş, lakin onun MRT müayinəsi nəticəsində aşkar olunmamışdır. Cavabdeh1 məhkəmə iclasında bununla bağlı izahatında bildirmişdir ki, müayinə zamanı daş nə öd kisəsində, nə də kanalda aşkar olunmamış, ehtimal olunur ki, öd kisəsi ilə öd kisəsindən çıxan kanalı birləşdirən öd kisəsi boynu adlandırılan hissədə yumşaq tərkibli bikorbonat quruluşda daş mövcud olmuş, həmin daş “MRT” müayinəsi zamanı görülməmişdir. Buna isə həm kinq (ödün qatılaşması), həm də onikibarmaq bağırsaqda havanın olması səbəb olmuşdur.
20. Göründüyü kimi, Cavabdeh1 özü də iddiaçının öd kisəsində daşın olmasını ehtimal etmiş, lakin bu şübhənin yoxlanması üçün iddiaçıya KT müayinəsindən keçməyə zərurət görməmişdir, baxmayaraq ki, iddiaçı qabırğa altında olan sancılar səbindən Klinikaya müayinə olunmaq üçün müraciət etmişdir. Bu halda, Cavabdeh1 iddiaçıda olan ağrıların (sancının) yaranmasına səbəb olan əlamətlərin aşkara çıxarılması üçün bütün mümkün vasitələrdən istifadə etməyə borclu idi. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışır ki, Cavabdeh1 həkim-mütəxəssisdir, işdən görünür ki, o radiologiya sahəsində çox saylı seminarlarda iştirak etmiş və yüksək ixtisaslı mütəxəssis kimi müxtəlif vaxtlarda sertifikatlar almışdır.
21. Cavabdeh1 təqsiri nəticəsində iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ağrılarla yaşamış, heç şübhəsiz bu ağrılar onda xoşbəxtlik hissinin azalmasına, stress və iztirab keçirməsinə, daha da ağırlaşma fonunda cərrahi əməliyyatın çətin keçəcəyi ilə bağlı qorxu hissinin yaşamasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə iddianı 2000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
22. Məhkəmənin qənaətinə görə, iddia tələbində mənəvi zərərin hər iki cavabdehdən müştərək qaydada tutulmasını tələb edilsə də, onun hazırki iddiasına cavab verməli olan şəxs tibb müəssisəsidir. Yuxarıda qeyd olunmuş Mülki Məcəllənin 1112-ci maddəsinin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, müayinə tibb müəssisəində həyata keçirildiyindən, eləcə də, MM-nin 1099.1ci maddəsində hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıması müəyyən olunduğundan iddiaçıya dəymiş mənəvi zərərin əvəzi də tibb müəssisəsindən tutulmalıdır.
23. Cavabdeh1 tibbi müayinəni müstəqil deyil, tibb müəssisinin nəzdində göstərib. Bu zaman tibb müəssisəsi tibbi yardım göstərən subyekt kimi çıxış edir. Eyni zamanda, tibb müəssisəsi o zaman məsuliyyətdən azad olunardı ki, məhz xəstə ilə Cavabdeh1 arasında tibbi xidmətin göstərilməsinə dair müqavilə olsun və ya Cavabdeh1 Klinikada yalnız müvafiq tibbi xidmət göstərdiyi otağı icarəyə götürərək, oradakı texniki avadanlıqlardan istifadə etmiş olsun. Qeyd edilən halları təsdiq edən sübutlar isə iş materiallarında mövcud deyil.
24. Məhkəmə iddia tələbinin cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, birincisi, hər hansı fiziki və ya hüquqi şəxs barəsində xüsusi qərardadın qəbul edilməsi ilə bağlı məhkəmə tərəfindən qətnamə deyil, xüsusi qərardad qəbul edilməlidir. İkincisi, məhkəmə tərəfindən fiziki və ya hüquqi şəxs barəsində xüsusi qərardad şəxsin əməlində cinayət tərkibi yaradan əlamətlər aşkar edildikdə qəbul edilərək, bu barədə müvafiq prokurorluq orqanlarına məlumat verilir. Lakin, işin məhkəmə araşdırması zamanı cavabdehlərin əməllərində cinayət tərkibi yaradan hər hansı cinayət əlamətlərinin olması aşkar edilməmişdir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan RespublikasıMəhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1 və 1112-ci maddələrinə; “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
26. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3795/2024 saylı 7 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam - maddi zərərə görə 2.455 manat, mənəvi zərərin əvəzi kimi 7.500 manat və iş üzrə ödənilmiş 180 manat dövlət rüsumunu, vəkilə ödənilmiş 300 manat rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə, cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-xx.xx.2024-cü il tarixədək 8 günü kəskin, küt ağrılarla keçirmişdir. Şiddətli ağrıları davam etdiyindən 6 saylı Məlikov adına Xəstəxanaya yaxınlaşmış, həkim onun MRT müayinəsinə şübhə etdiyini bildirərək demişdirk ki, daş olmasa bela ağrıların olmamalıdır və xarici görünüşündə olan sarılığda MRT müayinəsinin düzgün aparılmadığı qənaətinə gələrək dərhal Ultrasəs Müayinəsi olunmağı təkidlə bildirmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Tibbi Universiteti Tədris Cərrahiyyə X2 göndərmiş, orada müayinə zamanı öd kisəsində distal hissədə 7 mm ölçüdə konkrement olması müəyyən edilmişdir. Müalicə həkimi vəziyyətinin ağır olduğunu bildirərək dərhal “ERXPQ,EPST xoledoxdan daş ekstraksiyası əməliyyat üçün 8cedf44715cececcbac80c9a057af291 nömrəli göndəriş vərəqəsi verərək “Yeni Klinika” tibb müəssisəsində əməliyyat üçün təyinat vermişdir. Vəziyyətin belə ağır olduğunu görən xəstənin yaxınları dərhal göndərişə uyğun olaraq “Yeni Klinika” tibb müəssisəsinə aparılmışdır. Klinikadan sistemin işləmədiyi deyilərək gözləməli olduqlarını bildirmişdilər. Belə ağrılı vəziyyətdə gözləməyin mümkünsüz olduğunu bildirildiyi təqdirdə klinikadan başqa edə biləcəkləri bir şeyin olmadığını demişdilər. Belə bir vəziyyətdə xəstə və qohumları vəziyyətin nə dərəcədə ciddi olduğunu bilərək məcburiyyət qarşısında “Diaqnoz” tibb mərkəzinə əməliyyat üçün müraciət edilmişdir. “Diaqnoz” tibb müəssisəsinə müraciət ona görə olmuşdur ki, qeyd edilən əməliyyatın həmin tibb müəssisəsində aparıldığını və eyni zamanda xəstənin qeydiyyat və yaşayış ünvanının ən yaxınlığında yerləşən tibb müəssisəsidir. “Diaqnoz” tibb mərkəzində olarkən “Yeni Klinikadan” zəng edib sistemin düzəldiyini bildirmişdilər yenidən xəstəxanaya yaxınlaşmalı olduğunu bildirmişdilər. Xəstə bir ümidlə yenidən kəskin ağrılarla “Diqanoz” tibb müəssisəsindən çıxaraq “Yeni Kilinika”ya getmiş, lakin yenə də həmin klinikada səhv həkimə yönləndirilmişdir. Məsələ aydınlaşdıqdan sonra cərrahi həkimə yönləndirilmiş lakin, həmin vaxt orada olan səlahiyyətli şəxslər həkimin hal hazırda əməliyyatda olmasını və müraciətlərin növbəlilik prinsipi əsasında aparıldığını bildirərək gözləmək məcburiyyətində olduqlarını bildirmişdir. Xəstə yaxınları xəstənin vəziyyətinin kritik olduğunu ağrılara dözə bilmədiyini bildirsələr də, nəticə dəyişməmişdir. Belə bir vəziyyətdə xəstə yaxınları xəstənin ağrılara dözə bilmədiyini görüb onu məcburiyyət qarşısında yenidən dərhal “Diaqnoz” tibb mərkəzinə yerləşdirmişlər, orada epikrizində Xoledoxolitiaz və mexaniki sarılıq kliniki diaqnozu qoyulmuş və dərhal əməliyyata alınmışdır. Bir neçə saatlıq əməliyyatdan sonra xəstə ölümdən xilas olunmuşdur. Əməliyyatdan sonrakı zamanda xəstənin ağrıları davam etdiyindən xx.xx.2024-cü il tarixdə onun tam qarın boşluğunun KTkompyuter tomoqrafıyası müayinəsi icra edilmiş, mədəaltı vəzində kəskin pankreatit diaqnozu aşkar olunmuş, bu barədə xəstəyə və onu əməliyyat edən həkim cərraha məlumat verilmişdir və rəyin surəti ona məxsus xəstəxanada olan tibbi sənədlər siyahısına daxil edilmişdir. Qətnamənin 35-ci abzasında da qeyd edildiyi kimi - ekspertin gəldiyi nəticədən də görünür ki, iddiaçıda əməliyyatdan sonra “Xoledexolitiaz, Billar pankreatit, Mexaniki sarılıq” əlamətlərinin yaranmasına səbəb MRT müayinəsi nəticəsində onun öd kisəsində (distal hissədə) 7 mm ölçüdə konkrementin (daşın) vaxtında aşkar olunmaması ilə bağlı olmuşdur.” Epikrizdən göründüyü kimi Klinikanın həkim-radioloqu Cavabdeh1 ona xx.xx.2024-cü il tarixində səhv diaqnoz qoyduğundan vəziyyəti kəskin pisləşmiş, 8 gün kəskin ağırlara tab gətirmək məcburiyyətində qalmış, 26 kilodan çox çəki atmış, ailəsi və özü mənəvi və böyük məbləğdə maddi ziyan görmüş və sonunda ölümdən xilas olmuşdur. İlkin müalicəsi üçün çəkdiyi xərclərin ümumi dəyəri 2.455 manat təşkil edir. Hal-hazırda onun daxili orqanlarında bəzilərinin fəaliyyəti Klinikanın həkim Cavabdeh1 tərəfindən səhv diaqnoz qoyulduğundan əməliyyatdan sonra belə, kəskin pankreatit (mədəaltı vəzi iltihabı) sancıları ilə evə buraxılması mümkünsüz olmuşdur normalda əməliyyatdan qabaq 1 gündən sonra xəstənin evə buraxılması bildirilsə də xəstə əlavə 3 gün tibb müəssisəsində qalmış əlavə xərclərə səbəb olmuşdur. Bu da birbaşa səhv diaqnozun və gecikdirilmiş müalicənin nəticəsidir. Xətai RM iddianın maddi zərərlə bağlı hissəsinin təmin edilməməsinə dair gəldiyi qənaəti belə əsaslandırmışdır ki, zərərçəkən özü könüllü olaraq “Diaqnoz” tibb mərkəzinə yaxınlaşıb və orada əməliyyat olmuşdur. Halbuki, yuxarıda geniş və ətraflı qeydlərindən və sübutlardan aydın görünür ki, xəstə “Diaqnoz” tibb mərkəzinə məcburiyyət qarşısında müraciət edib. Bunu İcbari tibbi sığorta çərçivəsində Yeni kilinikaya verilmiş göndəriş, “Yeni Kilinikada” həkim təyinatı ilə bağlı TƏBİB-in elektron sistemində olan məlumatlar, xəstənin belə ağrılarla iki dəfə Yeni klinikaya getməsi (ehtiyac olarsa həmin tarixdə xəstəyə və onunla birlikdə olan şəxsə aid mobil telefonun anten məlumatlarının və kamera görüntülərinin məhkəmə tərəfindən aidiyyəti qurumlara müraciət edilərək əldə edilməsi mümkündür) yuxarıda qeyd etdiklərinin əsaslı sübutudur. Qeyd etdiklərindən də göründüyü kimi, həkim Cavabdeh1 ona xx.xx.2024-cü il tarixdə düzgün diaqnoz təyin etsə idi, o, keçən 8 günlük müddət ərzində oturub ağrı acı çəkmək əvəzinə rahat şəkildə icbari tibbi sığorta çərçivəsində sağlamlığını bərpa edə bilərdi və bununlada ödənişli əsaslarla məcburiyyət qarşısında “Diaqnoz” tibb müəssisəsində əməliyyat olunmaz, əlavə maddi ziyana düşməyəcəkdi. Xətai RM iddianın maddi zərərlə bağlı hissəsinin təmin edilməməsinə dair gəldiyi qənaətinin tam əsassız olduğunu bu hissənin araşdırılmadan qənaətə gəlindiyinin nə qədər düzgün olmaması izahlar və sübutlarda öz əksini tapır.
28. Həmçinin Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3795/2024 saylı 7 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, hazırkı iddia tələbinin tamamilə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-də digər Cavabdeh1 tərəfindən İddiaçı MRT müayinəsi düzgün aparılmışdır. Tibbi ekspert və radioloq Cavabdeh1 MRT və USM müayinəsinin aparılması hallarını, MRT müayinəsində görünməyən əlamətlərin USM müayinəsində görünməsini və ya əksinə olan halları geniş izahatını bildirmişdir. Cavabdehlər tərəfindən İddiaçı MRT müayinəsi ödənişli əsaslarla 8 fevral 2024-cü il tarixdə aparılmışdır. 16 fevral 2024-cü il tarixdə Cavabdeh2 MMC-yə yenidən müraciət etmiş, ona Xoledoxolitiaz. Biliar pankreatit. Mexaniki sarılıq diaqnozu təyin edilmiş və xx.xx.2024-cü il tarixdə üzərində “ERXOQ EOSTxoledoxdan daş ekstraksiya əməliyyatı” uğurla icra edilmiş və Klinikada ödənişli əsaslarla ona yüksək keyfiyyətli tibbi xidmətlər göstərilmişdir. Bu əməliyyatın icrası barədə Klinikadan şikayətçi olmamışdır. İddiaçı Şıxaliyev X3 “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun tələbininə əsasən tibbi sığortalı şəxs kimi müraciət etməmişdir. Tibbi sığortalı şəxsin özəl Klinikaya müraciəti müvafiq Qurumun prosedurlarını tamamladıqdan və prosedurlar həmin Sığorta qurumu tərəfindən təsdiqləndikdən sonra Qanunvericiliyin tələblərinə uyğun olaraq özəl Klinikada şəxs barəsində özəl Klinikanın sığorta bölməsinin sənədləşdirilməsindən sonra müraciət edən tərəflə bağlı sonrakı tibbi prosedurlar icra olunur. Yazılı etirazda və məhkəmə iclaslarında dəfələrlə məhkəməyə bildirmişlər ki, Cavabdeh1 uzun müddətdir Cavabdeh2 MMC-də həkim-radioloq vəzifəsində çalışır və Ölkədə radiologiya sahəsində ixtisaslaşan həkimlərdən biridir. İddiaçı birbaşa öz təşəbbüsi ilə MRT müayinəsindən keçmək üçün Klinikaya müraciət edib, Klinikaya onu göndərən müalicə həkiminin adı, soyadı və göndəriş sənədləri barədə məlumat verməyib və sənəd təqdim etməyib. Qanunun tələbinə əsasən müalicə həkimi pasiyentin ixtisaslı müayinə və müalicəsini təşkil edir. Həkim-radioloq Cavabdeh1 pasyentlərin o, cümlədən iddiaçının müayinə və müalicə planını qurmaq hüququ və səlahiyyəti yoxdur. Radioloq ancaq apardığı mövcud müayinələrin izahlı nəticələrini tibbi sənədlərdə qeyd edərək pasiyentə təqdim edir. Məhkəmə bu və digər vasitələrlə olmayan obyektiv məsulliyyət mövcudluğunu bəhanə edərək, qərəzli olaraq cavabdehlərdən, sonda Cavabdeh2 MMC-dən mənəvi zərərə görə 2.000 (iki min) manat məbləğində pul tutmuşdur. Məhkəmə İddiaçı MRT müayinəsi zamanı qoyulan diaqnozun, radioloq Cavabdeh1 məhkəmə iclasları zamanı sonradan təqdim edilən tibbi sənədlərə münasibətdə verdiyi izahatlarda, yəni iddiaçının təqdim etdiyi yekun tibbi sənədlərə münasibətini əsassız olaraq cavabdehlərin mövqeyi kimi qəbul etmişdir. Cavabdehlərin mövqeyi tibbi sənədlərlərlə ifadə olunur. Bundan əlavə iddiaçının maddi tələbinin təmin olunmasının mümkün olmaması səbəbindən Məhkəmə mənəvi tələbi qismən təmin etməklə iddiaçının maddi zərər tələbini qismən qarşılamışdır. İddiaçının Klinikada aparılan MRT müayinəsindən 8 (səkkiz) gün sonra cərrahi əməliyyata cəlb olunması, həmin müddət ərzində onun iztirab çəkməsinə onu həmin müayinəyə cəlb edən müalicə həkiminin məsuliyyət daşımalı olduğu halda Məhkəmə bu halları araşdırmamışdır. Əsassız olaraq heç bir normativ-hüquqi akta istinad etmədən heç bir əsaslandırma aparmadan yalnız obyektiv məsuliyyətin mövcudluğuna istinad etməklə Cavabdeh2 MMC-dən mənəvi zərərə görə pul tutmuşdur. Bakı şəhərində mövcud tədbirlərlə bağlı fiziki olaraq vaxt baxımından yaranan tıxaclara görə iştirak edə bilməyəcəklərini nəzərə alıb, məhkəmə iclasının təxirə salınması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etsə də, məhkəmə işin baxılmasını qərəzli olaraq təxirə salmamış, iştirakı olmadan işə mahiyyəti üzrə baxıb qanunsuz qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, Xətai Rayon Məhkəməsi iddianın maddi zərərlə bağlı hissəsini təmin etməmişdir. Bunu da iddiaçının könüllü olaraq Diaqnostik Mərkəzinə müraciət etməsi ilə əsaslandırmışdır. Lakin həmin vaxt xəstənin vəziyyəti çox ağır idi, hətta bəzən huşunu itirirdi. Xəstə əməliyyatdan əvvəl həm də sonra sarılıq keçirmişdir. Xəstə 2 dəfə Məlikov xəstəxanasından Yeni Klinikaya əməliyyat üçün göndərilmişdir. Sistemin işləmədiyini bildirmişlər. Xəstə sonda evinə yaxındır deyə Diaqnostik Mərkəzə müraciət etmişdir. Daha sonra Yeni Klinikadan zəng gəlib və əməliyyata gəlməyini deyiblər. Lakin bu dəfə də gedəndə xəstəni növbəyə yazacaqlarını, həkimin olmadığını, növbəsi çatanda əməliyyat ediləcəyini bildiriblər. Birinci instansiya məhkəməsi iddianın maddi zərər hissəsinə münasibətdə icbari tibbi sığortanı əsas gətirir. Halbuki xəstəyə 8 gün müddətində MRT-də düzgün diaqnoz qoyulsa idi, xəstə bəlkə də heç əməliyyat olunmayacaqdı. Müalicə yolu ilə də daş salına bilərdi. Ən azından 8 gün müddətində bu qədər əzab çəkməzdi. Müayinə etdilər və daş olmadığını dedilər. Sonradan Məlikov xəstəxanasının tədris tibbi cərrahiyyə bölməsinə aparılır və burada müayinə ediləndə UZİ daş olduğunu görür. Ondan sonra əməliyyat üçün Yeni Klinikaya göndərirlər. Həkim daşı görməli idi. Birinci instansiya məhkəməsinə dəvət edilmiş ekspert tam cavab vermirdi. Bəzi suallara cavab olaraq həkim olmadığını deyirdi, bəzi suallara ümumi cavab verirdi. Onlar 7-8 gün içində daşın yarana bilib-bilməyəcəyini də sual qoydular. Ekspert daşın yarana bilməyəcəyini dedi. Prosesə laqeyd yanaşılmışdır. Bu qədər ağrıya rəğmən o daşı görməyiblərsə, deməli laqeyd yanaşıblar. MRT görmürsə də heç olmasa başqa aparata getməklə bağlı tövsiyə edə bilərdi. “Əhalinin sağlamlığının qorunması” haqqında Qanuna uyğun olaraq təxirəsalınmasz tibbi yardıma ehtiyacı olarsa həkim vəzifəsidir ki, xəstəyə yardım etsin. Görünür ki, bu təxirəsalınmaz halda iddiaçıya yardım göstərilməmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 qeyd etmişdir ki, MRT-yə getməyin səbəbi o idi ki, MRT ən üst cihazdır, daha dəqiq göstərir. Onu gecikdirmişdilər deyə mədəaltı vəzində pankreatit yarandı. O, 3 gün boyunca nəinki yemək, heç su belə içə bilmirdi. Pankreatit hər hansı bir əməliyyatla həll olmur, yalnız aclıqla sağalır. Anası da onkoloji xəstədir, vəziyyəti daha da kritikləşdi. Onun 38 yaşı var. Ondakı daş 8 mm idi. Problem odur ki, görüntü bərbaddır, həkim onu heç qəbul etməməli idi. Qarşı tərəf bunu müəyyən bir müddətdən sonra yenidən görə biləcəyini deyir. Əgər belədirsə, ən azından sonradan yenidən göstəriş verə bilərdi. MRT-də daş görünsə idi eyni xərc olmayacaqdı. Daha əvvəldən bilinsə idi, bəlkə də müalicə ilə həll oluna bilərdi. Müalicə ilə olmasa belə, icbari sığortadan yararlana bilərdi. İcbari sığortada növbə olur, onun ağrıları həddindən artıq kəskin olduğuna görə növbə gözləyə bilmədi, öz pulu ilə ödədi. 3 aya yaxın əmək fəaliyyətini itirdi. 26 kq çəki itirdi. O, digər xəstəxanalara da müraciət etdi və ona dedilər ki, həkim bu görüntünü qəbul etməməli idi. MRT sərt cisimləri aşkar edən bir cihazdır. Həmin görüntü çox bərbad idi, keyfiyyətli çəkilməmişdi. O, xəstəxanaya gedən zaman diaqnoz qoyulması məqsədilə getmişdi. Müalicə almaq üçün getməmişdi. Xəstəxanaya gedən zaman onda nə sarılıq, nə də mədəalıtı vəzi iltihabı var idi. 3 min manat verilsə barışığa gəlməyə hazır olar.
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, bu sahədə rentgen, ultrasəs, MRT, tomoqrafiya üzrə Türkiyədə təhsil almış, tibb üzrə fəlsəfə doktoru adını almışdır. MRT görüntüsünü birinci o, dəyərləndirmişdir və burada görüntünün keyfiyyətsizliyi, defekti, artifaktı ilə bağlı heç bir qüsur yoxdur. Əgər o görüntü keyfiyyətsiz olsa idi, onlar onu yenidən çəkərdilər. Bugün radiologiyada görüntüləmə texnikasından istifadə edilir. Bura rentgen, MRT, ultrasəs, KT, Petsitit daxildir. Tural bəyin əsas arqumenti budur ki, MRT müayinəsi ən üstün müayinədir, MRT-dən sonra ultrasəs müayinəsi daş olduğunu gördü, amma Aydın bəy görmədi. Amma bunu da bilmək lazımdır ki, MRT-nin ağciyərdə görmədiyini rentgen görə bilər. MRT bağırsağı göstərmir, onun üçün tomoqrafiya lazımdır. Birinci instansiya məhkəməsində hakim qeyd etmişdir ki, əgər Aydın həkim MRT-də daş olduğunu görməyibsə, KT müayinəsinə göndərmək lazım idi. KT müayinəsi ümumiyyətlə öd daşlarını göstərmir, ultrasəs müayinəsi bunun üçün daha yaxşıdır. Bu radioloqun, yəni onun səlahiyyətinə aid məsələ deyil. Onun əlində isə sadəcə radioloji görüntü vardır. O, MRT kağızında qeyd etmişdir ki, daşı görmür, amma qaraciyər – daxili öd yolları genişləmişdir. Bu genişləmə şişlə də bağlı ola bilər, daşla da bağlı ola bilər, keçirilmiş hər hansı infeksiya ilə də bağlı ola bilərdi. MRT müayinəsində görülməyən daş bəsit bir müayinədə görülmüşdür. Onlar daş olduğunu inkar etmir, əməliyyat zamanı daş çıxarılmışdır. Tural bəyin cərrahi əməliyyatla öd kisəsi çıxarılmamışdır. Ağız boşluğundan daxil olaraq öd kanalından daş çıxarılmışdır. Endoskopik yolla daxil olublar və əməliyyat edilmişdir. Öd kisəsi yerindədir. MRT müayinəsində daşların görünməməsinin səbəbi bikarbonat daşları deyilən konsisteniyası zəif bərkimiş daşlar olmasıdır. Öd kisəsində daşlar iki cür olur: xolestrol və bikarbonat. Bikarbonat daşlar əhəng daşı kimi sərt olur. Xolestrol daşlar isə öd möhtəviyatından yaranır və daha yumşaqdır. Xolestrol daşları da görünür, amma bəzən daşın pozisiyasından, yerindən asılı olaraq görmək mümkün olmur. MRT müayinəsində xəstə 20 dəqiqə hərəkətsiz uzanır. Ultrasəs müayinəsində isə xəstə davamlı olaraq hərəkət edir. MRT müayinəsində daş görünməyə bilər. 90% hallarda MRT-də daşlar görünür. Tural bəydə daş öd kisəsi ilə öd kanalı arasında bir yerdə olmuşdur. Onun vermiş olduğu rəydə də görsənir ki, qaraciyər daxili öd yolları genişlənmişdir və bu genişlənmə normal bir genişlənmə deyildir, bu şişə bağlı, iltihaba bağlı və s. ilə bağlı genişlənmə ola bilər. Kalsinasiya bir həftə ərzində yarana bilməz. Kalsinasiya deyildiyi zaman daşın tərkibi anlamına gəlir. Öd daşlarının iki tipdir: kalsinasiya olunmuş, yəni bərkimiş, əhəng kimi daşlardır, ikincisi isə kalsinasiya olunmamış, xolestrol öd möhtəviyyatında yaranan tam yetişməmiş, yumşaq daşlardır. Mexaniki sarılıq 7 günə yarana bilər, öd yollarını daş bağlayır və sarılıq verir. Rəydə qeyd edilmiş vaxtında icra olunsa idi ifadəsi ilə bağlı bildirmişdir ki, qarşı tərəfin vaxtında müalicə olunması onun öd kisəsinin əməliyyatla çıxarılmaması ilə nəticələnmişdir. Həmin vaxt o desə idi ki, öd kisəsində daş vardır, o zaman öd kisəsi birmənalı əməliyyat olunaraq çıxarılacaqdı. Öd kisəsi bədəndə böyük bir funksiyanı icra edir. Balaca daşlar kanala düşərək sarılıq verir. Mədəaltı vəzinin iltihabı olardı, partlaya bilərdi. Onun görüntüsündə heç bir defekt yoxdur. O, təkrar-təkrar həmin diskə baxmışdır. Görüntü qüsurlu olduğu halda onlar həmin görüntünü yenidən çəkir. O, xəstəyə məsləhət verə bilməz. Xəstəyə öz həkimi məsləhət verməlidir. O, 10 ildir bu işlə məşğuldur. Gündə 50-60 rəsmi cavab yazır. Barışığa gəlməyə razı deyil.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsində Özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Həkim genişlənmə olunması barədə tövsiyə vermişdir, lakin müalicə həkimi baxmalı idi. Bu tibbi əməliyyat qaçılmaz idi, müayinə ilə mümkün deyildir. Bu MRT müayinəsi ilə bağlı deyildir. Həkim MRT müayinəsindən başqa digər tibbi yardım göstərə bilməzdi. Qarşı tərəfin özünün müalicə həkimi vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsində pasiyentin hüquqları sırasında öz razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və müalicəprofilaktika müəssisəsini seçmək pasiyentin müstəsna hüququdur. Müalicə həkimi pasiyentin müayinə və müalicəsini təşkil edir. Burada hüquqi şəxsə obyektiv məsuliyyət müəyyən olunmuşdur. Radioloji müayinə həkim-radioloqlar tərəfindən aparılmır. Müayinə müalicə-həkimi tərəfindən aparılır. Obyektiv məsuliyyət hansı əsasla müəyyən olunur. MRT müayinəsinin yekunları ilə hər-hansı bir problem yoxdur. Barışığa gəlməyə razı deyillər.
Apellyasiya baxışının hədləri
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmunundan aydın olur ki, onlar, ayrı-ayrılıqda qətnamənin iddianın təmin olunan və təmin olunmayan hissələrindən narazıdır. Kollegiya bunu nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
39.21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 40.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 41.1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülkihüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 42.1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 43.1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 44.1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 45.1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
46.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. 47.32-ci maddəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı - əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi-sanitar maarifləndirmə işinin aparılmasından ibarət tibbi yardım növüdür. 48.34-cü maddəsinə əsasən, ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir. 49.51-ci maddəsinə əsasən, müalicə həkimi ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərən həkimdir. 50.57-ci maddəsinə əsasən, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Vətəndaşların sağlamlığına zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər tərəfindən ziyanın ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 51.58-ci maddəsinə əsasən, hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir. Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar. 52.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından Cavabdeh2 MMC-nin şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia bu hissədə rədd edilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir.
54. Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh həkim-radioloq Cavabdeh1 iddiaçının öd kisəsində daşın aşkar olunmamasında birbaşa təqsirli olmasa da, əməlində obyektiv məsuliyyətin əlamətlərinin mövcud olduğu qənaətinə gəlmişdir. Gəldiyi qənaəti obyektiv məsuliyyət anlayışı ilə izah etmişdir.
55. Qeyd etmişdir ki, şəxsin təqsirinin olmaması dedikdə, o nəzərdə tutulur ki, şəxs əməlinin hüquqa zidd nəticəyə səbəb olacağını əvvəlcədən diqqət göstərərək görə biləcəyi halda bunu etmir və ya həmin əməlin nəticəsində ziyanın vurmasının qarşısını almaq üçün kifayət qədər tədbirlər görmür, nəticədə hüquq pozuntusu ilə nəticələnən hərəkət və ya hərəkətsizlik etmiş olur. Ziyan vurulmuş şəxsin pozulmuş hüquqlarının kompensasiya edilməsi, cəmiyyətdə ədalətin bərqarar edilməsi məqsədilə və pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi prinsipi rəhbər tutularaq hüquqda obyektiv məsuliyyət (obyektiv təqsir) anlayışına yer verilmişdir.
56. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi qənaəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
57. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
58. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.3 və 1112-ci maddələri təşkil edir. Mülki qanunvericiliyin bu maddələrinin mənasına görə cavabdehin yol verdiyi mülki hüququ pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə cəlb olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
59. Bununla belə qeyd edilməlidir ki, yuxarıda sadalanan ilk üç şərtin mövcudluğunun zərərçəkən tərəfindən təqdim olunan sübutlara əsasən müəyyən edilməsi (sübuta yetirilməsi) zərər vuran şəxsin təqsirli olması kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir və yalnız zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
60. Belə ki, mülki hüquq nəzəriyyəsində də, qanunvericilikdə də bəzi hallar üçün təqsirsiz olaraq mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
61. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Məsələn, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Digər təqsirsiz məsuliyyət növlərindən biri də Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir.
62. Tibb işçilərinin hüquqa zidd hərəkətləri nəticəsində vətəndaşların sağlamlığına vurulmuş ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə də qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən zərərvuran öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Beləliklə tibb işçilərini məsuliyyətə cəlb etmək üçün baş vermiş zərərə səbəb olan xidmətlərin düzgün göstərilməməsi faktını müəyyən etmək kifayətdir. Mülki qanunvericiliyə görə, tibbi xidmətlər də daxil olmaqla, keyfiyyətsiz xidmətlər nəticəsində dəymiş zərərə görə məsuliyyət yaranır.
63. Belə ki, Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
64. Göründüyü kimi, tibbi xidmət göstərən şəxsin təqsirindən asılı olmayaraq həyata keçirdiyi fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Lakin bu qaydadan bəzi istisnalar mövcuddur: zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini; dəymiş zərərin zərərçəkmişin (pasiyentin) öz təqsiri nəticəsində yaranmış olduğunu; zərərin qarşısıalınmaz qüvvənin (dərman preparatlarının, mürəkkəb tibb texnologiyasının tibb müəssisəsində olmaması) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir.
65. Beləliklə də, iddiaçı-zərərçəkmiş - sağlamlığında zərərin baş verməsi faktını, cavabdeh-həkim tərəfindən tibbi yardım göstərilərkən profili üzrə müəyyən protokollarda qeyd edilən tələblərin pozulmasını (zərər verənin qeyri-qanuni davranışını), onun tibb müəssisəsində olduğu müddətdə sağlamlığına dəymiş zərərin cavabdehin törətdiyi pozuntularla əlaqədar (zərər verənin qanunsuz davranışı ilə səbəbli əlaqənin mövcudluğunu) baş verməsini sübut edə bilsə, cavabdeh isə zərərin vurulmasında təqsirli olmadığını sübut edə bilməsə, onun mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn mülki məsuliyyətə, yəni vurulmuş zərərin ödənilməsinə cəlb olunması üçün müəyyən əsaslar yaranacaqdır.
66. Səbəbli əlaqə müəyyən edilərkən nəzərə alınmalıdır ki, səbəb və nəticə arasındakı əlaqə obyektiv (yəni, ehtimal edilən yox, həqiqətən mövcud olmalıdır), konkret (yəni bu hal üçün nəzərdən keçirilməli); vasitəsiz olmalıdır. Beləliklə, zərər verənin qanunsuz davranışı ilə baş vermiş zərər arasında səbəbli əlaqənin mövcudluğu o halda müəyyən edilmiş hesab edilir ki, xəstəyə göstərilmiş tibbi xidmətlərin keyfiyyətsiz olması onun sağlamlığına dəymiş zərərin yaranmasının nəticəsi olaraq öz təsdiqini tapsın. Məhkəmə təcrübəsi göstərir ki, şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair işlərə baxılarkən, səbəbli əlaqənin mövcud olub-olmadığının müəyyən edilməsi, sübut növü hesab edilən ekspert rəyi vasitəsilə mümkün olur.
67. Belə ki, iddiaçı maddi və mənəvi zərərə uğramasını xx.xx.2024-cü il tarixdə cavabdeh-klinikada müayinə olunarkən həkim-radioloq Cavabdeh1 tərəfindən öd kisəsində olan daşın vaxtında aşkar olunmaması (səhv diaqnozun qoyulması) nəticəsində cərrahi əməliyyata məruz qalması və bunun davamı olaraq onda mexaniki sarılığın yaranması ilə əsaslandırmış, bunun cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini, beləliklə də cavabdehin əməli ilə ona dəyən zərər arasında səbəbli əlaqənin mövcud olduğunu qeyd etmişdir.
68. İddiaçının iddianın dəlili kimi istinad etdiyi bu halların, yəni İddiaçı sağlamlığında yaranmış problemlər ilə Cavabdeh1 tərəfindən onun üzərində düzgün aparılmaması ehtimal edilən müayinə arasında hər hansı səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
69. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın təyin edilməsi barədə qərardadda sadalanan sualların məzmununa nəzər salaraq müəyyən etmişdir ki, məhkəmənin ekspert qarşısına qoyduğu sualların cavablandırılması nəticəsində Cavabdeh1 tibbi xidmət göstərərkən profili üzrə müvafiq protokollarda qeyd edilən tələblərə uyğun davranıb-davranmadığının, iddiaçının sağlamlığına dəymiş zərərin cavabdehin törətdiyi pozuntularla əlaqədar (qanunsuz davranışı ilə səbəbli əlaqənin) baş verib-vermədiyinin müəyyən edilməsi qeyri-mümkündür.
70. Bu səbəbdən kollegiya tərəfindən ekspertizanın yenidən keçirilməsi labüd hesab edilmiş, iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
71. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞnin 238/KEŞ nömrəli 14 aprel 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdim olunmuş MRT görüntüləri dəyərləndirmə üçün keyfiyyət baxımından yararlıdır. Lakin onu da qeyd etmək lazımdır ki, yuxarı qarın boşluğu müayinələrində görüntülərin keyfiyyəti xəstənin nəfəs saxlama qabiliyyətindən birbaşa asılıdır. Üst qarın boşluğu müayinələrində əldə olunan MRT görüntülərin keyfiyyəti, baş beyin, onurğa və ya oynaq müayinələrindəki kimi ideal və hərəkətsiz ola bilməz. Bu fərq qarın nahiyəsindəki tənəffüs hərəkətləri və fizioloji proseslərin təsirindən yaranır. Bu texniki məhdudiyyət bütün MRT cihazları üçün universal bir qaydadır və heç bir müasir MRT aparatı bu fizioloji təsirləri tam aradan qaldıra bilmir.
72. Buna baxmayaraq CD formatında təqdim olunmuş MRT görüntüləri dəyərləndirmə üçün yararlıdır. Dünya ədəbiyyatında ümumi elmi yanaşma və göstəricilər belədir xoledox daxilində xolesterol tərkibli daşların MRT müayinəsində aşkarlanmasının dəqiqliyi və həsssaslığı 64-85% ehtimalındadır. Beləliklə, hər 10 öd daşı olan xəstənin üçündə MRT müayinəsində daş görünmür (yalançı - false neqativ nəticə). Xolesterol növlü daşın MRT müayinəsində aşkarlanması aşağıdakı hallarda texniki olaraq mümkün deyil: öd kisəsində daş kalsinasiya olunmamış vəziyyətdə olduqda, öd kisəsi ilə öd kanalı (xoledox) arasında yerləşən daşlar kiçik ölçülü olduqda və ya MRT protokolu uyğun olmadıqda aşkarlanmaya bilər. Öd kanalında (xoledoxda) mövcud olan daşlar, xüsusilə kiçik ölçülü və ya qeyrikalsinasiya olunmuş daşlar MRT-də görünməyə bilər.
73. Mexaniki sarılığın əmələ gəlməsi xolesterol növlü daşın yerindən asılıdır. Əgər daş öd kanalında yerləşibsə və kanalı tam və ya qismən bağlayırsa, mexaniki sarılıq əmələ gələ bilər.
74. Radioloji müayinə (tədqiqat metodlarının seçimi) həkim-radioloqlar tərəfindən aparılmır. Müayinənin seçimi müalicə həkiminin təyinatı əsasında aparılmalıdır.
75. Öd daşlarının kalsinasiya prosesi çox mürəkkəb bir prosesdir və tam kalsinasiya olunması üçün dəqiq bir zaman çərçivəsi müəyyən etmək çətindir. Bu proses bir sıra amillərdən asılıdır: daşın növü - xolesterol tərkibli daşlar kalsinasiya olunmağa daha az meyillidir, bəziləri heç vaxt tam kalsinasiya olmaya bilər; fərdi faktorlar - şəxsin metabolizmi, qidalanması, genetik xüsusiyyətləri; daşın ölçüsü və tərkibi - kiçik daşlar böyük daşlara nisbətən daha tez kalsinasiya oluna bilər; iltihabi proseslər - öd yollarında və öd kisəsində iltihabi proseslərin olması kalsinasiya prosesini sürətləndirə bilər.
76. Yuxarıda sadalananlardan göründüyü kimi iddiaçıya mürəkkəb tibb texnologiyası vasitəsilə ixtisaslaşdırılmış tibbi yardımın, xüsusi müayinə, müalicə və tibbi yardımın göstərilməsinin prosedurların, standartların, klinik protokolların, qanunla müəyyən edilmiş digər şərtlərin və ya onların keyfiyyətinə adətən qoyulan tələblərin pozulması ilə göstərildiyini təsbit etmək mümkün olmamışdır. Həmçinin xəstənin müayinəsinin keyfiyyəti, profil üzrə tibbi prosedurlara riayət edilməsi və həkimin gördüyü tədbirlər haqqında məlumat mənbəyi olan tibbi sənədinə (diskə) əsasən iddiaçının sağlamlığında yaranmış ağırlaşmalarla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması, bundan başqa cavabdehin davranışının qanunsuz olması müəyyən edilməmişdir.
77. Əksinə işdə olan sübutlara əsasən iddiaçının üzərində aparılmış müayinənin texniki cəhətdən düzgün həyata keçirildiyi müəyyən edilir. Bundan başqa cavabdehin iddiaçının müalicə həkimi, yəni ambulator-poliklinika müəssisəsində, yaxud xəstəxanada müşahidə və müalicə müddətində pasiyentə tibbi yardım göstərməli həkim olması müəyyən edilməmişdir. Belə olan halda onun müalicə həkimi olaraq peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyinə görə, yəni lazımi tədqiqat metodları vasitəsilə yoxlanılması üçün təyinat vermədiyinə, zərərli nəticələrinin qarşısını almaq və ya aradan qaldırmaq üçün zəruri və mümkün tədbirlərin görülməsinin səlahiyyətlərinə, vəzifələrinə aid olmadığına məsuliyyətə cəlb edilməsi istisna olunur.
78. Beləliklə də, yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, mövcud vəziyyətdə cavabdehin və işəgötürən kimi məsuliyyət daşıyan digər cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
81. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, tərəfindən mübahisələndirilən hissədə ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə (bundan sonra - Klinika) və Cavabdeh1 qarşı “sağlamlığına vurulmuş zərərə görə maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası həmin hissədə rədd edilməlidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.
82. Belə ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz.
83. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3795/2024 saylı 7 noyabr 2024-cü il tarixli qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərə görə mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev