Məhkəmə qərarları › İş №2(103)-1521/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1521/2024

18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1521/2024 18.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1065/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Satıcı” Cavabdeh MMC, direktoru və qanuni təmsilçisi X6 və X18 ilə “Alıcı” "xxxx" MMC dirеktoru X26 və Nümayəndə arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə 2.3-cü bəndinə əsasən “Satıcı” “A”, “V”, “C”, “D” və “E” bloklarından “A”, “B” və “C” bloklarına aid bütün hüquqlarını, o cümlədən tikintinin aparılması, tikililərə sərəncam verilməsi, idarə edilməsi və s. hüquqlarını 6.000.000 MANAT qiymətinə “Alıcı”ya satır. Müqavilənin 2.5-ci bəndinə əsasən 6.000.000 MANAT “Alıcı” tərəfindən “Satıcı”ya “A”, “B” və “C” bloklarından cəmi 8500 kv.m., hər kv.m. 700 manatdan hesablanaraq mənzillər verilməsi yolu ilə həyata keçiriləcəkdir. Müqavilənin 3.3- cü bəndinə əsasən “Satıcı” “Alıcı”nın razılığı olmadan “A”, “B” və “C” bloklarına aid hüquq və vəzifələrini üçüncü şəxslərə özgəninkiləşdirə, güzəşt edə, girov qoya və ipoteka ilə yüklü edə bilməz, Müqavilənin 3.7-ci bəndinə əsasən “Tərəflər” öhdəlik götürür ki, Bu Müqavilədə göstərilən məsələlər öz müsbət və ya mənfi nəticəsini tapana kimi Müqavilə Predmeti barədə digər kontragentlərlə və üçüncü şəxslərlə ünsiyyət və işgüzar münasibətlər qurmayacaq. Müqavilənin 3.8-ci bəndinə əsasən “Satıcı” öhdəlik götürür ki, “Alıcı”nın yazılı razılığı olmadan Bu Müqavilənin icrasını və ondan irəli gələn istənilən marağı və öhdəlikləri Müqavilənin tərəfləri olmayan üçüncü şəxsə ötürməyəcək. Bu cür hal baş verərsə onun heç bir hüquqi qüvvəsi olmayacaqdır və təqsirkar tərəf digər tərəfə bununla əlaqədar dəymiş ziyanı tam ödəməlidir.

2. Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin təhqiqatçısı polis polkovnik leytenantı R.Xanlarovun materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Nümayəndə müraciəti üzrə toplanmış HK-1/5664 nömrə ilə qeydə alınmış material istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin istintaq şöbəsinə göndərilmişdir.

3. Qərarda göstərilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73, mənzil 1-də yaşayan Nümayəndə “Satıcı” "xxxx" MMC-nin direktoru X6 və faktiki sahibi X7 Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində tikilən beş binadan üçünün “A”, “B” və “C” binalarının tikintisini ******* MANAT qiymətinə “Alıcı” kimi onlardan almış, müqavilə tərəflərin imzaları və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmiş müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməsi məqsədi ilə 29.000 MANAT xərcləyərək tikinti meydançasında hündürmərtəbəli binaların tikintisi üçün nəzərdə tutulan qaldırıcı kran quraşdırmış, 36.000 MANAT xərcləyərək “A” blokunun birinci mərtəbəsində ofis duzəltdirmiş, 10000 MANAT dəyərində kabel gətizdirmiş, lakin sonradan “Satıcı” İbrahimovların aralarında olan müqavilənin şərtlərini pozaraq tikintini başqa şəxslərə satdıqları ona məlum olmuş, müqavilənin şərtlərinin yerinə yetirilməsini xahiş etdikdə bir tərəfli qaydada imtina edərək, xərclədiyi 81.000 manat pulu ödəməmişlər. Qaldırıcı kran Ceyhun adlı şəxs tərəfindən aparılmış, 10.000 dəyərində kabel, radiatorlar, quruducu peç, televizor, dəmir qapı və digər tikinti materiallarının oğurlanması nəticəsində Nümayəndə 20.000 manat maddi ziyan dəymişdir.

4. Yasamal RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tariхli qərarı ilə xx.xx.2022-ci il tariхli HK-1/5664 nömrə ilə qeydə alınmış materialdakı "xxxx" MMC ilə müqavilə əsasında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tikinti işləri aparan zaman 4.500 manat dəyərində soba, 840 manat dəyərində radiatorlar, 300 manat dəyərində radiator aksеsuarları, 1500 manat dəyərində mеbеl dəsti, 300 manat dəyərində tеlеvizor və 10.000 manat dəyərində mis kabеllər oğurlayaraq zərərçəkmiş Nümayəndə хеyli miqdarda 17.440 manat maddi ziyan vurmaqla oğurluq еdilməsi faktına görə CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul еdilmişdir. Həmin qərar ilə Nümayəndə zərərçəkmiş şəхs qismində tanınmışdır.

5. Yasamal RPİ-nin xx.xx.2023-cü il tarixli 091/230090299 saylı arayışından görünür ki, "xxxx" MMC ilə müqavilə əsasında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tikinti işləri aparan zaman 4.500 manat dəyərində soba, 840 manat dəyərində radiatorlar, 300 manat dəyərində radiator aksеsuarları, 1500 manat dəyərində mеbеl dəsti, 300 manat dəyərində tеlеvizor və 10.000 manat dəyərində mis kabеllər oğurlayaraq zərərçəkmiş Nümayəndə хеyli miqdarda 17.440 manat maddi ziyan vurmaqla oğurluq еtmişlər.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Nümayəndə cavabdehlər X15 və X11 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə, sonradan iddia tələbinin həcmi barədə ərizələr ilə, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər X15 və X3 müştərək qaydada onun xeyrinə 83.756 manat və "xxxx" MMC-yə ödənilən 250 manat, dövlət rüsumu 363 manat, cəmi 84.369 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını, 84.369 manat məbləğində pulun tutulmasının cavabdehlərin adlarına olan mülkiyyətlərinə, həmçinin onlar tərəfindən icarəyə verilmiş əmlaklardan əldə olunan pul vəsaitlərinə yönəldilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində “Satıcı” Cavabdeh MMC-nin direktoru X6 və faktiki sahibi X18 ilə “Alıcı” Nümayəndə arasında Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində tikilən beş binadan üçünün “A”, “B” və “C” binalarının Alqı-Satqısına dair müqavilə bağlanmışdır. Həmin Müqavilə tərəflərin imzaları və Cavabdeh MMC-nin dairəvi möhürü ilə təsdiqlənmişdir. Müqavilənin bağlanmasından qabaq təxminən 3 ay müddətində onunla cavabdehlər X15 və X18 arasında alqı-satqının şərtlərinin müəyyən edilməsi və razılaşdırılmasına dair görüşlər keçirilmiş, danışıqlar aparılmış və sonunda razılıq əldə olunmuş və Müqavilə imzalanmışdır. Həmin Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, “Satıcı” “A”, “V”, “C”, “D” və “E” bloklarından “A”, “B” və “C” bloklarına aid bütün hüquqlarını, o cümlədən tikintinin aparılması, tikililərə sərəncam verilməsi, idarə edilməsi və s. hüquqlarını 6.000.000 manat qiymətinə “Alıcı”-ya satır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən 6.000.000 manat “Alıcı” tərəfindən “Satıcı”ya “A”, “B” və “C” bloklarından cəmi 8500 kv.m., hər kv.m. 700 manatdan hesablanaraq mənzillər verilməsi yolu ilə həyata keçiriləcəkdir. Bu Müqavilənin şərtlərinə uyğun olaraq və üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməsi məqsədi ilə “Alıcı”- Nümayəndə 29000 manat xərcləyərək tikinti meydançasında hündürmərtəbəli binaların tikintisi üçün nəzərdə tutulan qaldırıcı kran quraşdırmış, 36.000 manat xərcləyərək “A” blokunun birinci mərtəbəsində ofis düzəltdirmiş, 10.000 manat dəyərində kabеl gətizdirmiş, sahənin mühafizəsi üçün gözətçi işə götürərək ona 6.000 manat əmək haqqı vermiş, gözətçi üçün tikili inşa etdirmiş, həmin tikiliyə stol, stullar, krovat, telеvizor, televizor altı və s. avadanlıqlar və ləvazimat almışdır. Beləliklə, onun tərəfindən ümumilikdə 81.000 manat məbləğində vəsait xərclənmişdir. Onun bu qədər işləri görməsinin və vəsait xərcləməsinin səbəbi və əsası cavabdehlərlə aralarında müqavilənin mövcudluğu olmuşdur. Onun bu məbləğdə xərc çəkməsinin, ofis binasının təmir etdirməsinin, qaldırıcı kranı gətirib quraşdırmağının və qeyd olunan əşya və avadanlıqların tikinti meydançasına gətirib quraşdırmağının və s. işlərin gördürməsinin bir çox şahidləri vardır ki, hansılar məhkəmədə izahat verməyə hazırdılar. Bundan sonra “Satıcı” tərəfindən üzərinə götürülmüş öhdəliklərin icrasından heç bir səbəb göstərilmədən birtərəfli qaydada imtina edilmişdir. Dəfələrlə danışıqlar apararaq müqavilənin şərtlərinin yerinə yetirilməsini xahiş etsə də, bu müsbət nəticə verməmişdir. Əksinə ona belə məlumatlar çatmışdır ki, “Satıcı” müxtəlif şəxslərlə danışıqlar aparır və tikintini baha qiymətə başqa şəxslərə satmaq istəyir və nəhayət satmışdır. Halbuki bu hərəkətlər aralarında bağlanmış müqavilənin şərtlərinə ziddir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 3.3-cü bəndində göstərilmişdir “Satıcı” “Alıcı”nın razılığı olmadan “A”, “B” və “C” bloklarına aid hüquq və vəzifələrini üçüncü şəxslərə özgəninkiləşdirə, güzəşt edə, girov qoya və ipoteka ilə yüklü edə bilməz, Həmin Müqavilənin 3.7-ci bəndində göstərilmişdir: “ Tərəflər” öhdəlik götürür ki, Bu Müqavilədə göstərilən məsələlər öz müsbət və ya mənfi nəticəsini tapana kimi Müqavilə Predmeti barədə digər kontragentlərlə və üçüncü şəxslərlə ünsiyyət və işgüzar münasibətlər qurmayacaq. Həmin Müqavilənin 3.8-cı bəndində göstərilmişdir. “Satıcı” öhdəlik götürür ki, “Alıcı”nın yazılı razılığı olmadan Bu Müqavilənin icrasını və ondan irəli gələn istənilən marağı və öhdəlikləri Müqavilənin tərəfləri olmayan üçüncü şəxsə ötürməyəcək. Bu cür hal baş verərsə onun heç bir hüquqi qüvvəsi olmayacaqdır və təqsirkar tərəf digər tərəfə bununla əlaqədar dəymiş ziyanı tam ödəməlidir. Lakin cavabdehlər bütün bu şərtləri pozmuşlar. Bunun da nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər yetirilmiş, işgüzar nüfuzuna təsirli xələl gətirilmişdir. Cavabdehlərin hərəkətləri və əməlləri nəticəsində o, ağır xəstəliyə düçar olmuş, ağır iztirablar keçirmiş və indi də bunun əzabını çəkir. O, cavabdеhlərə demişdir ki, başqasına satmısınız düz etməmisiniz, heç olmasa onun çəkdiyi xərci ödəyin halallıq alın. Lakin bu günə kimi onun çəkdiyi xərc ödənilməyib. Cavabdеhlər onun təmir etdirdiyi ofisdən istifadə edirlər lakin pulunu ödəmək istəmirlər. Bu səbəblərdən də hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən cavabdehlər maddi və digər məsuliyyətə cəlb olunmalıdırlar. Yuxarıda qeyd etdiyi kimi onun tərəfindən tikinti ilə bağlı külli miqdarda vəsait xərclənmişdir və ona vurduqları zərəri cavabdehlər ödəməlidirlər. Bu məsələ haqqında o, ərizə ilə Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Yasamal rayon prokuroru cənab Elman Süleymanovun imzası ilə ərizəsinin baxılmasının nəticələri barədə xx.xx.2022-ci il tarixində cavab məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, onun ərizəsində göstərdikləri mülki xarakterli olduğundan o, rayon məhkəməsinə müraciət etməlidir. Eyni zamanda ona məxsus 10.000 manat dəyərində kabelin oğurlanması hissəsində ərizəsinin yoxlanılması Yasamal rayon Polis idarəsinə göndərilmişdir. Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin təhqiqatçısı polis polkovnik leytenantı R.Xanlarovun xx.xx.2022-ci il tarixli qərarı ilə material istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Qeyd olunan qərarda göstərilmişdir Sitat: “Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73, mənzil 1-də yaşayan Nümayəndə “Satıcı” "xxxx" MMC-nin direktoru X6 və faktiki sahibi X7 Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsində tikilən beş binadan üçünün “A”, “B” və “C” binalarının tikintisini ******* manat qiymətinə “Alıcı” kimi onlardan almış, müqavilə tərəflərin imzaları və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmiş müqavilənin şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməsi məqsədi ilə 29.000 manat xərcləyərək tikinti meydançasında hündürmərtəbəli binaların tikintisi üçün nəzərdə tutulan qaldırıcı kran quraşdırmış, 36.000 manat xərcləyərək “A” blokunun birinci mərtəbəsində ofis duzəltdirmiş, 10.000 manat dəyərində kabel gətizdirmiş, lakin sonradan “Satıcı” İbrahimovların aralarında olan müqavilənin şərtlərini pozaraq tikintini başqa şəxslərə satdıqları ona məlum olmuş, müqavilənin şərtlərinin yerinə yetirilməsini xahiş etdikdə bir tərəfli qaydada imtina edərək, xərclədiyi 81.000 manat pulu ödəməmişlər. Qaldırıcı kran Ceyhun adlı şəxs tərəfindən aparılmış, 10.000 dəyərində kabel, radiatorlar, quruducu peç, televizor, dəmir qapı və digər tikinti materiallarının oğurlanması nəticəsində Nümayəndə 20000 manat maddi ziyan dəymişdir.” Sitatın sonu. Beləliklə onun iddia ərizəsində göstərdiklərinin doğra olması Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin təhqiqatçısı polis polkovnik leytenantı R.Xanlarovun xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq olunur. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi cavabdehlərin təqsiri və hərəkətləri nəticəsində faktiki olaraq pozulmuş və ona satılmış tikinti meydaçasında tikinti işləri başqa şirkət və şəxslər tərəfindən aparılır. O, həmin şəxslərin nümayəndələri ilə əlaqə saxladıqda ona cavab vermişlər ki, tikintiyə dair hüquqları X15 və X3 12000000 manata almışlar. Hesab edir ki, cavabdehlərin bu hərəkətləri həm müqavilənin şərtlərinə, həm qanunvericiliyin, həm də adət-ənənəyə ziddi olduğundan onlar buna görə məsuliyyət daşımalıdırlar. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən “Satıcı”nın təqsiri səbəblərindən bu Müqavilə həyata keçməyəciyi təqdirdə “Satıcı” “Alıcı”ya ******* MANAT cərimə ödəməlidir. Cavabdehlərin qanunazidd əməlləri və hərəkətləri nəticəsində ona bu iddia ərizəsində göstərilənlərdən başqa ******* manat məbləğində maddi zərər yetirilmişdir. Bu məbləğdə zərərin vurulması və onun qaytarılması vəzifəsinin cavabdeh X11 aid olması xx.xx.2021-ci il tarixində X18, X16 (Mahmud ağa), Nümayəndə və digərlərinin iştirakı ilə tərtib edilmiş aktla öz təsdiqini tapmışdır. Həmin Aktda göstərilmişdir ki, X15 və X18 tərəfindən alınmış ******* MANATdən ******* manatı İbrahimov Elşən tərəfindən geri qaytarılacaq. Bu X5, X16 (Mahmud ağa), Nümayəndə və digərlərinin imzaları, Qlobal SF MMC-nin və “X27” MMC-nin X18 tərəfindən onda olan dairəvi möhürü ilə təsdiq edilmişdir. Həmin vaxtdan 20 aydan artıq müddət keçməsinə baxmayaraq X18 onun etibarından sui-istifadə edərək, aldatma yolu ilə ondan aldığı ******* manatdan qaytarmalı olduğu ******* manatı bu günə kimi qaytarmamış, müxtəlif yalanlara və üsüllara əl ataraq qaytarmaqdan yayınır. Bu əsaslarla da iddia tələbinin həcmi bu məbləğdə artırılmalıdır. O, sonradan başa düşmüşdür ki, cavabdeh İbrahimovların məqsədləri onun pullarını ələ keçirmək olmuşdur. Belə olmasaydı onlar saxta sənədlərini ******* manata ona satmazdılar. X1 saxtalaşdırmaq yolu ilə qaytarmalı olduğu ******* manatı bu günə kimi qaytarmaqdan yayınmazdı. Belə ki, qeyd olunan Aktın imzalanması zamanı nə Qlobal SF MMC-nin o zamankı direktoru Nəriman İbrahimov və nə də “X27” MMC-nin direktoru Əli Əliyev iştirak etməmişdilər. Qlobal SF MMC-nin və “X27” MMC-nin dairəvi möhürü X8 olmuş və Akta bu möhürləri X18 vurmuşdur. Sual yaranır: Bu möhürləri X18 haradan əldə etmişdir, onun Qlobal SF MMCnin və “X27” MMC-nin adından hər hansısa hərəkəti etməyə, əmlaklara dair sərəncam verməyə hüququ və səlahiyyəti var idimi??? Bu sualların yeganə yox-cavabı hamı üçün aydındır. Bu da birmənalı olaraq X18 tərəfindən dələduzluq və saxtakarlıq cinayətlərinin törədilməsini sübut edir. İddia tələbləri cavabdehlər X15 və X3 müştərək qaydada onun xeyrinə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən ******* manat + çəkilən xərclər 81000 manat+1833000 manat+dövlət rüsumu 363 manat, cəmi ******* manat məbləğində pulun tutulmasından ibarət olmuşdur. Hazırda iddia ərizəsində dəyişiklərin edilməsi zərurəti yaranmışdır. Belə ki, o, hesab edir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən ******* MANAT və ******* manata dair tələbləri bu iddiadan çıxarılmalı və sonradan ayrıca icraat qaydasında verilməlidir. Eyni zamanda, Xidmətlərin göstərilməsi üzrə PRAQMA CONSALTİNG MMC-yə ödədiyi 250 MANAT məbləği də cavabdehlərdən tələb edilməlidir. Belə ki, onunla PRAQMA CONSALTİNG MMC arasında Təmir Bərpa Xərclərinin X24 Xidmətlərin Göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli PG/DDƏQ/11104/23 №-li Müqavilə bağlanmış və Müqavilədə göstərilən xidmətlərin həyata keçirilməsi üçün onun tərəfindən Kapital Bank vasitəsilə PRAQMA CONSALTİNG MMC-nin hesabına 250 manat pul ödənilmişdir. PRAQMA CONSALTİNG MMC Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, bu barədə xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyi tərtib edərək təhvil vermiş, Rəyin və X25 haqqında xx.xx.2023-cü il tarixli Akt tərtib etmişdir. xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyində göstərilmişdir ki, “Aparılmış hesablamalar və təhlillərə əsasən təqdim edilmiş alqı-satqı müqaviləsinə və akta əsasən Bakı şəhəri, Yasamal rayonu, X32 massivi məktəbin yaxınlıqında "xxxx" MMC tərəfindən tikinti aparılan yaşayış binasında yerləşən ofisdə aparılmış tikinti-təmir işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 37316.00 manat təşkil edir.” Bundan əlavə onun tərəfindən "xxxx" MMC tərəfindən tikinti aparılan yaşayış binalarında tikinti işlərinin aparılması üçün külli miqdarda tikinti avadanlıqları və s. gətirilmişdir. Sonradan gətirdiyi avadanlıqların bir çox hissəsi oğurlandığından o, bu barədə hüquq mühafizə orqanlarına yazılı şikayətlər etmişdir. Məsələ Yasamal rayon prokurorluq və polis idarəsində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq idarəsində, Baş Prokurorluqda, Bakı şəhər prokurorluğunda hərtərəfli araşdırıldıqdan sonra Yasamal rayon Pİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı cənab X19 Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edərək icraatına götürmüşdür. Həmin qərarda göstərilmişdir ki, “toplanmış materiallardan görünür ki, ...naməlum şəxslər "xxxx" MMC ilə müqavilə əsasında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tikinti aparan zamanı 4500 manat dəyərində soba, 840 manat dəyərində radiatorlar, 300 manat dəyərində radiatir aksessuarları, 1500 dəyərində mebel dəsti, 300 manat dəyərində televizor və 10000 manat dəyərində mis kabellər oğurlanaraq zərərçəkmiş Nümayəndə 17440 manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Beləliklə, istintaq orqanı tərəfindən ona 17.440 manat məbləğində maddi ziyan vurulması müəyyən edilmiş və o, zərərçəkmiş qismində tanınmışdır. Beləliklə PRAQMA CONSALTİNG MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Mütəxəssis Rəyi və cinayət işinin başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərar ilə sübuta yetirilir ki, ona müvafiq olaraq 37.316 manat və 17.440 manat məbləğində, ümumilikdə 54.756 manat məbləğində zərər vurulmuşdur. Bunun üstünə qaldırıcı kran üçün çəkdiyi 29.000 manat heablansa görünər ki, ona 83.756 manat məbləğində zərər vurulmuşdur. İddia tələbləri əsaslıdır və bu zərərin vurulmasına görə məsuliyyəti cavabdehlər daşıyırlar.

8. xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının şifahi vəsatəti əsasında Cavabdeh MMC cavabdeh qismində işə cəlb edilmişdir.

9. xx.xx.2023-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının ərizəsi əsasında X15 və X18 cavabdehlər sırasından çıxarılmışlar.

10. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Nağıyеva Nərgiz Əli qızı bildirmişdir ki, iddiaçı Yasamal rayonunda gеdən işlə bağlı Arif və Cеyhun adlı şəхslərə 29.000 manat pul vеrmişdir. 50.000 manata danışılmış, lakin 21.000 manat borcu qalmışdır. Pulu vеrmədiyi üçün kranın sahibi gəlib kranı aparmışdır.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Muradov Еldəniz Hacımurad oğlu bildirmişdir ki, 2020-ci ilin aprеl ayında suvaq, döşəmə, hörgü, malyar və s. üzrə 23.000 manatlıq iş görmüşdür. Yasamal rayonu ərazisində olan Cavabdeh MMC-də işləmişdir. Orada ondan başqa ustalar da işləmişdir.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1065/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası, məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(006)-1065/2023 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2430 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə, xx.xx.2022-ci il tarixli aktda qeyd olunan tikinti-təmir işlərinin və materialların (hər biri ayrılıqda göstərilməklə) bazar qiymətinin 22.634,5 manat məbləğində olduğu müəyyən еdilmişdir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1065/2023 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən zərərin əvəzi üzrə 22.634,5 manatın tutulub iddiaçı Nümayəndə ödənilməsi, iddianın qalan hissədə rədd еdilməsi, iddiaçı Nümayəndə 50 manat və cavabdеh Cavabdeh MMC-dən 50 manat еkspеrt хərcinin tutularaq Məhkəmə Еkspеrtiza Mərkəzinə köçürülməsi qət edilmişdir.

14. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, "xxxx" MMC-nin tikinti aparılan yaşayış binasında yerləşən ofisində 23.000 manatlıq iş gördüyünü bildirən şahid Еldəniz Muradovun ifadəsi ilə "xxxx" MMC tikinti-təmir işlərinin həcmi və dəyərinin 37.316 manat təşkil etdiyinə dair xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ziddiyyət təşkil еdir. Bundan başqa, iddiaçı "xxxx" MMC-nin fəaliyyətinin əsas vəzifəsinin qiymətləndirmə ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair hər hansı sübutu da təqdim еtməmişdir.

15. Qiymətləndirmə sahəsində xüsusi biliyi olan еkspеrt isə 10/2430 saylı xx.xx.2023-cü il tarixli rəyində tikinti-təmir işlərinin və materialların bazar qiymətinin 22.634,5 manat məbləğində olduğunu müəyyən еtmişdir. Məhkəmə, iddiaçının "xxxx" MMC-nin fəaliyyətinin əsas vəzifəsinin qiymətləndirmə ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair hər hansı sübutu təqdim еdə bilməməsini, еləcə də 10/2430 saylı xx.xx.2023-cü il tarixli rəyi vеrmiş şəхsin fəaliyyətinin əsas vəzifəsinin qiymətləndirmə ilə bağlı xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olduğunu nəzərə alaraq, həmin rəylə razılaşmış və iddiaçının apardığı tikinti-təmir işlərinin dəyərinin 22.634,5 manat olduğunu və cavabdеhin hüquqlarını verməkdən imtina etməsi ilə əlaqədar ona həmin miqdarında zərər dəydiyini işin hallarına uyğun saymışdır.

16. Şahid Nərgiz Nağıyеva iddiaçının Arif və Cеyhun adlı şəхslərə 29.000 manat pulun vеrilməsi halını təsdiq еtsə də, pulun vеrilməsinin bilavasitə şahidi olmasını göstərməməsini, еləcə də həmin məlumatın alınma mənbəyini göstərə bilməməsini nəzərə alaraq məhkəmə onun ifadəsini sübut hesab etməmişdir.

17. İddiaçı əmlaklarının oğurlanması ilə bağlı ona 17.440 manat məbləğində zərər dəydiyini iddia еtsə də, həmin zərərin cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyməsi barədə sübut təqdim еtməmişdir.

18. Yasamal RPİ-nin xx.xx.2023-cü il tarixli 091/230090299 saylı arayışından isə 17.440 manat maddi ziyan vurulmaqla еdilmiş oğurluqla bağlı cinayət icraatı qaydasında araşdırılan işin yеkunlaşmadığı, iddiaçıya zərər vurmuş şəхs və ya şəхslərin dairəsinin müəyyən еdilmədiyi görünür.

19. Məhkəmə iddia tələbi üzrə bеlə nəticəyə gəlmişdir ki, cavabdеhin hüquqlarını verməkdən imtina etməsi ilə əlaqədar iddiaçıya apardığı tikinti-təmir işlərinin dəyəri miqdarında – 22.634,5 manat zərər dəydiyindən, həmin zərərin əvəzi cavabdеhdən iddiaçının хеyrinə tutulmalı, iddia tələbi həmin hissədə qismən təmin еdilməlidir.

20. Məhkəmə bununla yanaşı hеsab еtmişdir ki, iddiaçının qaldırıcı kran üçün 29.000 manat хərc çəkməsi, еləcə də 17.440 manat dəyərində əmlaklarının oğurlanması ilə bağlı zərərə uğramasının cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi ilə bağlı olması təsdiq еdilmədiyindən, iddia tələbi həmin hissələrdə təmin еdilə bilməz.

21. Məhkəmə onu da qеydetmişdir ki, cavabdеh mülkiyyətində olan, həmçinin tərəfindən icarəyə verilmiş əmlaklardan əldə olunan hər hansı pul vəsaitini tələbin yönəldiləcəyi əmlak olaraq iddiaçının хеyrinə yüklü еtmədiyindən, iddia tələbi tutmanın cavabdehin adına olan mülkiyyətində, həmçinin onun tərəfindən icarəyə verilmiş əmlaklardan əldə olunan pul vəsaitlərinə yönəldilməsinə dair hissədə də təmin еdilə bilməz.

22. Məhkəmə еyni zamanda hеsab еtmişdir ki, iddia əksər hissədə təmin еdilmədiyindən iddiaçının ödədiyi dövlət rüsumu və çəkdiyi хərc onun özünə aiddir və cavabdеhdən onun хеyrinə tutula bilməz. Bununla yanaşı ekspertə verilməli olan məbləğ bərabər qaydada tərəflərə aid еdilməlidir.

23. Məhkəmə öz movqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 452.2, 459.1, 575.2, 646.2, 651, 1096.1, 1097.1-ci maddlərinə, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 104.3, 106.1, 107, 115, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, idianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun ofis binasını təmir etdirməyinin, qaldırıcı kranı gətirib quraşdırmağının və qeyd olunan əşya və avadanlıqların tikinti meydançasına gətirib quraşdırmağının və s. işlərin gördürməyinin bir çox şahidləri vardır, hansılar ki, məhkəmədə izahat verməyə hazırdılar. Bundan sonra “Satıcı” tərəfindən üzərinə götürülmüş öhdəliklərin icrasından heç bir səbəb göstərilmədən birtərəfli qaydada imtina edilmişdir. Dəfələrlə danışıqlar apararaq müqavilənin şərtlərinin yerinə yetirilməsini xahiş etsə də, bu müsbət nəticə verməmişdir. Əksinə ona belə məlumatlar çatmışdır ki, “Satıcı” müxtəlif şəxslərlə danışıqlar aparır və tikintini baha qiymətə başqa şəxslərə satmaq istəyir və nəhayət satmışdır. Eyni zamanda, ona məxsus 10.000 manat dəyərində kabelin oğurlanması hissəsində ərizənin yoxlanılması Yasamal Rayon Polis idarəsinə göndərilmişdir. Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin təhqiqatçısı polis polkovnik leytenantı R.Xanlarovun xx.xx.2022-ci il tarixli qərarı ilə material istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Həmin qərar ilə iddia ərizəsində göstərdiklərinin doğru olması təsdiq olunur. Onun iddia tələbləri cavabdehlər X15 və X11 qarşı yönəldilmişdir. İlkin iddia ərizəsindən sonra onun tərəfindən iddianın dəqiqləşdirilməsi haqqında məhkəməyə bir neçə ərizə verilmiş və hər dəfə də cavabdeh qismində yalnız X15 və X18 göstərilmişdir. Bu səbəblərdən də çox müəmmalıdır ki, nədən hakim prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, onun razılığı olmadan X9 və X12 öz təşəbbüsü ilə cavabdehlər sırasından çıxarmış, Cavabdeh MMC-ni cavabdeh qismində işə cəlb etmişdir. Tərəfindən Cavabdeh MMC-nin cavabdeh qismində işə cəlb edilməsinə və cavabdehlər X9 və İbrahimov ElşənTağı oğlunu cavabdehlər sırasından çıxarılmasına nə şifahi, nə də ki yazılı razılıq verilməmişdir. Əksinə, onun tərəfindən məhkəməyə yazılı surətdə təqdim etdiyi “iddianın dəyişdirilməsinə dair” ərizədə"xxxx" MMC-nin işdə iştiraka cəlb edilməsinə etiraz edərək göstərmişdir ki, “mənim iddia tələblərim X15 və X11 qarşı yönəldilmiş, bu iddia tələblərinin Cavabdeh MMC-yə heç bir aidiyyəti olmadığından, onun hüquq və maraqlarına toxunmadığından və mənim hazırda Cavabdeh MMC-ə qarşı heç bir tələbim olmadığından bu MMC-nin, onun hüquqşunasının və nümayəndəsinin məhkəmədə iştirak etməsinə heç bir qanuni zərurət yoxdur.” Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 göstərmişdir ki, Yasamal rayonunda Cavabdeh MMC-nin ərazisində görüləcək tikinti işləri ilə əlaqədar Nümayəndə 50.000 manata kran sahibi ilə razılığa gəlib tikintiyə qaldırıcı kran gətizdirib quraşdırmış, bunun üçün Ceyhun və Arif adlı şəxslərə 29.000 manat vermiş, 21.000 manat borcu qalmışdır. Pulu vermədiyi üçün kran sahibi gəlib kranını aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Yasamal rayonu ərazisində Cavabdeh MMCdə Nümayəndə tapşırığına əsasən 23.000 manat dəyərində suvaq, döşəmə, hörgü, malyar və s. işlər görmüşdür. Orada ondan başqa digər ustalar da işləmişdilər. Təhqiqat orqanının xx.xx.2022-ci il tarixli və istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarlarında göstərilmişdir ki, "xxxx" MMC-nin direktoru X6 və faktiki sahibi X18 ilə bağladığı müqavilə əsasında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində tikinti işləri aparan zaman 4.500 manat dəyərində soba, 840 manat dəyərində radiatorlar, 300 manat dəyərində radiator aksessuarları, 1.500 manat dəyərində mebel dəsti, 300 manat dəyərində televizor və 10.000 manat dəyərində mis kabellər oğurlanaraq zərərçəkmiş Nümayəndə xeyli miqdarda 17.440 manat məbləğində maddi zərər vurulmuşdur. Bundan başqa, "xxxx" MMC-nin mütəxəssis rəyində göstərilmişdir ki, “Aparılmış hesablamalar və təhlillərə əsasən təqdim edilmiş alqı-satqı müqaviləsinə və akta əsasən Bakı şəhəri, Yasamal rayonu, X32 massivi məktəbin yaxınlığında "xxxx" MMC tərəfindən tikinti aparılan yaşayış binasında yerləşən ofisdə aparılmış tikinti-təmir işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 37.316 manat təşkil edir.” Lakin hakim bu işin nəticələrində cavabdeh tərəfinin xeyrinə maraqlı olduğundan, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verməmiş, hələ indiyə qədər ədalət mühakiməsi tarixində görünməyən absurd və anormal mövqe və yanaşma nümayiş etdirmişdir. "xxxx" MMC-nin aidiyyəti Dövlət qurumları tərəfindən təsdiq edilmiş Nizamnaməsində və verilmiş Lisenziyada rəyin əsaslılığına dair sualların hamısının cavabı vardır. Bu səbəblərdən də rəy vermiş MMC-nin və mütəxəssisin xüsusi biliyə malik olubolmaması barədə əlavə araşdırmanın aparılmasına heç bir zərurət yoxdur. Bundan başqa, mülki işin materiallarında Nümayəndə Arif və Ceyhun adlı şəxslərə 29.000 manat pulun verilməməsinə dair bir dənə də olsun sübut, dəlil, ifadə yoxdur ki, hakim də şahid Nərgiz Nağıyevanın göstərdiklərinə şübhə etməsini təsdiqləsin. Əksinə bu halı təsdiqləyən kifayət qədər sübut dəlillər vardır. İlk növbədə kran sahibi Ceyhunun ifadəsi, hansındakı o, Nümayəndə 29.000 manat pulun verməsini təsdiq edir. Bundan əlavə, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin təhqiqatçısı polis polkovnik leytenantı R.Xanlarovun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir: “....29.000 manat xərcləyərək tikinti meydançasında hündürmərtəbəli binaların tikintisi üçün nəzərdə tutulan qaldırıcı kran quraşdırmış,.... Qaldırıcı kran Ceyhun adlı şəxs tərəfindən aparılmış...” Bu hal X13 ifadəsində də öz təsdiqini tapmışdır. Bundan əlavə, tam məsuliyyətlə bildirir ki, onun qaldırıcı kranın sahibi ilə razılaşmamın pozulması və onun 29.000 manat məbləğində zərər çəkməyində günühkar və təqsirkarlar cavabdehlərdir. Belə ki, əgər onlar onunla bağladıqları müqaviləni birtərəfli qaydada pozmasaydılar, ona satdıqları hüquqları başqalarına satmasaydılar, o, tikintini və qaldırıcı krandan istifadəni davam etdirərdi. Beləliklə də sübut olunur ki, onun 29.000 manat və 17.440 manat zərər çəkməyi cavabdehlərin hərəkət və hərəkətsizlikləri nəticəsində baş vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirdi ki, apellyasiya şikayətini hüquqşünas tərtib etmişdir. X18 və X4 cavabdehlər sırasından çıxarılmasına dair ərizəni özü yazmışdır. Tələbi "xxxx" MMC-yə qarşıdır. Oğurlanmış əmlaklarla bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır, istintaq davam edir. Kranı icarəyə götürməmiş, satın almışdır. 15.000 manat kranın quraşdırılmasına xərc çəkmişdir. Kranın öz qiyməti 35.000 manatdır.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. İşdən görünür ki, iddiaçı "xxxx" MMC-nin tikinti aparılan yaşayış binasında yerləşən ofisində 37.316 manat dəyərində tikinti-təmir işləri aparmasını, qaldırıcı kranın quraşdırılması üçün 29.000 manat хərc çəkməsini və 17.440 manat dəyərində əmlaklarının oğurlanmasını bildirmişdir.

35. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində tələbinin X18 və X10 qarşı olduğunu, onların cavabdehlər sırasından çıxarılmasına və Cavabdeh MMC-nin cavabdeh kimi cəlb olunmasına dair razılıq vermədiyini göstərsə də, iş materiallarında iddiaçının X18 və X4 cavabdehlər sırasından çıxarılmasını xahiş etməsi barədə xx.xx.2023-cü il tarixli ərizə mövcuddur. Həmçinin, iddiaçı apellyasiya icraatı zamanı məhkəmə iclasında tələbinin Cavabdeh MMC-yə qarşı olduğunu bildirmişdir.

36. Məhkəmə kollegiyası iddiaçının çəkilmiş təmir xərcinin məbləği ilə bağlı dəlillərinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tədqiqat obyektinə baxış keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin rəyini daha mötəbər sübut kimi qiymətləndirərək həmin rəy əsasında iddianı bu hissədə qismən təmin etmişdir.

37. Məhkəmə kollegiyası iddiaçının qaldırıcı kran üçün 29.000 manat хərc çəkməsi barədə dəlilinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bu halı təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

38. Qeyd olunmalıdır ki, iddiaçı kollegiyanın iclasında izahat verərkən qaldırıcı kranı 35.000 manata aldığını, kranın quraşdırılması üçün 15.000 manat xərc çəkdiyini bildirmişdir.

39. Beləliklə müəyyən olunur, iddia ərizəsində göstərildiyi kimi iddiaçı tərəfindən kranın quraşdırılmasına 29.000 manat хərc çəkilməmişdir. Bununla belə, iddiaçının 15.000 manat quraşdırma xərclərinin çəkməsi iş materialları ilə öz təsdiqini tapmır.

40. Belə ki, birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid Nərgiz Nağıyeva pul verilmədiyi üçün kran sahibi tərəfindən kranın aparıldığını bildirmişdir. Yasamal PRİ-nin 29-cu Polis Şöbəsində izahat verən X21 isə bildirmişdir ki, kranın Cavabdeh MMC-nin tikinti aparılan sahəsində quraşdırılmasında iştirak etmiş, lakin Nümayəndə tərəfindən kranın quraşdırılması üçün nə qədər pul xərclənməsindən məlumatı yoxdur. X22 isə izahatında bildirmişdir ki, kranın hansı qiymətə danışıldığını bilmir, lakin Nümayəndə kran üçün 29.000 manat pul xərcləmişdir.

41. Göründüyü kimi, qeyd edilən şəxslər tərəfindən kranın quraşdırılması ilə bağlı çəkilmiş xərclər barədə dəqiq məlumatlar verilməmişdir.

42. O da qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində kranın quraşdırılmasına çəkilmiş xərclə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş qərara istinad etsə də, həmin qərarın məzmunundan görünür ki, təhqiqatçı Nümayəndə bildirdiklərinə əsasən istintaq hərəkətlərinin aparılmasının zəruriliyi qənaətinə gəlmiş və müraciət əsasında toplanmiş materialın Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilməsi barədə qərar qəbul etmişdir.

43. İşdən həmçinin görünür ki, iddiaçının oğurlanmış əmlakları ilə bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmasına istinad edərək istintaq davam etdiyi halda cavabdehdən 17.440 manat məbləğindı maddi ziyan tələb etmişdir. Halbuki, hazırda həmin zərərin cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində dəyməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdur.

44. Məhkəmə kollegiyası iddia tələbinin “pulun tutulmasının cavabdehin adına olan mülkiyyətlərinə, həmçinin icarəyə verilmiş əmlaklardan əldə olunan pul vəsaitlərinə yönəldilməsi” hissəsi ilə bağlı qeyd edir ki, bu qətnamə ilə cavabdehdən tutulmalı olan məbləğin cavabdehin əmlakına və ya onun pul vəsaitinə yönəldilməsi qətnamənin icra mərhələsində həll olunmalı məsələdir və buna görə bu tələb təmin edilə bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

46. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1065/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar