Məhkəmə qərarları › İş №2(103)-1522/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1522/2020

19.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1522/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8235/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh təxminən 1995-1996-cı illərdən oğlu Asimanın kirvəsi Hacı Əhmədin vasitəsi ilə tanımışdır. Mirənnağının oğlu Mirəlini də 2007- ci ildən Mirənnağının vasitəsi ilə tanımışdır. İddiaçının oğlu Asiman 2010cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşdur. Həmin vaxtlar X4 Perm vilayətində idi və ordan gəlib bildirmişdir ki, Permdə onun böyük ağac materiallarının emalı sexi var, həmin sexi iddiaçının oğlunun adına keçirəcək və bu səbəbdən də, iddiaçı ona inanıb bir neçə dəfə pul vermişdir. 2013-cü ilin oktyabr ayının 7- də Mirəli Nağıyev iddiaçıya mobil telefonla zəng edib bildirdi ki, hazırda Rövşən və Seymur adlı dostları ilə birlikdə Həcc ziyarətindədilər, ona 65.000 manat pul lazımdır və atası Mirənnağını onlara göndərəcək. İddiaçı həmin hadisədən bir müddət əvvəl evimin birini 110.000 ABŞ dollarına satmış və bunuda Mirəli bilirdi. İddiaçı evə gəldikdən sonra 65.000 manat pulu oğlu Asimanın və qonşusu Rənanın yanında sayıb Asimana verdi ki, Mirənnağı gələndə ona versin.Asimanda həmin pulu əynindəki şalvarın cibinə qoydu. Təxminən saat 17 radələrində Mirəlinin atası Cavabdeh həyətə gəlib aşağıdan iddiaçının oğlunu səslədi ki, Asiman həyətə düşüb pulu ona versin.Lakin iddiaçı buna razıolmayıb cavabdehi evə çağırdı.Asiman şalvarının cibində saxladığı 65.000 manat pulu çıxarıb Mirənnağıya verdi və Mirənnağı da pulu alıb saydı.Bundan sonra Mirənnağı çıxıb getdi. Sonradan Mirənnağı iddiaçıdan oğluna verməsi üçün 65.000 manat almasını boynuna almadı. Hətta iddiaçı Mirəli Nağıyevin onu aldadıb pulunu etibardan sui-istifadə yolu ilə ələ keçirməsi faktı ilə bağlı Mirəlidən xx.xx.2017-ci il tarixdə etdiyi etdiyim şikayətlə əlaqədar Mirəlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlananda iddiaçı Mirəliyə atasının vasitəsi ilə 65.000 manat verdiyini bildirəndə Mirəli əvvəlcə bunu etiraf etmək istəmirdi. Həmin vaxt iddiaçıya məlum oldu ki, Mirəlinin atası Mirənnağı iddiaçıdan aldığı pulu aparıb oğlu Mirəliyə verməmişdir. Həmin vaxt Mirənnağı özü də iddiaçıdan pul almasını etiraf etmirdi. Lakin onun oğlu Mirəli atasının da cinayət məsuliyyətinə gəlb olunacağını görüb yalandan, guya atasının həmin pulu gətirib ona verdiyini boynuna aldı ki, atası tutulmasın. İddiaçı Cavabdeh pulunu tələb edəndə o, bildirdi ki, iddiaçıdan pul almamış, guya oğluna verdiyi 65.000 manatı da hansısa bir Cəlilabad rayon sakinindən almışdır. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh 65.000 manat pulun, həmin məbləğin gecikdirilməsinə görə hesablanmış 9750 manat da faiz borcu olmaqla, cəmi 74750 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8235/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-(001)-8235/2019 saylı qətnaməsinin qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən real faktları araşdırmamış və əsassız sübutlara üstünlük vermişdir. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət verməmiş və nəticədə iddiaçının hüquqlarını pozan qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 26, , 60, 72, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6, Mülki Prosessual Məcəllənin 4.1,14.2, 77.1, 372.7, 88, 7701-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun vəkili Z.Zeynalov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-189/2019 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Təqsirləndirilən şəxs X3 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham, üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxs İddiaçı külli miqdarda, zərər çəkmiş şəxslər Ələkbərov Cəlal Dövrüş oğlunun isə xeyli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. ... Təqsirləndirilən şəxs X5 ifadəsinin davamında daha sonra göstərdi ki, işlərini daha da yüksək səviyyədə qurmaq üçün ona pul lazım olmuşdur. Odur ki, o, Pərnisəyə müraciət etmiş, ona 65.000 manat pul lazım olduğunu bildirmişdir. Pərnisə onunla razılaşmış və əldə edəcəyi qazancdan ona (Pərnisəyə) faizlərlə gəlir vermək şərti ilə həmin miqdarda pulu verə biləcəyini demişdir. Həmin görüşdən 2-3 gün sonra Pərnisənin yaşadığı ünvanda yenidən ikisi görüşmüş, o, Pərnisədən 30.000 manat pul götürmüş və həmin pulu işinə yönəltmişdir. 30.000 manatın müqabilində Pərnisəyə hər ay 2.000 manat faizlə gəlir verməklə bağlı razılaşmışlar. 30.000 manat pulu götürdükdən az bir müddət sonra, elə həmin ay Pərnisədən 35.000 manat pulu da almış və bundan sonra Pərnisəyə aylıq ödənişin məbləğini ümumilikdə 3.500 manat olaraq razılaşmışlar. O, pulları Pərnisədən götürərkən sonuncunun oğlu Asiman onların yanında olmuşdur. Bundan sonra o, hər ay taxta-şalban ticarətindən Pərnisəyə çatası pulu düzəldərək atasının, qardaşı Mirxəlilin, və ya tanışı Akif adlı şəxsin vasitəsi ilə Pərnisəyə çatdırmışdır. Pərnisədən aldığı 65.000 manata görə 2 il ərzində sonuncuya hər ay 3.500 manat faizə pul ödəmiş, 2016-cı ilə kimi isə əsas borcunu, yəni 65.000 manatı tam olaraq Pərnisəyə qaytarmışdır. Qeyd olunan bu məbləğə görə də, onun Pərnisəyə və ya qeyrisinə heç bir borcu qalmamış, onlara kifayət qədər qazanc vermişdir. ... Daha sonra zərər çəkmiş şəxs İddiaçı ifadəsində göstərdi ki, bundan sonra, xx xxxxxxx 2013-cü ildə Mirəli onunla əlaqə saxlayaraq hazırda Həcc ziyarətində olduğunu, ona və oğluna dualar etdiyini bildirmiş, onun və Asimanın adından orada qurban kəsərək payladığına and içmiş və bundan başqa şirkətdə işlərin gedişatı ilə bağlı pula, yəni 65.000 manata ehtiyac yarandığını demişdir. Evdə həmin miqdarda pulu olduğundan o, imtina etməmiş, həmin gün axşam saatlarında Mirəlinin göndərdiyi atası Mirənnağı ilə yaşadığı evdə görüşüb, sonuncuya 65.000 manat pulu vermişdir. Həmin tarixdə Mirəlinin atası Mirənnağı onun yaşadığı ünvana tək gəlmiş, yanında başqa şəxs olmamışdır. Oğlu Asiman isə həmin tarixdə yaşadığı ünvanda onun yanında olmuş və Asiman həmin miqdarda pulu sayaraq stolun üstünə qoymuşdur. Cavabdeh də həmin miqdarda pulu sayaraq masanın üzərindən götürdükdən sonra o, masanın üzərinə yemək gətirib düzmüşdür. Mirəli Həcc ziyarətindən qayıdarkən ona və Asimana bahalı hədiyyələr gətirmiş və sonuncuya atasının vasitəsilə verdiyi ümümilikdə 65.000 manat pulun şirkətə daxil edildiyini, həmin pulun gəlirinin də şirkətin inkişafına yönəldiləcəyini demişdir. ... Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək, təqsirləndirilən şəxs Mirəli Nağıyevin təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri onun özünü müdafiə məqsədi ilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma, yəni dələduzluq yolu ilə təkrarən ələ keçirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, təqsirləndirilən şəxs Mirəli Nağıyevin cinayət əməli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. ... Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinin tələbləri baxımından baxılan cinayət işi üzrə mülki iddiaya dair məsələni müzairə edib belə nəticəyə gəlir ki, məhkəmə istintaqı başlananadək zərər çəkmiş şəxslər İddiaçı və Ələkbərov Cəlal Dövrüş oğlu qanunla müəyyən olunan qaydada mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zərər çəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Mirəli Nağıyevin cinayət əməli nəticəsində ona vurulan 142.254,60 manat məbləğində maddi və 100.000 manat məbləğində mənəvi zərərin, zərər çəkmiş şəxs Cəlal Ələkbərov təqsirləndirilən şəxs Mirəli Nağıyevin cinayət əməli nəticəsində ona vurulan 22.079,92 manat məbləğində maddi zərərin təqsirləndirilən şəxs Mirəli Nağıyevdən alınaraq onlara ödənilməsini məhkəmədən xahiş etmişlər. ... İş üzrə mülki iddiaya dair məsələ aşağıdakı qaydada həll edilsin: - zərər çəkmiş şəxs İddiaçı X3 qarşı 142.254,60 manat məbləğində maddi və 100.000 manat mənəvi ziyana görə pul tələbinə dair mülki iddiası qismən təmin olunsun, 142.254,60 manat məbləğində pul məhkum X1 alınaraq zərər çəkmiş şəxs İddiaçı ödənilsin”. Beləliklə, hazırkı mülki iş üçün preyudisial əhəmiyyət kəsb edən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(101)-189/2019 saylı qanuni qüvvəyə minmiş hökmündə zərərçəkmişə (hazırkı iş üzrə İddiaçı) məhz təqsirli şəxsin əməli nəticəsində maddi zərər dəyməsi və zərərin məbləği öz əksini tapmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iddia tələbinin predmetini təşkil edən 65.000 manat məbləğində pulun yuxarıda adı çəkilən hökmlə hökm edilən məbləğin tərkib hissəsi olması və həmin hökmlə əhatə olunması səbəbindən hazırkı mübahisəyə baxılarkən nə iddiaçıya dəyən ziyanın məhkum tərəfindən yetirilibyetirilməməsi, nə də vurulan ziyanın məbləği kimi məsələlərin yenidən mübahisələndirilə bilməməsinə dair mövqeyi əsaslı olmuşdur. Çünki, qanunvericiliyin tələbinə görə belə hallarda məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə müəyyən edilən hallar sonradan həmin məsələ ilə bağlı işə baxan məhkəmələr üçün preyudisial əhəmiyyətə malikdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı izahatında özü də etiraf etmişdir ki, hazırkı iddia tələbinin predmetini təşkil edən 65.000 manat məbləğində pul yuxarıda adı çəkilən hökmlə onun xeyrinə X1 alınması hökm edilən məbləğin tərkib hissəsidir, yəni həmin hökmlə əhatə olunub. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsinə görə, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü hər hansı icraatla bağlı həm müəyyən edilmiş hallara, həm də onların hüquqi qiymətinə görə məhkəmə üçün məcburidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Beləliklə, kollegiya hesab edir ki, hazırki iddia tələbinin preyudisial əhəmiyyət kəsb edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə əhatə olunması səbəbindən İddiaçı pul tələbinə dair apellyasiya şikyəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8235/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər: imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar