Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1522/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5776/2021 saylı, 17.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.000 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 iyul 2021-ci il tarixdə ona məxsus bir baş inək səhər saat 06:00-da, yaşadığı Qusar rayonu Yasab kəndi ərazisində cavabdeh "xxxx" ASC-yə məxsus olmaqla, həmin ASC tərəfindən istismar edilən elektrik xətti naqilinin yerə düşməsi nəticəsində elektrik cərəyanı vurmuş və yerindəcə ölmüşdür. Onun inəyi ilə bərabər həmin vaxt həmkəndlisi Cəlilov Renatın da inəyi həmin səbəbdən ölmüşdür. İnəyi 8 yaşar idi, diri çəkisi 330 kq olardı. İnəklərin ölməsi ilə əlaqədar Qusar rayon Baytarlıq sahəsinin müdiri S.Eyvazovun iştirakı ilə 08.07.2021-ci il tarixdə aktlar tərtib edilmişdir. Hesab edir ki, elektrik naqili təsadüfən yerə düşməmişdir. Kəndlərinin ərazisində elektrik şəbəkəsinin elektrik xətləri və elektrik dayaqları çox yararsız vəziyyətdədir. Həmin hal Qusar rayon İHB-nin Yasab İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 268 saylı arayışla da təsdiq olunur. Hadisə baş verən gün, yəni 08 iyul 2021-ci il tarixdə Qusar rayonu Yasab kəndi ərazisində hava sakit, küləksiz və yağıntısız idi. Ümumiyyətlə son aylar Qusar rayonu ərazisində normal vəziyyətdə olan elektrik xətt və dirəklərinə təsir edə biləcək təbiət hadisəsi baş verməmişdir. Məhz cavabdeh təşkilat tərəfindən yüksək təhlükə mənbəyi hesab edilən texniki cəhətdən təhlükəli vəziyyətə olan elektrik xətlərindən istifadə edilməsi nəticəsində elektrik xəttinin naqili yerə düşmüşdür. Hesab edir ki, inəyinin bazar qiyməti olan səkkiz yaşar olması və çəkisinin 330 kq olduğunu əsas tutaraq 2.000 manat olmalıdır. Lakin o, inəyin qiymətinə dair rəsmi arayışı məhkəməyə təqdim edə bilmir. Belə ki, Azərbaycan Respublikasında mal-qara bazarlarında heyvanların qiymətləri barədə arayışlar yalnız məhkəmələrin tələbi ilə verilir. İddia ərizəsində qeyd edilmiş hallar həmin ərizəyə əlavə etdiyi sənədlərlə – 08.07.2021-ci il tarixli akt, Qusar RİHB Yasab kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04.08.2021-ci il tarixli 268 saylı, 28.07.2021-ci il tarixli 258 saylı arayışlar və digər sənədlərlə təsdiq olunur.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5776/2021 saylı, 17.11.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1.900 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Səməd Cəfərov).
4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, delikt dedikdə təqsirli əməl və bu əməl ilə vurulmuş ziyan arasında səbəb nəticə əlaqəsinin olması başa düşülür. Məhkəmə öz qətnaməsində cavabdeh "xxxx" ASC-nin ərazidə yerləşən elektrik transformatorunun saz vəziy y ətdə saxlanılmadığını, həmçinin aidiyyəti qurğularla bağlı texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını əsas gətirsə də, cavabdeh tərəfindən konkret hansı təhlükəsizlik qaydalarının tələblərinin pozulmasını və bu tələblərin pozulması ilə ilə iddiaçıya dəymiş ziyan arasında hər hansı səbəb nəticə əlaqəsinin olmasını və cavabdeh "xxxx" ASCnin təqsirinin konkret olaraq nədə ifadə olunmasını müəyyən etməmişdir. Hazırki iş üzrə məhkəmənin sübut qismində qəbul etdiyi Qusar rayon Yasab baytarlıq şöbəsinin müdiri və 4 nəfər kənd sakinin iştiraki ilə tərtib olunmuş 08 iyul 2021-ci il tarixli akt hadisənin birbaşa şahidi olan şəxslər tərəfindən deyil, hadisə baş verdikdən sonra onun nəticəsinin şahidi olmuş şəxslər tərəfindən tərtib olunmuşdur. Belə ki, aktı imzalayan şəxslər 08 iyul 2021-ci il tarixdə saat 06.00 radələrində Qusar rayonu Yasab kəndi ərazisində yüksək gərginlikli elektrik xətinin qırılaraq yerə düşməsi nəticəsində İddiaçı məxsus 1 baş inəyin tələf olmasının şahidi olduğunu bildirmişdirlər. Halbuki baş vermiş hadisənin səhər saat 06.00 radələrində, yəni ətrafda insanların demək olar ki olmadığı bir vaxtda baş verdiyini nəzərə alsaq aktı imzalayan şəxslərin həmin hadisənin birbaşa şahidi olmaqlarına dair əsaslı şübhələr yaranmış olur. Lakin qeyd edilən aktın həqiqiliyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən akt müvafiq məhkəmə ekspertizasına göndərilməmiş, aktı imzalayan şəxslərin şahid qismində işə cəlb edilməsini təmin edilməmiş və onların hadisə barəsində izahatları alınmamışdır. Həmçinin iş materiallarında olan Qusar Rayon Baytarlıq İdarəsinin rəyi hadisə baş verdikdən 19 gün sonra yəni 27 iyul tarixdə verilmiş və rəydə tələf olunan mal-qaraya baxış keçirildiyi bildirilmişdir. Halbuki iş materiallarında olan 08 iyul tarixli aktda tələf olmuş mal-qaranın dezinfeksiya edilərək dərin quyuya basdırldığı qeyd olunduğunu nəzərə alsaq belə bir baxışın mümkün olmasına və Baytarlıq İdarəsinin rəyinin mötəbər sübut kimi qəbul olunmasına dair əsaslı şübhələr yaranmış olur. Bundan əlavə Rayon Baytarlıq İdarəsinin mal-qaranın dəqiq ölmə səbəbini özündə əks etdirən müvafiq yarılma aktı da iddiaçı tərfindən məhkəməyə təqdim edilməmişdir.
6. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyasının ilasında iştirak edən cavabdehin nümayəndəsi F.Abdullayev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Qusar rayonu Yasab kənd sakinidir. Hadisə baş verən tarixədək, 01 yanvar 2021-ci il tarixdə onun fərdi təsərrüfatında 2 baş inək, 1 baş cöngə, 6 baş qoyun, 1 baş at mövcud olmuşdur. 08 iyul 2021-ci il tarixdə saat 06:00 radələrində ona məxsus bir baş inək və digər vətəndaş Renat Cəlilova məxsus bir baş inək yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vurmasından tələf olmuşlar. Tələf olmuş iri buynuzlu heyvanlar texnika vasitəsi dərin quyu qazılaraq basdırılmış və dezinfeksiya olunmuşdur. Bu barədə müvafiq akt tərtib olunmuşdur.
12. İri byunuzlu mal-qaranın elektrik cərəyanı vurması nəticəsində tələf olması yuxarıda qeyd olunan aktdan əlavə, Yasab kənd İƏD üzrə nümayəndənin 04 avqust 2021-ci il tarixli, kənddə olan elektrik xətlərinin və dirəklərinin bərbad vəziyyətdə olmasına dair arayışı ilə də təsdiq olunur. Digər sözlə ifadə etdikdə, elektrik xətləri (naqillər) həmin hadisə baş verən vaxt kənar təsirlər (güclü külək və s.) nəticəsində deyil, həmin xətlərin və dirəklərin baxımsızlığına görə qırılmışdır. Hüquqi dəyərləndirmə:
13. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
15. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Qusar rayonu Yasab kənd sakinidir. Hadisə baş verən tarixədək, 01 yanvar 2021-ci il tarixdə onun fərdi təsərrüfatında 2 baş inək, 1 baş cöngə, 6 baş qoyun, 1 baş at mövcud olmuşdur. 08 iyul 2021-ci il tarixdə saat 06:00 radələrində ona məxsus bir baş inək və digər vətəndaş Renat Cəlilova məxsus bir baş inək yüksək gərginlikli elektrik xəttinin qırılaraq yerə düşməsi nəticəsində cərəyan vurmasından tələf olmuşlar. Tələf olmuş iri buynuzlu heyvanlar texnika vasitəsi dərin quyu qazılaraq basdırılmış və dezinfeksiya olunmuşdur. Bu barədə müvafiq akt tərtib olunmuşdur.
21. İri byunuzlu mal-qaranın elektrik cərəyanı vurması nəticəsində tələf olması yuxarıda qeyd olunan aktdan əlavə, Yasab kənd İƏD üzrə nümayəndənin 04 avqust 2021-ci il tarixli, kənddə olan elektrik xətlərinin və dirəklərinin bərbad vəziyyətdə olmasına dair arayışı ilə də təsdiq olunur. Digər sözlə ifadə etdikdə, elektrik xətləri (naqillər) həmin hadisə baş verən vaxt kənar təsirlər (güclü külək və s.) nəticəsində deyil, həmin xətlərin və dirəklərin baxımsızlığına görə qırılmışdır.
22. İri buynuzlu mal-qaranın həmin ərazidə tələf olmasına gətirib çıxaracaq digər yüksək təhlükə mənbəyi yoxdur. Göründüyü kimi, cavabdeh tərəfindən ərazidə olan elektrik xətləri və dirəkləri saz vəziyyətdə saxlanmamış, təhlükəsizlik qaydalarına riayət edilməmiş və həmin xəttlər və dirəklərlə bağlı texniki istismar qaydalarının, aidiyyatı təlimatların tələbləri pozulmuşdur. Nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur.
23. Vurulmuş maddi ziyanın həcmi ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçıya vurulmuş maddi ziyanın 1.900 manat həddində müəyyən edilməsi işin hallarına uyğun olmuşdur.
24. Belə ki, iş materiallarında olan Qusar şəhərində fəaliyyət göstərən, kənd təsərrüfatı mallarının satışı ilə məşğul olan «Riad» firması tərəfindən verilmiş 28 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, diri çəkisi 330 kq olan 8 yaşar yerli cins inəyin bazar qiyməti 1.900-2.100 manatdır. İddiaçı ona daha artıq maddi ziyan vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, ona vurulmuş maddi ziyan ödənilməmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Kollegiya sadalanan xüsusatlara əsasən qeyd edir ki, iddianın qismən təmin edilərək vurulmuş maddi zərərə görə cavabdeh "xxxx" ASC-dən 1.900 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikyəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmuş hissədə ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
35. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:
36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5776/2021 saylı, 17.11.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev