Məhkəmə qərarları › İş №2(103)-1523/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1523/2024

14.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1523/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh3 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı MMMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC cavabdehlər Cavabdeh3 MTK-ya və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın, Cavabdeh3 MMC-nin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 13 ünvanında olan çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 312.20 kv.m sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın, Cavabdeh3 MTK-nın xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin 545,57 kv.m sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul iddiaçıya geri qaytarılmış, həmçinin, hazırki mübahisəni həll etmək məqsədi ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olması və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi iddiaçıya izah edilmişdir. Həmin qərardaddan İddiaçı MMMC şikayət verərək, qərardadın ləğv edilməsini və iddia üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mübahisənin predmeti daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi bu halı nəzərə almadan qəbul etdiyi qərardadda qeyd etmişdir ki, “iddiaçı tərəf ləğv edilməsini tələb etdiyi çıxarışlardan irəli gələn qeydiyyatın aidiyyəti orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyindən məhkəmə hesab edir ki, işə Nəsimi Rayon Məhkəməsində deyil, aidiyyəti inzibati məhkəmədə baxılmalıdır”. Halbuki, AR Konstitusiya Məhkəməsinin məhz bu mübahisə üzrə mövqeyi ondan ibarətdir ki, AR DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Çünki hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs AR DƏDRX qarşısında qanuni tələbini irəli sürərək, müvafiq düzəlişin edilməsinə nail ola bilər və məhz bu vəzifənin icrası da AR DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı sözügedən mübahisənin məhkəmə aidiyyəti İddiaçı MMMC tərəfindən qaldırılmış iddia tələbinin mülki-hüquqi təbiətindən asılı olmaqla qanunvericiliyin tələblərinə görə məhz mülki məhkəmədə baxılmalıdır. Belə ki, daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququnu yaradır. Burada da sözsüz ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edərək, müvafiq çıxarış verir. Yəni sözügedən çıxarış məhz mülkiyyət hüququnun yaranması faktını təsdiq edir. Əmlak hüquqları ilə bağlı mübahisələrdə AR DƏDRX-nın ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi sözügedən qərardadda iddiaçı tərəfindən təqdim olunmuş mötəbər sübutlara qiymət verməmiş, heç bir əsaslı səbəb olmadan iş üzrə icraata xitam vermişdir. Halbuki, iddia tələbi aidiyyət qaydalarına tam əməl olunmaqla verilmiş, heç bir pozuntuya yol verilməmişdir. Məhz təqdim olunan sübutlar da bu faktı təsdiq edir. Məhkəmənin isə işi tam araşdırmadan əsassız şəkildə icraata xitam verməsi müddətin uzadılmasına, dolayısı ilə iddiaçının da hüquqlarının pozulmasına səbəb olur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının: 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir; 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir; 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır; 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, dövlət reyestrindən çıxarışın (mülkiyyət hüququ ilə bağlı aparılmış qeydiyyatın) ləğvi tələbinə baxılarkən ilk növbədə, dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş hüquq müəyyənedici sənədlərin hüquqi təbiətinə qiymət verilməlidir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüququ ilə bağlı qeydin aparılmasına əsas olmuş hər hansı mülki-hüquqi əqdi mübahisələndirmir. İddiaçı binanın ümumi mülkiyyətdə olmasına istinadən, onların mülkiyyət hüququnun həmin binanın zirzəmilərində yerləşən qeyri-yaşayış sahələrinə də şamil edildiyini iddia edir və bu baxımdan Daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən həmin əmlaklara münasibətdə Cavabdeh3 MTK-nın mülkiyyət hüququ ilə bağlı qeydiyyatın düzgün aparılmaması mövqeyindən çıxış edir. Qeyd edilənlər öz növbəsində iddiaya məhkəmə aidiyyəti baxımından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində deyil, məhz Bakı İnzibati Məhkəməsində baxılması əsası ilə hazırki iş üzrə icraata xitam verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aparılmış araşdırma nəticəsində haqlı olaraq iddia üzrə irəli sürülmüş tələbin inzibati məhkəmə icraatı qaydasında həll edilməli olduğunu müəyyən etmiş və bu əsasla iş üzrə icraata xitam verərək, iddiaçıya hazırki iddia ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Bu səbəbdən İddiaçı MMMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2663/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar