Məhkəmə qərarları › İş №2(103)-1525/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1525/2022

10.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1525/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqının yarısından artıq hissəsinin tutulmasına son qoyulması, əmək haqqı hesabı üzərində tətbiq olunan məhdudiyyətin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.07.2019-cu il tarixdə bankla zaminlik müqaviləsi bağlamaqla eyni tarixli kredit müqaviləsi üzrə Şükürov İbrahim İsrafil oğlunun bank qarşısındakı kredit öhdəliyinə zamin durduğunu, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün bankın kredit borcu üzrə tutmaları onun bankda olan bank hesabına (əmək haqqı kartına) yönəltdiyini və əmək haqqının 100 faizini zamin durduğu kreditin və faizlərin ödənilməsinə sildiyini, nəticədə öz yaşayış ehtiyaclarını təmin etmək imkanlarından məhrum olduğunu, halbuki “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləğinin 50 faizdən çox ola bilməyəcəyinin müəyyənləşdirildiyini, “İcra haqqında” Qanunda nəzərdə tutulan bu məhdudiyyətin Konstitusiyanın 27-ci maddəsinin 1-ci bəndindən irəli gəldiyini və insanın yaşamaq hüququ ilə birbaşa bağlı olduğunu bildirmiş, buna görə də əmək haqqı hesablarından 10.07.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə əmək haqqının 50 (əlli) faizindən çox pulun tutulmasına son qoyulması, bütün hallarda əmək haqqı hesabında tutulmalardan sonra qalan məbləğin miqdarının yaşayış minimumu məbləğindən az olmamalı olduğunun müəyyən olunması, əmək haqqı hesabları üzərində tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, Əmək Məcəlləsinin tətbiq edilməli olan 176-cı maddəsini tətbiq etmədiyini, gəldiyi nticənin işin hallarına uyğun olmadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi şikayətin əsassız olduğunu, borclunun bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi onun bankda olan hesablarından pul vəsaitlərinin borclunun sərəncamı olmadan akseptsiz qaydada silinməsi hüququnun mülki qanunvericiliyin tələblərinə tam cavab verdiyini, iddiaçı ilə bağlanmış 10 iyul 2019-cu il tarixli zaminlik müqaviləsinin 9-cu bəndində kredit müqaviləsi üzrə əsas və faiz borclarının, habelə dəbbə pulu ilə bağlı borcların zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılıq almadan) onun istənilən bank hesabından bank tərəfindən tutula (silinə) bilinəcəyinin nəzərdə tutulduğunu, akseptsiz qaydada tutulma (silinmə) barədə 10 iyul 2019-cu il tarixdə zaminin razılıq ərizəsi də imzaladığını, yəni müqavilə bağlanılarkən zaminin öz iradə ifadəsini bəyan etdiyini bildirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, Şükürov İbrahim İsrafil oğlu ilə Cavabdeh ASC arasında 10 iyul 2019-cu il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 48 ay müddətinə, illik 29,84% ödəmək şərtilə 12 500 manat kredit verilmiş, bankla İddiaçı arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən sonuncu, Şükürov İbrahim İsrafil oğlunun kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etməyəcəyi təqdirdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Həmin zaminlik müqaviləsinin 9-cu bəndinə əsasən, zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından Bank tərəfindən tutula (silinə) bilər. Apellyasiya baxışı zamanı verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçının 850 manat təşkil edən maaşı (əmək haqqı) sözügedən zaminlik müqaviləsinin 9-cu bəndinə istinadla Cavabdeh ASC tərəfindən Şükürov İbrahim İsrafil oğlunun kredit borcuna görə akseptsiz qaydada silinməkdədir; iddiaçı isə zaminlik müqaviləsini sərbəst iradəsi əsasında bağladığını mübahisələndirməsə də, həmin müqavilə əsasında maaşının yarısından artıq hissəsinin tutulmasının qanunvericiliyin tələblərinə zidd olduğunu irəli sürmüşdür. Birinci instansiya məhkəməsi iddianın rədd edilməli olduğu qənaətinə gələrkən Mülki Məcəllənin 472-ci, 474-cü, 475-ci və 390.1-ci maddələrinə əsaslanmış, Elşən Baxşəliyevin zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq müvafiq müqaviləni azad surətdə bağladığını, bankın isə müqavilə şərtlərinə uyğun hərəkət etməklə hər hansı qanun pozuntusuna yol vermədiyini vurğulamışdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil. Başqa sözlə, iddianın hansı hüquqi əsasa görə haqlı olduğunu müəyyənləşdirmək, əgər tələb əsaslıdırsa onu tam və ya qismən təmin etmək məhkəmənin vəzifəsidir. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələblərinə düzgün qiymət verilməsi üçün, mülki hüquq subyektlərinin müqavilə bağlamaq azadlığı hüququ ilə, bu hüququn həyata keçirilməsi zamanı pozulan digər hüquqların qorunmalı olması zərurəti arasındakı mütənasiblik, həmçinin müqavilələrin etibarlılığı məsələləri araşdırılmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 404-cü maddəsinə görə isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 9-cu bəndi, Cavabdeh ASC tərəfindən iddiaçının həmin bankda olan əmək haqqı hesabından onun maaşının tamamının silinməsinə əsas verən razılaşma olaraq qiymətləndirilə bilməz. Belə ki, birincisi, həmin bənddə əmək haqqının tamamının tutula (silinə) bilinəcəyi açıq şəkildə göstərilməmişdir; Mülki Məcəllənin 419.2-ci maddəsinə görə isə, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin Məcəllənin 391-ci maddəsinə görə, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır. Digər tərəfdən kollegiyanın qənaətinə görə, hətta tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 9-cu bəndi Cavabdeh ASC-nə iddiaçının həmin bankda olan əmək haqqı hesabından onun maaşının tamamını silməyə imkan verən razılaşma kimi qiymətləndirilsə belə, bu halda həmin razılaşmaya Mülki Məcəllənin 420.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddi hüquq normasına əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Nəhayət qeyd olunmalıdır ki, iddia tələbi vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqları ilə də əlaqəlidir və bu səbəblə tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin müvafiq bəndi təfsir olunarkən rəqabətdə olan sahibkar (bank)-zamin (işçi) maraqları ədalətli şəkildə uzlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ-cı hissəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır; Əmək Məcəlləsinin 176-cı maddəsinə görə isə, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Şərh olunanları, eyni zamanda iddiaçının müqavilənin müvafiq bəndini bütövlükdə mübahisələndirmədiyini, həmçinin onun iddia tələbinin həcmini nəzərə almaqla kollegiya hesab edir ki, sözügedən bənd Cavabdeh ASC-nə iddiaçının həmin bankda olan əmək haqqı hesabından iddiaçının maaşının maksimum 50 (əlli) faizini silməyə əsas verən razılaşma kimi təfsir olunmalıdır. Bununla belə kollegiya, iddiaçının “bütün hallarda əmək haqqı hesabında tutulmalardan sonra qalan məbləğin miqdarının yaşayış minimumu məbləğindən az olmamalı olduğunun müəyyən olunması” tələbini əsaslı hesab etmir. Belə ki, birincisi, iddiaçının 850 manat maaş aldığı müəyyən olunmuşdur və onun maaşından özünün razı olduğu 50 faizlik tutulma həyata keçirildiyi zaman, qalan məbləğ hazırda ölkə üzrə müəyyənləşdirilmiş yaşayış minumumundan yüksək olacaqdır; digər tərəfdən isə, əmək haqqından tutulma ilə bağlı məhdudiyyət yuxarıda qeyd olunduğu kimi Əmək Məcəlləsində təsbit olunmaqla, tərəflərin müqavilə azadlığı hüquqları ölkədə müəyyənləşdirilən yaşayış minumumu ilə şərtləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə görə isə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, iddia qaldırarkən və apellyasiya şikayəti verərkən iddiaçının ödədiyi dövlət rüsumlarının məbləğləri də cavabdeh bankdan alınaraq ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6663/2021 saylı iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı əmək haqqı hesabından 10.07.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə əmək haqqının 50 (əlli) faizindən çox pulun tutulmasına son qoyulsun və əmək haqqı hesabı üzərində tətbiq olunan məhdudiyyət müvafiq hissədə (50 faizdən artıq hissədə) aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumlarının (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 70 (yetmiş) manat Cavabdeh ASC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar