Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1526/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” 2(010)-4419/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC” qarşı “mənəvi zərərin ödənilməsi tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması, cavabdeh tərəfindən ödənişli təhsil xidmətlərin göstərilməsinə dair müqavilələrin tərtibində Dövlət dili haqqında və istehlakçıların müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunlarına riayət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu 2018-ci ildə Cavabdeh MMC”-də birinci sinifdə ümumi təhsil almağa başlamış, 2020-ci ildə həmin məktəbin 3-cü sinifində təhsilini davam etdirmişdir. 2020-ci ilin oktyabr ayında növbəti tədris ili üçün təklif olunan müqavilədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən dəyişikliyin edilməsi tələbi ilə elektron poçt vasitəsi ilə məktəbə müraciət etmiş, lakin müraciət nəzərə alınmamışdır. Beləliklə də, 2021-ci ilin yanvar ayına kimi qarşılıqlı yazışmalar davam etmişdir. Təklif olunan dəyişiliklərin edilməməsi və bununla da oğlunun təhsil almasının 2021-ci ilin yanvar ayında qanunsuz məhdudlaşdırılması istehlakçı olaraq onun hüquqlarının qanunsuz pozmaqla yanaşı oğlunun təhsil hüququnun pozulmasına səbəb olmuşdur. Oğlunun yaşını, hələ uşaq olduğunu nəzərə alaraq onun psixologiyasında gərginlik yaratmasına səbəb olacaqdır. Bundan əlavə tədris ili başlanmasından 3 ay sonra oğlunun digər bir məktəbdə təhsilini davam etdirməsi, pandemiya dövründə məktəb dəyişməsi ilə əlaqədar təşkilatçılıq və inzibati məsələlərin razılaşdırılması və həlli, eyni zamanda həmin məktəbə uyğunlaşması psixologiyasında əlavə gərginliyə səbəb olacaqdır. İstehlakçı olaraq, qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinə də müraciət olunmuş və bu müraciət araşdırılaraq Xidmət tərəfindən məktəbə müvafiq məktub göndərilmiş və orada “İstehlakçıların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqlarına malikdilər və buna təqsirli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Eyni zamanda 05 aprel 2021-ci il tarixində X2 tərəfindən məsələ ilə bağlı müraciət edilmiş və cavab məktubunda məktəb direktorunun hərəkətləri tənqid edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X3 2018-ci ildə Cavabdeh MMC-də 1-ci sinifdə ümumi təhsil almağa başlamış, 2020-ci ildə oğlu həmin məktəbin 3-cü sinfində təhsilini davam etdirmişdir. 2020-ci ilin oktyabr ayında növbəti tədris ili üçün təklif olunan müqavilədə “İstehlakçıların hüquqların müdafiəsi” haqqında və “Dövlət dili” haqqında Azərbaycan Respublikası Qanunlarına əsasən dəyişikliyin edilməsi ilə bağlı Məktəbə elektron poçt vasitəsi ilə müraciət etmişdir. Onun müraciəti nəzərə alınmamış və 2021-ci ilin yanvar ayınadək qarşılıqlı yazışmaları davam etmişdir. Son olaraq məktəb oğlunun təhsil almasını tam olaraq məhdudlaşdırmışdır. Müqavilədə təklif etdiyi tamamilə qanuni olmasına baxmayaraq Məktəbin bu dəyişikliklərdən imtina etməsi, oğlunun təhsil almasının 2021-ci ilin yanvar ayında qanunsuz məhdudlaşdırılması, istehlakçı olaraq onun hüququnu kobud şəkildə pozmaqla yanaşı oğlunun təhsil hüququnun pozulmasına səbəb olmuşdur. Oğlunun yaşını, yəni hələ uşaq olmasını nəzərə alsaq Məktəbin bu hərəkətlərinin oğlunun psixologiyasında gərginlik yaratmasına səbəb olmasını anlamaq çətin deyildir. Üstəlikdə ki, tədris ilinin başlamasından 3 ay sonra oğlunun digər məktəbdə təhsilini davam etdirməsi, pandemiya dövründə məktəb dəyişməsi ilə əlaqədar təşkilatçılıq və administrativ məsələlərin razılaşdırılması və həlli, eyni zamanda həmin məktəbə uyğunlaşması onun psixologiyasında əlavə gərginliyə səbəb olmuşdur. Onun tərəfindən “cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, məhkəmə iddia tələbini təmin etməyərək belə nəticəyə gəlmişdir ki, iddiaçının istehlakçı hüquqlarının pozulması barədə dəlilləri əsassızdır, iddiaçının uşağının təhsil xidmətlərini göstərən “Sabis Sun” məktəbindən kənarlaşdırılması müqavilə olmaması və ödəniş həyata keçirilməməsi ilə bağlı olmuşdur. Qəbul edilən qətnaməni qanuni hesab etmir və hesab edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün bütün halları tam olaraq araşdırmamış və həmin hallara qanuna müvafiq qaydada qiymət verməmişdir. Həmçinin məhkəmə iclasında üçüncü şəxs qismində izahat vermiş Azərbaycan Resublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı azyaşlı övladının təhsil almaqdan kənarlaşdırılması onun təhsil almaq hüquqlarını pozmuşdur. Bu baxımdan onun həmin məktəbə qarşı iddia tələbini Komitə əsaslı hesab edir. Bundan başqa məhkəmə iclasında üçüncü şəxs qismində izahat vermiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh olan “Sabis Sun” təhsil müəssisəsi istehlakçı olan iddiaçının göstərilən xidmətlə məlumat almaq hüquqlarını pozduğuna görə iddiaçının məhkəmədə qaldırdığı iddia əsaslıdır. Cavabdehin təqsirli hərəkətləri onun məhkəmə mübahisələrinə cəlb olunmağı, eyni zamanda övladının qarşısında olduqca əlverişsiz vəziyyətə düşməyi ona mənəvi sarsıntı və iztirab verir, cavabdehin hərəkətləri həmçinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyasına səbəb olur. Məhkəmə bu halı da nəzərə almayaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarının tələblərini pozmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci ilin oktyabr ayında növbəti tədris ili üçün təklif olunan müqavilədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən dəyişikliyin edilməsi tələbi ilə elektron poçt vasitəsi ilə məktəbə müraciət etmiş və 2021-ci ilin yanvar ayına kimi qarşılıqlı yazışmalar davam etmişdir. İddiaçı 2020-2021-ci təhsil ili üzrə nəzərdə tutulmuş müqaviləni imzalamadığına və təhsil haqqını ödəmədiyinə görə övladı həmin məktəbdə təhsil alınmasından kənarlaşdırılmışdır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.55-ci maddəsinə görə təhsil xidmətləri - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi və təhsil müəssisəsinə tələbə qəbulu ilə bağlı biliyin qiymətləndirilməsi xidmətləri, habelə təhsil müəssisələri tərəfindən məktəbəqədər, ümumi, peşə, orta ixtisas, ali, habelə məktəbdənkənar və əlavə təhsilin, beynəlxalq fənn olimpiadalarına, beynəlхalq müsabiqə və yarışlara hazırlığın təşkili, o cümlədən nizamnamələri ilə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq həyata keçirdikləri digər xidmətlər. Həmin Qanunun 40.4-cü maddəsinə görə özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.3.-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələri fəaliyyət göstərir. Həmin Qanunun 30.8-ci maddəsinə əsasən bələdiyyə və özəl ümumi təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ödənişli təhsil xidmətləri fiziki və hüquqi şəxslər arasında təhsil verilməsi ilə bağlı aralarında bağlanmış müqavilə əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu isə ona dəlalət edir ki, ödənişli təhsil xidmətlərinin göstərilməsinin hüquqi tənzimlənməsi mürəkkəb xarakter daşıyır və həmin xidmətlərin göstərilməsi təkçə təhsil haqqında qanunvericilklə deyil, həm də mülki qanunvericiliyin normaları ilə həyata keçirilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı (təhsil xidmətini alan M.Dadaşovun qanuni nümayəndəsi) cavabdehin təhsil xidmətlərinin göstərilməsinə dair müqaviləni imzalanması barədə təklifi ilə əlaqədar aşağıdakı məzmunda 13 yanvar 2021-ci il tarixdə elektron müraciət göndərmişdir. “X6 məktəbin rəhbərliyi, yazıb nəzərinizə çatdırmaq istəyirəm ki, təhsil xidmətlərinin göstərilməsi ilə ələqdar müraciətimdən təqribən 3 ay vaxt keçib. Bu gün nəhayət məktəbdən müaviləni aldım, lakin təəssüflər olsun ki eyni qrammatik səhvlərə (təhsil xidməti göstərən təşkilat üçün təəcüblü haldır) rast gəldim. 3 ay bundan əvvəl qrammatik səhvlərin düzəldilməsi və xidmət göstərən tərəfin xidmətlərin təsvirini əks etdirən, və hazırki müqavilənin 1.2 bəndində əks olunmuş müqaviləyə bu linklə keçə bilərsiniz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən istehlakçı maalların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyi hüququ vardır; 5-ci maddəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərlə, müqavilə şərtlətinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb hüququna malikdir. Bildirmək istəyirəm ki, müqavilənin olduğu vəziyyətdə imzalanması müvafiq qanunvericiliyə ziddir və qəbuledilməzdir, eyni zamanda şagirdin 3-cü gün təhsil prosesindən kənarlaşdırılması yararsız müqavilənin imzalanması üçün göstərilən təzyiq kimi görünür, və buna yol verilən bəzi əməkdaşların müvafiq məsuliyyəti artıq yaranıbdır. Yuxarıda göstərilən halları nəzərə alaraq : 1) Təhsil xidmətlərinin göstərilməsi haqında müvafiq müqavilənin qrammatik səhvləri düzəldilməsini; 2) Müqavilənin 1.2-ci bəndində əks olunan və qanunla tələb olunan göstərilən xidmətlər haqqında dolğun və düzgün məlumat təqdim olunmasını, şagirdin təhsil prosesinə dərhal qoşulması və təhsilini davam etdirilməsini təmin etməyinizi Sizdən xahiş edirəm. Hörmətlə, İddiaçı” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələbinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2.-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 410.1.-ci maddəsinə əsasən oferta üçün gecikmiş aksept yeni oferta sayılır. Həmin Məcəllənin 410.2.-ci maddəsinə görə əgər cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan fərqlənən başqa şərtlərlə bağlamağa razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır. Qeyd olunan qanunvericilik aktı normalarını sistemli təhlil edərək məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında müqavilənin bağlanması ilə bağlı yaranan münasibətlərin, xüsusən də müqavilə bağlamaq və təhsilə görə ödəniş etmək təklifini aldıqdan sonra iddiaçının müqaviləyə düzəliş edilmiş qaydada müqaviləni imzalanması barədə təklifi yeni offerta kimi qiymətləndirilməsində haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı tərəfindən ödənişli təhsilin haqqının ödənilməməsinə görə təhsil xidmətinə dair müqavilənin bağlanmaması ilə bağlı işin müəyyən edimiş hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının onun istehlakçı hüquqlarının pozulması barədə dəlilləri əsassızdır. İddiaçının övladının təhsil xidmətlərini göstərən “Sabis Sun” məktəbindən kənarlaşdırılması təhsilə görə ödənişin həyata keçirilməməsinə görə təhsil xidməti müqaviləsinin bağlanmaması ilə bağlı olmuşdur. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(010)- 4419/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1526/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1526/2022
22.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver