Məhkəmə qərarları › İş №2(103)-1527/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1527/2024

19.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1527/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və Ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4290/2023 saylı, 13 noyabr 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı 16 avqust 2023-cü il tarixli cavab məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.7ci bəndinə əsasən Bankda sığorta hadisəsinin baş verdiyi dövr üçün fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı 20.000 manatadək vəsaitlər qorunan əmanətlərə aiddir. Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən vəkillik fəaliyyəti ilə əlaqədar açılan bank hesabları qeyri-sahibkarlıq fəaliyyətinə aid olduğu üçün qorunan əmanətlərə aid edilmir.

2. Cavabdeh2 ASC-nin əmanətçiləri qarşısında öhdəliklərin reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, əmanətçi İddiaçı Bankda 76 (yetmiş altı) manat məbləğində kompensasiya məbləği mövcuddur.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və Ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı pulun ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona ödənilməli olan 76.08 manat məbləğlə bağlı iki aylıq gecikmə yarandığı üçün 1.14 manat faiz borcu hesablanmaqla, ümumilikdə cavabdeh tərəfindən ona 31.14 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, Cavabdeh2 ASC-nin 3 saylı filialında ona məxsus bank hesabı mövcud olub. Həmin bank hesabında bank ləğvetmə proseduruna daxil olmadan əvvəl 76,06 (yetmiş altı manat, altı qəpik) manat pul qalığı mövcud idi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə Günay Bank müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu (bundan sonra “Fond”) Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan Cavabdeh2da qorunan pul vəsaitləri üzrə kompensasiyaların ödənilməsi "xxxx" ASC tərəfindən həyata keçirilir. 2023-cü ilin iyun ayının sonlarında Cavabdeh2 ASC-in baş ofisinə yaxınlaşmış və sənədlərini təqdim edərək kompensasiya almaq üçün nə etməli olduğunu soruşmuşdur. Ona hesabından çıxarış təqdim olunmuş və bu çıxarışla "xxxx" ASC-yə gedib müraciət edərək kompensasiyanı ala biləcəyi bildirilmişdir. 2023-cü ilin iyul ayının 11-də o, həmin çıxarışla "xxxx" ASC-nin baş ofisinə kompensasiya almaq niyyəti ilə yaxınlaşmışdır. Lakin həmin bankda elektron sistemdə onun məlumatlarını yoxlamaqla ona bildirmişlər ki, onun hesabında 76.06 manat olduğu görünür, lakin bu məbləğin kompensasiya olunan məbləğ olmadığı qeyd olunub və buna görə də ona kompensasiya ödənilə bilməz. Həmin bankın əməkdaşları onun təqdim etdiyi sənədlərin fotoşəkillərini “Whatsapp” vasitəsilə Fondun əməkdaşına göndərdilər və əlaqə nömrəsini götürərək məsələnin araşdırılmasından sonra onunla əlaqə saxlayacaqlarını bildirmişlər. Lakin onunla "xxxx" ASC-dən hələ də əlaqə saxlayan olmayıb. Bir müddət gözlədikdən sonra, o, Fondun qaynar xəttinə (941) bir neçə dəfə zəng etmiş və ona bildirmişlər ki, o, notarius olduğu üçün ona kompensasiya ödənilməməlidir. Fondun əməkdaşlarına notarius olmadığını bildirdikdə dedilər ki, müvafiq şöbədən belə məlumat veriblər və o, ən yaxşısı Cavabdeh2 ASC-nin baş ofisinə müraciət etsin. 2023-cü ilin iyul ayının 18-də o, Cavabdeh2 ASC-nin baş ofisinə yaxınlaşmış, məsələni onlara izah etmiş və onun sənədlərinin fotoşəkilləri ondan istənilmiş və sabahkı gün ona telefon vasitəsilə məlumat verəcəklərini demişlər. 19 iyul tarixində onunla əlaqə saxlayan bank əməkdaşı bildirdi ki, hüquq məsləhəti xidmətləri göstərən şəxslərə kompensasiya ödənilmir. Daha sonra bu barədə xx.xx.2023 cü il tarixdə Fonda yazılı müraciət etmişdir. Fond xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərmişdi ki, ona məxsus bank hesabı vəkillik fəaliyyəti ilə əlaqədar açıldığı üçün qorunan əmanətlərə aid edilmir və cari hesabı vəkillik fəaliyyəti ilə bağlı açıldığı üçün həmin məbləğ ona geri qaytarıla bilməz. Halbuki, o, nə vəkillik fəaliyyəti ilə məşğuldur, nə də Vəkillər Kollegiyasının üzvü deyil və bank hesabı sahibkarlıq fəaliyyəti ilə bağlı açılmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4290/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 ASC-nin 3 saylı filialında ona məxsus bank hesabı mövcud olmuş və bank hesabında 76.08 manat məbləğində qalıq pul vəsaiti qalmış, daha sonra Bank ləğv edilmiş və ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı müraciət edilərək kompensasiyanın geri qaytarılmasını xahiş etmiş, bank tərəfindən verilən cavab məktubunda qorunan əmanət olmadığı üçün pulun qaytarılmasından imtina edilmişdir. İddiaçı həmin pul vəsaitinin, faizlərin və ödənilmiş dövlət rüsumunun ödənilməsini, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 76,08 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənildiyini qeyd edərək, həmin pul vəsaitinin müddəti ötürməklə ödənildiyi üçün yaranmış faiz borcunun və ödənilmiş dövlət rüsumunun qaytarılmasını tələb edir. Cavabdeh2 ASC-də sığorta hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixdə qüvvədə olan “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.5-ci maddəsinə əsasən Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X1 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı müraciət etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən pul iddiaçıya geri qaytarılmışdır. Göründüyü kimi qanunla müəyyən edilmiş müddət ötürülmədən kompensasiya məbləğinin iddiaçıya qaytarılması təmin edilmişdir. Bu səbəbdən də kompensasiya məbləği vaxtında iddiaçıya qaytarıldığından həmin məbləğ üzrə iddiaçının tələb etdiyi 1.14 manat faiz borcunun cavabdehdən tutulması əsassızdır. Eyni zamanda iddiaçı tərəfindən kompensasiya məbləğinin gecikdirilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia tələbi faiz borcunun qaytarılması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun qaytarılması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi faiz borcunun qaytarılması hissəsində təmin edilmədiyindən dövlət rüsumunun qaytarılması hissəsində də təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətdə göstərib ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.5-ci maddəsi xx.xx.2023-cü il tarixdə yeni redaksiyada qüvvəyə minmişdir. Belə ki, yeni redaksiyaya əsasən, kompensasiyanın əmanətçiyə ödənilməsi müddəti 30 gün olaraq müəyyən edilmişdir. Mülki Məcəllənin 7.1-ci maddəsində Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna edilərək mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi olmadığı qeyd olunmuşdur. Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində isə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların isə qüvvəsi geriyə şamil edilir qeyd edilmişdir. Ona görə də “Əmanətlərin Sığortalanması haqqında” Qanununun 28.5-ci maddəsinin yeni redaksiyası iddiaçının yazılı müraciətindən sonra qüvvəyə minsə də və qüvvəyə minən yeni redaksiyadakı tələb iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün həmin qanunun geriyə qüvvəsi mümkündür. Yəni, dəyişikliyə görə cavabdeh kompensasiyanı iddiaçıya xx.xx.2023-cü il tarixinə qədər və ya Qanunun yeni redaksiyasının qüvvəyə mindiyi tarixdən (yəni, xx.xx.2023) sonra 30 gün ərzində, yəni xx.xx.2023-cü il tarixinə qədər ödəməli idi. Həmçinin, cavabdeh iddiaçıya kompensasiyanı iddiaçının məhkəməyə müraciətindən sonra ödəmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Toğrul Surxaylı elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə iddiaçının Fonda müraciətinin xx.xx.2023-cü il tarixdə olduğu, yeni qanunla müəyyən edilmiş müddət ötürülmədən kompensasiya tələbinin icra edildiyi bildirilmiş və məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İş üzrə tərəflər məhkəmə iclasında iştirak etmədilər. Belə ki, İddiaçı elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində hazırki məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirib. Cavabdehlər Əmanətlərin Sığortalanması Fondu və LPO Cavabdeh2 ASC-nin nümayəndələri isə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. “Əmanətlərin Sığortalanması haqqında” Qanun:

Maddə 28.5(xx.xx.2023-cü ilədək qüvvədə olan redaksiyada).Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X1 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər.

Maddə 28.5(xx.xx.2023-cü ildən qüvvədə olan redaksiyada).Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 30 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X1 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 30 təqvim gününədək uzada bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

19. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. İddiaçı “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.5-ci maddəsinin xx.xx.2023-cü il tarixdə yeni redaksiyada qüvvəyə mindiyi üçün, yeni redaksiyaya əsasən, kompensasiyanın əmanətçiyə ödənilməsi müddətinin 30 gün olaraq müəyyən edildiyinə görə hazırki iddiasının Mülki Məcəllənin 7.1-ci maddəsi və Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən əsaslı hesab etsə də haqlı olmamışdır. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə o vaxt şamil edilə bilər ki, bu cür şamil edilmə başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Ona görə də, iddiaçının düşündüyü kimi qanunun geriyə şamil edilməsi gərək cavabdehin də hüquqlarını pozmasın.

22. Buna baxmayaraq, iddiaçının Fonda ilk müraciəti 21 iyul 2023-cü ildə olmuşdur. Buna görə də, dəyişikliyə görə cavabdeh kompensasiyanı iddiaçıya xx.xx.2023-cü il tarixinə qədər və ya qanunun yeni redaksiyasının qüvvəyə mindiyi tarixdən (yəni, xx.xx.2023) sonra 30 gün ərzində, yəni xx.xx.2023-cü il tarixinə qədər ödəməli olması həqiqi olsa belə, yenə də Fondun kompensasiyanın ödəniş müddətini 30 təqvim gününədək uzatmaq hüququ olmuşdur. Demək ki, cavabdeh iddiaçıya kompensasiyanı 21 sentyabr 2023-cü ildə ödəməklə gecikməyə yol verməmişdir.

23. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, i apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4290/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4290/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar