Məhkəmə qərarları › İş №2(103)-1528/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1528/2021

28.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1528/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X10, nümayəndə və Vəkil, cavabdehlər Cavabdeh, X1, X15, X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı və X11 cavabdehlər Cavabdeh, X2, X16, X6, X8, X9 qarşı «qeyriyaşayış və torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququnun təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bundan başqa, iddiaçı Cavidan İmanov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyriqanuni sahibliyinin dayandırılması, həmin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyriyaşayış sahəsinin boşaldılaraq, onun mülkiyyətinə verilməsi, mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavidan İmanovun Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və s.” tələbinə dair mülki iş İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və s.” tələbinə dair mülki işlə bir icraatda birləşdirilmişdir. Daha sonra iddiaçılar İddiaçı və Cavidan İmanov, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ərizədə adları sadalanan şəxslərin cavabdeh qismində cəlb olunmalarını və cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 66 ünvanında yerləşən torpaq sahəsinə, torpaq sahəsində olan tikililərə və 66A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə qeyri-qanuni sahibliyinin dayandırılması, onların həmin torpaq sahəsindən, orada olan tikililərdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları, torpaq sahəsinin, orada olan tikililərin və qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıların mülkiyyətinə verilməsi, onların mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № e-2(006)-1784/20) hər iki iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 66 ünvanda yerləşən 0,183340 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinin İddiaçı mülkiyyətində olması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışla təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli 36 saylı obyektin tikintisinə icazəyə əsasən İddiaçı təsisçisi olduğu «xxxx» MTK-ya yuxarıda qeyd edilən torpaq sahəsində yaşayış binasının tikintisi üçün icazə verilmişdir. İcazənin verilməsindən sonra artıq müvafiq tikinti işlərinə başlanılmışdır. Lakin Cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətçi İddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən qanunsuz istifadə etdiyindən, o, öz mülkiyyətində olan daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir və nəzərdə tutulmuş tikinti işlərinin həyata keçirilməsində süni maneələrlə rastlaşır. C.İmanovun iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 49,10 m2 qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X7 mülkiyyətindədir. Qeyd edilən qeyri-yaşayış sahəsinin X7 mülkiyyətində olması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışla təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsindən verilmiş 36 saylı, xx.xx.2019-cu il tarixli obyektin tikintisinə icazəyə əsasən iddiaçı X7 təsisçisi olduğu «xxxx» MTK-ya yuxarıda qeyd olunan ərazidə yaşayış binasının tikintisi üçün icazə verilmişdir. İcazənin verilməsindən sonra artıq müvafiq tikinti işlərinə başlanılmışdır. Lakin Cavabdeh ailə üzvləri ilə birlikdə mülkiyyətçi X7 icazəsi olmadan onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 49,10 m2 qeyri-yaşayış binasında qanunsuz yaşadığından və istifadə etdiyindən, o, öz mülkiyyətində olan daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarını həyata keçirə bilmir və nəzərdə tutulmuş tikinti işlərinin həyata keçirilməsində süni maneələrlə rastlaşır. Bu səbəbdən, hesab edir ki, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Cəbrayıl rayonundan məcburi köçkündür. Torpaqları mənfur düşmən tərəfindən zəbt edildikdən sonra məcburiyyət qarşısında qalaraq ailələri ilə birlikdə ünvan 3 ünvanda yerləşən tikililərdə ailələri ilə məskunlaşmışlar. 1993-cü ildən bu günədək həmin ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla daimi yaşayırlar. Bu illər ərzində heç kim onları narahat etməmişdir. Lakin son zamanlar o və ailə üzvləri ərazidə hündürmərtəbəli bina inşa etmək istəyən «xxxx» MTK sahibləri tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalmışlar. Belə ki, həmin şəxslər ərazidə özbaşına söküntü işləri apararaq yaşadıqları həyətə birləşik olan hasarın bir hissəsini sökmüş və qanuni istifadələrində olan torpaq sahəsinin bir hissəsini özbaşına zəbt etmişlər. Bununla bağlı o, Prezident Administrasiyasına, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə və sair aidiyyəti orqanlara müraciət etdikdən sonra söküntü işləri qismən dayandırılmışdır. Lakin, həmin «xxxx» MTK sahibləri öz qanunsuz hərəkətlərini davam etdirərək, müxtəlif vasitələrlə ona və ailə üzvlərinə təzyiqlər etməkdən belə çəkinmirlər. Gecə saatlarında belə qəsdən ərazidə ağır texnika işlədərək, evdə yaşamalarını mümkünsüz edirlər. Dəfələrlə MTK sahiblərinə bildirmişdir ki, onun yaşamağa ayrı evi yoxdur. Əlacsızlıq qarşısında qalaraq o və 9 nəfər ailə üzvü həmin evdə yaşamaq məcburiyyətindədirlər. Qeyd etdiyi kimi, o, ailə üzvləri ilə birlikdə 1993-cü ildən erməni təcavüzü nəticəsində öz doğma yurdlarından köçkün düşərək Bakı şəhəri Nəsimi rayonu K.Səfərəliyeva 26 (66) ünvanda olan ictimai tikililəri öz gücləri ilə təmir edərək, orada məskunlaşmışlar. O vaxtdan 27 il keçir. İndi oğulları ailə sahibidirlər, hərəsinin iki qız övladı var. Onlarla bir yerdə, ayrı-ayrı evlərdə yaşayırlar. Ancaq 8 aydır ki, onların rahatlığı yoxdur. Əsəbləri tarıma çəkilib. «xxxx» şirkəti süni təzyiqlərlə onlara öz ölkələrində əzab və işgəncə verir. Nəvələri qorxudan evdən çölə çıxa bilmirlər. 1993-cü il təkrar olurmuş kimi, qadınlar hər günü göz yaşları içində başa vururlar. Öz qanunsuz əməllərini ört-basdır etmək üçün şər-böhtandan istifadə edirlər. Bir sahibkar ki, qanlıqadalı dövrdə özünə sığınacaq düzəldən köçkünün komasını əlindən alıb, qazanc əldə etməyə çalışa, ondan nə gözləmək olar? Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olarmı? Cavabdeh «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» xx xxx 1999-cu il tarixli Qanunun 5-ci maddəsinə, Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları»nın 4-cü bəndinə, digər qanunvericilik normalarına istinad edərək iddiaların rədd olunmasını xahiş etmiş və eyni zamanda vəsatət təqdim edərək «xxxx» MTK-nın məsul şəxslərinin qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehlər X3, X18, X12 məhkəmə iclasında hər biri ayrı-ayrılıqda iddiaları qəbul etmədiklərini, Cavabdeh izahatına əlavələrinin olmadığını bildirmiş və məhkəmədən iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci intansiya məhkəməsində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərkən bu iş barədə rəhbərliyə məruzə etdiyini, keçirilən komissiya iclasında Cavabdeh və onun ailə üzvlərinin ev ilə (yaşayış sahəsi ilə) təmin olunması ilə bağlı məsələnin komissiyanın gündəliyinə salındığını, məsələnin tezliklə həllini tapacağını bildirmiş və buna baxmayaraq hazırkı halda iddiaların rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 66 ünvanda yerləşən 0,183340 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2017-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasportdan görünür ki, İddiaçı adına Bakı şəhəri Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 66 ünvanda yerləşən qeyri-yaşayış binasına dair müvafiq texniki pasport tərtib olunmuş, M1:500 miqyasda baş plan və digər texniki göstəricilər əks olunmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanda yerləşən 0,0063 ha torpaq sahəsi və onun üzərində olan 49.10 kv.m. qeyri-yaşayış binası X7 xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş texniki pasportdan görünür ki, X7 adına ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasına dair müvafiq texniki pasport tərtib olunmuş, M1:200 miqyasda tikintinin planı və digər texniki göstəricilər əks olunmuşdur. «xxxx» MTK-nın sədri Cavidan İmanovun Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanlarda yerləşən 0,183340 ha torpaq sahəsi və 49,10 m2 qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olmaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli 36 saylı obyektin tikintisinə icazəyə əsasən həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Lakin Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh öz ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən onlara məxsus özəl mülkiyyətdə olan qeyri-yaşayış binasında məskunlaşdığından və həmin qeyri-yaşayış binasına bitişik mülkiyyətlərində olan torpaq sahəsinin bir hissəsindən qanunsuz istifadə etdiyindən, onlar tikinti işlərini həyata keçirə bilmirlər və onlar üçün süni maneələr yaradılır. Nəticə etibarı ilə tikinti işlərini həyata keçirə bilməmələri səbəbindən, tikinti şirkəti olaraq müvafiq Dövlət qurumları, hüquqi və fiziki şəxslər qarşısında tikintinin başa çatdırılması müddəti ilə bağlı götürdükləri öhdəliklərin icra edilməsində böyük təhlükə və problemlərlə üz-üzə qalmışlar. Bu səbəbdən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə müraciət edərək, mülkiyyətlərində olan torpaq və qeyri-yaşayış sahəsində məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün olan Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış sahəsinə köçürülməsində onlara köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixli 36 saylı icazədən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ünvan 7 ünvanda yaşayış binasının tikintisinə icazə vermişdir. Tikinti sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Tikinti ərazisi barədə məlumatda bildirilir ki, həmin əraziyə (yaşayış binasının tikintisi üçün) 0,18334 ha xüsusi mülkiyyətdə, 0,62881 ha icarədə olan, cəmi 0,81215 ha torpaq sahəsi aiddir. Tikinti obyektinin sifarişçisi «xxxx» MTK-dır. Tikinti obyektinin layihəçisi «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutudur. Tikinti layihəsinə dair ekspertiza müəssisəsi rəy vermişdir. Tikinti obyektinə dair müvafiq rəylər və əlavə şərtlər alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddiaların rədd olunmasını xahiş etmiş və şikayətini iddia ərizəsinə verdiyi etirazın məzmunu ilə eyni qaydada əsaslandırmışdır. Cavabdeh, eləcə də digər cavabdehlər G.Rüstəmova, Ə.Oruclu, E.Oruclu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi Y.Nəbiyev, nümayəndə və Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehlər və onların yetkinlik yaşına çatmamış ailə üzvləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsində (üzərində olan tikililərdə) və qeyri-yaşayış sahəsində yaşayırlar, məcburi köçkün olmaqla həmin ərazidə məskunlaşmışlar. İddiaçıların tələblərinə əsasən bu hal onların mülkiyyət hüquqlarını pozmaqla yanaşı, müvafiq razılıqlar əsasında aparılacaq tikinti işlərinin və inşaatın aparılmasına maneə törədir. İddiaçıların cavabdehlərə qarşı tələbləri «qeyri-yaşayış və torpaq sahəsinin boşaldılması, mülkiyyət hüququnun təmin edilməsi» barədədir. Cavabdeh tərəf məcburi köçkün statusuna malik olmaqla digər yaşayış yerləri olmaması əsası ilə iddia tələblərinə etiraz etmişlər. Birinci instansiya məhkəməsi iddia tələblərini əsaslı sayaraq təmin etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülkİ Məcəllənin 152.1, 157.2-ci və sair maddələri, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarı, «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və sair normalarla əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehlərin məcburi köçkün kimi hansı ərazi üzrə qeydiyyatda olması, Cəbrayıl rayonundan məcburi köçkün düşərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvəqqəti yaşayış sahəsi ilə təmin olunub-olunmadıqlarını, eləcə də iddiaçıların mülkiyyət hüquqlarının yaranma əsaslarını aydınlaşdırmaq üçün apellyasiya baxışı zamanı əlaqədar orqanlara müvafiq sorğular göndərmiş və alınan cavablara əsasən müəyyən etmişdir ki, cavabdehlərin çıxarılması tələb olunan qeyriyaşayış və torpaq sahələri həqiqtən də iddiaçıların mülkiyyətindədir. Onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlər Cəbrayıl rayonundan məcburi köçkün olmaqla həmin ünvanda 1997-ci ildən kart qeydiyyatına alınmışlar. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi hallar qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iş üzrə qətnamənin cavabdehlərin Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunmaları üçün əsas olduğunu qeyd etmişdir. Qətnamə həmin hissədə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dəqiqləşdirmə apararaq hesab edir ki, cavabdehlərin hazırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmaları onlar Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlərin hazırkı qətnamə əsasında mübahisəli ünvandan çıxarılmaları onlar Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra həyata keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar