Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1529/2025 11.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli, 2(004)-1242/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, 12B ünvanda yerləşən 0,01629 ha ölçüdə torpaq sahəsi, eləcə də həmin torpaq sahəsinin üzərində 37,1 kvadrat metr daşınmaz əmlaka maddi ziyana görə 24.000 manat, cavabdehin hərəkətləri nəticəsində ona və ailə üzvlərinə əsaslandırdığı dəymiş mənəvi ziyana görə 10.000 manat məbləğində pul cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli, 2(004)- 1242/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi AR MPM-nin 35.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cavabdehin Cavabdeh MTK-nın hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti olduğundan tələbə ərazi aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi zərərin ödənilməsi ilə bağlı olsa da mahiyyətcə həmçinin mülkiyyətdə olan torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadəyə maneələrin aradan qaldırılması ilə bağlıdır. Eləcə də cavabdeh şirkətin qanunsuz hərəkətləri nəticəsində onun daşınmaz əmlakdan təyinatı üzrə istifadə edilməsində çətinliklər yaranmış və həmin əmlak Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1242/2025 saylı, 10 yanvar 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Mülki prosessual qanunvericiliyin yuxarıda sadalanan maddələrində mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuş, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə bir sıra mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növləri (müstəsna və ya müqavilə aidiyyəti və s.) nəzərdə tutulmuş, 44-cü maddəsində isə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verməli olduğu hallar göstərilmişdir. Belə ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə aid mübahisələrə yalnız mülkiyyət hüququnun tanınması, başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması barədə olduğu zaman müstəsna aidiyyət qaydaları şamil olunur, yəni iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, məhz həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) nəzərə almalıdır. Belə ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. Kollegiya hazırki münasibətlərin hüquqi təbiətinə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçının məhkəməyə müraciət etdiyi tələblər cavabdehin qanunzidd təqsirli hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Beləliklə də, məhkəmə kollegiyası müvafiq qanunvericilik normalarını iş materialları ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, hazırki mübahisənin mahiyyəti işə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılmasını istisna edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Beləliklə hazırki işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 6 yanvar 2025-ci il tarixli, 2(004)-1242/2025 saylı qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1242/2025 saylı 6 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-1529/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1529/2025
11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver