Məhkəmə qərarları › İş №2(103)-153/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-153/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-153/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə Cavabdeh iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geriyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi 12 ünvanında yerləşən evin 15 saylı mənzilinin 01.04.2015-ci il tarixdən 31.03.2016-cı il tarixədək icbari qaydada sığortalandığını, 31 oktyabr 2015-ci il tarixdə həmin binada cavabdehə məxsus 14 saylı mənzildən su çənindən 15 saylı mənzilə su axdığını, nəticədə sonuncuya maddi zərər dəydiyini, suyun cavabdehə məxsus mənzildən axmasının Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 89 saylı Mənzil-Kommunal İstismar Sahəsinin işçiləri tərəfindən tərtib edilmiş 02 noyabr 2015-ci il tarixli aktla təsdiq edildiyini, sığortalı mənzilə 525 (beş yüz iyirmi beş manat sıfır qəpik) manat ziyan dəydiyinin təsbit olunduğunu və 250 (iki yüz əlli manat) manat azadolma məbləği, habelə 1 (bir) manat sığorta məbləğinin bərpa olunması üçün ödəniş çıxılmaqla 274 (iki yüz yetmiş dörd) manat sığorta ödənişinin sığortalıya həyata keçirildiyini bildirmiş, buna görə də cavabdehdən 274 manat sığorta ödənişinin əvəzinin və 20,40 manat dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd olunmasını xahiş edən cavabdeh şikayətini belə əsaslandırmışdır ki, məhkəmə onun mənzilinin 7-ci, sığortalı mənzilin isə 8-ci mərtəbədə yerləşdiyini və aşağı mərtəbədəki mənzildən yuxarı mərtəbədəki mənzilə su axmasının mümkün olmadığını nəzərə almamış, mənzillərə baxış keçirməyərək sübutlara düzgün hüquqi qiymət verməmiş, müddəti ötürülmüş iddianı qanunsuz olaraq təmin etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, iddiaçı ASC-nin nümayəndələri isə şikayətin əsassız olduğunu, sığortalı mənzilə suyun cavabdehin su çənindən axdığını bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, X2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi 12 ünvanında yerləşən evin 15 saylı mənzili İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta olunmuş, həmin mənzilə 31.10.2015-ci il tarixdə su sızma nəticəsində 525 manat zərər dəymiş, İddiaçı Sığorta Şirkəti ASC azadolma məbləğini çıxmaqla Şövkət Hüseynovaya 274 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı şirkətin irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, X2 mənzilinə (sığortalanmış mənzilə) Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi 12 ünvanında yerləşən evin Cavabdeh məxsus 15 saylı mənzilindən su axıdılmışdır və buna görə də o, sığortalıya ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki qanunvericiliyin göstərilən müddəalarının mənasına görə, subroqosiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır – belə şəxsin müəyyən olunmaması isə subroqasiyaya əsaslanan tələbi əsassız edir. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını nəzərə alaraq və iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi sığortalının mənzilinə su sızmasının məhz Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı sığortalanmış mənzilin binanın 8-ci, cavabdehin mənzilinin isə binanın 7-ci mərtəbəsində yerləşdiyi müəyyən olunmuş, iddiaçının nümayəndəsi 7-ci mərtəbədəki mənzilin su çəninin binanın damında olduğunu və 8-ci mərtəbədəki mənzilə suyun məhz həmin çəndən axıdıldığını irəli sürdüyündən müvafiq ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin verdiyi rəylə cavabdehə məxsus 14 saylı mənzildə, yaxud binanın damında həmin mənzilə aid su çəninin mövcud olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, sığortalanmış mənzilə məhz cavabdehə məxsus mənzildən, yaxud həmin mənzilə aid su çənindən suyun sızması faktı sübuta yetirilmədiyindən, Cavabdeh iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinin yaranması qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Kollegiya məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verərək qeyd edir ki, iddia tələbləri əsassız hesab olunduğuna görə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manatın iddiaçıdan tutulması, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun isə cavabdehə aid edilməsi ədalətli hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6092/2019 saylı iş üzrə 26 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geriyə qaytarılması” tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar