Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1530/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilmiş tikiliyə istifadə hüququnun tanınması və yaşayış hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikilmiş tikiliyə yaşayış hüququnun tanınması və yaşayış hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilmiş tikiliyə istifadə hüququnun tanınması və yaşayış hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2016-cı il tarixdə cavabdeh X2 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və mübahisə predmeti olan ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-509/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulsa da yenidən nikaha daxil olmuşlar. İddiaçı mübahisə predmeti olan evdə yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilmiş tikiliyə yaşayış hüququnun tanınması və yaşayış hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları ilə birlikdə ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş və bu nikahdan Miray və Bəhlul adlı uşaqları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə gəlin köçmüşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-509/2023 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Hazırda o uşaqları ilə birlikdə yuxarıda qeyd olunan özbaşına tikilmiş fərdi yaşayış evində yaşayır və cehiz əşyaları həmin evdədir. Lakin cavabdehlər onun həmin evdə yaşamasına maneə törədirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, İddiaçı mənzilə yaşayış sahəsindən istifadə hüququn tanınmasını tələb etmək hüququna malik deyildir. Belə ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Lakin, dövlət yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından, onun mənzilə yaşayış sahəsindən istifadə hüququn tanınmasını tələb etmək hüquqları da olmamışdır. Odur ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2, 180.1, 180.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4771/2023 saylı qətnaməsinin ləğv edilməsivə iddia tələbimin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi-hüquq normaların tələblərini kobud formada pozmuşdur. Belə ki, o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilmiş tikiliyə yaşayış hüququnun tanınması və yaşayış hüququna cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etsə də, qətnamədə iddia tələbini təhrif edərək, guya onun məhkəməyə özbaşına tikiliyə istifadə hüququnun tanınması ilə bağlı iddia qaldırdığı iddia edilir. İddia ərizəsinə və qətnaməyə nəzər salarkən birinci instansiya məhkəməsi tərəfindən iddianın mahiyyətinin təhrif olunduğu açıq-aydın görünür. Analogiya qaydasında hazırki münasibətlərə oxşar münasibətləri tənzimləyən normalar vardır. Həmin normalara Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30 və 68-ci maddələri aiddirlər. Mənzil Məcəlləsinin 30-cu maddəsi fıziki şəxslərin mülkiyyətində olan yaşayış sahələrindən, 68-ci maddəsi isə sosial kirayə müqaviləsi üzrə dövlət və bələdiyyə mənzil fonduna aid yaşayış sahələrindən istifadə ilə bağlı qaydaları nəzərdə tutur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 18 yaşına qədər uşaqların evdən çıxarılmamasını istəyir. Qızı nikahdan çıxmışdı, sonra yenidən nikaha girdi. Maneə dedikdə qayınanasının qızını incitməsi, döyməsi və şər atmasıdır. Qayınana özünü döyür, sonra polisə şikayət edir. Bunun də səbəbi iddiaçını evdən çıxarmaqdır. Qızını incidirlər, döyürlər, təhqir edirlər. İddia təmin olunsa qızı orada yaşaya bilər. 2016-cı ildə qızı həmin evə köçüb.
11. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, 2022-ci ildə ailədə olan söz-söhbətlərə görə iddiaçı ilə boşanıb. Övladlarına görə göz yumub, yenidən onunla nikah bağlayıb. İddiaçı evə 2016-cı ildən gəlib. Evin kommunal ödənişləri dayısının adınadır. Yenidən boşanmaq üçün müraciət edəcək. İddiaçının ailəsinin çoxlu evi var. Amma ondan yenə pul almaq istəyirlər. Bütün olanlara dözə-dözə, evində yaşaya-yaşaya, aliment ödəyə-ödəyə yenidən onunla barışıb. Onu haqsız yerə polisə də veriblər. Hazırda iddiaçının ev tələb etməyə haqqı yoxdur. İddiaçının anası ona deyib ki, ananı evdən çıxar, qızı rahat yaşasın. Binəqədi rayonu, Sulutəpə qəsəbəsində həyət evində, özbaşına tikilidə yaşayırlar. Həmin yerdə ya 2007, ya da 2008-ci ildən yaşayırlar. İddiaçı 2016-cı ildə köçüb. İddiaçı evə köçəndə ev tam hazır idi. İddiaçıya maneə odur ki, guya ona deyir ki, evdən çıx. Bələdiyyə sənədləri də dayısının adınadır. İddiaçıya qarşı zorakılıq edilməyib. Özbaşına tikili onun deyil, dayısının mülkiyyətindədir. Onun evi yoxdur. Alimenti də ödəyir. Ondan iddiaçı nə tələb edir bilmir.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, iddiaçı hazırkı iddiasında onun uşaqları ilə birlikdə ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasını xahiş edir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, İddiaçı yaşayış sahəsindən istifadə hüququnun tanınmasını tələb etmək hüququna malik deyildir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin halları və ona tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı düzgün qənaətə gəlməmiş, habelə tələbin ikinci hissəsinə, yəni maneənin aradan qaldılması tələbinə ümumiyyətlə qiymət verməmişdir.
22. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və mübahisə predmeti olan ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin nikahı pozulmuş, sonradan yenə nikaha daxil olmuşlar. İddiaçı hazırda da sözügedən evdə yaşayır.
23. İşin faktiki hallarından o da müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və hüquqlar dövlət qeydiyyatından keçməmişdir. Abonent saldosundan, kommunal bildirişlərdən və "xxxx" ASC-nin A015430 saylı arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 0048, 0140 saylı mənzilə aid kommunal ödənişlər Cavabdeh2 adına və X5 adınadır. Cavabdeh izahatında bildirir ki, Asim Osmanov onun dayısıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan ev özbaşına tikili olduğundan və iddiaçı 2016-cı ildə nikaha daxil olaraq evdə yaşamağa başladığından hazırki münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinə müvafiq olaraq dəyərləndirmə aparılmalıdır.
25. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının köçüb yaşadığı ev özbaşına tikilidir və həmin evə dair kommunal ödənişlərlə bağlı sənədləşmə iddiaçının qayınanasının və cavabdehin bildirdiyi kimi cavabdehin dayısının adınadır.
26. İddiaçı apellyasiya şikayətində bildirir ki, onun tələbi istifadə hüququnun deyil, yaşamaq hüququnun tanınmasıdır.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, evdə yaşamaq hüququ özü özlüyündə evdən istifadə etmək hüququdur. İşdən də müəyyən olunur ki, mübahisə predmeti olan ev özbaşına tikili olsa da onunla bağlı kommunal ödənişlər iddiaçının qayınanası olan Cavabdeh2 adınadır. Bu halı digər cavandeh də təsdiq edir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh2 ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından hazırki iddia tələbi əsassızdır.
29. Belə ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. (§12)
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.”
31. Sadalanan qanunvericilik aktlarından görünür ki, mülkiyyətçinin ailə üzvlərinə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Eyni zamanda “digər qohumlar” anlayışı altında isə Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər nəzərdə tutulur.
32. Ailə Məcəlləsinin 15-ci fəsli nəzərdən keçirilərkən müəyyən edilir ki, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələrini saxlamaq, nəvələrin baba və nənəni saxlamaq, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, qayınananın gəlinini saxlamaq vəzifəsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
33. İddiaçının mübahisə predmeti olan fərdi yaşayış evindən istifadə ilə bağlı cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, yaşamaq hüququna yaradılan maneənin aradan qaldırılması tələbinə işə baxan məhkəmə ümumiyyətli qiymət verməmişdir.
35. İddia ərizəsində yaşamaq hüququna yaradılan maneə dedikdə iddiaçının nəyi nəzərdə tutması müəyyən edilmir. Çünki müəyyən olunduğu ki, iddiaçı həmin evdə yaşayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, maneə dedikdə qayınanasının qızını incitməsi, döyməsi və şər atmasıdır. Qayınana özünü döyür, sonra polisə şikayət edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu hissədə tələbi heç bir sübuta əsaslanmamaqla əsassızdır.
37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4771/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun uşaqları ilə birlikdə ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə iddia tələbi təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunmalıdır.
38. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4771/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun uşaqları ilə birlikdə ünvan 1 ünvanında özbaşına tikilmiş fərdi yaşayış evinə yaşayış hüququnun tanınması və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev