Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1531/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Rövşən Əhmədov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru Rövşən Əhmədov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4573/2022 saylı 06 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə 14 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC iddiaçıya istehlak məqsədləri üçün 52 ay müddətinə illik 25 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit vermiş, İddiaçı krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddət və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin hər səhifəsi ilə yanaşı, 24-cü bəndində də ünvan və rekvizitləri göstərilməklə “borc alan” qismində müqaviləyə imza etmişdir.
2. Maliyyə arayışına görə borclunun xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 637.37 manat, 20 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 4927,38 manat məbləğində borcu vardır.
3. Tələbkar icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) borc məbləği barədə notariusun icra qeydinin aparılmasına dair borcluya xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli bildiriş göndərmişdir.
4. “Regoin Ekspress”in 025592 nömrəli qaiməsindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən İddiaçı ünvanına xx.xx.2019, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərində göndərilmiş bildirişdə “ünvan bağlıdır” qeyd edilmişdir.
5. 23.01.2020-ci il tarixli ərizə ilə "xxxx" ASC icra qeydi əsasında borcun tutulması barədə Bakı şəhəri 14 saylı Notariat Kontoruna müraciət etmişdir.
6. xx.xx.2020-ci il tarixli 8İ-975 nömrəli icra qeydinə görə "xxxx" ASC-nin xeyrinə İddiaçı 161-11.06 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4907,38 manat, ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 4927,38 manatın tutulması nəzərdə tutulmuşdur.
7. xx.xx.2020-ci il tarixli qərarla Nəsimi rayon İcra şöbəsinin icra məmuru Rüfət Şıxəliyev tərəfindən Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-975 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişə əsasən borclu İddiaçı icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir.
8. Elektron portaldan çıxarışla müəyyən edilir ki, borclu İddiaçı adına heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir.
9. "xxxx" ASC-nin Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, borclu İddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 4927.38 manat məbləğində borcun tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Kontorunun xx.xx.2020-ci il tarixli, reyestrdə 8İ-975 nömrə ilə qeyd edilmiş İcra qeydinin icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmişdir. Sözügedən icra sənədi üzrə heç bir ödəniş aparılmamış və borcun qalığı bu günə 4927.38 manat təşkil edir. Əldə olunmuş məlumata əsasən borclu İddiaçı hal-hazırda "xxxx" MMC-də (VÖEN: **********, hüquqi ünvanı: AZ1007, ünvan 2 işləyir. Digər məcburi icra ödənişləri ilə yanaşı, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2, 63-65-ci maddələrinin tələblərini rəhbər tutaraq, icra sənədini borclunun əmək haqqından birdəfəlik və ya vaxtaşırı tutmalar aparılması üçün iş yerinə göndərməsini, tutulacaq vəsaitin bank rekvizitlərinə (ASAN-3 şöbəsi, filial kod: 805089, müxbir hesab: AZ03NABZ********************, SWİFT code: İBAZAZ2X) köçürülməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı 4907.38 manat borc və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-975 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi borclunun əmək haqqısına yönəldilməsi üçün "xxxx" MMC-yə göndərilərək İddiaçı əmək haqqısından hər ay 50% məbləğində tutulması və tutulan məbləğin bilavasitə tələbkar "xxxx" ASC-nin hesabına köçürülməsi, bundan sonra “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən borcludan tutulmalı pul məbləğinin 7% həcmində icra ödənişinin (344.91 AZN) borcludan tutulub Nəsimi rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsi təklif olunmuşdur. Tutulma başa çatdıqda icra vərəqəsində tutulmalar haqqında qeyd aparılmalı və mühasibin imzası və idarənin möhürü ilə təsdiq edildikdən sonra dərhal icra qurumuna qaytarılması qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən cavabdeh "xxxx" ASC-nin xeyrinə verilmiş ondan 4927,38 manat pulun tutulmasına dair xx.xx.2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeydə alınmış icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ASC ilə arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehdən 5000 manat qədər kredit götürmüş, lakin həmin kreditin böyük bir hissəsi geri qaytarılmışdır. Buna baxmayaraq cavabdeh ona qarşı Bakı şəhəri 14 Saylı Notariat Kontoru vasitəsi ilə xx.xx.2020-ci il tarixli İcra qeydini tərtib etdirib və ondan 4907 manat pulun ödənilməsi tələb olunur. İcra qeydindən Nəsimi rayon İcra şöbəsində 2022-ci ilin sentaybr ayında məlumatlı olmuşdur. Həmin icra qeydi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması səbəbilə ləğv olunmalıdır. ASC-dən 5000 manat kredit alsa da, həmin kreditin böyük bir hissəsini geri qaytarıb, lakin cavabdeh yenə 4907 manat pul tələb edir. Bundan başqa «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarının 161-ci bəndinin 3-cü hissəsində deyilir ki, “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir”. Belə bir bildiriş ona göndərilməyib, qeyddən təkcə Nizami Rayon Məhkəməsindən ona bildiriş gəldiyi vaxt xəbər tutmuşdur.
13. Sorğu əsasında daxil olmuş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunun 8İ-975 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, İddiaçı cəmi 4927.38 manat borc tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İcra qeydi xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və bildiriş tərəfə göndərilmiş, lakin könüllü müddət ərzində tələb borclu tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF sistemi vasitəsilə borclu İddiaçı mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakın olmadığı müəyyənləşdirilmişdir. İcra zamanı müəyyən olunmuşdur ki, iş üzrə borclu İddiaçı "xxxx" MMC-də çalışır. Nəsimi rayon İcra şöbəsi tərəfindən tələbkar "xxxx" ASC-nin xeyrinə göstərilən borcun tutulmasını təmin etmək məqsədilə sözügedən idarəyə xx.xx.2022-ci il tarixdə borclu İddiaçı əmək haqqından tutulması barədə məktub göndərilmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 dekabr 2022-ci il tarixli 2(006)-4573/2022 saylı qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin edilmiş, "xxxx" ASC-nin xeyrinə İddiaçı 4927,38 manat pulun tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən aparılmış 24 yanvar 2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh "xxxx" ASC iddiaçının öhdəliyinin icrasının təmini məqsədilə İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) borc məbləğinin mocud olması barədə və 20 gün müddətində həmin borc ödənilmədiyi halda notariat icra qeydinin aparılması üçün müraciət ediləcəyi barədə xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli bildiriş göndərsə də İddiaçı həmin bildirişi faktiki əldə etməmişdir və bununla da, iddiaçı onun banka borclu olmasına dair məbləği mübahisələndirə bilməmiş və bu hüquqdan məhrum olmuşdur. Eyni zamanda xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli bildirişdə İddiaçı banka 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) məbləğdə borcun mövcud olması qeyd edilsə də icra qeydi 4907.38 (əsas borc üzrə 4269.61, faiz borcu üzrə 637.37 manat) məbləğə dair aparılmışdır, yəni belə olan halda bildiriş iddiaçıya çatdırıldığı təqdirdə də, notarius borcun mübahisəsiz olduğuna əmin ola bilməzdi. Bundan əlavə məhkəmə sorğusuna əsasən əldə edilmiş “İcra qeydi”nin aparılmasına dair notariat işində bankın (tələbkarın) “Notariat icra qeydi haqqında” ərizəsi istisna olmaqla başqa sənəd aşkar edilməmişdir, deməli belə çıxır ki, notariusa ümumiyyətlə ərizədən başqa heç bir sənəd təqdim edilməmiş və bununla belə icra qeydi aparılmışdır. Hazırki iş üzrə iş materiallarında olan qaimədən görünür ki, bildiriş iddiaçının ünvanın bağlı olması səbəbindən çatdırılmamışdır. Beləliklə iddiaçının kredit müqaviləsi ilə yaranan öhdəliklərə mübahisənin olubolmaması müəyyələndirilməmiş, yəni iddiaçı icra qeydinin verilməsi barədə ümumiyyətlə məlumatsız olmuş, cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən borcun məbləğinin mübahisəsiz olduğunu araşdırmadan "xxxx" ASC-nin xeyrinə İddiaçı 4927,38 (dörd min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat pulun tutulmasına dair aparılmış 24 yanvar 2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydi aparılmışdır.
16. Məhkəmə tərəfindən qeyd edilmişdir ki, Bakı şəhəri notariat fəaliyyəti baxımından vahid ərazi olduğundan icra qeydinin Bakı şəhəri Nəsimi rayonu ərazisində aparılması qanun pozuntusu hesab edilməməlidir. Belə ki, həm icra qeydini verən notariat ofisinin yerləşdiyi Nəsimi rayonu, həm də borclunun qeydiyyatda olduğu Nizami rayonu Bakı şəhərinin inzibati ərazi vahidləridir, Bakı şəhəri isə notariat fəaliyyəti baxımından vahid dislokasiya ərazisi sayılır. İcra qeydini vermiş notariat orqanının rəsmi adından da göründüyü kimi (Bakı şəhəri 14 saylı Notariat Ofisi) o, Bakı şəhərinin hər hansı bir rayonuna təhkim edilməmişdir və onun fəaliyyəti Bakı şəhərinin bütün ərazisini əhatə edir. Bundan başqa, icra qeydinin Bakı şəhəri daxilində bu və ya digər notariat ofisi tərəfindən aparılması borclunun mahiyyət üzrə hüquqlarına təsir etmir.
17. Məhkəmə gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77, 88, 119.1, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apelyasiya şikayətində göstərilmişdir ki, bildiriş poçt vasitəsilə şəxsin DİN-in BPQMİnin MAPS şöbəsi tərəfindən verilmiş sənədə əsasən rəsmi qeydiyyatda olduğu ünvanına göndərilmiş, həmin ünvan tərəflər arasında bağlanmış müqavilədə də borclunun həm rəsmi, həm də faktiki ünvanı kimi qeyd edilmiş, həmçinin borclunun işlək nömrəsi də əlavə edilmişdir, belə ki, həmin nömrə vasitəsilə əməkdaşları tərəfindən borcluyla əlaqə saxlanılmış, dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. Lakin poçt xidməti vasitəsilə məktub “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Borclunun ünvanını dəyişdirdiyi halda kreditora bu barədə məlumat verməsi onun öhdəliyidir. Nəsimi Rayon Məhkəməsinin qətnaməsində bildirişdə və icra qeydində əsas və faiz borclarının fərqli olması halı mübahisə olduğunu müəyyən edən hal kimi göstərilmişdir. Bildirişdə xx.xx.2019-cu il tarixinə olan borc qeyd edilmişdir, icra qeydi isə xx.xx.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən çıxarılmışdır. Birinci instansiyada mühasibatlıq ekspertizası keçirilməklə verilmiş məbləğin düzgün olubolmaması məsələsinə də qiymət verilə bilərdi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz ünvanlayaraq, apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası “Notariat haqqında” Qanunu
23. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat
24. Maddə 161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
25. Maddə 162. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya hesab edir ki, məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
35. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli, həmin bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.
36. Baxılan iş üzrə isə müəyyən edilmişdir ki, bildiriş göndərilsə də bildiriş borclunun ünvanının bağlı olması səbəbindən sonuncuya çatdırılmamışdır, buna baxmayaraq notariat ofisi tərəfindən icra qeydi aparılmışdır.
37. Belə olan halda məhkəmə haqlı olaraq o qənaətə gəlmişdir ki, bildiriş göndərilsə də iddiaçı həmin bildirişi faktiki əldə etməmişdir və bununla da, iddiaçı onun banka borclu olmasına dair məbləği mübahisələndirə bilməmiş və bu hüquqdan məhrum olmuşdur. Eyni zamanda xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli bildirişdə iddiaçının banka 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) məbləğdə borcun mövcud olması qeyd edilsə də icra qeydi 4907.38 (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 637.37 manat) məbləğə dair aparılmışdır, yəni belə olan halda bildiriş iddiaçıya çatdırıldığı təqdirdə də, notarius borcun mübahisəsiz olduğuna əmin ola bilməzdi. Bundan əlavə məhkəmə sorğusuna əsasən əldə edilmiş “İcra qeydi”nin aparılmasına dair notariat işində bankın (tələbkarın) “Notariat icra qeydi haqqında” ərizəsi istisna olmaqla başqa sənəd aşkar edilməmişdir, notariusa ümumiyyətlə ərizədən başqa heç bir sənəd təqdim edilməmiş və bununla belə icra qeydi aparılmışdır.
38. Göründüyü kimi icra qeydi verilərkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməmişdir.
39. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4573/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.