Məhkəmə qərarları › İş №2(103)-1531/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1531/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1531/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1531/2025 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, X1, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7632/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə 25 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehlər iddiaçılara məxsus əmlakı qəsdən məhv etmək və zədələmək məqsədi ilə əlbir olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə gəlmiş, evin qarajında olan İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə benzin tökərək yandırmışlar. Bakı Hərbi Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 1-1(093)- 12/2023 nömrəli hökmü ilə əməldə cinayət hadisəsi olmadığına görə cavabdehlər olan təqsirləndirilən şəxslərə bəraət verilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-14/2024 nömrəli 22 avqust 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.

3. Cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair rəydən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 17.200 manat müəyyən edilir

4. iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi yaşayış evinə dəymiş ziyan 19.383 manat müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə vurduğu zərərə görə 20.000 manat ziyan məbləği və 10.000 manat mənəvi ziyan məbləğinin müştərək qaydada tutularaq ümumi 30.000 manat pulun İddiaçı1 ödənilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu zərərə görə 17.200 manat zərər məbləği və 10.000 manat mənəvi ziyan məbləğinin, ümumi 27.200 manatın müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Yusifov X7 Anar Rövşən oğlu ilə birlikdə cinayət əlaqəsinə girərək 27 oktyabr 2017-ci il tarixində, saat 02 raddələrində İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evi və İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili yandırmışlar. Qeyd edilən faktlar Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-14/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli hökmü ilə təsdiqini tapır. Cavabdehlər törətdikləri əmələ görə Bakı Apellyasiya Məhkəməsinin 1- 1(103)- 14/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilərək təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, digər təqsirləndirilən şəxs Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Cavbdehlərin əməli nəticəsində İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə 20.000 manat zərər, İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 17.200 manat zərər vurmuşlar. Bundan əlavə cavabdehlərin əməli nəticəsində İddiaçı1 10.000 manat mənəvi ziyan, İddiaçı2 10.000 mənəvi ziyan vurulmuşdur. Qeyd olunan halları nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə vurduğu zərərə görə 20.000 manat ziyan məbləği və 10.000 manat mənəvi ziyan məbləği tutularaq İddiaçı1 ödənilməlidir. Bundan əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 17.200 manat zərər məbləği və 10.000 manat mənəvi ziyan məbləği tutularaq İddiaçı2 ödənilməlidir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 noyabr 2024-cü il tarixli 2(011)-7632/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərərə görə 19.383 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 20.383 (iyirmi min üç yüz səksən üç) manat pul müştərək qaydada tutularaq İddiaçı1, maddi zərərə görə 17.200 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 18.200 (on səkkiz min iki yüz) manat pul müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi, İddiaçı1 ödədiyi 261 manat dövlət rüsumunun 86,13 manatı iddiaçının özünə aid edilsin, qalan 174,87 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər tərəfindən iddiaçılara məxsus əmlaklara ziyan dəyməsi işin mübahisə edilməyən halıdır. Qeyd olunan hal iş materiallarında olan hökmlərlə də öz təsdiqini tapır.

9. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində yerləşən 50/2A saylı fərdi evinə vurulmuş maddi ziyanın iş materiallarında olan qiymətləndirmə hesabatına əsasən dəymiş ziyan 19.383 manat həddində müəyyən edilməlidir.

10. Digər İddiaçı2 məxsus “Mersedes Bens E240” markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan olaraq cavabdehlərdən 17.200 manat pulun cavabdehlərdən tutulmasına münasibətdə məhkəmə hesab etmişdir ki, cinayət işinin istintaqı zamanı keçirilmiş ekspert tədqiqatı nəticəsində həmin avtomobilə 17.200 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Bu hissədə iddia əsaslıdır.

11. Mənəvi ziyan tələbinə aid hissədə məhkəmə göstərmişdir ki, cavabdehlərin törətdiyi cinayət əməlinə görə iddiaçıların mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvipsixoloji vəziyyətə düşməsi, bu halın onların şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği İddiaçı1 münasibətdə 1000 manat, İddiaçı2 münasibətdə 1000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2-ci maddələri, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”ya, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh1 şəxsən məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməmişdir, o məhkəməyə dəvət olunmamışdır, məhkəmədə dinlənilməmişdir, ifadə verməmişdir. O, xx.xx.2024-cü il tarixdə məhkəmə zalından həbsə alınaraq həmin vaxtdan indiyədək Bakı şəhəri, Binə qəsəbəsi, 9 Saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə tərəfindən bildirişlər Cavabdeh1 qeydiyyatda olduğu ünvüna göndərilmiş və ailəsi tərəfindən qəbul edilmişdir. Məhkəmə isə qətnaməsində qeyd etmişdir ki, Cavabdeh1 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası CMnin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsi ilə bağlı 1-1(103)-14/2024 saylı cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin hökmündən tərəfindən kassasiya şikayəti verilmişdir və iş hazırda AR Ali Məhkəməsinin icraatındadır. Elektron məhkəmə sistemindən alınmış rəsmi məlumatlara əsasən kassasiya şikayətinə xx.xx.2025-ci il tarixə baxılacaqdır. Apellyasiya məhkəməsinin ittiham hökmü şikayətlə kassasiya qaydasında icraata qəbul edillib baxılmağa təyin edildiyi üçün AR MPM-nin 254.1.4-cü maddəsinə əsasən icraatın təxirə salınması və ya dayandırılması məsələsi barədə cavabdehin nümayəndəsinin-atasının vəsatətlərinə baxılmamışdır. Cavabdeh onu məhkəmədə onu təmsil etmək üçün öz atası X3 cəzaçəkmə müəssisəsinin müdriyyətinin təsdiq etdiyi etibarnamə vermiş və atası-nümayəndə qismində məhkəmədə iştirak etmişdir. Lakin qətnamədə bu barədə heç bir qeyd yoxdur. Ali Məhkəmə hökmü ləğv edərək işi apellyasiya baxışına qaytaracağı və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvəsində saxlayacağı təqdirdə hazırkı qətnamənin icrası mümkün olmayacağı nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 22.Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 23.Maddə 362.3.3. azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 25.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 26.Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 73.1 Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 29.Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir. 30.Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 31.Maddə 74.2. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

35. Maddə 7.0.12. Kassasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir. 36.Maddə 407.2. Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. 37.Maddə 412.7. Məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarından kassasiya şikayəti, yaxud kassasiya protestinin verilməsi onların icrasını dayandırmır.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki işdə iddia tələbi qismən təmin edilmiş və qətnamə iddiaçılar və Cavabdeh2 tərəfindən mübahisələndirilməmişdir. Qətnamədən yalnız Cavabdeh1 şikayət vermişdir.

41. Odur ki, qətnamə həmin şikayətə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1- 1(103)-14/2024 nömrəli 22 avqust 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 186.2.2 və 32.3, 187.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətinə, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 187.1-ci maddələri təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.

44. Qeyd edilən cinayət işi üzrə zərərçəkmişlərə – iddiaçılara ayrı-ayrılıqda 17.200 manat və 19.383 manat maddi ziyan dəyməsi müəyyən olunmuşdur.

45. İşə baxan birinci instansiya məhkəməsi iddiaçılara dəymiş mənəvi zərərin məbləğini hər iddiaçıya münasibətdə 1000 manat müəyyən etmişdir.

46. Maddi və mənəvi zərərin məbləği iddiaçılar və cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən Kollegiya həmin hissədə qətnaməyə münasibət bildirməyi zəruri hesab etmir.

47. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilini icraatın təxirə salınması və ya dayandırılması məsələsi barədə cavabdehin nümayəndəsinin-atasının vəsatətlərinə baxılmaması və məhkəmə iclasının yeri vaxtı barədə ona məlumat verilməməsi təşkil edir.

48. Kollegiya cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə tərəfindən bildiriş göndərilmişdir.

49. Bundan sonra cavabdehin səlahiyyətli nümayəndəsi olan atası X4 hətta icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir.

50. İş materiallarına əlavə edilmiş 9 saylı Cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş, reyestrdə 99 № ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən Cavabdeh1 atası X6 Mülki Prosessual Məcəllənin 47 və 74-cü maddələrində təsbit olunmuş hüquqlarını həyata keçirməyi etibar etmişdir.

51. Etibarnamə 2 il müddətinə verilməklə, xx.xx.2026-cı il tarixindək qüvvədədir.

52. Göründüyü kimi cavabdeh nümayəndəsi vasitəsi ilə məhkəmədə təmsil edilmişdir.

53. Kollegiya cavabdehin digər dəlilinə münasibətdə qeyd edir ki, mülki işin icraatının dayandırılması barədə cavabdehin nümayəndəsinin vəsatəti məhkəmənin xx.xx.2024cü il tarixli iclasında müzakirə edilmiş və təmin edilməmişdir.

54. Qeyd edilən məsələ birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclas protokolunda öz əksini tapmışdır.

55. Cavabdehin qeyd etdiyi dəlillər iş materialları ilə inkar olunur.

56. Şikayətdə qeyd edilən “Ali Məhkəmə hökmü ləğv edərək işi apellyasiya baxışına qaytaracağı və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bəraət hökmünü qüvvəsində saxlayacağı təqdirdə hazırkı qətnamənin icrası mümkün olmayacağı nəzərə alınmamışdır” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin cinayət işi üzrə qərarı yekun məhkəmə aktı elan edildikdən dərhal sonra qanuni qüvvəyə minir.

57. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılması həmin hökmün icrasını dayandırmır.

58. Göründüyü kimi, cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qanuni qüvvəsini artıq almışdır. Cavabdehin şikayətdə qeyd etdiyi dəlil isə gələcəyə söykənən real əsası olmayan fərziyyədir. Belə ki, yekun məhkəmə qərarından verilən kassasiya şikayətinin, əlavə kassasiya şikayətinin, yeni açılmış hallar və i.a. hüquqi mexanizmlərin nəticəsini gözləmək məhkəmə icraatının əsassız yubanmasınna gətirib çıxaracaq amildir.

59. İddianın əsasını təşkil edən qeyd edilən hökm gələcəkdə hər hansı qaydada ləğv edilməsinə səbəb ola bilən hüquqi mexanizmlər olduğu kimi, hazırki qətnamənin ləğvi ilə bağlı qanunverici maraqlı şəxslərə belə hüququ tanıyır.

60. Bununla belə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1- 1(102)-8/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixdə çıxarılmış qərarın nəticəvi hissəsinə dair çıxarışa əsasən kassasiya şikayəti və ya kassasiya protesti geri götürülmüşdür.

61. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7632/2024 nömrəli iş üzrə 04 noyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar