Məhkəmə qərarları › İş №2(103)-1537/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1537/2021

25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1537/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "Cavabdeh1" MMC-yə qarşı “xalis mənfəətin bölüşdürülməsi və ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-1409/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "Cavabdeh1" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən 2014-2015-ci illərə görə Cəmiyyətin xalis mənfəəti üzrə ona 122.125,90 manat pulun (pay) tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 1409/2020 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmayaraq, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə görə məhkəmə tərəfindən qanunsuz və əsassız qərardad qəbul edilmişdir. O, MMC-yə və təsisçilərə mənfəətin bölüşdürülməsi məsələsinə baxılması üçün yazılı bildiriş göndərsə də, ümumi yığıncaq çağırılmamış və mənfəət bölüşdürülməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə işin icraatına xitam verilmiş, lakin Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işin icraatına xitam verilməmişdir, ona görə də məhkəmənin bu hissədə qənaəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 vəkili-nümayəndəsi şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3721/2019 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə X1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 MMC-yə qarşı "xalis mənfəətin bölüşdürülməsi və ödənilməsi" tələbinə dair mülki işin icraatına mənfəətin bölüşdürülməsi məsələsi ümumi yığıncağın qərarı ilə həll edilməli olduğundan və bununla bağlı birbaşa məhkəməyə müraciət edilə bilmədiyindən xitam verilmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qanunvericiliyin tələbinə əsasən MPM-in 261-ci maddəsində nəzərdə tutulan hallardan hansı ilə əlaqədar olmasından asılı olmayaraq əgər işin icraatına xitam verilmişdirsə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə ilə yenidən məhkəməyə müraciət edilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçının eyni tələbinə məhkəmə tərəfindən baxılmış və iş üzrə icraata xitam verilmişdir. Bundan başqa iddiaçı şikayətində göstərmişdir ki, MMC-yə və təsisçilərə mənfəətin bölüşdürülməsi məsələsinə baxılması üçün yazılı bildiriş göndərsə də, ümumi yığıncaq çağırılmamış və mənfəət bölüşdürülməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, bu hal əvvəlki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edilməsinə əsas vermir, əgər müraciət etməsinə baxmayaraq, yenə də ümumi yığıncaq çağırılmamışdırsa, belə olan halda iddiaçı digər məzmunda (ümumi yığıncağın keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və s.) iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1409/2020 saylı mülki iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar