Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1539/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyan ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində AMX-2540/19 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İBnın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-6 markalı mexaniki qaz sayğacı quraşdırılmışdır. İddiaçının əməkdaşları tərəfindən cavabdeh barəsində xx.xx.2021-ci il tarixli ******* saylı (1728 manat), xx.xx.2022-ci il tarixli ******* saylı (2851,20 manat) aktlar tərtib olunmuş, cəmi 4579,20 manat məbləğində maddi zərər hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 4253 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manatın və 66,53 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4719,53 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3233/23 saylı iş üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Cəfərzadə) iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş zərərə görə 537,92 manat məbləğində dəymiş zərərin və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin adına olan **********00000 nömrəli abonent saldosundan görünür ki, cavabdeh tərəfindən ödənişlər aparılmışdır. Həmin ödənişlərdən aktlar əsasında hesablanmış və sayğac göstəriciləri əsasında hesablanmış borcların bir qismi çıxıldıqdan sonra onun hazırda 4253,12 manat borcu qalmışdır. Cavabdehin abonent saldosuna aktlar əsasında yazılmış cəmi borcun 4579,2 manat təşkil etməsi nəzərə alındıqda müəyyən olunur ki, hazırda cavabdehin yalnız tərtib edilmiş aktlar əsasında borcun qalması mümkündür. Hazırda borcun 4253,12 manat təşkil etməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılmış ödənişlər nəticəsində aktlar əsasında hesablanmış borcdan 326,08 manat hissəsi (4579,2 manat - 4253,12 manat) silinmişdir. Qeyd olunanlara əsasən məhkəmə, cavabdeh tərəfindən əlavə xətt vasitəsilə qazdan istifadə edilməsi nəticəsində itirilmiş qazın dəyərinin 864 manat məbləğində müəyyən edilməsini və cavabdeh tərəfindən aparılmış ödənişlərə görə iddiaçı tərəfindən aktlar əsasında dəymiş ziyana görə 326,08 manat məbləğində pulun çıxılmasını nəzərə alaraq hesab edir ki, vurulmuş ziyanla bağlı cavabdehdən 537,92 manat (864 manat - 326,08 manat) məbləğində pul tutulmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20, 21.1, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.5-1-6.5-4, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, iddianın tam təmin edilməsini və qarşılıqlı iddianın rədd olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir, bununla yanaşı “qüsurlu” sübut kimi dəyərləndirilməsinə əsas vermir. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Əslində abonentin iki il ərzində 189 manatlıq təbii qaz istehlak etməsi məhkəmədə şübhə yaratmalı idi və bundan da məlum olur ki, məhkəməyə təqdim olunmuş sübutlar tam obyektiv və hərtərəfli araşdırılmamışdır. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər (iddiaçı və cavabdeh) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
11. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunu
15. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
16. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
17. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
18. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi və istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır.
19. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
20. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
21. Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
22. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı təm həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən edib maddi hüquq normalarını düzgün tətbiq etsə də, borcun təmin olunan hissəsinə münasibətdə məbləği düzgün müəyyən etməmişdir.
26. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında yazılmış aktlardan birincisini (xx.xx.2021-ci il tarixli ******* saylı akt) mübahisələndirmədiyini, 1500 manat borcun ödənilməsinə razı olduğunu bildirmişdir.
27. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında cavabdehə 1728 manat borc hesablanmışdır.
28. MPM-in 106.3-cü maddəsinin tələbinə görə isə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmək vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclas protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh izahatında xx.xx.2021-ci il tarixli ******* saylı aktı mübahisələndirmədiyini və həmin akt əsasında hesablanmış borcu etiraf etməklə iddiaçını həmin hissədə iddianı sübut etmək vəzifəsindən azad etmişdir. Digər akt əsasında abonentdən tələb olunan borcun mövcudluğunu sübut etmək vəzifəsi isə artıq iddiaçının üzərinə düşür. İddiaçı isə həmin hissələrdə tələbini sübuta yerinə yetirə bilməmişdir.
30. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
33. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və cavabdehdən iddiaçının xeyrinə tutulan borcun məbləği 1728 manat müəyyən edilməlidir.
34. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 537,92 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə tutulan borcun məbləği 1728 (min yeddi yüz iyirmi səkkiz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.