Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1540/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-1287/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların səhvi nəticəsində əsassız cinayət təqibinə məruz qaldığına görə maddi ziyanın əvəzi kimi 5000 manat və mənəvi ziyanın əvəzi kimi 100000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, hər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs şikayət verərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İddiaçı ona qanunsuz verilmiş ittihamla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş, həmin ittihamı əsas götürən keçmiş əri X4 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahdan olan övladları ataları X2 yanında saxlanılmışdır. Beləliklə, cinayət prosesini həyata keçirən orqanların səhvi nəticəsində iddiaçı uzun müddət işsiz qalmış, vaxtının çoxu istintaq orqanı və məhkəmələrdə keçdiyinə görə işləməyə imkan tapmamış, aylıq məvacibdən məhrum olmuşdur. Bundan əlavə, o, hüquqi yardıma görə xərc çəkmiş, habelə mənəvi zərərə məruz qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 1287/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 1000 manat məbləğində pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə münasibətdə təmin edilməmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, digər tərəfdən həmin Məcəllənin 1114-cü maddəsinin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzi ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə qarşı reqres hüququ vardır. Məhkəmənin qətnaməsi ilə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmiş, həmin vəsaitin sonradan dövlət büdcəsinə qaytarılması barədə heç bir izah verilməmişdir. Bundan əlavə qətnamədə qeyd olunanlarla bağlı hər hansı faktlar göstərilməmiş, eyni zamanda məhkəmədə hər hansı sübut tədqiq olunmamışdır. Bu baxımdan məhkəmənin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı, habelə cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-1287/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 1(007)-46/2018 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, hər ay qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən narazı qalan təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(103)-998/2019 saylı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ləğv edilərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bəraət almış şəxsin maddi və mənəvi zərərin əvəzini almaq hüququ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrində də təsbit edilmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində İddiaçı qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə İddiaçı bəraət verilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. İddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması və məhkum olunması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərərin əvəzi ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını qismən təmin etməklə vurulmuş mənəvi zərərin əvəzinin ağlabatan məbləğdə ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Maliyyə Nazirliyinin apelyasiya şikayətində iddiaçının mənəvi zərərə məruz qalması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyi halda, məhkəmənin iddia tələbini həmin hissədə əsassız olaraq təmin etməsi qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuş və son nəticədə bəraət almış şəxsin mənəvi zərərə məruz qalması barədə məhkəməyə hansı sübutu təqdim etməli olması ümumiyyətlə anlaşılan deyil. Maliyyə Nazirliyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini nəzərə almamasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin maddənin hazırkı işə heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətində qeyd olunan məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı olduğuna görə belə kateqoriyadan olan işlər üzrə cavabdeh qismində Maliyyə Nazirliyi cəlb olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 1287/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1540/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1540/2021
09.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver