Məhkəmə qərarları › İş №2(103)-1540/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1540/2024

13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1540/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X4, Cavabdeh3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmündən görünür ki: 1.Cavabdeh4 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmişdir. 3. Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmişdir. 4. Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-04/2019 saylı qərarından görünür ki, Cavabdeh2 əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilərək həmin məcəllənin 179.3.2 və 308.2-ci maddələri ilə qismən toplanmaqla ona qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(102)-767/2019 saylı qərarından görünür ki, Cavabdeh4 dələduzluq əməli Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və həmin məcəllənin 179.3.2 və 308.2-ci maddələri ilə qismən toplamaqla qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. LPO İddiaçı ASC tərəfindən verilmiş arayışdan görünür ki, bank tərəfindən yazılı xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamış, hökm çıxarıldığı tarixdən xx.xx.2023-cü il tarixədək 110.189,53 (bir yüz on min bir yüz səksən doqquz manat, əlli üç qəpik) manat məbləğində dəymiş ziyandan cavabdehlər tərəfindən banka heç bir ödəniş edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin cinayət əməlləri nəticəsində 110.189,53 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 400,19 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmünə əsasən İddiaçı ASC-nin X17 sabiq müavini Cavabdeh4, bankın “Gəncə” filialının sabiq müdiri Cavabdeh2, həmin filialın sabiq mühasibi Cavabdeh3 və həmin filialın sabiq xəzinədarı Cavabdeh1 bankda işlədikləri dövrdə vəzifəli şəxs kimi qulluq mövqelərindən sui-istifadə edərək qabaqcadan əlbir olmaqla külli miqdarda mənimsəmə, külli miqdarda dələduzluq və vəzifə saxtakarlığı cinayətlərini törətmişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə Cavabdeh4 kassasiya şikayəti qismən təmin edilmiş və Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzarə alınmış, sonuncunun cəzası azaldılmış, qalan hissələrdə isə əvvəlki hökm və qərar dəyişilmədən saxlanılmışdır. Cavabdeh4 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Digər cavabdehlər barəsində isə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək onlara təyin edilmiş cəzalar şərti hesab edilmişdir. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 bankın “Gəncə” filialının müştərisi olan borclu kreditorların kredit xəttlərindən saxta kassa məxaric orderləri, ödəniş qəbzləri, saxta kredit sənədləri hazırlamaqla ümumilikdə 110.189,53 manat məbləğində pul vəsaitini şəxsi məqsədlər üçün istifadə edərək banka külli miqdarda ziyan vurmaqla özgəsinin əmlakını mənimsəmişdirlər. Bu günə qədər həmin məbləğdə dəymiş ziyan cavabdehlər tərəfindən banka ödənilməmişdir. Bank tərəfindən yazılı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamış, cavabdehlər tərəfindən banka heç bir vəsait qaytarılmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 saylı, 20 aprel 2023cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 67.000 (altmış yeddi min) manat iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2106 (iki min yüz altı) manat iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 18000 (on səkkiz min) manat, 7000 (yeddi min) manat, 16083,53 (on altı min səksən üç manat, əlli üç qəpik) manat olmaqla, cəmi 41.083,53 manat və dövlət rüsumuna görə ödənilmiş 400,19 (dörd yüz manat, on doqquz qəpik) manat tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmü üzrə verilmiş apellyasiya şikayətləri təmin olunmamış, yalnız “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı təqsirləndirilən şəxslər törətdikləri əməllərdə təqsirli bilinərək bəzi epizodlar üzrə külli miqdarda sözləri xeyli miqdarda sözləri ilə əvəz edilmiş, həmçinin bəzi epizodlar üzrə xeyli miqdarda sözləri hökmdən xaric olunmuşdur. Məhkəmə hesab etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Hazırki halda iddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia verməkdə haqlı olmuşdur. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alıb, qeyd olunanları və iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab etmişdir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 törətdiyi cinayət əməlləri nəticəsində İddiaçı ASC-yə ümumilikdə 110189,53 manat məbləğində pul vəsaitini iddiaçıdan qanunsuz olaraq ələ keçirmələri, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan bu hal işin mübahisəsiz halıdır. Lakin iddia tələbində qeyd olunan məbləğin cavabdehlər arasında müştərək qaydada bölünməsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya dəymiş zərərin pul ilə ifadə olunan dəyəri cavabdehlərin törətdiyi cinayət əməllərində faktiki iştirakına uyğun hesablanaraq tutulmalıdır. Məhkəmənin hökmündən göründüyü kimi, bankın tələbində qeyd etdiyi Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə, həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakçı olsalar da Cavabdeh1 iştirakçı kimi keçməmişdir. Bundan başqa bankın müştərisi Aygün Dadaşovadan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş cəmi 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iştirakçı olsalar da Cavabdeh3 iştirakçı kimi keçməmişdir. 18000 manat məbləğində ziyan vurulmasına dair əməldə, 7000 manat məbləğində ziyan vurulmasına dair əməldə və 16083,53 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 faktiki olaraq iştirak etmişlər. Beləliklə də müəyyən edilmişdir ki, 16083,53 manat, 18000 manat və 7000 manat olmaqla, cəmi 41.083,53 manat məbləğində ziyan vurulmasına dair əməllərdə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məsuliyyət daşıyırlar. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada ümumi məbləğ deyil, onların hər birinin faktiki iştirakına uyğun olan məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 180.2, 180.3, 217.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə eləcə də “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin bankda işləyən müddətdə bankda olan bütün məsələlər haqqında bank rəhbərliyinin məlumatı olmuşdur. Bankda işləyən Cavabdeh4 də bankın rəhbər şəxslərindən biri olmuşdur, şəxsən Gəncə filialına kuratorluq etmişdir və bankda olan bütün çatışmazlıqlara bir baş özü cavabdehdir. Aparılan bütün istintaq dövrlərində də Cavabdeh4 mənimsənilən pulların hamısını özü etiraf etmişdir. Həmin pulları mənimsəmiş olsa idi yəqinki o da Cavabdeh4 kimi hal-hazırda məhkumluq həyatı yaşayırdı. Lakin mənimsənilən pullarda bank işçisi kimi onun da imzaları olduğuna görə Gəncə Ağır Cinayətlər məhkəməsi ona şərti cəza verməklə azadlıqda saxlamışdır. Bu da o, anlama gəlir ki, tərəfindən pul mənimsənilməmiş, sadəcə vəzifə saxtakarlığı etmişdir. Belə olana halda Xəzər rayon məhkəməsi qət etdiyi qətnamədə hansı əsasa məbləği müştərək qaydada yox, kimin harada imzası varsa ona da həmin məbləği müəyyən edir. Hesab edir ki, Cavabdeh4 sənədlərin heç birində imzası olmamışdır, lakin məhkəmə qətnaməsində onun da üzərinə pul yazılmışdır. Bu iş başdan düzgün araşdırılmamışdır. Bütün bu oyunların qurbanı olmuşdur. Etiraf edir ki, səhlənkarlıq etmiş, kimlərəsə şərait yaratmışdır ki, pulları mənimsəsin, lakin tərəfindən bankın heç bir pulu mənimsənilməmişdir. Ona görə də hesab edir ki, bu iş doğru-düzgün araşdırılmamış və onun barədə əsassız olaraq pul ödəməyi barədə qətnamə qət edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatora aid hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı: İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Cinayət Prosessual Məcəllə: 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 180.3. Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli Hökmü ilə müəyyən edilir ki, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən 29 sentyabr 2010-cu il tarixli 014/1 F/S, 014/2 F/S və 014/3 saylı ipoteka müqavilələrinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 adına illik 24 faiz ödəmək şərti ilə açılmış 100000 manat məbləğində kredit xəttindən istifadə etməklə pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərinə istifadə üçün müvafiq sənədlər tərtib etməklə rəsmiləşdirərək Vüsal İsgəndərovun məlumatı və razılığı olmadan, bankın kompyuter əməliyyat sistemində müvafiq məlumatların məzmununa yalan məlumatların daxil edilib kredit xəttinin müddətinin uzadılması barədə xx.xx.2012-ci il, xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixli ərizələr və eyni tarixli kredit xətti müqaviləsinə əlavə razılaşmalar hazırlamaqla kredit xəttindən Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 (altmış yeddi min) manat pul vəsaitini öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, etibar olunmuş özgə əmlakını külli miqdarda mənimsəmə yolu ilə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməlləri ağır nəticələrə səbəb olmuşdur (Hökmün 3-cü səhifəsi). Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən bankın “Gəncə” filialının xəzinəsində olan nağd pul vəsaitini şəxsi işlərində istifadəsi üçün filialda sənədi olan şəxslərdən birinin adına müvafiq saxta sənədlər əsasında kredit kimi sənədləşdirilib pulların götürülərək ona göndərilməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh3 tərəfindən 2010-cu il tarixdə X7 filialda olan şəxsiyyət vəsiqəsinin surətindən istifadə olunmaqla sonuncunun məlumatı və razılığı olmadan bankın kompyuter əməliyyat sistemində müvafiq məlumatların məzmununa yalan məlumatların daxil edilib guya ona 18000 (on səkkiz min) manatın ödənilməsinə dair xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və eyni tarixli 4551/04 saylı xəzinə məxaric orderi tərtib edilməklə həmin rəsmi sənədlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən imzalanmaqla rəsmiləşdirilib həmin saxta rəsmi sənədlərlə qanunsuz olaraq filialın xəzinəsindən sonuncu tərəfindən götürüldükdən sonra həmin məbləği Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar (Hökmün 6-cı səhifəsi, 2-ci abzası). Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2 və Cavabdeh1 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən xx.xx.2014-cü il tarixli 002F saylı kredit müqaviləsi əsasında bankın “Gəncə” filialından X5 adına verilmiş 19500 (on doqquz min beş yüz) manat məbləğində pul kreditinin ödənişindən ötrü qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh1 tərəfindən müştəri Aygün Dadaşovadan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş o cümlədən xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 556 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 650 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 700 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə alınmış 600 manatın 200 manatı, cəmi 2106 manat məbləğində pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, rəsmi sənəd hesab olunan yuxarıda qeyd edilən qəbzlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir (Hökmün 6cı səhifəsi, 3-cü abzası). Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq bankda işləyərkən xx.xx.2009-cu il tarixli 010 H saylı kredit müqaviləsi əsasında bankın “Gəncə” filialından "xxxx" MMC-nin direktoru X9 adına verilmiş 100000 (yüz min) manat məbləğində pul kreditinin ödənişindən ötrü qəbul edilmiş pul vəsaitinin müəyyən hissəsini şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən sonuncunun göstərişi ilə Cavabdeh1 tərəfindən müştəri Xalis Ələsgərovdan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş o cümlədən xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2014-cü il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manatı, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat, xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə 1000 manat və Cavabdeh3 tərəfindən müştəri Xalis Ələsgərovdan xx.xx.2015-ci il tarixli nömrəsiz saxta qəbzlə qəbul edilmiş 1000 manat olmaqla cəmi 7000 manat məbləğində pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə etibar olunmuş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, rəsmi sənəd hesab olunan yuxarıda qeyd edilən qəbzlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir (Hökmün 6-cı səhifəsi, 4-cü abzası). Bundan başqa, Cavabdeh4 digər iştirakçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə qabaqcadan əlbir olaraq xx.xx.2014-cü il tarixli 003F saylı kredit müqaviləsi əsasında bankın “Gəncə” filialından X3 adına verilmiş 19000 (on doqquz min) manat məbləğində kredit vəsaitinin ödənişi kimi filialın xəzinəsinə qəbul edilmiş 16083,53 manatın mədaxil olması barədə məlumatları bankın informasiya resurslarında görərək həmin vəsaitin şəxsi işlərində istifadəsi üçün müvafiq saxta rəsmi sənədlər tərtib etməklə sənədləşdirilib ona göndərməsi barədə Cavabdeh2 verdiyi tapşırığa əsasən Cavabdeh3 tərəfindən kreditor Şəfiqə İsmayılovanın bacısı X8 xx.xx.2014-cü ildə filialın xəzinəsinə ödədiyi bankın sisteminə daxil edilmiş 16083,53 manatın ödənişinə dair məlumatlar bankın kompyuter əməliyyat sistemindən pozulmaqla Cavabdeh1 tərəfindən qanunsuz olaraq xəzinədən götürülmüş 16083,53 manat pul vəsaitini Cavabdeh2 alıb öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə etibar olunmuş külli miqdarda özgə əmlakını mənimsəməklə təkrarən talamış, bununla da öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib bankın müştərilər qarşısında etibarlılıq baxımından nüfuzuna, bankın effektliyi, etibarlılığı və digər keyfiyyət göstəriciləri üzrə nüfuzuna xələl gətirən həmin hərəkətləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmuş, tamah niyyəti ilə bilə-bilə informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəliş etməklə vəzifə saxtakarlığı törətmişdir (Hökmün 7-ci səhifəsi, 2-ci abzası). İş materialları ilə həmçinin müəyyən edilir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmü üzrə verilmiş apellyasiya şikayətləri təmin olunmamış, yalnız “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı təqsirləndirilən şəxslər törətdikləri əməllərdə təqsirli bilinərək bəzi epizodlar üzrə külli miqdarda sözləri xeyli miqdarda sözləri ilə əvəz edilmiş, həmçinin bəzi epizodlar üzrə xeyli miqdarda sözləri hökmdən xaric olunmuşdur. Göründüyü kimi Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı məhkəmə aktı qanuni qüvvəsini almış və hazırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Həmçinin iddiaçı LPO İddiaçı ASC tərəfindən cinayət mühakimə icraatı zamanı mülki iddia verilmədiyindən, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, qanuni qüvvəsini almış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmündən görünür ki, bankın tələbində qeyd etdiyi Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə, həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakçı olsalar da Cavabdeh1 iştirakçı kimi keçməmişdir; bundan başqa bankın müştərisi Aygün Dadaşovadan ayrı-ayrı vaxtlarda kreditin ödənişi kimi qəbul edilərək filialın xəzinəsinə mədaxil edilməmiş cəmi 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iştirakçı olsalarda Cavabdeh3 iştirakçı kimi keçməmişdir; 18000 manat məbləğində ziyan vurulmasına dair əməldə, 7000 manat məbləğində ziyan vurulmasına dair əməldə və 16083,53 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 faktiki olaraq iştirak etmişlər. Beləliklə də müəyyən edilmişdir ki, 16083,53 manat, 18000 manat və 7000 manat olmaqla, cəmi 41.083,53 manat məbləğində ziyan vurulmasına dair əməllərdə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3, 67000 manat məbləğlə bağlı əməldə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3, 2106 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya dəymiş zərərin pul ilə ifadə olunan dəyəri cavabdehlərin törətdiyi cinayət əməllərində faktiki iştirakına uyğun hesablanaraq tutulmalıdır. Cavabdeh3 isə apellyasiya şikayətində səhlənkarlıq etməklə, pulları mənimsənilməsi üçün kimlərəsə şərait yaratmasını etiraf etmiş, lakin tərəfindən bankın heç bir pulunun mənimsənilmədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, bankda işləyən Cavabdeh4 də bankın rəhbər şəxslərindən biri olmuşdur, şəxsən Gəncə filialına kuratorluq etmişdir və bankda olan bütün çatışmazlıqlara bir baş özü cavabdehdir. Aparılan bütün istintaq dövrlərində də Cavabdeh4 mənimsənilən pulların hamısını özü etiraf etmişdir. Həmin pulları mənimsəmiş olsa idi yəqinki o da Cavabdeh4 kimi hal-hazırda məhkumluq həyatı yaşayırdı. Lakin mənimsənilən pullarda bank işçisi kimi onun da imzaları olduğuna görə Gəncə Ağır Cinayətlər məhkəməsi ona şərti cəza verməklə azadlıqda saxlamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, hazırki iş üzrə preyudisial əhəmiyyətə malik (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir) Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 may 2017-ci il tarixli 1(088)-12/2017 saylı hökmü ilə, bankın tələbində qeyd etdiyi Vüsal İsgəndərovun adına 50000 (əlli min) manat məxaric olunmasına dair xx.xx.2012-ci il tarixli 1406/04 nömrəli və 17000 (on yeddi min) manatın məxaric olunmasına dair xx.xx.2013-cü il tarixli 5654/02 saylı xəzinə məxaric orderləri tərtib edərək saxta imza etməklə, həmin saxta rəsmi sənədlər əsasında qanunsuz olaraq filialın xəzinəsindən götürülmüş cəmi 67000 manat məbləğlə bağlı əməldə eləcə də 18000 manat məbləğində ziyan vurulmasına dair əməldə, 7000 manat məbləğində ziyan vurulmasına dair əməldə və 16083,53 manat məbləğində ziyan vurulmasına dair hissə ilə bağlı əməldə həmçinin Cavabdeh3 faktiki olaraq iştirak etmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən edilməli olduğundan həmçinin zərərin əvəzi məhz zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğundan birinci instansiya məhkəməsi də mübahisələndirilən hissədə, yəni, Cavabdeh3 aid hissədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində aparılan bütün istintaq dövrlərində də Cavabdeh4 mənimsənilən pulların hamısını özü etiraf etməsini bildirsə də digər tərəfdən səhlənkarlıq etməklə, pulları mənimsənilməsi üçün kimlərəsə şərait yaratmasını etiraf etməsi faktı da onu deməyə əsasə verir ki, Cavabdeh3 qeyd olunan əməllərə faktiki iştirak etmişdir. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya şikayətinin – “həmin pulları mənimsəmiş olsa idi yəqinki o da Cavabdeh4 kimi hal-hazırda məhkumluq həyatı yaşayırdı” dəlilinə münasibətdə qeyd edir ki, həmin hala qiymət verilməsi mülki məhkəmə icraatının deyil, məhz cinayət mühakimə icraatının predmeti olmuş və o törətdiyi əməllərə görə məhkumluq həyata yaşamasa da, qanunvericiliyə uyğun qaydada itiham olunduğu maddələr üzrə təqsirli bilinərək cəzasını almışdır. Həmçinin qeyd edilməlidir ki, cinayət mühakimə icraatı zamanı da Cavabdeh3 qeyd olunan əməllərdə iştirak etməsi müəyyən edilmişdir ki, bunu təkzib edən mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərcləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1055/2023 saylı, 20 aprel 2023cü il tarixli qətnaməsi apellyatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar