Məhkəmə qərarları › İş №2(103)-1541/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1541/2021

03.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1541/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı Ağayev Tariyel Həmzə oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3298/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ağayev Tariyel Həmzə oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC tərəfindən çıxarılmış elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə xx xxxx 2020-ci il tarixli 007036 saylı aktın ləğv olunması və ona məxsus ünvana hesablanmış 2485,53 manat məbləğində borcun hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 yerləşən ünvanda cavabdeh tərəfindən tərtib olunan və elektrik enerjisinə görə yaranan borcu göstərən qəbz göndərilmişdir. Qəbzdəki məbləğ adətən ay ərzində istifadə olunan elektrik enerjisinin məbləğindən dəfələrlə yüksək olmuşdur. Bu səbəbdən Bakı şəhəri, Yasamal RETSİ-yə müraciət etmişdir. Bundan sonra oradan ona bildirmişlər ki, guya yoxlama nəticəsində həmin ünvana quraşdırılmış sayğacda müdaxilə aşkar edilmişdir. Sonradan ona akt təqdim etmişlər. Həmin aktdan məlumatı olmamışdır. Onu dəvət etməyərək özbaşlarına akt tərtib etmişlər. Əgər müdaxilə vardırsa onda onun özü də dəvət olunmalı idi. Bu qüsur onun diqqətinə çatdırılmalı idi. Lakin cavabdeh idarə buna əməl etməmişdir. Eyni zamanda aktdan göründüyü kimi hal şahidlərinin iştirakı da aktdan görünmür. Sayğac kənarda quraşdırılmışdır. Həmin sayğaca görə hər hansı məsuliyyət daşımır. Eyni zamanda akt tərtib olunarkən qanunvericiliyin də tələblərini pozmuşlar. O, sayğaca hər hansı müdaxilə etməmişdir. Hər hansı kənar xətdən istifadə etməmişdir. Sayğac kənarda yerləşdiyindən sayğacın plombunun olmaması və hər hansı bir müdaxilə kənar şəxslər tərəfindən də edilə bilər. Həmin sayğaca kim tərəfindən müdaxilə edilməsi, bəlkə də hər hansı bir müdaxilənin ümumiyyətlə olmaması sual altında olduğu halda cavabdehin həmin müdaxiləyə görə məsuliyyəti onun üzərinə qoyması və buna görə də əsassız borcun hesablanması qanunsuz hesab edilməlidir. Hesab edir ki, qanunvericilik aktı normalarına əsasən, sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdeh məsuliyyət daşıdığından, o, cümlədən onun təqsiri müəyyən olunmur. Sayğac vaxtında yoxlanılmalı idi. Bu qədər əsassız borcun onun üzərinə qoyulması əsassızdır. Yuxarıda göstərilənlərə əsasən, “xxxx” ASC tərəfindən çıxarılmış elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə xx xxxx 2020-ci il tarixli 007036 saylı aktın ləğv olunması və ona məxsus ünvana hesablanmış 2485,53 manat məbləğində borcun hesablanmasının qanunsuz hesab edilməsi və həmin borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3298/2020 saylı, xx xxxxxxxx 2020-ci il il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən “elktrik sayğacı dövrədən kənarlaşdırılıb, sayğacın şıxış faza xəttinin izəlasiyası pozularaq 0.4 kvt-luq PQ-dən sayğac qidalandıran eyni adlı Faza xətti ilə süni şuntlanmışdır” qüsurunun aşkar edildiyi, aktlaşdırma aparılaraq iddiaçıya 2485,53 manat borc hesablandığı, məhkəmənin isə bu hala qiymət verməyərək borcu əsassız olaraq sildiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməlirinin səbəbləri barədə məhkəmə məlumat verməmiş, buna görə də kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixli, 007036 saylı aktdan görünür ki, E.E.İ.Q-ya uyğun baxış apararkən 17058433 seriya nömrəli elektrik sayğacı sxemdən kənarlaşdırılmışdır. Belə ki, sayğacın çıxış “Faza” xəttinin izolyasiyası pozularaq 04 kvt-luq PQ-dən sayğacı qidalandıran eyni adlı Faza xətti ilə süni şuntlanmışdır. İş materiallarında olan abunə kodu **********20410 olan abunə haqqında sənəddən görünür ki, xx.xx.2020-ci il tarixə iddiaçı Tariyel Ağayevə akta əsasən 2485,53 manat əlavə ödəniş hesablanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icra vərəqindən görünür ki, xx.xx.2020ci il tarixli, 007036 saylı akta əsasən aşkar edilmiş qüsur üzrə (5,94 kvt x 12 saat x 512 gün) – 8878 kvts = 27617 kvts hesablanmış və sxemin bərpa edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya akt əsasında hesablanmış borcun əsassız olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan “xxxx” ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış 2485,53 manat borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir; çünkü cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçının yaşadığı evin elektrik enerjisi ilə təchizatı üzrə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilmiş olduğu və onun təqsirliliyi sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə cavabdeh “xxxx” ASC iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də, aktın tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin kollegiya tərəfindən xx.xx.2020- ci il tarixli 007036 saylı aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005- ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət edilmədən tərtib edildiyi müəyyən edilmişdir. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı iddiaçının (abonentin), eləcə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3298/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş döblət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar