Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1542/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun nümayəndəsi və vəkili eyni zamanda İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “STUDY LAB" MMC-ə qarşı “maddi və mənəvi zərərin ödənilməsi”, Cavabdeh MMC-nin İddiaçı1 qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6726/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-ə müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 manatın, application fee-yə görə ödənilmiş 371 (üç yüz yetmiş bir) manat pulun, mənəvi ziyana görə 10000 AZN (on min manat), hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 300 AZN (üç yüz manat) və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat, cəmi 11.622 AZN (on bir min altı yüz iyirmi iki manat) pul məbləğinin Cavabdeh MMC tərəfindən tutularaq onlara, yəni İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında 25 yanvar 2021-ci il tarixli, 158 saylı xaricdə təhsil xidmətlərinin göstərilməsi ilə bağlı xidmət müqaviləsi imzalanmışdır. 25 yanvar 2021-ci il tarixli, 158 saylı xidmət müqaviləsinə görə müqavilə üzrə sifarişçi xaricdə təhsil xidmətlərinin göstərilməsini sifariş verib, icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə bu müqavilənin 3.2-ci (İcraçının vəzifələri) bəndində qeyd olunan vəzifələri yerinə yetirməyi öz öhdəsinə götürür. Bağlanılmış müqavilənin 4.3-cü bəndinə əsasən 25 yanvar 2021-ci il ildə depozit olaraq 2300 AZN (iki min üç yüz) olan müqavilə dəyərini 40%-i, yəni 920 AZN (doqquz yüz iyirmi manat) Cavabdeh MMC-ə ödənilmişdir. Bundan başqa universitetlərə müraciətin qeydiyyat rüsumu (aplication fee) üçün də nəzərdə tutulan məbləğ ödənilərək, ümumilikdə tərəfindən 1291 AZN (min iki yüz doxsan bir manat) ödəniş edilmişdir. O, Cavabdeh MMC-ə müraciət edərkən Kanada WEST və Kanada York universitetləri, “insan resurslarının idarə olunması” (HR-X4) ixtisasına qəbul üçün razılıq vermiş və müraciət etmişdir. 23 aprel 2021-ci il tarixdə isə ona Kanada West universitetindən MBA Hazırlıq kursları + “biznesin idarə olunması” (MBA Foundation Courses+ Master of Business Administration) magistr proqramı üzrə şərtli qəbul təklif edilmişdir. Şərti qəbul təklifinə əsasən, 3 aylıq hazırlıq müddəti nəzərdə tutulmuşdur. Təklifdə əyani şəkildə universitetə qəbul üçün onun MBA hazırlıq kursunu tamamlamalı olduğu göstərilmişdir. Qeyd edir ki, bu proqram üçün tərəfindən heç bir halda “STUDY LAB" MMC-ə razılıq verilməmişdir. Eyni zamanda 25 yanvar 2021-ci il tarixli, 158 saylı müqavilədə də nəzərdə tutulmadığı aşkardır. Göründüyü kimi, işlədiyi ixtisas üzrə qəbul təklifi almadığı kimi, həm də hazırlıq kursu (foundation) barədə razılığı olmadığı halda həmin proqram üzrə təklif almış, yəni, “STUDY LAB" MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. 158 saylı, 25.01.2021-ci il tarixli Müqavilənin 3.2,-ci bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyət daşıyır. Həmin Müqavilənin 4.10-cu bəndinə əsasən, icraçı müqavilədə nəzərdə tutulan xidmətləri yerinə yetirə bilmədiyi halda və heç bir təhsil müəssisəsindən qəbul, daxili təqaüd gəlmədikdə alternativ variantlar təklif olunur, Sifarişçi buna razı olmadığı halda, ödənilən tam məbləğ Sifarişçiyə 30 iş günü müddətində geri qaytarılır. Lakin ona heç bir ödəniş olunmamış, mövcud vəziyyəti dəyişmək üçün hər hansı bir alternativ yollar təklif olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində ona yalnız maddi ziyan dəyməmiş, həmçinin mənəvi olaraq da ziyan dəymiş, psixi iztirablar keçirməsinə səbəb olmuşdur. Hazırda o, istədiyi universitet və ixtisas üçün nəzərdə tutduğu şəkildə qəbul imkanından məhrum olmuşdur. Təhsili barəsində planları və arzuları təxirə salınmalı olmuşdur. Hesab edir ki, cavabdeh şirkətin əsas vəzifəsi düzgün konsultasiya vermək və tələbələrin arzularını yerinə yetirmək olmalı idi. Şirkətin öz öhdəliklərinin icrasına laqeydliyi onun kimi daha bir çox tələbənin xaricdə təhsil imkanına təhlükə yaradır. Bundan əlavə ən əsası qeyd olunan müqavilə onunla yox anası İddiaçı2 ilə imzalanmışdır. Bu isə bir daha şirkətin nə qədər öz işinə məsuliyyətsiz yanaşmasını göstərir. Yəni müqavilədəki imza anasına məxsusdur. Birinci instansiya məhkəməsi icraatı zamanı iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı1 qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, ‘‘STUDY LAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanılmış 158 saylı 25.01.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1.380 manat, vəkillə müqavilənin bağlanması üçün ödənilmiş 1.040 manat, 46 manat ödənilmiş dövlət rüsumu, sənədlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 174 manat, cəmi 2.640 (iki min altı yüz qırx) manat məbləğində pulun cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı1 arasında 158 saylı 25.01.2021-ci il tarixli Xidmət Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.7ci maddəsinə uyğun olaraq cavabdeh İddiaçı1 tərəfindən Cavabdehnə 2.300 manat pul ödənilməli idi. Həmin məbləği ödəyəcəyini öhdəlik kimi üzərinə götürən cavabdeh İddiaçı1 pul məbləğini tam şəkildə ödəyəcəyini vəd etmişdir, lakin daha sonra pulu natamam şəkildə ödəmişdir. Cavabdeh tərəfindən bütün müqavilə öhdəlikləri tam şəkildə (və hətta gözləniləndən də artıq şəkildə, yəni 9.720 Kanada dolları qrantın alınması ilə) icra olunsa da cavabdeh öz öhdəliyini, yəni pulu ödəmək öhdəliyini tam şəkildə icra etməmişdir. Belə ki. Müqavilənin 4.3-cü maddəsinə görə xidmət haqqının (2.300 manat məbləğinin) 40% hissəsi (yəni, 920 manat) əvvəlcədən ödənilməlidir. Bu məbləği cavabdeh ödəmişdir. Məbləğin qalan hissəsi, yəni 60% olan 1.380 manat, qeyd edilmiş 4.3-cü maddənin tələbləri qaydasında hər hansı təhsil müəssisəsindən qəbul aldıqdan sonra 3-5 günü müddətində ödənilməli idi. Cavabdeh 23.04.2021-ci il tarixdə “X6” universitetindən qəbul məktubu almışdır. Bundan əlavə cavabdeh həmin universitet tərəfindən 9.720 Kanada dolları məbləğində qrantın da qalibi seçilmişdir. İlkin 40% olan 920 manat artıq ödəmiş olduğuna görə, qəbuldan sonra cavabdeh qalan pulu ödəməli idi. Lakin, işlərin uğurlu bitdiyini və artıq qəbul aldığını bilən cavabdeh qalıq pulu ödəməmişdir. Göründüyü kimi, cavabdeh qəbuldan sonra 3-5 gün müddətində ödəməli olduğu 1.380 manat pulu öhdəliyin icra müddətinin çatmasına baxmayaraq ödəməmişdir, öhdəliyin icrasından qərəzli şəkildə yayınmışdır. Halbuki, cavabdehin universitetə qəbul alması üçün həcmi böyük olan yazışma və xarici dildə olan sənədlərin hazırlanması işi aparılmış, qeyd olunan tənzimlənməsi üçün mütəxəssislər cəlb edilmiş, Şirkətin işçiləri saatlarla vaxtını sərf edib onun üçün işləmişlər. İş də uğurla nəticələnmişdir, cavabdeh qəbul almışdır. Şirkət tərəfinizdən müqavilə öhdəlikləri yerinə yetirildiyinə görə cavabdeh ödənişi tam məbləğdə ödəməli idi. Müqavilənin 4.5-ci maddəsinə görə əgər Müqavilənin imzalandığı tarixdən sonrakı 15 gün müddəti ərzində Sifarişçi (cavabdeh) Müqaviləni ləğv etmək istəməzsə, həmin 15 gün müddəti keçdikdən sonra Sifarişçinin (cavabdehin) Müqaviləni ləğv edib ödənişi geri almaq hüququ yoxdur. Hesab edirlər ki, müqaviləni bağlayarkən Müqavilə şərtləri tam şəkildə cavabdehin iradə ifadəsini əks etdirmişdir. Buna görə də cavabdeh 920 manat pulu ödəyib xidmətlərin başlanmasını istəmişdir. Müqavilədə konkret olaraq müəyyən bir yerə qəbulun alınacağı barədə şərt yoxdur (Müqavilənin mənasına görə qəbul hər hansı təhsil müəssisəsindən gələ bilər) və cavabdeh bu barədə məlumatlıdır. Çünki öncədən konkret olaraq hara qəbul olacağını demək mümkün deyil. Müqavilə də konkret yerə qəbul üçün deyil, sənədlərin xarici dildə lazımı qaydada hazırlanması, düzgün ünvanlanması üçün bağlanılmışdır. İcraçı Müqavilə öhdəliklərini tam şəkildə icra etmişdir. Müqavilə üzrə cavabdehin hazırda istədiyi hər hansı konkret proqrama qəbul olunacağına dair öhdəlik İcraçı tərəfindən üzərinə götürülməmişdir. Cavabdehin bunu tələb etməsi pulu ödəməmək üçün bəhanədir. Cavabdehin pulu ödəməmək üçün iddiada göstərdiyi, həqiqəti əks etdirməyən, qərəzli və əsassız dəlilləri isə “icraçı tərəfindən müqavilə öhdəliklərin pozulması və ya icra edilməməsi” kimi qiymətləndirilə bilməz. Cavabdehin qəbul edildiyi proqram və sair təhsil tələblərini qadağan edən hər hansı şərt müqavilədə yoxdur, əksinə iddiada iddiaçı özü qeyd edib ki həmin universitetə razılıq verib. Cavabdeh qəbul olduğunu bilir, üstəlik 9.720 Kanada dolları məbləğində qrant da alıb və buna görə də 158 saylı 25.01,2021-ci il tarixli Xidmət Müqaviləsi üzrə üzərinə götürdüyü ödənişi icra etməkdən boyun qaçırmaq, yayınmaq istəyir, bununla da xidmət və işçi qüvvəsini “pulu tam ödəmədən” istifadə edib, onların hesabına əsassız varlanmaq istəyir. Qəbul ilə bağlı isə qeyd edilməlidir ki, proqramlar qəbulu “təhsil haqqının ödənilməsi və sair öhdəliklərin” icrasından asılı edir, (misal üçün, təhsil haqqı ödənilməyibsə yalnız sənədlərin təqdim olunması kifayət deyil, ən azından təhsil xərclərinin ödənilməsi və sair öhdəliklərin icrası zəruridir.). Müqavilədən də görünür ki, İcraçı təhsilin icrasını öhdəlik kimi götürən müəssisə deyil, əksinə, İcraçının xidmətləri təhsil almaq məqsədilə cavabdehin hərəkətlərinin istiqamətləndirilməsi üçün məsləhət və sənədlərin hazırlanması xidmətlərini ehtiva edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6726/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı1 arasında bağlanılmış 158 saylı 25.01.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1380 (bir min üç yüz səksən) manat, vəkillə müqavilənin bağlanması üçün ödənilmiş 1040 (bir min qırx) manat, 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu, sənədlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 174 (bir yüz yetmiş dörd) manat, cəmi 2640 (iki min altı yüz qırx) manat məbləğində pulun cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtinin pozulmasına görə zərərin əvəzinin ödənilməsinin əsas məqsədi cavabdehin cəzalandırılması deyil, iddiaçının məruz qaldığı zərərin kompensasiya olunmasıdır. Nəzərə almaq lazımdır ki, mənəvi zərər müqavilə şərtlərinin pozulması nəticəsində də meydana gələ bilər və qüvvədə olan qanunvericilik bu halı istisna etmir. Digər tərəfdən məhkəmə qətnaməsində göstərmişdir ki, Cavabdeh qəbul almaqla işini və müqavilə öhdəliklərini icra etmiş olmuşdur. Lakin Cavabdeh MMC müqavilə öhdəliklərini icra etməmiş və səhv qəbul almışdır. Bu halda necə müqavilə öhdəliklərini icra etmiş sayılır. İddia ərizəsində qeyd olunduğu kimi, nəzərdə tutulan xidmət müqaviləsi və mədaxil qəbzi İddiaçı1 tərəfindən deyil, İddiaçı2 tərəfindən imzalanmışdır. Nəzərdə tutulan xidmət müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsi ilə yanaşı, müqavilənin İddiaçı1 tərəfindən imzalanmaması faktı da mövcuddur. Məhkəmə bu hala düzgün hüquqi qiymət verməyərək, əksinə öhdəliyi icra etməyən tərəf kimi İddiaçı1 olduğunu qeyd etmişdir. Hazırki mübahisə üzrə tərəflər arasında müqavilə 25 yanvar 2021-ci il tarixli müqavilə üzrə ilkin iddia üzrə cavabdeh öz üzərinə müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icrası üçün məsuliyyət daşıyır. Cavabdeh MMC-ə görə, müqaviləni konkret yerə qəbul üçün bağlamamışdır. Məhkəmə isə cavabdehin mövqeyi ilə əsassız olaraq razılaşır. Əgər xidmət müqaviləsi xaricdə təhsil imkanı yaradırsa, müraciət edən tələbələrin iradəsi üzrə ixtisas seçimi üzrə qəbul da şirkətin öhdəliyi sırasına daxildir. Belə çıxır ki, cavabdeh yalnız tələbənin seçdiyi universitetə qəbula təminatı öz üzərinə götürür, yəni öhdəliyini lazımi şəkildə icrasından yayınır. İddiaçı1 Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini, Sosialogiya ixtisası üzrə təhsilini başa vurmuşdur. Qəbul aldığı ixtisasla onun bakalavr ixtisasının heç bir əlaqəsi olmadığını qeyd edir. Belə ki, Kanada Qərb Universitetindən aldığı şərtli qəbul təklifi üzrə göstərilən ixtisas MBA Hazırlıq kursları + biznesin idarə olunmasıdır. Göstərilən ixtisasın isə onun bakalavr ixtisası, həmçinin müraciət etdiyi ixtisasla heç bir əlaqəsi yoxdur. Bütün bu hallar şirkətin öz öhdəliklərinə və müraciət edən bir tələbə kimi ona laqeyd münasibətinin nəticəsidir. 05 mart 2021-ci il tarixli tələbənin müraciət forması - 4 saylı əlavədən də göründüyü kimi M.X8 və Kanada WEST universitetlərinə - ictimai sağlamlıq və İnsan Resurslarının idarə edilməsi (HR-X5) üçün müraciət etmişdir. Həmin Əlavə onun müraciət etdiyi ixtisasın qəbul təklifi gələn ixtisas olmadığının göstəricisidir. Cavabdeh isə gələn şərtli qəbul təklifinin müraciət olunan universitet tərəfindən gəldiyini irəli sürərək öhdəliyini uğurlu şəkildə icra etdiyini bildirir. Həmçinin cavabdeh qarşılıqlı iddiasında əsaslandırır ki, İddiaçı1 qərəzli şəkildə müqavilə üzrə qalan pulun ödənilməsindən yayındığı üçün məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tərəfindən öhdəlik lazımı şəkildə icra olunmamış və müqavilə üzrə icraçı tərəfindən müqavilə üzrə xidmətləri yerinə yetirmədiyi halda ödənilən məbləği də geri qaytarmamışdır. Göründüyü kimi Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Məhkəmənin Cavabdeh MMC və Fides Vəkil bürosu arasında bağlanılan hüquqi yardımın göstərilməsi barədə müqavilə üzrə hüquqi yardıma görə haqq 1040 manat məbləğində müəyyən olmuşdur. Məhkəmə qətnaməsinin həmin razılaşdırılmış məbləğin İddiaçı1 alınaraq cavabdehə ödənilməsi hissəsində razı deyil, belə ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edildiyindən, göstərilən məbləğ ağlabatan deyildir. Bundan başqa məhkəmədə mübahisəyə baxılan zaman Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən qeyd olunan sənədlərdəki imzaların İddiaçı2 tərəfindən deyil İddiaçı1 tərəfindən icra olunduğu bildirilmişdir. Həmin müqavilə və mədaxil qəbzində olan imzalar İddiaçı2 tərəfindən icra olunmuşdur və imzalara baxdıqda bunu açıq-aşkar müəyyən etmək olur. İddia ərizəsində də qeyd olunduğu kimi imzaların həqiqətən də İddiaçı1 tərəfindən icra olunmadığını müəyyən edilməsi, həmçinin istinad olunan halların tam və hərtərəfli araşdırılması, o cümlədən işin obyektiv və ədalətli həlli məqsədilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunması barədə vəsatət ilə məhkəməyə müraciət edilmişdir. Buna baxmayaq, vəsatət məhkəmə tərəfindən nəzərə alınmamış və hüquq və mənafelərinin pozulması ilə nəticələnən məhkəmə qətnaməsi çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh ilə aralarında 25 yanvar 2021-ci il tarixli, 158 saylı xaricdə təhsil xidmətlərinin göstərilməsi ilə bağlı xidmət müqaviləsi imzalanmışdır, həmin müqaviləyə anası imza etmişdir, lakin bu onun təhsili ilə bağlı olmuşdur və onun istəyi xaricdə məhz insan resurslarının idarə olunması ixtisası ilə bağlı olmuşdur. Bununla bağlı müqaviləyə əlavə də mövcuddur. Lakin cavabdeh tərəfindən ona edilən təklif başqa ixtisas olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə yanaşı izahatında bildirdi ki, İddiaçı1 cavabdehlə xidməti müqavilə bağlamış və həmin müqaviləyə əlavə olaraq İddiaçı1 təhsil almaq istədiyi ixtisası cavabdehə bildirmişdir, bununla bağlı da tərəflərindən əlavə ödəniş edilmişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri həyata keçirməmişdir və iddiaçıya başqa ixtisas təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, tərəflər arasında xidməti müqavilə bağlanmış və həmin müqavilədə iddiaçının konkret olaraq hansı ixtisas seçməsi barədə hər hansı bir qeyd olmamışdır. İddiaçının təqdim etdiyi tələbənin müraciətində isə iddiaçının imzası olmamış və orada MMC-nin direktorunun imzası tamamilə fərqli olmuşdur. Hesab edir ki, təmsil etdiyi MMC iddiaçı ilə bağlanmış müqaviləyə uyğun olaraq öhdəliklərini tam olaraq icra etmişdir. İddiaçı isə öz öhdəliklərini tam icra etməmişdir. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan 25.01.2021-ci il tarixli, 158 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 "xxxx" MMC-yə universitet müraciəti üçün 920 manat ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC (icraçı) ilə İddiaçı1 (sifarişçi) arasında bağlanmış 25.01.2021-ci il tarixli, 158 nömrəli Xidmət müqaviləsinin 1.2-ci maddəsindən görünür ki, bu Müqavilənin müddəalarına riayət etmək şərti ilə, İcraçı, xaricdə təhsilin təşkili üzrə 25.01.2021-ci il tarixli müraciətə əsasən Sifarişçini maraqlandıran xaricdə təhsil proqramı üzrə onun (Sifarişçi) tərəfindən seçilmiş paket üzrə Sifarişçiyə xidmətlər göstərir. Həmin müqavilənin 1.5-ci bəndindən görünür ki, Seçilmiş təhsil proqramı, xidmətlər kompleksi və müqavilənin qiyməti bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 1-də əks olunub. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən sifarişçinin seçdiyi və bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 1-də sadalanan xidmətlərin dəyəri 2300 manat təşkil edir. Bu məbləğə konsulluq rüsumları və seçilmiş proqramın dəyəri daxil deyil. Müqavilənin 4.3cü bəndindən görünür ki, Sifarişçi xidmət haqqına görə ümumi ödənişin 40 faizi xidmətlərin yerinə yetirillməsinə başlamazdan öncə, qalan hissəsini isə təhsil müəssisəsinin hər hansı birindən qəbul alındıqdan sonra 3-5 iş günü müddətində ödəməlidir. İş materiallarında olan 01.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı 25.01.2021-ci il tarixli, 158 saylı müqavilə üzrə ödənilmiş 1291 manatın "xxxx" MMC tərəfindən geri qaytarılmasının tələb etmişdir. İş materiallarında olan 05 mart 2021-ci il tarixli tələbənin müraciət forması (təklif)dən görünür ki, "xxxx" MMC İddiaçı1 adından müraciət tamamlayaraq York universiteti, Qərbi Kanada Universitetinə ictimai sağlamlıq və X1 proqramları üçün müraciət etmiş, müraciət "xxxx" MMC tərəfindən qəbul olunaraq səlahiyyətli şəxsin imzası və şirkətin möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan Kanada Qərb Universitetinin iddiaçıya ünvanladığı məktubun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, Kanada Qərb Universiteti İddiaçı1 MBA (Biznesin idarə edilməsi üzrə magistr) hazırlıq kursları+Biznesin idarə edilməsi üzrə magistr oxuması barədə şərti təklif göndərmişdir. İş materiallarında olan 11.10.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, "xxxx" MMC tərəfindən X2 Tərcümə Mərkəzinə tərcümə işi və təsdiq üçün 174 (yüz yetmiş dörd) manat ödəniş edilmişdir. İş materiallarında olan 12.10.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddianın verilməsi üçün 46 (qırx altı) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 12.10.2021-ci il tarixli, 1015 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC” ilə Fides Vəkil bürosunun vəkili Nümayəndə hüquqi yardımın göstərilməsi barədə qarşılıqlı razılığa gəlmiş və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 1040 manat dəyərində müəyyən olunmuşdur. İş materiallarında olan Debit haqqında bildirişin surətindən görünür ki, "xxxx" MMC tərəfindən hesabına 1040 manat ödəniş edilmişdir. İş materiallarında olan 23.04.2021-ci il tarixli Kanada Qərb Universitetinin iddiaçıya ünvanladığı məktubun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 9720 Kanada dolları məbləğində mükafat məbləği-qrant almaq imkanı əldə etmişdir. İş materiallarında olan 01.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC 25.01.2021-ci il tarixli, 158 saylı müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsini İddiaçı1 tələb etmişdir. İş materiallarında olan 01.09.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC 25.01.2021-ci il tarixli, 158 saylı müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsini İddiaçı1 tələb etmişdir. İş materiallarında olan 26.10.2021-ci il tarixli, 23594 nömrəli qəbzin surətindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 149 manat ödəniş edilmişdir. İş materiallarında olan Bakı Dövlət Universitetinin 19.02.2021-ci il tarixli, t-10366 saylı arayışından görünür ki, İddiaçı1 Bakı Dövlət Universitetinin Sosial Elmlər və psixologiya fakültəsinin Sosiologiya ixtisası, əyani təhsilalma forması, ingilis bölməsi üzrə təhsil alan 4-cü kurs tələbəsidir. Birinci instansiya məhkəməsi iş materialları əsasında belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanan xidməti müqavilədə Cavabdeh MMC şifarişçiyə xaricdə təhsil proqramı üzrə İddiaçı1 tərəfindən seçilmiş paket üzrə ona xidmətlər göstərməyi öhdəsinə götürmüş, tələbə adından müraciət formasında da İddiaçı1 istəyinə uyğun olaraq York universiteti, Qərbi Kanada Universitetinə ictimai sağlamlıq və X1 proqramları üçün müraciət etmişdir. Bundan sonra Kanada Qərb Universitetinin İddiaçı1 onun istəyinə uyğun olmayan ixtisas üzrə, MBA (Biznesin idarə edilməsi üzrə magistr) hazırlıq kursları+Biznesin idarə edilməsi üzrə magistr oxuması barədə şərti təklif göndərməsi Cavabdeh MMC-nin qüsurlu xidmətinin göstəricisi deyildir və ya Cavabdeh MMC öz üzərinə York universiteti, X3 tərəfindən ictimai sağlamlıq və X1 proqramları üzrə təklif göndəriləcəyini öhdəlik kimi götürməmişdir. Odur ki, ilkin iddia tələbi müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 (doqquz yüz iyirmi) manat, application fee-yə görə ödənilmiş 371 (üç yüz yetmiş bir) manat pulun Cavabdeh MMC-dən tutularaq ilkin iddia üzrə iddiaçılara ödənilməsi hissəsində təmin edilə bilməz. İlkin iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMCdən mənəvi ziyana görə 10.000 manat pulun tutularaq onlara ödənilməsini tələb etsə də mənəvi sağlamlıqlarına vurulan zərərin nədən ibarət olmasını və bu zərərin Cavabdeh MMC hansı təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqə olmasını sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir. Odur ki, ilkin iddia tələbi mənəvi ziyanın tutulması hissəsində təmin edilməməlidir. Eyni zamanda ilkin iddia tələbi müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 (doqquz yüz iyirmi) manat, application fee-yə görə ödənilmiş 371 (üç yüz yetmiş bir) manat pulun və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilmədiyindən “hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 300 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun tutulması” hissəsində də təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi isə tam əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin - müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 (doqquz yüz iyirmi) manat pulun Cavabdeh MMC-dən tutularaq ilkin iddia üzrə iddiaçılara ödənilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanan xidməti müqavilədə Cavabdeh MMC şifarişçiyə xaricdə təhsil proqramı üzrə İddiaçı1 tərəfindən seçilmiş paket üzrə ona xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.5-ci bəndində göstərilmişdir ki, seçilmiş təhsil proqramı, xidmətlər kompleksi və müqavilənin qiyməti bu müqavilənin ayrılmaz hissəsi sayılan əlavə 1-də əks olunub. Eyni zamanda həmin müqavilənin 1.7-ci bəndinə əsasən sifarişçinin seçdiyi və bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 1-də sadalanan xidmətlərin dəyəri 2300 manat təşkil edir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsində konkret olaraq seçilmiş təhsil proqramı, xidmətlər kompleksi və s. əks olunması göstərilmiş və bunun üçün də sadalanan xidmətlərin dəyəri müəyyən edilmişdir. Lakin tərəflər arasında bağlanmış müqavilədə əlavə 1 qeyd olunsa da iş materiallarına əlavə edilməmişdir, halbuki cavabdeh tərəfindən həmin əlavə tərtib edilərək müqaviləyə əlavə edilməli idi. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, müqaviləyə əlavə 1 olmasa belə 05 mart 2021-ci il tarixli 4 nömrəli tələbənin müraciət forması (təklif)dən görünür ki, "xxxx" MMC İddiaçı1 adından müraciət tamamlayaraq York universiteti, Qərbi Kanada Universitetinə ictimai sağlamlıq və X1 proqramları üçün müraciət etmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, "xxxx" MMC (icraçı) ilə İddiaçı1 (sifarişçi) arasında bağlanmış 25.01.2021-ci il tarixli, 158 nömrəli Xidmət müqaviləsində təhsil proqramının seçilməsi də nəzərdə tutulmuş, İddiaçı1 təhsil proqramı barədə, yəni ictimai sağlamlıq və X1 proqramına uyğun təhsil almaq niyyətini bildirmiş və buna uyğun olaraq cavabdeh "xxxx" MMC tərəfindən 4 nömrəli tələbənin müraciət forması qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi tərəflər arasında bağlanan xidməti müqavilədə İddiaçı1 xaricdə hansı ixtisasla bağlı müraciət etməsi barədə qeyd olmasa da, məhz "xxxx" MMC tərəfindən təsdiqlənərək qəbul edilmiş müraciətdə İddiaçı1 - ictimai sağlamlıq və X1 proqramı qeyd edilmişdir. Belə olan halda müəyyən edilir ki, "xxxx" MMC İddiaçı1 artıq hansı ixtisas üzrə təhsil alması barədə məlumatı olmuşdur, lakin Kanada Qərb Universitetinin İddiaçı1 onun istəyinə uyğun olmayan ixtisas üzrə, MBA (Biznesin idarə edilməsi üzrə magistr) hazırlıq kursları+Biznesin idarə edilməsi üzrə magistr oxuması barədə şərti təklif göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən normaların işin faktiki hallarına tətbiqi ilə müəyyən edilir ki, İddiaçı1 ictimai sağlamlıq və X1 proqramı üzrə təhsil alması barədə sonrakı hərəkətini açıq-aydın "xxxx" MMC-yə bildirmişdir, "xxxx" MMC tərəfindən də bu istəyə uyğun olaraq müraciət tərtib edilərək təsdiq edilmişdir, son nəticədə isə İddiaçı1 başqa proqram üzrə təhsil alması təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə olan halda məhkəmə kollegiyası tərəflər arasında olan müqavilənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq hesab edir ki, Kanada Qərb Universitetinin İddiaçı1 onun istəyinə uyğun olmayan ixtisas üzrə, MBA (Biznesin idarə edilməsi üzrə magistr) hazırlıq kursları+Biznesin idarə edilməsi üzrə magistr oxuması barədə şərti təklif göndərməsi Cavabdeh MMC-nin İddiaçı1 ilə bağlanmış müqaviləyə uyğun olaraq xidmət göstərməməsi kimi qiymətləndirilməli və hesab edilməlidir ki, Cavabdeh MMC-nin tərəflər arasında olan xidmət müqaviləsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Göründüyü kimi ilkin iddia tələbi - müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 (doqquz yüz iyirmi) manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməsi hissəsində əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi - hüquqi xidmətə çəkilən xərcin əvəzi olaraq 300 AZN (üç yüz manat) pul məbləğinin tutulması hissəsində qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan 26.10.2021-ci il tarixli, 23594 nömrəli qəbzin surətindən görünür ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 149 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi göstərilən hissədə qismən, yəni hüquqi xidmətə çəkilən xərcin əvəzi olaraq 149 manat pul məbləğinin Cavabdeh MMC-dən ilkin İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin iddia tələbi - application fee-yə görə ödənilmiş 371 (üç yüz yetmiş bir) manat pulun, mənəvi ziyana görə 10000 (on min manat) manat pul məbləğinin tutulması hissəsində əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı1 application fee-yə görə 371 (üç yüz yetmiş bir) manat pul vəsaitinin Cavabdeh MMC-yə ödəməsi barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən mənəvi sağlamlıqlarına vurulan zərərin nədən ibarət olmasını və bu zərərin Cavabdeh MMC hansı təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqə olmasını sübut edən sənədləri təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası eyni zamanda ilkin iddia üzrə İddiaçı1 tərəflər arasında bağlanmış müqavilədəki imzanın ona deyil, İddiaçı2 məxsus olması barədə bildirdiklərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 tərəfindən "xxxx" MMC-yə universitet müraciəti üçün 920 manat ödəniş etməsi, eləcə də ictimai sağlamlıq və X1 proqramları üçün müraciət etməsi tərəflər arasında olan əqdi bəyənməsi kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı olmuşdur. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə Cavabdeh MMC üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etmədiyindən, ‘‘STUDY LAB” Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı1 ilə aralarında bağlanılmış 158 saylı 25.01.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1.380 manat, vəkillə müqavilənin bağlanması üçün ödənilmiş 1.040 manat, 46 manat ödənilmiş dövlət rüsumu, sənədlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 174 manat, cəmi 2.640 (iki min altı yüz qırx) manat məbləğində pulun cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdehnə ödənilməsi barədə qarşılıqlı iddiası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə səhv nəticəyə gəldiyindən İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilməklə cavabdeh “STUDY LAB" MMC-dən müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 manat və hüquqi xidmətə görə ödənilmiş 149 manat məbləğində pul vəsaiti olmaqla cəmi 1069 manat İddiaçı1 xeyrinə tutulmalı, İddiaçı2 iddiası və qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6726/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh “STUDY LAB" MMC-dən müqavilə öhdəlikləri üzrə xidmət haqqı olaraq ödənilmiş 920 (doqquz yüz iyirmi) manat və hüquqi xidmətə görə ödənilmiş 149 (bir yüz qırx doqquz) manat məbləğində pul vəsaiti olmaqla cəmi 1069 (bir min altmış doqquz) manat İddiaçı1 xeyrinə tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı1 qarşı «”STUDY LAB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı1 arasında bağlanılmış 158 saylı 25.01.2021-ci il tarixli müqavilə üzrə ödənilməmiş 1.380 manat, vəkillə müqavilənin bağlanması üçün ödənilmiş 1.040 manat, 46 manat ödənilmiş dövlət rüsumu, sənədlərin tərcüməsi və notarial təsdiqi üçün ödənilmiş 174 manat, cəmi 2.640 (iki min altı yüz qırx) manat məbləğində pulun cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdehnə ödənilməsi» barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1542/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1542/2022
09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver