Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1542/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-6803/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh İB-nə (bundan sonra, cavabdeh) qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7084,8 manat məbləğində borcun silinməsini və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 150 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda quraşdırılan sayğac mərhum atası X2 adınadır. Abonent kodu **********00000 olan ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan karta pul yükləməklə təbii qazdan istifadə edilir. Atası xx.xx.2023-cü il tarixdə vəfat etmiş, xx.xx.2023-cü il tarixdə yaşadıqları ünvana yeni “Zenner G4” markalı sayğac quraşdırmış və bununla bağlı akt tərtib edilmişdir. Sayğac quraşdırıldıqdan sonra, iddiaçıya kart verilmiş, həmin kartın aktivləşdirilməsi üçün isə atasının adına olan borc məbləğini öz öhədəsinə götürməyini bildirmişlər. İddiaçı atasının adına olan borcun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmiş, həmin sənədlərə əsasən, mərhum atası barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli 092781 nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların tərtib edilməsi məlum olmuşdur. Həmin aktara əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə aşkarlanmış, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin iddiaçı aktlarla razı deyildir. Belə ki, cavabdeh əgər 2022-2023-cü illərdə təbii qaz xəttini talanmasını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında çıxarılmış aktlarda vəfat etmiş atasının imzadan imtina etməsi göstərilmişdir. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyildir. Belə ki, həmin aktda dəmir soba, İran sobasının olduğu göstərilir. Halbuki, göstərilən qızdırıcılardan heç biri onun evində mövcud deyildir. Aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz onun sayğaca müdaxilə etməyini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməyini bilavasitə təsdiq etmir. Aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdən görünür ki, barəsində cərimə borc məbləğləri hesablanarkən ona məxsus fərdi yaşayış evində PQ-4 məişət qaz qurğusundan əlavə QSQ və Radiator cihazları, dəmir soba və İran sobası üzrə də qanunsuz şəkildə əsassız hesablamalar aparılmışdır. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat müddətinə olmaqla 360 gün, və ya 90, 30 gün müddətləri üçün hesablanmışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, o, işdə olarkən (8 saat iş saatı) və eləcə də gecə yatarkən də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 360 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyildir. Yəni, dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 24 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları»na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız akt ucbatından 7084,8 manat borc yazılmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, göstərmişdir ki, iddia ərizəsi məhkəmə icraatına daxil olduqdan sonra əsassız hesablanmış borc məbləği 7810,56 manata qalxmışdır. Odur ki, iddia ərizəsinin həcmini artıraraq, cavabdeh Azəriqaz» İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7810,56 manat məbləğində borcun silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6803/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən **********00000 abonent İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7180,68 manat borcun silinməsi, iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin 150 manat məbləğində pulun Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aktların əsassız olması, qanunsuz qoşulma ilə bağlı hər hansı müdaxilənin olub-olmamasının müəyyən olunmaması, iddianın tam təmin olunmalı olması və s. kimi əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aktların qanuni olması, müdaxilə faktının aşkar olunması, əlavə sərfiyyatın düzgün hesablanması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən olunmalı, qətnamə iddianın təmin olunmayan hissəsində qismən ləğv olunmalı, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh əməkdaşları tərəfindən ünvan 3 ünvanı üzrə X2 adına (abonent kodu **********00000) tərtib edilmiş xx.xx.2016-cı il tarixli 092781 nömrəli akta, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta, xx.xx.2023-ci il tarixli ******* nömrəli akta, xx.xx.2023-ci il tarixli ******* nömrəli akta, xx.xx.2023-ci il tarixli ******* nömrəli akta və xx.xx.2023-ci il tarixli ******* nömrəli akta əsasən, sayğacdan kənar qaydada qazdan istifadə hallarına görə hər bir akta əsasən müvafiq əlavə sərfiyyat məbləğləri hesablanmışdır. Qeyd edilən aktlar iddiaçının atası X2 adına tərtib olunmuş, sonuncu isə 10 aprel 2023-cü il tarixdə ölmüşdür. İddiaçı həmin ünvanda yaşamaqla, qeyd edilən aktların qanunsuz və əsassız tərtib olunmasını bildirir ki, həmin aktlara görə cavabdeh tərəfindən ümumi hesablanmış 7180,68 manat borcun silinməsi tələb edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, xx.xx.2016-cı il tarixli, 092781 nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qanunidir. Lakin, həmin aktlar üzrə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası cavabdeh tərəfindən nəzərə alınmadan, orta günlük iş rejmi 24 saat, hesabat müddəti isə 360 gün kimi qəbul edilmişdir. Bu səbəbdən, xx.xx.2016-cı il tarixli 092781 nömrəli akta əsasən 1 ədəd PQ4 maksimal qaz sərfi 1.20 orta günlük iş rejmini 6 saat müdəti 43 gün hesablanmış sərfiyat 310 m3 və 1 əddə radiator maksimal qaz sərfi 0,8 orta günlük iş rejmi 18 saat hesabat müddəti 43 gün hesablanmış sərfiyatın 619 m3 olması əsaslı hesab edərək, cəmi 929 m3 x 012 = 111,48 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən isə nominal qaz sərfi 4 m3 orta günlük iş rejmi 24 saat deyil, 12 saat hesabat müddəti 360 gün deyil, 90 gün kimi qəbul edilərək, 4 x 12 x 90 = sərfiyat 4320 m3 qəbul edilməklə Tarif şurasının qəbul etdiyi 0.12 manata vurulmaqla, dəymiş ziyanın 4320 x 0.12 = 518,20 manat təşkil etməsi qanuni hesab edilmişdir. Birinci instansiya məhkəməsi digər aktları əsassız sayaraq, onlara münasibətdə, eyni ünvana yazılmış aktların cavabdeh idarənin özünün şərait yaratması kimi qəbul edərək, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməsini və s. qeyd etmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı ilkin olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının yaşadığı ünvan üzrə müvafiq abonent hesabına mübahisələndirilən məbləğlərin hesablanmasına dair əsaslar cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. İşdə olan, xx.xx.2023-cü il tarixli ******* nömrəli, xx.xx.2023-ci il tarixli ******* nömrəli, xx.xx.2023-ci il tarixli ******* nömrəli, xx.xx.2023-ci il tarixli ******* nömrəli və xx.xx.2023-ci il tarixli ******* nömrəli aktlardan isə görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, iddiaçının və ya onun hər hansı ailə üzvünün iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, qeyd edilən aktlar iddiaçının atası X2 adına tərtib olunmuş, hətta 30 iyun 2023-cü il tarixli aktda sonuncunun aktı imza etməkdən imtina etməsi qeyd olunmuş, halbuki həmin şəxs daha əvvəl, yəni 10 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Bununla yanaşı, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd edilməlidir ki, ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanuna yuxarıda qeyd edilən norma əlavə edilmiş, qeyd olunan maddi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh barəsində birinci akt istisna olmaqla, digər aktlar göstərilən norma qüvvədə olduğu vaxt tərtib olunmuş və həmin aktlara əsasən abonent saldosuna əlavə sərfiyyat kimi müvafiq məbləğlər daxil edilərək, tələb olunmuşdur. Analoji məsələ, sonradan həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qanunverici açıq-aşkar müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə sayğaca müdaxilə olunması əsası ilə müvafiq pul vəsaitləri hesablamaqda və onu tələb etməkdə haqlı olmamışdır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdeh qeyd edilən aktlar üzrə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı xx.xx.2023-cü il tarixli ******* nömrəli akta, xx.xx.2023-ci il tarixli ******* nömrəli akta, xx.xx.2023-ci il tarixli ******* nömrəli akta, xx.xx.2023-ci il tarixli ******* nömrəli akta və xx.xx.2023-ci il tarixli ******* nömrəli aktlara münasibətdə təmin etməkdə haqlı olmuşdur. Lakin, birinci instansiya məhkəməsi eyni yanaşmanı xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta tətbiq etməmiş, həmin aktla bağlı iddiaçının 518,20 manat pul vəsaiti ödəməli olması nəticəsinə gəlmişdir. Qeyd edilən aktdan və ona əlavə olunmuş”Dəymiş ziyanın bərpasına dair” 30 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, itirilmiş qazın həcmi 34560 m3 (4x24x360=34560m3) hesablanmış, bu zaman qaz sayğacının nominal qaz sərfi 4m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilmişdir. Abonent saldısundan da göründüyü kimi, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış əlavə sərfiyyatın məbləği 4147,2 manat təşkil etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən nominal qaz sərfi 4 m3 orta günlük iş rejmi 24 saat deyil, 12 saat hesabat müddəti 360 gün deyil, 90 gün kimi qəbul edilərək, 4 x 12 x 90 = sərfiyat 4320 m3 qəbul edilməklə Tarif şurasının qəbul etdiyi 0.12 manata vurulmaqla, dəymiş ziyanı 4320 x 0.12 = 518,20 manat təşkil müəyyən etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edilən akta əsasən ondan 518,20 manat pul vəsaitinin tululmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin hissədə dəlilləri ilə razılaşaraq qeyd edir ki, həmin akt da yuxarıda qeyd edilən «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin qüvvədə olan müddətdə tərtib edilmişdir. Belə olan halda cavabdeh qeyd edən aktın tərtibindən sonra «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinin dispozitiv şərtlərinə əsasən aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Göründüyü kimi, birinci instansiya məhkəməsinin həmin aktla bağlı iddiaçının müəyyən pul vəsaiti (518,20 manat) ödəməli olması barədə qənaəti işin halları və qanunvericiliyin qeyd edilən normaları ilə uzlaşmır. Bu səbəbdən də qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegyası birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 092781 nömrəli akt üzrə gəldiyi nəticəni əsaslı sayır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində xx.xx.2016-cı il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 092781 nömrəli aktla bağlı hər hansı dəlil irəli sürməmiş, yalnız 2022-2023-cü illərdə tərtib olunmuş aktlarla bağlı mülahizələrini qeyd etmişdir. Cavabdeh isə qətnaməni ümumilikdə iddianın təmin olunan hissələrində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2016-cı il tarixli 092781 nömrəli aktı qanuni saysa da, əlavə sərfiyyatın hesablanması hissəsində razılaşmamış, haqlı olaraq qeyd etmişdir ki, 1 ədəd PQ4 maksimal qaz sərfi 1.20 orta günlük iş rejmini 6 saat müdəti 43 gün hesablanmış sərfiyat 310 m3 və 1 əddə radiator maksimal qaz sərfi 0,8 orta günlük iş rejmi 18 saat hesabat müddəti 43 gün hesablanmış sərfiyatın 619 m3 olması əsaslı hesab edərək, əlavə sərfiyyatın cəmi 111,48 manat (929 m3 x 012 =111,48) olması qanuni və ədalətlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın əhəmiyyətli hissədə əsaslı olması nəticəsinə gəldiyindən haqlı olaraq iddiaçının çəkdiyi 150 manat xərci (hüquqi xidmətə görə Bakı şəhəri 7 saylı Vəkil Bürosuna ödənilən pul vəsaiti, müvafiq müqavilə və ödəniş qəbzi işə əlavə olunmuşdur) cavabdehə aid etmişdir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, iddiaçının apellyasiya şikayəti qismən olunmalı, qətnamə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə **********00000 abonent hesabına əlavə sərfiyyat kimi hesablanmış 4147,2 manat pul vəsaitindən iddianın təmin olunmayan 518,20 manat hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunaraq - 518,20 (beş yüz ona səkkiz manat 20 qəpik) manat borc **********00000 abonent hesabından silinməli (mübahisə üzrə ümumi silinməli olan məbləğ 7698,88 manat müəyyən edilir, yəni birinci instansiya məhkəməsinin təmin etdiyi 7180,68 manat + hazırki qətnamə ilə əlavə olaraq silinməli olan məbləğ 518,20), qətnamə apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmçinin qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, iddiaçıya münasibətdə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-6803/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, iddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6803/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, yəni xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən **********00000 abonent hesabına əlavə sərfiyyat kimi hesablanmış 4147,2 manat pul vəsaitindən iddianın təmin olunmayan 518,20 manat hissəsində ləğv olunsun, iddia həmin hissədə təmin olunaraq - 518,20 (beş yüz ona səkkiz manat 20 qəpik) manat borc **********00000 abonent hesabından silinsin. Qətnamə apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən iddiaçı kassasiya şikayəti verə bilməz, cavabdehə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1542/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1542/2024
02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver