Məhkəmə qərarları › İş №2(103)-1544/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1544/2025

25.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1544/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı1 və Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, keçmiş əri olan cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun özünün və yetkinlik yaşına çatmamış övladları xx.xx.2008-ci il təvəllüdlü Firuzə və xx.xx.2014-cü il təvəllüdlü Yusifin Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park-2” yaşayış kompleksi, bina 12-də yerləşən 71 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər xx.xx.2003-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların 3 övladı doğulmuşdur: xx.xx.2005-ci il təvəllüdlü Əli, xx.xx.2008-ci il təvəllüdlü Firuzə və xx.xx.2014-cü il təvəllüdlü Yusif. İddiaçının ailəsi Cəbrayıl rayonunda yaşayırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 saylı qərarına əsasən məcburi köçkün olduğu üçün Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-2” yaşayış kompleksi, 12 saylı evin 71 saylı mənzili iddiaçının ailəsinə verilmiş və bugünə kimi onlar həmin mənzildə pasport qeydiyyatındadırlar. Nikahdan uşaqların olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri pozulmuşdur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 955/2023 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan Firuzənin və Yusifin hazırkı iş üzrə iddiaçının yanında saxlanılması və s. qət edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh iddiaçını və uşaqları mənzilə buraxmır. b) tərəflərin izahatları barədə məlumat

3. İddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisəli mənzil dövlət tərəfindən onların ailəsinə ayrılmışdır və orderdə ailə üzvləri qismində onun və uşaqlarının adları qeyd edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh iddiaçını və uşaqları mənzildən çıxarmış və mənzilə buraxmır. Bu səbəbdən də, o, uşaqları ilə bilikdə hazırda Biləcəri qəsəbəsində yerləşən və qardaşına məxsus özbaşına tikilidə yaşayırlar. Qardaşı həmin tikilini 2010-cu ildə almışdır. Cavabdeh həmin özbaşına tikili olan evin ona məxsus olduğunu bildirir. Lakin bu belə deyil, çünki qardaşı 2010-cu ildə həmin evi alan zaman cavabdeh azadlıqdan məhrumetmə cəzasını çəkirdi. Həmin ev onların deyil, qardaşının evi olduğu üçün o, özünə məxsus mənzildə yaşamaq istəyir.

4. Cavabdeh məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, boşanmamışdan öncə yataqxanada qeydiyyatda idilər, üç-dörd ay yataqxanada yaşadılar. Daha sonra dövlət məcburi köçkün olduqları üçün “Qobu Park-2” yaşayış kompleksindən onlara mənzil verdi, lakin həmin vaxt onlar Biləcəri qəsəbəsindəki evdə - özbaşına tikilidə yaşayırdılar. Biləcəri qəsəbəsindəki evə iddiaçı 15.000 manat, özü isə 5.000 manat xərcləmişdir. İddiaçının bildirdiyi kimi həbs olunub, lakin həbsdə ola-ola ev üçün hissə-hissə olmaqla 5.000 manat ödəyib. İddiaçıya təklif edir ki, o ya Biləcəri qəsəbəsindəki evdə, ya da “Qobu Park-2” yaşayış kompleksindəki mənzildə yaşasın. Hazırda “Qobu Park-2” yaşayış kompleksində onlara verilmiş mənzildə yaşayır. İddiaçı “Qobu Park-2” yaşayış kompleksindəki mənzildə yaşamaq istəmirdi. Uşaqlar da mənzilə köçmək istəmirlər, çünki onların məktəbi Biləcəri qəsəbəsində yerləşir. Əslində Biləcəri qəsəbəsində yerləşən evi cavabdeh özü qaynının adına keçirib, çünki dövlətin ona ev verməsini istəyirdi. O hesab edir ki, iddiaçı ya Biləcəri qəsəbəsində yerləşən evdə, ya da “Qobu Park- 2” yaşayış kompleksində yerləşən mənzildə yaşamalı, digərini isə ona verməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və yetkinlik yaşına çatmayan övladları xx.xx.2019-cu il tarixli “12/71” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin – cavabdehin ailə üzvləri qismində göstərilməklə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olduqlarından və həmin müqavilə əsasında mənzildən istifadə hüququna malik olduqlarından, sözügedən müqavilə qüvvədə olduğundan, eləcə də, iddiaçının və onun övladlarının kirayəçi ilə birlikdə mübahisəli mənzildə yaşamamaları onların könüllü seçimi deyil, tərəflərin nikahı pozulduqdan sonra yaranmış vəziyyətlə əlaqədar olduğundan iddiaçının övladları ilə birlikdə sözü gedən mənzilə köçürülməsi üçün hüquqi əsaslar vardır. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

8. İddiaya etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının cavabdehlə nikahı pozulandan sonra həmin mənzildə yaşamaq və mənzildən istifadə etmək üçün heç bir qanuni əsası qalmamışdır. Mənzil cavabdeh məcburi köçkün olduğu üçün verilmişdir. İddiaçı isə özü məcburi köçkün olmadığı üçün həmin mənzildə yaşamaq və istifadə hüququnu ancaq məcburi köçkünün ailə üzvü kimi əldə etmişdir. Nikah pozulandan sonra iddiaçı artıq məcburi köçkünün ailə üzvü hesab edilə bilməz. Lakin Rayon Məhkəməsi tərəfindən bu məqama diqqət yetirilməmiş, işin faktiki hallarını tam və düzgün araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozularaq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

10. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 12/71 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” əsasən, Bakı şəhəri Qaradağ rayonu, “Qobu Park 2”, 12 saylı binanın 71 nömrəli 3 otaqlı yaşayış sahəsi cavabdehin və ailə üzvlərinin (arvadının və 3 övladının) istifadəsinə və sahibliyinə verilmişdir.

13. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-955/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə tərəflərin arasındakı nikahın pozulması, tərəflərin birgə nikahında doğulmuş və yetkinlik yaşına çatmamış xx.xx.2008-ci il təvəllüdlü Firuzənin və xx.xx.2014-cü il təvəllüdlü Yusifin hazırkı iş üzrə iddiaçının (həmin iş üzrə cavabdehin) yanında saxlanılması və sair məsələlər qət edilmişdir.

14. “Qobu Park” Yaşayış Kompleksinin Mənzil Kommunal İstismar Sahəsinin 68/1 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddia ərizəsində qeyd edilən mübahisəli mənzil Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci 24 fevral tarixli 65 nömrəli qərarı əsasında 2019-cu il tarixində ailə başçısı Cəbrayıl rayonundan məcburi köçkün olan cavabdehə ailə üzvləri ilə birgə müvəqqəti məskunlaşmaq üçün verilmişdir. İddiaçı və Cəbrayıl rayonunda məcburi köçkün olan övladları, iddiaçı ilə cavabdeh arasında olan nikah Qaradağ Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulduğu gündən həmin mənzildə yaşamırlar.

15. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər (maddə 68.1.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər (maddə 68.2.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər (maddə 68.3.). Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır (maddə 68.4.). Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir (maddə 82.3.). Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir (maddə 82.4.): kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə (maddə 82.4.1.); kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda (maddə 82.4.2.); kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda (maddə 82.4.3.); yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə (maddə 82.4.4.). Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir (maddə 82.5.). Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir (maddə 91.1. və 91.1.5.). Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz (maddə 91.3.). Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir (maddə 98.1.). Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir (maddə 98.2.). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir (maddə 99.1.). Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir (maddə 99.5.). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir (maddə 99.6.). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər (maddə 100.1.). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edə bilər (maddə 100.2.). Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər (maddə 100.3.). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir (maddə 101.1.). Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır (maddə 102.1.).

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının” tələblərinə görə, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir (maddə 1.4.). Kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir (maddə 2.9.). Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir (maddə 3.7.).

18. Göründüyü kimi, qeyd edilən maddi hüquq normalarının tələblərinə görə, şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.

19. Qeyd edilən normalarının təhlili onu deməyə əsas verir ki, kirayə müqaviləsində göstərilən və kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri bərabər hüquqlara malikdir.

20. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə kirayəçi olan cavabdeh arasında bağlanmış, xx.xx.2019-ci il tarixli “12/71” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi qüvvədə olmaqla, Komitənin müvafiq qurumu tərəfindən mübahisələndirilməmiş; kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilməmiş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən ev boşaldılıb digər məcburi köçkün ailəsinin müvəqqəti istifadəsinə verilməmişdir.

21. Cavabdeh bildirir ki, iddiaçı və birgə nikahdan doğulmuş övladları mübahisəli mənzildə yaşamırlar, Biləcəri qəsəbəsində inşa edilmiş özbaşına tikilidə yaşayırlar, iddiaçının ya Biləcəri qəsəbəsindəki evdə, ya da mübahisələndirilən evdə yaşamasına razıdır.

22. İddiaçı isə Biləcəri qəsəbəsində özbaşına tikilinin qardaşı tərəfindən inşa etdirildiyini, qardaşına məxsus həmin evdə övladları ilə birgə yaşadığını, cavabdehin onları mübahisəli evə buraxmadığını bildirir.

23. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərini işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, iddiaçı və övladlarının xx.xx.2019-cu il tarixli “12/71” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri qismində göstərilməklə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olduqlarını və həmin müqavilə əsasında mənzildən istifadə hüququna malik olduqlarını, sözügedən müqavilənin qüvvədə olduğunu, iddiaçının və onun övladlarının kirayəçi ilə birlikdə mübahisəli mənzildə yaşamamalarının onların könüllü seçimi deyil, tərəflərin nikahı pozulduqdan sonra yaranmış vəziyyətlə əlaqədar olduğunu nəzərə almış Rayon Məhkəməsi iddiaçının yetkinlik yaşına çatmayan 2 övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsini qət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil edə bilməz. g) apellyasiyanın nəticəsi

24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən əsaslıdır və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.

28. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

29. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 dekabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı1 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar