Məhkəmə qərarları › İş №2(103)-1545/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1545/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1545/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X2 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, apelyatorun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-91/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 02 oktyabr 2021-ci il tarixdə Zərinə Sultanova ilə icarə müqaviləsi bağlayaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.3 kv/m, yaşayış sahəsi 87.2 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin qeyri-yaşayış sahəsini xx.xx.2031-ci ilə qədər icarəyə götürmüşdür. İddiaçı sözügedən ünvanı trenajor zalı kimi işlətmək məqsədilə təmir etmiş və zəruri avadanlıqlar almışdır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 87.203 manat məbləğində maddi, eyni zamanda 20.000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşı tərəf müqavilənin şərtlərinə əməl etməmiş, 1 ay qabaqcadan yazılı xəbərdarlıq etmədən qanunsuz şəkildə obyektdən onu çıxartmışlar. Bununla da iddiaçıya yüklü miqdarda maddi ziyan dəymişdir. Həmçinin, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ciddi əsəb gərginliyi və sarsıntı keçirmiş, bununla da ona həm də mənəvi ziyan vurulmuşdur.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 91/2024 nömrəli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia qismən təmin olunmuş və Cavabdeh1 maddi zərərə görə 10768 (on min yeddi yüz altmış səkkiz) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 397.20 manat dövlət rüsumunun 50%-i, yəni 198.5 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%-in, yəni 198.5 manatın iddiaçıya aid edilməsi qət edilmiş, iddia tələbi digər Cavabdeh2 qarşı hissədə təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 157.7, 385.1, 386.1, 442, 700.1, 700.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüquqlarını təmsil etdiyi cavabdehin məhkəmə iclasında verdiyi izahatını işin iddiaçının xeyrinə həll olunması məqsədilə təhrif olunmuş şəkildə qeyd etmiş, cavabdehin məhkəmə iclasında işlətmədiyi, xüsusilə “təmir-tikinti işlərinin onun razılığı və məlumatı ilə aparılmasını təsdiq etsə də” kimi sözlərini qeyd etməklə işin iddiaçının xeyrinə müsbət həll olunmasına nail olmuşdur. Digər tərəfdən məhkəmə nəzərə almayıb ki, cavabdeh təmir-tikinti işlərinin aparılmasına razılıq versəydi də belə, onun həmin vaxtı buna hüququ yox idi. Çünki iş materiallarında olan çıxarışdan görünür ki, təmir gedən müddətdə əmlakın mülkiyyətçisi X5 olmuşdur. İddiaçı da öz izahatında etirafedici sözləri ilə qeyd edir ki, “..... obyektin icarəyə verilməsi ilə bağlı bütün danışıqlar və razılaşmalar Zərinə Sultanovanın əri X1 ilə onun arasında olmuşdur. Çünki Cavabdeh1 özünü obyekt sahibi kimi ona təqdim etmişdir. Yalnız icarə müqaviləsi bağlanan gün o, obyektin rəsmi sahibinin Zərinə Sultanova olduğunu bilmişdir.” Göründüyü kimi iddiaçı tərəfindən təmir-tikinti işləri əmlakın həqiqi mülkiyyətçisi olmuş Zərinə Sultanovanın icazəsi olmadan aparılmışdır. Halbuki icarə müqaviləsinin 8-ci bəndinə əsasən “İcarəçi”lər İcarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İddiaçı icarə haqqı məbləğinin artırılmasını qeyd etsə də, bu faktı nə sübuta yetirə bilmiş, nə də ki, cavabdeh təsdiqləməmişdir. Həmçinin, cavabdeh icarə münasibətlərinin dəfərlərlə davam etdirilməsi ilə bağlı təkliflər verdiyini məhkəmədə bildirmişdir. Lakin məhkəmə nədənsə iddiaçının heç bir sübutlara söykənməyən sözlərini daha üstün tutmuş və əsassız yerə ağlabatan hesab etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdeh1 və nümayəndəsi Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 10.Digər Cavabdeh2 da məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

11. İddiaçı isə məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12.Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700.1 İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı:

Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı:

Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır.

16.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı: Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

17.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı:

Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

Apellyasiya baxışının hədləri 18.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 19.Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən və iddia yalnız həmin cavabdehə aid hissədə təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20.İddiaçı iddia edir ki, icarəyə götürdüyü sahəni trenajor zalı kimi təmir etdirmiş və həmin təmirin həyata keçirilməsi üçün 27.203 manat məbləğində pul xərcləmişdir. 21.Cavabdeh1 isə iddiaya etiraz edərək bildirir ki, iddiaçı tərəfindən təmir-tikinti işləri əmlakın həqiqi mülkiyyətçisi olmuş Zərinə Sultanovanın icazəsi olmadan aparılmış, eləcə də təmir xərcləri istər iddiaçı tərəfindən iddia ərizəsində göstərilən məbləğdə, istərsə də, ekspert rəyində qeyd edilən məbləğdə olmamışdır. 22.Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/705 nömrəli ekspert rəyini nəzərə alaraq, qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin ümumi dəyərinin 10768.0 manat məbləğində olduğu müəyyən etmiş, həmin məbləğin cavabdehdən tutulması barədə nəticəyə gəlmişdir 23.Kollegiya birinci instansiya məhkəməsinin cavabdehdən pulun tutulması ilə bağlı mövqeyini əsaslı hesab etsə də, tutulmalı məbləğin miqdarı barədə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir. 24.Belə ki, apellyasiya baxışı zamanı iddiaçı bildirdi ki, divar kağızları və boyalar köhnə və yararsız olduğundan, təmirə ehtiyac duyulduğundan bütün divarları özü boya almaqla trenajor zalının təyinatına uyğun şəkildə yenidən boyayıb. Lambirinlər istifadəyə yararlı olmadığından dəyişdirilmiş, işıqlandırma sistemi yenidən qurulmuşdur. 25.Cavabdeh1 isə izahatında lambirini təzə vurdurduğunu, onlar gələndə lambirinin rəngini bəyənmədiklərini, vurduğu lambirini söküb apardığını, yerinə başqa lambirin vurduğunu bildirdi. O, həmçinin göstərdi ki, obyekt icarəyə verilərkən təmirli olmuş, divarlarda divar kağızı və boya olmuşdur. İddiaçı həmin boyanı və divar kağızını bəyənməyərək yenisi ilə əvəz edib. Eləcə də, iddiaçı obyekti tərk edərkən havalandırma ventilyatorlarını da söküb aparmış və o köçüb getdikdən sonra ventilyatorların yeri boş qalmışdır.

26. Tərəflərin izahatından müəyyən edildi ki, qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilərkən əsaslı təmir edilmiş vəziyyətdə olub. İddiaçı qeyri-yaşayış sahəsində öz gördüyü işin təyinatına uyğun şəkildə (trenajor zalı üçün istifadəyə uyğun) təmir işləri aparmışdır ki, bu da aparılan bütün təmir işlərinin heç də zəruri yaxşılaşdırma olduğu anlamına gəlmir. 27.Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində ifadə vermiş X4 ifadəsində bildirdi ki, iddiaçıdan sonra həmin qeyri-yaşayış sahəsini o, icarəyə götürmüş və bu günədək oranı mərasim zalı kimi işlədir. Obyekti icarəyə götürərkən divarların rəngi mərasim zalının təyinatına uyğun olmadığından o, divarları yenidən ağ rəngdə boya ilə boyamışdır. O, obyekti təhvil alarkən orada havalandırma ventilyatorları olmamış, yerləri boş olmuşdur. Ona görə də, o, həmin boş yerləri bağlamışdır. 28.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər 29.Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin mənasına görə əmlakın yaxşılaşdırılması dedikdə, hər cür yaxşılaşdırmalar deyil, yalnız obyektin mövcud olması və fəaliyyət göstərməsi üçün zəruri olan təmir-bərpa işləri nəzərdə tutulur. 30.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/705 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 10768.0 manat məbləğində olduğu müəyyən olunmuşdur. 31.Ekspert rəyindən həmçinin görünür ki, bazar qiymətlərinə uyğun olaraq divarın və tavanın boyanmasına 3228 manat, boyaya 1212 manat, havalandırma ventilyatorlarının quraşdırılmasına isə (materialla birlikdə) 400 manat xərc çəkilmişdir. Məhkəmə kollegiyası həmin işlərin görülməsinin yalnız həyata keçirdiyi fəaliyyətlə bağlı iddiaçının özünə lazım olduğunu, sonradan yeni icarəçi tərəfindən boya işlərinin yenidən görüldüyünü, havalandırma ventilyatorlarının isə iddiaçının özü tərəfindən sökülüb aparıldığını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının gördüyü həmin işlərdən faydalanmamışdır. Kollegiya bu baxımdan həmin işləri zəruri yaxşılaşdırma kimi qiymətləndirməyərək hesab edir ki, qətnamə cavabdehdən iddiaçının xeyrinə 10768 manat pul tutulması hissəsində dəyişdirilməli, boya və havalandırma ilə bağlı görülən işlərin ümumi dəyərini təşkil edən 4840 manat pul ekspert rəyi ilə müəyyən edilmiş 10768 manatdan çıxılmaqla cavabdehdən cəmi 5928 manat pul vəsaiti tutulub iddiaçıya verilməlidir. 32.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 34.Məhkəmə kollegiyası eyni zamanda birinci instansiya məhkəməsinin iddianın qalan hissəsində gəldiyi nəticəni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun sayır və hesab edir ki, məhkəmə həmin hissədə sübutları düzgün qiymətləndirmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. 35.Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). 37.Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. 38.Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası izah edir ki, iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilə bilən hissədə iddianın qiyməti 5000 manatdan az (4840 manat) olduğundan MPM-in 402-ci maddəsinin tələbinə müvafiq olaraq o, hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. 40.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh1 İddiaçı xeyrinə 10768 manat pul tutulması hissəsində dəyişdirilsin və cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği 5928 (beş min doqquz yüz iyirmi səkkiz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar