Məhkəmə qərarları › İş №2(103)-1547/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1547/2021

31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1547/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-3455/2020 saylı qətnaməsindən iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsi Cavabdeh qarşı 40.000 manat məbləğində pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İHB-nın xx.xx.2000-ci il tarixli, 809 saylı sərəncamı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətinə verilmiş, 9-cu mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi ünvanda 8000 kv.m. torpaq sahəsi vətəndaş Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx xxxxxxxx 2006-cı il tarixli 251 saylı qərarla hər kv.m üçün 5 manat ödəmək şərti ilə onun mülkiyyətinə verilmişdir. Lakin Məmmədov X2 rayon Bələdiyyəsinin hesabına ödəməli olduğu 40.000 manat pul ödənişini kassaya mədaxil etməmişdir. Eyni zamanda 2006-cı ildən bu günədək sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, illik hər-hansı ödəniş etməmişdir. Hal-hazırda sözügedən 8000 kv.m ərazidə “Qala qapısı” adlı restoran fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə Cavabdeh “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 Cavadxan küçəsinin kəsişdiyi ünvanda yerləşən 8000 kv.m. torpaq sahəsini Binəqədi rayonu Binəqədi Bələdiyyəsindən xx xxxxxxxx 2006-cı il tarixdə dəyərini ödəyərək 251 saylı alğı-satqı müqaviləsinə əsasən almışdır. Qeyd edilən alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi onun mülkiyyətində olmaqla yanaşı bu günədək faktiki sahibkarlıq fəaliyyəti ilə bağlı istifadəsindədir. Həmin alğı-satqı müqaviləsinin bağlanmasından 14 il müddət keçməsinə baxmayaraq, iddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ona qarşı hal-hazırda qərəzli qanunsuz və əsassız şəkildə iddia qaldırmışdır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı həmin torpaq sahəsinin cavabdehə satılmasını, mülkiyyətinə verilməsini və sahibkar olaraq istifadəsində olması faktını qəbul edir. xx.xx.2020-ci il tarixdə iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə “iddia ərizəsinə əlavə” ilə müraciət etmiş və ərizəsində “Cavabdeh digərinin hüquqlarının pozulması ilə müşaiyət olunan hərəkətlərinin qarşısının alınmasına, istinad etdiyi torpağa və üzərində inşa etdiyi tikililərə ilkin hüquq müəyyənedici (və səlahiyyət verici) sənədlərin təqdim edilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması; torpağa və üzərində inşa etdiyi tikililərə ilkin hüquq müəyyənedici (və səlahiyyət verici) sənədlərin hüquqi əsaslığı müəyyən edildikdə, cavabdehin faktik istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi yerdə 8000 kv.m. torpaq sahəsinə görə ******* manat və itirilmiş faydalar olan 11200 manat, ümumilikdə ******* manat vurulmuş zərərlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-3455/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-3455/2020 saylı qətnaməsi ləğv edilməli, iş materialları baxılması üçün kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 251 saylı qərarının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, həmin qərarla “ ... Cavabdeh 9 mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçəsinin kəsişdiyi yerdə 2 №-li sovxoz ilə xx.xx.1997-ci il, X5 təsərrüfatı ilə xx.xx.1999-cu il tarixli bağlanmış icarə müqavilələrinə əsasən və eləcə də X5 təsərrüfatının xx.xx.2006-cı il tarixli 0013 saylı xahişini nəzərə alaraq istifadə etdiyi 0,8 ha torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün onun mülkiyyətinə (hər kv.m. üçün YAM ilə 5 man. Ödəmək şərti ilə) veril”məsi və “Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinə Cavabdeh ilə müvafiq alğı-satqı müqaviləsinin bağlanmasının tapşırıl”ması qərara alınmışdır. İş materiallarında olan “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx xxxxxxxx 2006-cı il tarixli, 459 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən, 9-cu mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi yerdə 0,8 ha torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının xx xxxxxxxx 2006-cı il tarixli 9 saylı qərarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün Cavabdeh təklif edilmiş, o da öz növbəsində təklif edilən sahəni hər bir kv.m-i üçün 5 manat ödəmək şərti ilə qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx xxxxxxxx 2006-cı il tarixli, 251 saylı qərarı, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” xx xxxxxxxx 2006-cı il tarixli, 459 saylı müqavilə və 9 mkr., M.Cəlal küçəsi ilə Cavadxan küçələrinin kəsişdiyi hissədə Cavabdeh sahibkarlıqla məşğul olmaq üçün xx xxxxxxxx 2006-cı il tarixli Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən 251 saylı qərarla ayrılmış torpaq sahəsinin (0,8 ha) situasiya planı Dövlət Arxivinin Bakı filialında mövcuddur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin xx xxxxxxx 2020-ci il tarixli cavab məktubundan görünür ki, “mahiyyəti üzrə baxılan iş üzrə Cavabdeh adına torpaq sahəsinin ayrılmasına (alğı-satqı yolu ilə mülkiyyətinə verilməsi) dair nə arxiv baza sənədlərinin, nə də, protokol tərtibatının tərkibində heç bir məlumat aşkar edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli, 10 saylı qərarının 8-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. Həmin Qərarın 24-cü bəndinə əsasən mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Göründüyü kimi, hazırkı işdə tərəflərdən biri olan iddiaçı Binəqədi rayonu Binəqədi Bələdiyyəsi, digəri Cavabdeh sahibkarlıq subyekti (VÖEN: **********) olmaqla, işdə olan və arxiv sənədlərinə əsasən tərəflər arasında mülki hüquqi əqd olan torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinə əsasən torpaq sahəsi cavabdeh olan sahibkarlıq subyektinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə satılmışdır. İddia ərizəsindən də göründüyü kimi, hal-hazırda sözügedən 8000 kv.m ərazidə “Qala qapısı” adlı restoran fəaliyyət göstərir. Göründüyü kimi, hazırkı iddia tələbi mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 32.4, 263-264, 365, 384, 387, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-3455/2020 saylı qətnaməsi ləğv olunsun, iş materialları baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar