Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1548/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı iştirakı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-4374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN-nin Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin vəzifəli şəxsləri tərəfindən əsassız olaraq 20 saatdan çox saxlanılmaqla azadlığının qəsdən məhdudlaşdırılması, barəsində qanunsuz olaraq inzibati protokol tərtib edilməsi və bu qanunsuzluğun davamı olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 mart 2024-cü il tarixli, 3(004)-1629/2024 nömrəli qərarı ilə qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 150 manat inzibati cərimə olunması ilə nəticələnmişdir. Ona görə də ona dəymiş maddi ziyanın əvəzi olaraq 1147 (bir min yüz qırx yeddi) manat, mənəvi zərərin əvəzi olaraq 1500 (bir min beş yüz) manat məbləğində təzminat olmaqla, ümumilikdə 2647 (iki min altı yüz qırx yeddi) manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 29- cu Polis Bölməsinin təhqiqatçısı Elnur Məmmədov 20 mart 2024-cü il tarixdə saat 14:41-də 070- ***-**-** saylı mobil telefon nömrəsindən İddiaçı zəng edərək onu həmin polis bölməsinə dəvət etmişdir. Polis bölməsində olan zaman təhqiqatçı Məmmədov Elnur İddiaçı sözləri ilə yazılmayan, öz rəhbərliyinin tapşırığı ilə hazırladığı izahatı onun qarşısına qoyaraq imza etməsini tələb etmişdir. Lakin bu tələblə razılaşmadığı üçün 29-cu Polis Bölməsinin rəis müavini Rasim Əmirovun otağına aparılmış və o, İddiaçı gördükdə Elnur Məmmədova bildirmişdir ki, “bu adam məndən 19 yanvar 2024-cü il tarixdə 102-yə şikayət edib, sahə rəisi Rövşən Məmmədovu çağırın, raport yazaraq, bunu basaq içəri, sabah da məhkəməyə çıxardaq 30 sutka verdirək. Sən də get tez bir raport yaz bu adam haqqında”. Daha sonra təhqiqatçı Elnur Məmmədov İddiaçı 29-cu Polis Bölməsinin birinci mərtəbəsində yerləşən – içərisində 1 ədəd oturacaq, ümumi sahəsi 2 kv.m olan saxlama otağına gətirmiş, onunla bərabər 4 nəfər başqa şəxsi də həmin otağa salmış, dövlət tərəfindən heç bir qida rasionu ilə təmin olunmadan səhərə qədər saxlamışlar. Təkid etməsinə baxmayaraq vəkilinə və ya ailə üzvlərinə məlumat verməsinə şərait yaradılmamışdır. 21 mart 2024-cü il tarixdə İddiaçı yaşadığı ərazinin polis sahə rəisi Rövşən Məmmədov saxlama yerinə gələrək növbətçi hissənin otağında təhqiqatçı Elnur Məmmədovun yazdığı əsassız və qanunsuz raportu əsasında İddiaçı guya polisin qanuni tələblərinə tabe olmamağı barədə MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib etmiş və onun şəxsi avtomobili ilə polis nəzarəti altında Yasamal rayon Məhkəməsinə gətirilən İddiaçı həmin məhkəmənin 21 mart 2024-cü il tarixli, 3(004)-1629/2024 nömrəli qərarı ilə 150 manat məbləğində cərimə edilmişdir. Yasamal Rayon Məhkəməsinin sözügedən qanunsuz qərarında göstərilənlərə əsasən guya İddiaçı 20 mart 2024-cü il tarixdə 29-cu polis bölməsində səs-küy salmaqla bölmənin iş rejimini pozmaq və polisin qanuni tələblərinə tabe olmamağı, bununla da onun Azərbaycan Respublikasının İXM 510-cu maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməyi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Yasamal Rayon Məhkəməsinin 21 mart 2024-cü ıl tarixli 3(004)-1629/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellasiya Məhkəməsi tərəfindən təmin olunaraq Yasamal Rayon Məhkəməsinin 21 mart 2024-cü il tarixli 3(004)- 1629/2024 nömrəli qərarı ləğv edilmiş, sahə rəisi Rövşən Məmmədovun tərtib etdiyi MN seriyalı ******* saylı protokol əsassız hesab edilmiş və icraata xitam verilmişdir. 29-cu Polis Bölməsinin təhqiqatçısı Elnur Məmmədov və rəis müavini Əmirov Rasim tərəfindən əsassız yazılmış raport əsasında sahə rəisi Rövşən Məmmədovun tərtib etdiyi protokolun əsassız olması Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-943/2024 saylı yekun qərarı ilə tam sübuta yetirilmişdir. 29-cu Polis Bölməsinin vəzifəli şəxsləri tərəfindən İddiaçı əsassız saxlanılmaqla azadlığının qanunsuz olaraq 20 saatdan çox məhdudlaşdırılması və ədalət mühakiməsini həyata keçirmək əvəzinə qanunsuz olaraq 150 manat inzibati cərimə tətbiq edən Yasamal rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin qanunsuz hərəkətləri onu həm maddi, həm də mənəvi cəhətdən sarsıtmış, o, polisə olan inamını itirmişdir. Onun barəsində mənfi fikirlərin yazılması, əsassız saxlanılmağı nəticəsində bayram gününü qeyd edə bilməməsi, işçilərin premyalarını verə bilməmək, vəkili və ailə üzvlərinə saxlanmağı barəsində məlumatı verə bilməmək, bayram axşamını evində ailəsi ilə qeyd edə bilməmək, ən əsası isə əsassız olaraq 20 saatdan çox azadlıqdan məhrum olmaq İddiaçı mənəvi cəhətdən dərindən sarsıtmışdır. Ona görə də əsassız olaraq saxlanılmağı nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı tələb etmək məcbiryyətində qalmışdır.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pulun iddiaçıya ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh isə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə qeyd etmişdir ki, iddiaçı barəsində hər hansı cinayət işi açılmamış, həbs qətimkan tədbiri seçilməmiş, yalnız inzibati məsuliyyətə cəb edilmişdir. İddiaçının hansı mənəvi iztirab çəkməsi isə heç bir mötəbər sübutla təssdiqlənmir, məhkəmə yalnız mülahizələrə əsasən 500 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Buna görə şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi, həmçinin qeyd etdi ki, o, Novruz bayramı ərəfəsində tam əsassız olaraq, 20 saatdan artıq saxlanılmış, azadlığı məhdudlaşdırılmış, həmin müddətdə yaxınları və vəkili ilə əlaqə yaratmasına imkan verməmişlər, bütün bu olanlar onu mənəvi cəhətdən sarsıtmış, qanunsuz olaraq 150 manat cərimə edilmişdir, əsassız saxlanıldığı gün işçiləri ilə bayram şənliyi qeyd etməyi və həmin gün onlara bayram pullarını verməyi planlaşdırmışdır ki, məlum hadisəyə görə bütün bunlar baş tutmamışdır. Eyni zamanda bildirdi ki, o, "xxxx" MMC adlı şirkətin rəhbəri və təsisçisi olmaqla, dövlətə vaxtlı-vaxtında vergi ödəyən, 10-a yaxın şəxsə əmək haqqı verən rəhbərdir, ziyalı ailənin övladıdır, onun anası ali təhsilli həkim, atası isə uzun müddət prokurorluq orqanlarında çalışmış, özü 10 ildən artıqdır ki, “Yeni Azərbaycan Partiyası”nın üzvüdür.
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh və 3cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qanuni təmsilçisidir.
11. Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə rəisi, polis baş l-tı Həsən Abdullayev tərəfindən 20 mart 2024-cü il tarixdə tərtib edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, İddiaçı 20 mart 2024-cü il tarixdə, saat 16:45-də inzibati qaydada tutulmuşdur.
12. Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə rəisi, polis mayoru Rövşən Məmmədov tərəfindən 21 mart 2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokoldan görünür ki, İddiaçı “polisin qanuni tələbinə tabe olmamış, iş rejimi qaydasını pozmuş”, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)- 1629/2024 nömrəli qərarından görünür ki, İddiaçı Fəxrəddin oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrincə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-943/2024 nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-1629/2024 nömrəli qərarının ləğv edilməsi, İddiaçı Fəxrəddin oğlu barəsində 21 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
15. 19.08.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 46,40 (qırx altı manat qırx qəpik) manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:
16. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
17. 28. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»:
18. Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.
19. Maddə 9. Heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz.
20. 29. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr
21. 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu:
22. Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
26. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır.
27. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlətorqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
28. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradanqaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və yahərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 3-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
29. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Tətbiq edilən prosessual hüquq normaları:
33. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
38. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
39. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
40. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
43. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
45. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
48. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarı ilə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Belə ki, mülki iş materiallarından da göründüyü kimi iddiaçı əsassız olaraq inzibati qaydada tutulduqdan sonra barəsində qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılmışdır. İddiaçıya qarşı hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. Qanunsuz olaraq inzibati təqibə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən dəymiş mənəvi zərərə görə təzminat tələb etməkdə iddiaçı haqlı olmuşdur.
51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi göstərdiyiiddiaçının hansısa mənəvi iztirablar keçirməsinin sübutla təsdiq edilməməsi ilə bağlı” mövqeyinə münasibətdə qeyd edir ki, şəxsin 20 saatdan artıq azadlığının məhdudlaşdırılması, həmin dövrdə-Novruz bayramı ərəfəsində ailəsi ilə əlaqə qurmasına şəraitin yaradılmaması, iş kollektivi ilə əvvəldən planlaşdırılmış bayram tədbirində iştirakdan kənar qalması, heç bir əsas olmadan inzibati təqibə məruz qalması, bütün baş verənlərin fonunda onun mənəvi iztirab yaşaması, stress, sarsıntı keçirməsi şübhəsizdir. Şəxsin stress keçirməsi üçün nəinki bir neçə gün, hətta bir saat belə yetərlidir. Bu baxımdan da kollegiya rayon məhkəməsinin mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə tutduğu 500 manat pul məbləğini işin halları baxımından ağlabatan hesab edir. Buna görə də şikayət aşkar əsassızdır, təmin oluna bilməz.
52. Müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.
53. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
55. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
56. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.
57. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Nəticə:
58. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən hissədə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Hazırki qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan AR MPM-in 402.1-ci maddəsinə əsasən qətnamə mübahisələndirilə (kassasiya şikayəti verilə) bilməz.
60. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4374/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.