Məhkəmə qərarları › İş №2(103)-155/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-155/2024

28.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-155/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən və orada yerləşən tikilidən çıxarılma tələbinə dair mülki iş üzrə Açar sözlər:(Torpaq sahəsindən və orada yerləşən tikilidən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2022-cu il tarixli, 2(003)-169/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Notarial qaydada təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AA 606303 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsinin sahibi İddiaçıdır. 2.İddiaçı cavabdehlərin ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən və üzərində olan 2 (iki) mərtəbəli evə qanunsuz olaraq daxil olduqlarını və iddiaçının hüququnu pozmaqla ona məxsus torpaq sahəsindən və evdən əsassız istifadəetdiyin bildirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429 N saylı torpaq sahəsindən və üzərində olan 2 mərtəbəli evdən məcburi qaydada çıxarılmalarına, torpaq sahəsindən və evdən əsassız istifadəyə görə yaşadıqları hər ay üçün 500 manat olmaqla mart 2021-ci il tarixdən sentyabr 2021-ci il tarixədək 7 ay üçün cəmi 3500 manat pul vəsaitinin məcburi qaydada xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Buzovna Qəsəbəsi 429 N saylı sahə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 mart 2021-ci il tarixli ********** nömrəli qeydiyyatı əsasında (Çıxarışına əsasən) iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən və üzərində olan 2 (iki) mərtəbəli evə qanunsuz olaraq daxil olmuşlar və iddiaçının hüququnu pozmaqla ona məxsus torpaq sahəsindən və evdən əsassız istifadə edirlər. Beləlikə də iddiaçı ona məxsus olan torpaq sahəsindən və evdən faktiki istifadə etmək imkanından məhrum olunmuşdur. Qeyd etmişdir ki, cavabdehlər ünvan 1 ünvanda qeydiyyatda olmaqla onlara məxsus yaşayış evi sökülərək yerində yeni yaşayış binası tikildiyi üçün onlar faktiki olaraq ünvan 2 ünvanda yaşayırlar. Odur ki, cavabdehlər ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Buzovna Qəsəbəsi 429N saylı torpaq sahəsindən və üzərində olan 2 (iki) mərtəbəli evdən məcburi qaydada çıxarılmalarına və torpaq sahəsindən və evdən əsassız istifadəyə görə yaşadıqları hər ay üçün 500 (beş) yüz manat olmaqla mart 2021-ci il tarixdən sentyabr 2021-ci il tarixədək 7 (yeddi) ay üçün cəmi:-3500 (üç min beş yüz) manat pul vəsaitinin məcburi qaydada xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməlidir. 5.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli evdən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 avqust 2022-ci il tarixli, 2(003)-169/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Sabit Bəhrəmzadə) iddia tələbi təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli evdən (tikilidən) çıxarılması qət edilmişdir. 7.İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. 8.İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş AA 606303 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsinin sahibi İddiaçıdır. 9.İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, iş üzrə cavabdehlər ünvan 3 ünvanında qeydiyyatdadırlar. 10.İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 4054/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və X5 qarşı İddiaçı adına Bakı şəhəri, Xəzər Rayonu, Buzovna qəsəbəsi 429N saylı sahə üzrə verilən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəsi olan 17 mart 2021-ci il tarixli çıxarışın ləğv edilməsi və həmin ödəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. 11.İş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Cavid Ağayevin toplanmış materialın istintaqının aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X4 ərizəsi əsasında toplanmış HK-1-901 saylı material istintaqı aidiyyəti üzrə Xəzər RPİ-nin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır. 12.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 429N saylı sahə (torpaq sahəsi) İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilməyə başlandığı vaxtadək orada 2 mərtəbəli ev (özbaşına tikili) mövcüd olmuşdur. Cavabdehlərin iddiaya etirazları ondan ibarətdir ki, mübahisə predmeti olan torpaq sahəsi, orada yerləşən tikili onlara satılmışdır. 13.Məhkəmə iddianın təmin edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsinin mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlərin həmin daşınmaz əmlakdan istifadə etmələrinin hər hansı bir qanuni əsası müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdırlar. 14.Eyni zamanda məhkəmə, iddia tələbinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsində olan iki mərtəbəli evdən çıxarılma hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. 15.İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsində yerləşən 2 mərtəbəli tikili, özbaşına tikili olmaqla iş üzrə cavabdehlərin həmin torpaq sahəsindən istifadə etməyə başladıqları vaxtadək mövcüd olmuş və həmin tikinti yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən yalnız üzərində yerləşdiyi torpaq sahəsinin mülkiyyətiçisi olan iddiaçının adına rəsmiləşdirilə bilər. Bu baxımdan iddiaçının həmin tikiliyə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, onun qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından “qanuni gözləntiyə” malikdir. 16.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və orada yerləşən tikilidən digər şəxslərin (cavabdehlərin) çıxarılmasını tələb etməkdə haqlıdır. Tikilinin hazırda torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınmaması qarşılığında iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və orada olan tikilidən digər şəxslərin, yəni ailə üzvü olmamış və qarşısında hər hansı bir öhdəliyi yaranmamış cavabdehlərin, mülkiyyət hüquqları olan iddiaçının iradəsi ziddinə orada yaşamaları qanuni və əsaslı hesab edilə bilməz və onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda cavabdehlərin həmin tikilinin təmirində iştirak etmələri halı sübuta yetirilmir. Eyni zamanda (bu halın təsdiqini taparsa belə) həmin tikiliyə münasibətdə hüquqların yaranması kimi qiymətləndirilməsini məhkəmə qanuna uyğun hesab etməmişdir. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinin İ bəndinə, 29-cu maddəsinin İİ bəndlərinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.1, 152.2, 152.3, 152.4, 157.2, 178.2, 180.1, 180.3, 157.8-ci;Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220 və 360-cımaddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayında onun tərəfindən fərdi yaşayış evinin tikilməsi məqsədi ilə cavabdeh Xəzər rayonu, Buzovna qəsəbəsində torpaq sahəsi axtarırdı. Nəticədə onun tərəfindən vətəndaş X9 ilə tanış olarkən, X9 ona Xəzər Rayonu, Buzovna qəsəbəsində yerləşən 2.25 ha. torpaq sahəsini və onun üzərində olan yarım tikili olan 2 mərtəbəli mənzili almağı təklif etmişdir. Həmin sahə cavabdeh tərəfindən bəyənilərək, o, bu sahənin alınmasına razılıq vermişdir. X9 “Ekonom” Tikinti” şirkətinin rəhbəri olduğu üçün, həmin torpaq sahəsinin və yarımtikilinin alınması üçün cavabdehlə “Ekonom Tikinti” şirkətinin arasında daxili kredit yolu ilə kreditin icrası ilə bağlı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 2.25ha. torpaq sahəsinin və onun üzərində olan yarımtikilinin alınmasının alğı-satqı qıyməti 50000 (əlli min) manat təşkil edərək, cavabdeh 16 fevral 2021-ci il tarixdə ilkin olaraq 15000 (on beş) min manat məbləğində vəsaiti ödəmişdir. Ümumi olaraq 2021-ci ilin avqust ayınadək tərəfindən 29500 (iyirmi doqquz min, beş yüz) manat məbləğində vəsait ödənilmişdir. Lakin evin tikildiyizaman, həmin torpaq sahəsinə gələn və özünü X2 təqdim edən şəxs bildirmişdir ki, bu torpaq sahəsi ona məxsusdur, bu torpaq sahəsinin alınmasına görə pul vəsaitləri Nadirov Vüqar ona verməyib və demişdir ki, o mütləq pulları Hüseynov Əhmədə ödəməlidir əks tədqirdə cavabdehin bu sahədə yaşayışına problemlər yaradacaqdır. X1 heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Bu hadisəyə önəm verməyərək, öz müqaviləsinə arxayınlaşaraq, cavabdeh tərəfindən torpaq sahəsinin üzərində ev tikilərək, o, ailə üzvləri ilə birlikdə həmin evə köçərək, yaşamağa başladı. Ailə üzvləri ilə birlikdə həmin evdə yaşayışı davam edərək, X7 cavabdehdən və ailəsindən əl çəkməyərək, nəticədə su, işıq və qaz sayğaclarını bağlatdırmışdır. Bu hadisə barəsində cavabdeh tərəfinizdən DİN-nin 102 xidmətinə müraciət olunaraq, X7 qeyd etmişdir ki, qaz, su və işıq sayğacları onun qohumu İddiaçı adınadır. Qeyd etmək istəyir ki, inşa etdiyi və yaşadığı evin qonşu həyətində X4 evi idi və su, qaz, işıq sayğacları- hər bir sayğac ikiev üzrə idi. Hər ay sayğaclar üzrə ödəniş olunarkən, X7 ilə yarıyarı ödənilirdi. 2021-ci ilin avqust ayında qeydiyyat olduğu ünvana Xəzər Rayon Məhkəməsindən cavabdeh bildirişi qəbul etdi. Həmin bildirişdən ona məlum oldu ki, İddiaçı ona qarşı iddia qaldıraraq, iddia ərizəsində qeyd edib ki, həmin torpaq sahəsi ona məxsusdur. Sübut olaraq, həmin iddia ərizəsinin qoşmasında İddiaçı adına olan torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestr tərəfindən ********** nömrəsi ilə qeydiyyata düşən 17 mart 2021-ci il tarixlərində qeyd olunan çıxarışı təqdim etmişdir. Lakin həmin çıxarışın qanuni yolla alınmasında şübhə yaranır. Bundan başqa tərəfindən həmin torpaq sahəsinin alınması məqsədi ilə 2021-ci ilin yanvar – fevral aylarında hüquqi şəxslə müqavilə bağlanarkən, həmin çıxarış İddiaçı tərəfindən alınmamışdır. Çıxarışdan məlum olur ki, İddiaçı tərəfindən bu çıxarış 17 mart 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən heç bir ilkin sənəd olmadan alınmışdır və DƏDRX-ti tərəfndən həmin torpaq sahəsinin ölçülməsi üçün heç bir mütəxəssis yaxınlaşmamışdır. Bundan başqa ona verildiyi məlumatlara əsasən həmin torpaq sahəsi bələdiyyəyə məxsusdur. Bildiyimiz kimidə qanunvericiliyə əsasən bələdiyyənin balansında olan torpaq sahəsi üçün hal-hazıradək DƏDRX-nin tərəfindən çıxarış verilə bilməz. Beləliklə yuxarıda qeyd edilənlərin heç biri Xəzər rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Hətta tərəfindən məhkəməyə vəsatət verilərək, xahiş olunmuşdur ki, iş üzrə iddiaçı və digər iki şəxs əlbir olub onun pullarını mənimsəyərək aldadıblar cavabdehi və bununla əlaqədər xahiş etmişdi ki, xüsusi qərar çıxarılsın. Lakin məhkəmə tərəfindən imtina olunmuşdur. Halbu ki, iddiaçının vəkili məhkəmə iclas zamanı özüdə etiraf edirdi ki, iş üzrə araşdırma Xəzər Rayon Polis İdarəsində aparılır. Bundan başqa iddiaçı tərəfindən həmin çıxarış hansı yolla əldə olunmasıda şübhə altındadır. Bundan başqa iddiaçı tərəfindən həmin çıxarış hansı yolla əldə olunması da şübhə altındadır. Nəticəyə gəlmək olar ki, məhkəmə tərəfindən onun insan hüquqları pozulubdur və məhkəmə tərəfindən obyektiv araşdırma aparılmayıbdır.Tərəfindən həmin torpaq sahəsinin alınması məqsədiilə 2021-ci ilin yanvar – fevral aylarında hüquqi şəxslə müqavilə bağlanarkən, həmin çıxarış İddiaçı tərəfindən alınmamışdır. Çıxarışdan məlum olur ki, İddiaçı tərəfindən bu çıxarış 17 mart 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən heç birilkin sənəd olmadan alınmışdır və DƏDRX tərəfindən həmin torpaq sahəsinin ölçülməsi üçün heç bir mütəxəssis yaxınlaşmamışdır. Xəzər rayon Məhkəməsinə həmin işin Daxili İşlər nazirliyinin Xəzər rayon polis idarəsində araşdırılmasının aparılması barəsində məlumatlı olmasına baxmayaraq, cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayından başlayaraq bağlanmış müqaviləyə əsasən həmin əmlak üzrə ödəniş etməyi barədə məlumat olsada heç bir araşdırma aparılmayaraq, iddiaçı tərəfindən əldə olunmuş çıxarışın ilkin sənədlər barəsində heç bir araşdırma aparılmayaraq qətnamə çıxarılmışdır. Halbuki, ilk olaraq iş üzrə hüquq mühafizə orqanlarında araşdırma aparılırsa, o zaman məhkəmə icraatı dayanmalı idi. Bundan başqa çıxarışın ilkin sənədləri araşdırılaraq, bəlli olacaqdır ki, ümumiyyətlə iddiaçı bu əmlak üzrə çıxarışı ala bilməzdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 22.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 23.12-ci maddəsinin İİ hissəsinə görə, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 24.13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

25. 29-cu maddəsinin İ-İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 27.Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 28.Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 29.Maddə 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 30.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 31.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 32.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 33.Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 34.Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: “... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdeh qətnamədən apellyasiya şikayəti verməməişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarının araşdıraraq hesab edir ki, apellyasiya şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 41.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, notarial qaydada təsdiq edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, mübahisələndirilən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsi İddiaçı mülkiyyətindədir 42.İş üzrə apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin № 3-16-16/2-10/6645 saylı, 23 yanvar 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan torpaq sahəsinin qapısı bağlı olduğundan əraziyə daxil olmaq mümkün olmadı. Torpaq sahəsinin üzrəində yaşayış evi mövcuddur. Vahid elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi faktiki olaraq 228.0 kv. m təşkil edir. Torpaq sahəsinin 114.0 kv.m hissəsi **********2 reyestr nömrəsi ilə X6 xüsusi mülkiyyətindədir. 43.Qanunvericiliyin qeyd olunan müddəalarına əsasən kollegiya hesab edir ki, iddiaçı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsinin mülkiyyətçisi olduğundan həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. Buna görə də iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının müdafiəsi üçün cavabdehin torpaq sahəsindən çıxarılmasınıtələb etməkdə haqlı olmuşdur. 44.Eyni zamanda cavabdehin həmin daşınmaz əmlakdan istifadə etməsinin hər hansı bir qanuni əsası müəyyən edilməmişdir. 45.İş materiallarından o da müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 429N saylı torpaq sahəsində yerləşən 2 mərtəbəli tikili, özbaşına tikili olmaqla iş üzrə cavabdehin həmin torpaq sahəsindən istifadə etməyə başladığı vaxtadək mövcüd olmuş və həmin tikinti yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən yalnız üzərində yerləşdiyi torpaq sahəsinin mülkiyyətiçisi olan iddiaçının adına rəsmiləşdirilə bilər. Belə ki, iddiaçının həmin tikiliyə olan hüquqları əmlak hüquqları (sahiblik və istifadə hüquqları) vardır. Tikiliyə, onun qanuni sahiblik və istifadə hüququ olduğundan o, həm milli qanunvericilik, həm də Avropa Məhkəməsinin president hüququna görə həmin tikiliyə münasibətdə mülkiyyət baxımından “qanuni gözləntiyə” malikdir. 46.Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «... 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». 47.Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 48.Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. 49.Qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin qanuni mülkiyyətçisi olmaqla onun üzərində inşa edilmiş tikiliyə münasibədə sahiblik və istifadə hüquqlarına malik olduğundan, cavabdehin həmin torpaq sahəsi və tikiliyə münasibtdə heç bir hüququ müəyyən edilmədiyindən sonuncu tərəfindən torpaq sahəsindən və tikilifən istifadəyə yaradılan menaələr, torpaq sahəsinin qanun mülkiyyətçisi olan iddiaçının iradəsi ziddinə cavabdehin orada yaşaması, iddiaçının öz mülkiyyəti üzərində sərbəst sahiblik və istifadə hüquqlarını məhdudlaşdırmaqla mülkiyyət hüquqularına qəsd etdiyindən iddia tələbi mübahisələndirilən hissədə düzgün olaraq təmin edilmişdir. 50.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 51.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(003)-169/2022 saylı qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. 52.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 54.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 55.Kollegiya hesab edir ki, apellyasiya mərhələsində aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manatcavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(003)-169/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar