Məhkəmə qərarları › İş №2(103)-1552/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1552/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1552/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ağaəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: qızıl-zinyət əşyalarının və ya onun dəyərinin tutularaq iddiaçıya ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Ağaəli oğlunun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2467/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı Ağaəli oğlu və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, X2 adına Bakı şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

2. İş materiallarında olan Səbail RPİ İstintaq Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə yekun (əvvəllər bir neçə dəfə qərar qəbul edilmiş, lakin şikayət nəticəsində həmin qərarlar prokuror nəzarəti qaydasında prokurorluq tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün istintaq orqanına göndərilmişdir) qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, izahatı alınmış Cavabdeh2 Sayiq qızı bildirmişdir ki, Etibar Babayevlə birlikdə gəlir əldə etmək məqsədilə qızıl alveri ilə məşğul olmuş və əldə etdikləri gəliri qoyduqları sərmayələrinə müvafiq olaraq bölmüşlər. 13 iyun 2020-ci il tarixdə və həmin tarixdən 3-4 gün sonra Mərkəzi Univermağa gedərək İddiaçı Ağaəli oğlundan təxminən 40.000 manat dəyərində qızıl-zinyət əşyaları almış və həmin günü sözügedən əşyaları Etibar Babayevə vermişdir. Etibar Babayev həmin qızıl-zinyət əşyalarını ayrı-ayrı şəxslərə nisyə alqı-satqı formasında satmış, lakin, satdığı şəxslərdən pulu almadığına görə Cavabdeh2 Sayiq qızı gəlir əldə etməmişdir.

3. İş materiallarına mübahisə predmeti olan qızıl-zinyət əşyalarının sayı, növləri və digər xüsusiyyətləri barədə siyahı əlavə edilmişdir. Sözügedən əşyaların siyahısı işə əlavə edilmiş Səbail RPİ üzrə araşdırması aparılmış müvafiq istintaq materiallarında da mövcuddur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ağaəli oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi dəyəri 24036 ABŞ dolları olan qızıl-zinyət əşyalarının, bu mümkün olmadıqda isə onun dəyəri qismində 40861 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri qızıl-zinət əşyalarının satışını həyata keçirir. İddiaçı ilə yaxın münasibətdə olan mərhum Etibar Babayevin təklifi ilə mərhumla şərikliyi olan Cavabdeh2 Sayiq qızı iddiaçıdan fərqli vaxtlarda əvəzini ödəyəcəyi vədi ilə qızıl-zinət aşyaları almışdır. Belə ki, mərhum Etibar Babayev ilə şərikliyi olan Cavabdeh2 Sayiq qızı ilk dəfə 14.776 ABŞ dolları, 1 həftədən sonra isə 9.260 ABŞ dolları dəyərində cəmi 24.036 ABŞ dolları (milli valyuta məzənnəsi ilə 40.861 manat) dəyərində qızıl-zinət əşyalarını nisyə götürmüş, həmin borc məbləğinin bir hissəsini 15 iyul 2020-ci il tarixdə, yerdə qalan hissəsini isə 2020-ci ilin avqust ayının axırlarında ödəyəcəyinə dair vəd vermişdir. Qeyd edilməlidir ki, həmin qızıl-zinət əşyaları iddiaçının mərhum Etibar Babayevə olan etibarı səbəbindən Cavabdeh2 Sayiq qızına verilmişdir. Etibar Babayev pandemiya dövründə 2 iyul 2020-ci il tarixində COVİD-19 virusu səbəbindən vəfat etmişdir. İddiaçı həmin günü mərhum Etibar Babayevin yaxını Cavabdeh2 Sayiq qızına zəng edərək telefonla əlaqə yaratmış, sonuncu isə Etibar Babayevin ölümü ilə bağlı pul ödəməsində bir az gecikmə olacağını bildirmişdir. Növbəti görüşlərdə Cavabdeh2 Sayiq qızı götürdüyü qızılları Etibar Babayev sağ olarkən ona verdiyini bildirmişdir və belə olan təqdirdə isə borcu və ya qızılları qaytarmalı olan şəxslərin Etibar Babayevin həyat yoldaşı Cavabdeh1 olmasını bildirmişdir. Lakin, indiyə qədər qızıl-zinət əşyaları və ya onun dəyəri iddiaçıya geri qaytarılmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2467/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın qismən təmin edilməsi, Cavabdeh2 24036 ABŞ dolları (milli valyuta məzənnəsi ilə 40861 manat) pulun və ödənilmiş 213 (iki yüz on üç) manat dövlət rüsumunun tutularaq İddiaçı Ağaəli oğlunun xeyrinə ödənilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 600.4, 1146, 1151.1, 1151.2, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən İddiaçı Ağaəli oğlu və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişlər.

9. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi qismən təmin edilərək iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Etibar oğluna münasibətdə əmlakını geri tələb edə bilməsinə dair mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki iş materiallarına əlavə olunmuş sübutlar və işin mübahisəsiz faktiki halları həmin şəxslərin cavabdeh qismində iddia tələbinə münasibətdə öhdəlik daşıdıqlarını müəyyən etməyə kifayət qədər əsas verir. Hazırki iş üzrə Yasamal Rayon Məhkəməsi “mərhum X2 vərəsələrinin (oğlu və arvadı) iddia tələbi üzrə məsuliyyət daşımasının istisna edildiyini, Cavabdeh1 mərhum X2 vərəsəliyini qəbul etməsi faktının təsdiqini tapmadığını” qeyd edərək iddia tələbini onlara münasibətdə təmin etməmişdir. Məhkəmənin bu yöndə mövqeyinin əsassız olduğunu nəzərinizə çatdırırıq. Belə ki, AR KM 2020-ci il 16 oktyabr tarixli Plenum Qərarına əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Yasamal Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilərkən sözügedən Plenum Qərarına ümumiyyətlə müraciət olunmadığı aydın olur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X2 adına Bakı şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və Cavabdeh3 Etibar oğluna vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi qeyd olunmuşdur. AR KM Plenumunun mövqeyinə əsasən mirası qəbul etdiyini şəksiz nümayiş etdirən şəxsin vərəsəlik şəhadətnaməsinin olmaması belə onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Belə olan təqdirdə isə sözügedən iş üzrə həm faktiki olaraq əmlakı sahibliyə qəbul etmiş, həm də əldə etdiyi vərəsəlik şəhadətnaməsi ilə də vərəsəlik hüququ tam təsdiq edilmiş şəxs kimi Cavabdeh3 Etibar oğlu tərəfindən miras əmlaka dair borc öhdəliyinin icra edilməsi labüddür. Buna əsasən deməliyik ki, məhkəmənin miras qoyan Babayev Etibarın borc öhdəliyi üzrə məsuliyyəti onun qanun üzrə vərəsəsi olan Cavabdeh3 Etibar oğluna münasibətdə istisna etməsinə dair mövqeyi tamamilə qanunsuz və əsassız olmaqla birbaşa olaraq AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinin kobud şəkildə pozuntusu ilə nəticələnmişdir. Məhkəmə iddianı qismən təmin etməklə əlaqədar öz mövqeyini bununla əsaslandırır ki, “Cavabdeh2 İddiaçı Ağaəli oğlundan əldə etdiyi qızıl-zinət əşyalarını mərhum X4 təhvil verməsinə dair sübutetmə fəaliyyətini həyata keçirə bilməmişdir.” Məhkəmənin özünün də qeyd etdiyi kimi Cavabdeh2 ilə mərhum X5 arasında ortaqlıq (biznes) münasibətlərinin mövcud olması iş üzrə mübahisəsiz faktiki haldır. Uzunmüddətli biznes fəaliyyətini ortaq şəkildə həyata keçirən şəxslər olaraq Saiqə və Etibar arasında bir-birinə qarşı daimi etimada əsaslanan münasibət mövcud olduğundan qızıl-zinət əşyalarını Cavabdeh2 öz ortağı olan Babayev Etibara verərkən xüsusi olaraq bunu təsdiq etməyə lüzum görməməsi tamamilə başa düşülən haldır. Bu səbəblə indiki halda həmin faktı sübutetmə vasitəsi qarşı tərəfin bu halı etiraf etməsi ola bilərdi ki, bu isə Babayev Etibar vəfat etdiyi üçün qeyri-mümkündür. Digər üsul isə qızıl-zinət əşyalarının həqiqətən də Babayev Etibara verilməsini təsdiq edəcək hər hansı səs yazısı və ya maddi sübutun olmasıdır. Nəzərinizə çatdırırıq ki, məhz sonuncu qeyd etdiyimiz sübutetmə vasitəsi üzrə məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim olunsa da məhkəmə onların heç birini obyektiv və hərtərəfli şəkildə araşdırmadan və hüquqi qiymət vermədən iş üzrə əsassız qərar qəbul etmişdir. Belə ki, iş üzrə iddia ərizəsinə əlavə edilmiş materiallarda qızıl-zinət əşyalarının Babayev Etibara verilməsi və hələ də onun ailə üzvlərində olmasına dair “whatsapp” tətbiqi üzərindən aparılmış yazışmalar və kifayət qədər səs yazıları vardır. Hansı ki Cavabdeh2 tərəfindən təqdim olunmuş Cavabdeh1 məxsus səs yazılarında “qızılların onlarda olduğu və yaxın zamanda qaytaracaqları” Cavabdeh1 tərəfindən açıq şəkildə bildirilmişdir. Səs yazısında bu şəkildə açıq-aydın qızılların onlarda olmasını etiraf etməsinə baxmayaraq məhkəmənin həmin sübutları mötəbər sübut hesab etməməsinin səbəbi tamamilə qeyri-müəyyəndir. Məhkəmə tərəfləri mümkün olduğundan artıq sübutetmə yükü ilə yükləməməlidir. Hazırki iş üzrə qızılların miras qoyanın vərəsələrində olmasını təsdiq edə biləcək sübuti əhəmiyyətli səs və yazışma nümunələrinin məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmənin hansı səbəbə görə bu sübutlara lazımi hüquqi qiymət vermədiyi heç bir halda anlaşılan deyildir. Eləcə də məhkəmə həmin halı sübut edə biləcək başqa nə kimi sübuta zərurət olduğunu belə ifadə etmədən sonda mövqeyini ümumi şəkildə əsaslandırmışdır. Bununla da AR Mülki Prosessual Məcəlləsinin 76, 88 və 220.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur.

10. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən obyektiv qiymətləndirilməsi həyata keçirilməyən, yaranmış öhdəlik üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh3 cavabdehlik daşımasını təsdiq edən sübutlara düzgün qiymət verilsə idi, ən azı iddia tələbi üzrə pulun tutulması cavabdehlərdən müştərək qaydada, yəni 50% Cavabdeh2, 50% isə Cavabdeh1 və Cavabdeh3 tutulması barədə qərar qəbul edərdi. 1. Yasamal rayonu RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarı (bax: iş mat.səh 97-99); 2. Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu RPİ-nin İŞ-də izahatı (bax: iş mat. səh 68-69); 3. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 06 mart 2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli HK- 1/595 №-li toplanmış materillar üzrə cinayət işinin başlanması rədd edilməsinə dair qərarı (bax: iş mat. səh. 93-95); 4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, X2 adına Bakı şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 5. İddiaçı Ağaəli oğlunun iddia ərizəsi; 6. İş materiallarında olan WhatsApp yazışmalarından çıxarışlar. 7. Məhkəmənin həqiqətin üzə çıxması üçün araşdırmalı olduğu, lakin araşdırmadığı səs yazısı. Bu qeyd edilən iş materiallarından aydın olur ki, mərhum Etibar Babayevin bir yox bir neçə şərikli işi olmuş və bu işlərlə bağlı öhdəlikləri qalmışdır və iddiaçı qarşısında məsuliyyəti cavabdehlər birgə daşımalıdırlar. Lakin mərhumdan belə öhdəliklər qalmasına baxmayaraq, onun vərəsələri tərəfindən bu öhdəliklər yerinə yetirilmir. Halbuki, hazırkı iş üzrə qızıl-zinət əşyalarının apellyator tərəfindən iddiaçıdan götürülməsi, öhdəliyin yalnız Cavabdeh2 tərəfindən icra edilməsi anlamına gəlməməlidir. Belə ki, iş materiallarında olan sübutlar onu deməyə əsas verir ki, qızıl-zinət əşyalarının alqı-satqısı mərhum Etibar Babayev ilə birlikdə şərikli həyata keçirilmiş və son alınmış qızıllar mərhumda qalmışdır. Əleyhinə istifadə ediləcəyinə baxmayaraq Cavabdeh2 iş üzrə bütün öhdəliklə bağlı həqiqəti deməkdən çəkinməmişdir. Cavabdehin həqiqətin üzə çıxması üçün dedikləri isə məhkəmə tərəfindən yalnız onun ziyanına və digər cavabdehlərin öhdəliyin icrasından kənarda qalması üçün şərh edilmişdir. Bununla da ədalətsiz qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Ağaəli oğlunun nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh2 vəkili Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

15. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

16. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

17. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

18. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda, həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən, qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2467/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, Cavabdeh2 Sayiq qızının birinci instansiya məhkəməsinin iclasında bildirdikləri əsas götürülməklə, sonuncunun mərhum X5 ilə birlikdə gəlir əldə etmək məqsədilə qızıl alveri ilə məşğul olması, əldə etdikləri gəliri qoyduqları sərmayələrinə müvafiq olaraq bölmələri, Cavabdeh2 Sayiq qızının 13 iyun 2020-ci il tarixdə və həmin tarixdən 3-4 gün sonra Mərkəzi Univermağa gedərək İddiaçı Ağaəli oğlundan təxminən 40.861 manat dəyərində qızıl-zinət əşyaları alması mülki işin mübahisəsiz halıdır.

30. Kollegiya qeyd edir ki, işin hazırda mübahisələndirilən halı Cavabdeh2 mübahisə predmeti olan qızıl-zinət əşyalarını İddiaçı Ağaəli oğlundan aldıqdan sonra (mülki işin mübahisəsiz halıdır), həmin əşyaları mərhum Etibar Babayevə təhvil verməsi ilə bağlıdır. Cavabdeh tərəfindən qeyd olunan halı təsdiq edən əsaslı, mötəbər sənəd, sübut və ya material məhkəməyə təsdiq edilməmişdir. Həmçinin, iddiaçı tərəf də iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dair hissədə əsaslılığına dair mötəbər sübutlar məhkəməyə təqdim etməmişlər. Təqdim etdiyi sübutlar isə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən mötəbər hesab edilməməklə mübahisənin taleyini birbaşa həll edə biləcək əhəmiyyətdə deyildirlər.

31. Bu səbəbdən, digər cavabdehlər olan mərhum X2 vərəsələrinin (oğlu və arvadı) iddia tələbi üzrə məsuliyyət daşıması istisna edilir. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə Cavabdeh1 mərhum X2 vərəsəliyini qəbul etməsi xüsusatı təsdiqini tapmır.

32. Kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə bildirir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vərəsə kimi məsuliyyət daşımasının aydınlaşdırılmasından əvvəl mirasqoyanın öhdəliyinin olub-olmaması faktı təsdiqlənməlidir. Hazırki iş materiallarında bununla bağlı mötəbər sübut mövcud deyildir. Belə ki, bu ehtimal digər Cavabdeh2 Sayiq qızı tərəfindən bildirilsə də, bu hal başqa heç bir sübutla təsdiqlənmir.

33. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, cavabdehin istinad etdiyi sənədlərdə- Cavabdeh1 mərhum həyat yoldaşının qızıl-zinət əşyalarının alınıb-satılması ilə bağlı fəaliyyətindən xəbərsiz olduğunu bildirmişdir. İş materiallarında olan səsyazmalarda isə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qızıl zinət əşyalarının və ya onun dəyərinə uyğun pul vəsaitinin mərhum X3 olması ilə bağlı hər hansı ifadəsi, etirafı mövcud deyil.

34. Kollegiya hesab edir ki, məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməklə mülki işin mübahisəsiz hallarından yola çıxaraq mübahisəni həll etməsi qanuni və əsaslıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

36. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Ağaəli oğlunun və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2467/2023 nömrəli, 01 dekabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar