Məhkəmə qərarları › İş №2(103)-1553/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1553/2025

18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1553/2025 18.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(001)-3384/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)- 2860/2021 nömrəli qətnaməsindən görünür ki, Mehtiyev X1 Sabir Qulam oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin bu qətnaməsi ilə iddia qismən təmin edilərək, S.Q.Mahmudludan 17130 manat və dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla, cəmi 17160 manatın İddiaçı xeyrinə tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(103)-7103/2021 nömrəli qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

3. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlandırılmış 08 aprel 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli icra sənədi 26 noyabr 2021-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, borc məbləğinin ödənilməsini təmin etmək məqsədilə zəruri icra hərəkətləri aparılmış və Elektron İcra Sistemində borclunun adında əmlak, ev, mənzil, torpaq sahəsi, qeyri-yaşayış sahəsi və digər gəlirlər (ikinci dərəcəli əlilliyə görə 363,86 manat məbləğində pensiya istisna olmaqla) aşkar edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 63 və 65-ci maddələrinin tələblərinə əsasən, borclunun pensiyasından hər ay 50 faiz olmaqla, 2022-ci il üzrə 2488,8 manat, 2023-cü il üzrə 2706,05 manat, 2024-cü il üzrə 691,06 manat tutularaq ümumilikdə 5885,91 manat İddiaçı hesabına köçürülmüşdür. 11274,09 manat qalıq borcun ödənilməsi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri icra hərəkətləri davam etdirilir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 8(001)- 407/2024 saylı qərardadından görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə ona ödənilməsi nəzərdə tutulan 17130 manat pul vəsaitinin indeksasiya olunmaqla, Cavabdeh əlavə 5358,42 manatın onun xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmiş, həmin qərardadla ərizəsi təmin edilməmişdir. Sonradan İddiaçı məhkəmənin 23 may 2024-cü il tarixli qərardadından şikayət vermiş, şikayət məhkəmənin 12 iyun 2024-cü il tarixli qərardadına əsasən təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 3(001)- 365/22 saylı qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında icraata xitam verilmişdir.

6. 03 noyabr 2021-ci il tarixli məktuba əsasən mülki işə apellyasiya qaydasında baxıldıqdan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və 19 noyabr 2021-ci il tarixli məktubla icra vərəqəsi icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir.

7. İcraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 saylı icra vərəqəsi üzrə 26 noyabr 2021-ci il tarixdə icraata başlanılmışdr.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, 13 mart 2019-cu il tarixdən 07 aprel 2019-cu il tarixədək olan müddət üzrə 51,91 manat, 07 aprel 2019-cu ildən 07 avqust 2019-cu il tarixədək 282,06 manat, 07 avqust 2019-cu ildən 25 fevral 2022-ci il tarixədək 2189,38 manat, 25 fevral 2022-ci ildən 31 dekabr 2022-ci il tarixədək 619,76 manat, 01 yanvar 2023-cü ildən 31 dekabr 2023-cü ilədək 596,75 manat, 01 yanvar 2024-cü ildən 08 aprel 2024-cü il tarixədək 152,47 manatın, beləliklə ümumilikdə 3892,33 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, o, 18 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən 27201 manat pulun, əldən çıxmış fayda ilə bağlı 10000 manatın, dəymiş maddi zərərə görə 3000 manatın, mənəvi zərərə görə 10000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 nömrəli qətnaməsinə əsasən, iddiası qismən təmin edilmiş, cavabdehdən 17130 manat pulun və dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 17160 manatın tutularaq ona ödənilməsi qərara alınmış, iddia qalan hissələrdə təmin edilməmişdir. Qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qətnamə üzrə verilmiş icra sənədi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatındadır. Cavabdeh həmin qətnamə ilə müəyyənləşdirilmiş məbləğdən 25 fevral 2022-ci il tarixdən bugünədək cəmi 5885,91 manat ödəniş etmişdir. Buna görə də, iddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, gecikdirilmiş hər bir il üçün məbləğin 5 faizini ona ödəməlidir. İddiaçının 13 mart 2019-cu il tarixdə cavabdehə verdiyi 15180 manat, 07 aprel 2019-cu il tarixdə verdiyi 1700 manat və 07 avqust 2019-cu il tarixdə poçt vasitəsilə göndərdiyi 250 manat, cəmi 17130 manat pulun 5 faizi aşağıdakı qaydada hesablanmalıdır: 13 mart 2019-cu il tarixdən 07 aprel 2019-cu il tarixədək illik 5 faiz olmaqla, 25 günə 15180 manatın 0,342 faizi, yəni 51,91 manat; 07 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək illik 5 faiz olmaqla, 122 günə 16880 (15180+1700) manatın 1,671 faizi, yəni 282,06 manat; 07 avqust 2019-cu il tarixdən 25 fevral 2022-ci il tarixədək illik 5 faiz olmaqla, 17130 (16880+250) manatın 12,781 faizi, yəni 2189,38 manat; 25 fevral 2022-ci il tarixən 31 dekabr 2022-ci il tarixədək 2488,8 manat ödəniş edildiyindən, qalıq məbləğ olan 14641,2 manatın illik 5 faiz olmaqla, 4,233 faizi, yəni 619,76 manat; 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək 2706,05 manat ödəniş edildiyindən, qalıq məbləğ olan 11935,15 manatın illik 5 faizi olmaqla 5 faizi, yəni 596,75 manat; 01 yanvar 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək 691,06 manat ödəniş edildiyindən, qalıq məbləğ olan 11244,09 manatın illik 5 faiz olmaqla 1,356 faizi, yəni 152,47 manat, beləliklə ümumilikdə 3892,33 manat.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi əsaslarla ondan tələb etdiyi indeksasiya məbləğini məhkəmənin icraatında olan 8(001)-407/2024 saylı iş üzrə də təkrar olaraq digər formada tələb edir. İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad edərək, onun borclu olduğu pula faiz hesablanmaqla, həmin faizlərin ödənilməsini ondan tələb edir. O, 2-ci qrup əlil olmağına baxmayaraq, məhkəmənin qətnaməsi tərəfindən icra edilir və borc məbləği ödənilir. İddiaçının hazırki iddianı qaldırmaqda məqsəd və niyyəti ona təsir göstərərək, əlavə vəsaitlərin ödənilməsinə cəlb etməkdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tarixli 9/6726 saylı rəyindən müəyyən olunur ki, 13 mart 2019-cu il tarixdən 07 aprel 2019-cu il tarixədək olan müddət üzrə 15180 manat pul vəsaitinin illik 5 faizi 50,60 manat, 07 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddət üzrə 16880 manat pul vəsaitinin illik 5 faizi 281,33 manat, 07 avqust 2019-cu il tarixdən 25 fevral 2022-ci il tarixədək olan müddət üzrə 17130 manat pul vəsaitinin illik 5 faizi 2184,08 manat təşkil edir. 17130 manat puldan ödəmələr çıxıldıqdan sonra 25 fevral 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixədək olan müddət üzrə 17130-2488,8=14641,20 manat əsas borc, 622,25 manat 5% borcu, 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət üzrə 14641,2-2706,5=11935,15 manat əsas borc, 596,76 manat 5% borcu, 01 yanvar 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək olan müddət üzrə 11935,15-1236,85=10698,30 manat əsas borc, 144,13 manat 5% borcu təşkil edir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(001)- 3384/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq Cavabdeh 1465,44 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

13. Qətnamənin əsaslarına görə məhkəmə cavabdehin məhkəmə qərarının vaxtında icra edilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi və icraya yönəldiyi halda həmin qərarın icra edilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur ki, bu da yalnız iddiaçıya qanunda nəzərdə tutulan gecikdirilmiş müddət üçün illik beş faiz zərər məbləği ödənilməklə kompenasiya edilə bilər. Məhkəmə həmçinin tərəflərin diqqətinə çatdırır ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Bu səbəbdən məhkəmə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən illik beş faiz məbləğində pulun tutulmasını əsaslı hesab edir və hesab edir ki, illik 5 faiz zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə cavabdehin bu yöndə vəzifəsinin hansı tarixdə yaranması aydınlaşdırılmalıdır. İşdən görünür ki, tərəflər arasında şifahi razılaşma olduğundan, iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğin hansı konkret zamanda qaytarılacağına dair heç bir hal mövcud olmadığından (tərəflər məhsul yetişdirib, onun satılmasından əldə ediləcək xeyirin bölüşdürülməsinə dair razılıq əldə etmişdilər) məhkəmə cavabdehin iddiaçı qarşısında əsassız varlanaraq əldə etmiş olduğu pulun qaytarılma məqamını məhz onlar arasında olan məhkəmə çəkişmələrinin yekun nəticəsi anı ilə tutulmasını qanunamüvafiq hesab edir. Belə ki, tərəflər arasında pul tələbinə dair məhkəmə çəkişmələri tam olaraq Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(103)-7103/2021 saylı qətnaməsi ilə yekunlaşmış, qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldiyindən iddiaçıya 17130 manat pulun ödənilməsinin başlanğıcının da bu tarixdən götürülməsini məhkəmə ağlabatan hesab edir. Qeyd olunanlara əsasən gecikdirilmə müddətinin 19 noyabr 2021-ci il tarixindən tələbdə göstərilmiş tarix - xx.xx.2024-cü il tarixədək olmasını, tədqiq edilmiş ekspert rəyini (rəydə göstərilən riyazi hesablama qaydasında), icra mərhələsində borclunun etmiş olduğu ödənişləri də nəzərə alaraq hesabalandıqda 5 faizlə tutulmalı məbləğin ümumilikdə 1465,44 manat təşkil etdiyindən iddia tələbi də həmin məbləğ həddində təmin edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 445 -ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə görə, sübut etmə yükü iddiaçının üzərinə qoyulsa da, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digərə saslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Bu səbəbdən məhkəmə pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən illik beş faiz məbləğində pulun tutulmasını əsaslı hesab edir və illik beş faiz zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi məqsədi ilə ilk öncə cavabdehin bu yöndə vəzifəsinin hansı tarixdə yaranması aydınlaşdırılmalıdır. İşdən görünür ki, tərəflər arasında şifahi razılaşma olduğundan, iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğin hansı konkret zamanda qaytarılacağına dair heç bir hal mövcud olmadığından məhkəmə cavabdehin iddiaçı qarşısında əsassız varlanaraq əldə etmiş olduğu pulun qaytarılma məqamını məhz onlar arasında olan məhkəmə çəkişmələrinin yekun nəticəsi anı ilə tutulmasını qanunamüvafiq hesab edir. Beləki, tərəflər arasında pul tələbinə dair məhkəmə çəkişmələri tam olaraq Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(103)-7103/2021 saylı qətnaməsi ilə yekunlaşmış, qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə 19 noyabr 2021-ci il tarixdə icraya yönəldiyindən iddiaçıya 17130 manat pulun ödənilməsinin başlanğıcının da bu tarixdən götürülməsini məhkəmə ağlabatan hesab edir kimi qeyd etməklə heç bir hüquqi əsası yalnız öz şəxsi (subyektiv) mülahizələrini əsas gətirərək nəticəyə gəlmişdir ki, bu da maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Qeyd edir ki, Cavabdeh soya bitkisinin əkilməsi üçün 2019-cu ilin mart, aprel aylarında 17130 manat pul verməyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ciil tarixli, 2(001)-2860/2021 saylı qətnaməsilə tam sübuta yetirilmişdir. Yəni, məhkəmə borcun məhz 2019-cu ilin mart ayından yarandığı qənaətinə gəlmişdir. Həmin ilin iyun ayında məhsul biçilərək satılmalı və Cavabdeh mənə, onaəkinə xərclədiyi mədsədilə verdiyim 17130 manat pulu vəəlavə olaraq əldə edilən mənfəətdən də müəyyən məbləğ verməli idi. Lakin məlum oldu ki, Cavabdeh onu aldadaraq pulu ələ keçirmişdir. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 saylı qətnaməsi ilə borcun yaranması 2019-cu ilin mart ayından qəbul edildiyindən illik 5 %-də həmin aydan hesablanmalıdır. Ona görə ki, o onu aldatdığına görə daha heç bir başqa tarix mübahisə mövzusu ola bilməz. Əgər məhsul biçilib satılsaydı və Cavabdeh onun pulunu verməsəydi, o zaman həmin pulun tutulub ona verilməsi barədə çıxarılan məhkəmə qətnaməsinin və ya məhkəmənin icra şöbəsinə göndərdiyi icra sənədinin tarixinin faizin ödənilməsinin başlanğıc tarixi kimi qəbul edilməsi ağlabatan hesab edilə bilərdi. Lakin məhkəmə tərəfindən borc kimi qəbul edilən və tutulub mənə verilməli olan məbləğin, yarandığı tarixdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən də faizi hesablanmalıdır. Binəqədi Rayon Məhkəməsi“...qətnamə 19 noyabr 2021-ci il tarixdə icraya yönəldiyindən iddiaçıya 17130 manat pulun ödənilməsinin başlanğıcının da bu tarixdən götürülməsini məhkəmə ağlabatan hesab edir”, lakin bu “ağlabatanlığın” hansı əsasla və hansı meyarlarla hesab edilməsini şərh etməyib. Ona görə də, hesab edir ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən yalnız formal və subyektiv mülahizələrə əsaslanmaqla qətnamə qəbul edilib ki, bu, heç bir qanuna əsaslanmamaqla, maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsidir. Onu da qeyd edir ki, irəli sürdüyü iddia tələbi ilə bağlı məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilib və tələb məhkəmə tərəfindən ekspert qarşısında qoyulan suallar əsasında ekspert rəyi ilə də tam təsdiqini tapıb. Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbi də pozulmuşdur. Belə ki, həmin maddənin dispozisiyasından da görünür ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin məhkəmə MPM-nin bu maddəsinin tələblərinə əməl etməmiş, yalnız formal (şəxsi) və subyektiv mülahizələrlə qətnamə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə də əməl edilməmişdir. Həmin maddənin dispozisiyasından da görünür ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Lakin məhkəmə iclasında onun cavabdehə verdiyi borcun yaranma tarixinin 2019-cu ilin mart ayında olduğu, bunaəsas kimi Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 qətnaməsinin qəbul edildiyi və Binəqədi Rayon Məhkəməsi tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilərək məhkəmə tərəfindən ekspert qarşısında qoyulan suallar əsasında iddia tələbi ekspert rəyi ilə də tam təsdiqini tapmasına baxmayaraq məhkəmə bunların heç birinə əsaslanmamış, MPM-nin 217.4-cü maddənin tələbinə zidd olaraq yalnız öz şəxsi və subyektiv mülahizələrinə əsasən qətnamə qəbul etmişdir. Bu, prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair xx.xx.2014cü il tarixli Plenum Qərarı: “..İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.”

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum Qərarı: “....Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.”

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilməyən hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 qətnaməsinin qəbul edildiyi tarixdən deyil, sonuncü qətnamə ilə borcun yaranması 2019-cu ilin mart ayından qəbul edildiyindən illik 5 %-də həmin aydan hesablanmalıdır.

26. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd edir ki, AR MM-nin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Qanunvericilyin mənasına görə tələbkar gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi tələbini borc pul məbləğinin alındığı tarixdən deyil, həmin məbləğin qaytarılmasının gecikdirildiyi vaxt üçün nəzərdə tutulmuşdur. Belə olan halda illik 5 faiz zərərin hansı müddət üçün hesablanmasının müəyyən edilməsi üçün ilk növbədə cavabdehin borc pul məbləğinin qaytarmaq vəzifəsinin hansı tarixdən icra etməli olduğu və sonuncunun icrasını hansı müddətə gecikdirdiyi müəyyən edilməlidir.

27. İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(001)-2860/2021 qətnaməsindən görünür ki, iddiaçı cavabdehə qeyd olunan pul vəsaitini sonuncuya soya bitkisini əkmək və əldə ediləcək gəliri isə bölüşdürmək məqsədi ilə vermişdir.

28. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında şifahi razılaşma olduğundan, iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğin hansı konkret zamanda qaytarılacağına dair heç bir hal mövcud olmadığından (tərəflər məhsul yetişdirib, onun satılmasından əldə ediləcək xeyirin bölüşdürülməsinə dair razılıq əldə etmişdilər) məhkəmə cavabdehin iddiaçı qarşısında əsassız varlanaraq əldə etmiş olduğu pulun qaytarılma məqamını məhz onlar arasında olan məhkəmə çəkişmələrinin yekun nəticəsi anı ilə tutulmasını qanunamüvafiq hesab edir. Belə ki, tərəflər arasında pul tələbinə dair məhkəmə çəkişmələri tam olaraq Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(103)-7103/2021 saylı qətnaməsi ilə yekunlaşmış, qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldiyindən iddiaçıya 17130 manat pulun ödənilməsinin başlanğıcının da bu tarixdən götürülməsini məhkəmə ağlabatan hesab edir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşır, əlavə əsaslandırma və ya araşdırma aparmağa zərurət görmür.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(001)- 3384/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(001)- 3384/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar