Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1559/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, İddiaçı nümayəndəsi X5, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb olunmaqla) “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-896/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İstehsalatda bədbəxt hadisə haqqında 01/2022 saylı “İZ” formalı aktdan görünür ki, bədbəxt hadisənin səbəbləri Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Qəbul olunan işçilərə keçirilən 01 nömrəli Giriş Təlimatı”nın 4-cü bəndinin (“Hərəkətdə olan avadanlıqların təmizlənməsinin və yağlanmasının qadağan olunması”) tələblərinə riayət edilməməsi və Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş direktor müavinin 18 nömrəli vəzifə “İ.Vəzifələri” bölməsinin 2-ci bəndinin “...işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət etmək”) tələbinə riayət edilməməsi olduğu müəyyən edilmişdir. Mexanik İddiaçı, ehtiyatsızlığı, direktor müavini X9, nəzarətsizliyi ucbatından əmək qanunvericiliyinin pozulmasına yol vermişlər.
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 802 saylı rəyə əsasən, 1962-ci il təvəllüdlü İddiaçı almış olduğu xəsarətlər bazu kələfinin zədələnməsi, sıxılma sindromu ilə müşaiət olunan, sol qolun iflici ile nəticələnən, sol yuxarı ətrafın əzələ yumşaq toxumaların əzilməsi və hematoması bərk küt əşya təsirindən törənə bilərdi. Qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı alınmaları istisna edilmir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox (40%) itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddir.
3. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, X10 tərəfindən ona 2.033 manat məbləğində əmək haqqı və 2.940 manat məbləğində müalicə xərcləri ödənilmişdir. Məhkəmə iclasından bir neçə gün öncə, əlavə olaraq, təqsirləndirilən şəxs tərəfindən ona 1000 manat məbləğində ödəniş edilmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-469/2022 saylı hökmü ilə X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X6” X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KEŞ-564 nömrəli ekspertiza rəyinə əsasən, 1962-ci il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsi zamanı ona “Sol yuxarı ətrafın travmadan və cərrahi əməliyyatdan sonrakı vəziyyəti, Ətrafın süst iflici, bazunun çıxığı, osteoporoz, çiyin qurşağı və yuxarı ətraf əzələlərinin atrofiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulmasının olduğu, qeyd edilən ətrafın funksiyasının bərpa olunmasının mümkün olmadığı müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehdən vurulmuş maddi ziyana görə 4.000 manat, mənəvi ziyana görə 50.000 manat, vəkil xərcinə görə 2.000 manat, dövlət rüsumuna görə 70 manat, cəmi 56.070 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında Cavabdeh MMC-də mexanik vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixdə MMC-də beton istehsalı qovşağında işləyərkən MMC-nin rəhbərliyinin səhvi və məsuliyyətsizliyi nəticəsində üzərində tikinti materiallarının hərəkətini təmin edən üfüqi konveyrin baraban və lentinin arasına qum torbalarını salarkən bazu kələfinin zədələnməsi və sıxılma sindromu, sol qolun iflici ilə nəticələnən sol yuxarı ətrafın əzələ və yumşaq toxumalarının əzilməsi və hematoması xəsarətləri ilə müşayiət edilən sağlamlığına ağır zərər vurulmuşdur. Bunun nəticəsində AR X3 və Ortopediya İnstitutundan sol qolu əməliyyat olunmuş və mütəmadi müalicə edilməklə daim həkim nəzarətində saxlanması qərarına gəlinmişdir. Hal-hazırda qolu işlək vəziyyətdə deyil. Bununla bağlı institutun həkimləri tərəfindən yazılmış həkim reseptlərində yazılmış dərmanları mütəmadi olaraq alır və həkim nəzarətində müalicə olunur. Həkimlərin bildirdiyinə görə sol qolu əvvəlki vəziyyətə qaytarılması çox çətin və uzunmüddətli prosedurdur. Müalicəsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs kimi tanınmışdır və hadisənin törədilməsində təqsirləndirilən məsul şəxs X9 cinayət məsuliyyətinə cəlb edilmişdir. İş yerində məsul şəxsin səhvi üzündən müəyyən müddət pis vəziyyətə düşməklə psixoloji gərginlik keçirməklə mənəvi ziyan çəkmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-896/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MMC-dən mənəvi zərərə görə 2.000 manat, vəkil xərcinə görə 200 manat, ödənilmiş dövlət rüsumuna görə 70 manat, cəmi 2.270 manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının sağlamlığına zərər dəymiş və bu zərərin vurulmasında təqsirli bilinən X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Araşdırılmış sübutlardan və tərəflərin o, cümlədən X7 məhkəmə iclasında verdiyi izahatlardan, iddiaçının 2.940 manat məbləğində müalicə xərcləri ödənilmiş, sonradan isə ona yenidən 1000 manat məbləğində ödəniş edilmişdir. Bunu iddiaçı özü məhkəmə iclasında təsdiq etmişdir. İddiaçı maddi ziyana görə 4000 manat məbləğində pulun ödinilməsini xahiş etsə də, bu məbləği hansı əsaslardan irəli gələrək istədiyini əsaslandıra bilməmişdir. Məhkəməyə iddiaçı tərəfindən bu istiqamətdə təqdim olunan sübutlar həkim tövsiyə və resept blanklarıdır ki, bu vərəqələrdə qeyd edilən dərmanların cəmi dəyərinin ona müalicə xərcləri üçün ödənilmiş məbləğdən yuxarı olmasını sübut etməmişdir.
10. Məhkəmə həmçinin iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı uzun müddətli müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəylərdən onun daimi ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq, mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlmiş, mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq 2.000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.1, 191.2, 192.2, 195, 197, 207, 215, 238, 239, 21, 21.2, 21.3 və 23.1-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-896/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmsını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki,
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, tam sağlamlığını itirmiş, eyni zamanda əlavə xroniki xəstəlik də tapıb. Əgər ona xəsarət alan zaman qolunun götürülməli olduğunu desə idilər bu qədər xərcə düşməzdi. O, hal-hazırda həmin şirkətdə işləmir. Əliliyinə görə 150 manat pensiya verilir. Dərmanlara çəkdiyi xərclər respetlər əsasında sübut olunur 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasın xahiş etmiş və əlavə olaaq bildirmişdir ki, hadisə məhkəmənin hökmü ilə bu sübuta yetirilmişdir. Bügünkü gün iddiaçı artıq qolunu itirib. Ekspert rəyinə görə 40%-ni itirib, lakin hal-hazırda iddiaçının bir qolu yoxdur. Hesab edir ki, iş məhkəmə qətnaməsində düzgün qiymətləndirilməyib. Faktiki olaraq bu vəziyyətə düşdüyü andan iddiaçının qolunun kəsilməsinin qarşısını almaq məqsədilə müalicələr olunurdu. Bu barədə videogörüntülər, habelə həkimin yazdığı yoxlamalar və reseptler var. Məhz bu reseptlər əsasında dərmanlar alınıb. Bir qolun olmamasına, reseptlər, ekspert rəyi olmasına baxmayaraq məhkəmə bildirmişdir ki, qəbzlər təqdim olunmadığı üçün sübuta yetirilməyib. Hakim daxili inama əsaslanaraq iddiaçının qolunun vəziyyətini və həkimin yazdığı respetləri nəzərə almalı idi. Üçüncü şəxs X7 özü də məhkəmə iclaslarında qeyd etmişdir ki, iddiaçıya rəsmi əmək haqqından əlavə məbləğlər də verilmişdir. İddiaçının qolu bu vəziyyətə düşdükdən sonra ona rəsmi müqaviləyə əsasən əmək haqqısı verilmişdir. İddiaçı maddi təzminat istəyən zaman həm tibbi xərcləri, həm də ödənilməyən əmək haqqını tələb edir. İddia 4.000 manat olaraq verilmiş və iki hissəyə bölünmüşdür. Belə ki, birincisi 1.800 manat iddiaçının əmək haqqından kəsilmiş, ikincisi isə qalanlarını dərmanlara vermişdir. Hökm qanuni qüvvəsini almışdır. İddiaçının başına gəlmiş bədbəxt hadisə nəticəsində bundan sonra yaşayacağı bütün ömrü boyu həmin hadisənin acısını və həmin hadisə nəticəsində əmələ gəlmiş bütün çətinliklərlə birgə yaşayacaq. Üçüncü şəxs hadisə baş verən zaman həmin şirkətin rəhbərliyində çalışan şəxs olmuşdur. Şirkət bu hadisəyə nə humaniz prinsipi cəhətdən, nə də qanunvericiliyin tələbləri cəhətdən heç bir addım atmamışdır. Bundan başqa şəxs vəkillə müqavilə bağlamış, 2.000 manat məbləğ ödəmiş, bununla bağlı qəbz məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq məhkəmə həmin məbləği 200 manat miqdarında təmin etməklə ağlabatan hesab etmişdir. Məhkəmə maddi və prosessual hüquq normaları pozaraq düzgün qərar qəbul etməmişdir. X4 hüquqlarını müdafiə etdiyi şəxsin vermiş olduğu izahatla bağlı bildirmişdir ki, o birinci növbədə şikayət etməməyinin səbəbi kimi göstərmişdir ki, cavabdeh tərəf bildirmişdir ki, ona bütün köməkliyi edəcəklər. Qarşı tərəf bildirir ki, iddiaçıya 10.000 manata yaxın pul xərclənmişdir, lakin həmin məbləğ şişidrdilmiş məbləğdir, qarşı tərəf 2.755 manat pul xərcləmişdir. 17.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, qolunu itirmiş şəxsə 2.000 manat məbləğində təzminatın ödənilməsini düzgün hesab etmir. 2.000 manatı hələ onlar vəkillə müqavilə bağlayan zaman ödəmişdir. Qarşı tərəfdən tələbləri ondan ibarətdir ki, atasının qalan ömrünü yaşaması mənəvi zərər təmin olunmalıdır. Atası paltarını, ayaqqabısını geyinən zaman və s. köməyə ehtiyacı vardır. Atasına 150 manat əlilliyə görə pul ödənilir. Onun öhdəliyində yoldaşı, nəvələri və uşaqları vardır, onlarla bir evdə yaşayırlar. 18.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdə görünür ki, hadisə baş verdikdən sonra Əmək Müfəttişliyi tərəfindən izahatlar alınan zaman qarşı tərəf bildirmişdir ki, o, öz təşəbbüsü ilə avadanlığa müdaxilə etmişdir. İddiaçıya verilən suallarda avadanlığın təmizlənməsini ona heç kimin tapşırmadığını, bu işin oun mexaniki olaraq borcu olduğunu, lentin təmiznlənməsinin onun əmək funksiyasına aid olduğunu bildirmişdir. Daha sonra avadanlığın təmizlənməsi zamanı onu söndürməli olduğunu bildirmiş və həmişə belə etdiyini qeyd etmişdir. Bundan başqa, bədbəxt hadisə baş verdikdən sonra ilkin müdaxilələr olmuş, ilkin müdaxilədən sonra əlavə xərclər tərəfindən çəkilmişdir. Şirkət olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq işçini sığortalamış və sığorta xərcləri ilə digər xərclər ödənilmişdir. Tərəfindən 1.000 manata yaxın pul xərclənmişdir. Əlavə olaraq qeyd etmişdir ki, müəssisədə bütün səlahiyyətlər və təlimatlandırma X9 tərəfindən qanunamüvafiq şəkildə həyata keçirilmişdir. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onun 50 il iş stajı vardır, uzun müddət rəhbər vəzifədə işləmişdir. O, qarşı tərəfin qoluna görə çox pis olur, lakin qarşı tərəf öz məsuliyyətini anlamır ki, məsuliyyətsizliyinə görə üçüncü şəxsin məhkumluğu yaranmış, hazırda heç bir yerdə işləyə bilmir. İddiaçını heç kim oraya göndərməmişdir, onun özünün 40 il iş stajı vardır, insan necə işləyən avadanlığa öz qolunu sala bilər?! O, rəhbər şəxs kimi iddiaçının başının üzərində dayanmalıdır?! Onun özünün iş məsuliyyəti vardır. İddiaçının bütün müailcə xərclərini özü çəkmişdir taksi, avtobus puluna qədər özü çəkmişdir. O, öz cibində olan pulunu qarşı tərəfə vermişdir. Avadanlıqların təmizlənməsi qeyri-rəsmi olaraq iddiaçıya həvalə olunmuşdur
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayətində iddianın tam təmin olunması xahiş edilir. Nəzərə alınmalıdır ki, müahisələndirilən qətnamə ilə iddia qismən təmin olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 26.1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 27.1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 28.1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 29.1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
30.191.1-ci maddəsin görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 31.191.2-ci maddəsinə görə, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 32.194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 33.194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 34.195-ci maddənin “c” bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 35.196.5-ci maddəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. 36.217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 37.225.1-ci maddəsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. 38.238-ci maddəsinə əsasən, işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. 39.239.1-ci maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 40.239.2-ci maddəsinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 41.290.3-cü maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
42.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
43.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir.
44.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
45.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
46.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
47.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 48.82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 49.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 50.115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 51.121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
52.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “mənəvi zərərin məbləği” hissəsində dəyişdirilməlidir. 53.Belə ki, iş materiallarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə baş vermiş bədbəxt hadisəsi ilə əlaqədar cinayət işi başlanılmış və iş üzrə təqsirləndirilən şəxs X9 Bakı şəhəri Nizami rayon Məhkəməsində cinayət işi üzrə dinlənilərkən ifadəsində işçilərin əməyinin təhlükəsizliyinin təmin edilməsi vəzifəsini daşıdığı halda bu vəzifəni lazımınca yerinə yetirmədiyi bildirərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bildiyini qeyd etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən Cavabdeh MMC tərəfindən beton istehsalının həyata keçirildiyi ərazidə - iş yerində «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərini pozaraq istifadə olunan avadanlığın dayanmasını təmin etmədən taxta parçasını hərəkətdə olan lentin üzərinə salmaqla öz fərdi təhlükəsizliyini qorumamışdır. Məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İddiaçı “Sol yuxarı ətrafın travmadan və cərrahi əməliyyatdan sonrakı vəziyyəti, Ətrafın süst iflici, bazunun çıxığı, osteoporoz, çiyin qurşağı və yuxarı ətraf əzələlərinin atrofiyası, daimi ağrı sindromu, ətrafın funksiyasının pozulması” diaqnozu qoyulduğu, bununla da dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən çox (40%) itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurma baş verdiyi, qeyd edilən ətrafın funksiyasının bərpa edilməsinin mümkün olmadığı müəyyən edilmişdir.
54. Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi bədbəxt hadisənin baş verməsi ilə bağlı iddiaçının ona 4.000 manat məbləğində maddi zərərin dəyməsini əsaslandıra bilmədiyini, bu istiqamətdə sübut olaraq təqdim olunan resept blanklarında qeyd edilən dərmanların cəmi dəyərinin ona müalicə xərcləri üçün ödənilmiş məbləğdən yuxarı olmadığını müəyyən etmişdir. Məhkəmə həmçinin, mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlmiş, mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyətini nəzərə alaraq 2.000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab etmişdir.
55. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumən razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
56. İş materiallarından göründüyü kimi hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1099-cu maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı zərər vurmalı, yəni işçinin hərəkətlərində (hərəkətsizliyində) hüquqi və ya fiziki şəxsin fəaliyyəti ifadə olunmalı, o, əmək müqaviləsi və ya mülki hüquqi müqavilə üzrə iş görməli və müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir.
57. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən hüquqi və ya fiziki şəxsin işçisinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin (işçisinin törətdiyi əmələ görə) qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Belə ki, hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.
58. Beləliklə bədbəxt hadisənin istehsalat xarakterli olması, həmçinin hadisənin baş verdiyi, hadisənin əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olduğu, hadisənin baş verməsində, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə X7 təqsirli olduğu, hadisə nəticəsində iddiaçının xəsarət aldığı, ona əlillik dərəcəsi təyin edildiyi işin mübahisələndirilməyən hallarıdır.
59. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanlara əsasən hesab edir ki, cavabdehin qeyd edilən normalar çərçivəsində maddi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması iş materialları ilə müəyyən olunur.
60. Məhkəmə iddianın “maddi zərərin ödənilməsi” hissəsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı ona maddi zərərin əvəzi olaraq ödənilmiş pulun hadisə ilə əlaqədar real olaraq çəkdiyi xərclərdən artıq vəsait sərf etdiyini, ümumiyyətlə dəymiş maddi zərərin məhz 4.000 manat məbləğində olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı sağlamlığının pozulması ilə bağlı əlavə xərcləri çəkdiyinin müəyyən edilməsi görünmür. Eyni zamanda iddiaçı TSEK-in və ya məhkəmə-tibbi ekspert komissiyasının rəyində müəyyən edilmiş müddətlərdə və qaydada həmin xərcləri çəkməli olduğunu və ya tələb olunan qulluğu pulsuz almaq hüququnun olmadığını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
61. Halbuki Mülki Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir.
62. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın bu hissədə əsassız hesab edilməli və rədd edilməli olmasına dair qənaətlə razılaşır.
63. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərlə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, həmin hissədə qətnamə, iş üçün dəqqətəlayiq hallar nəzərə alınmaqla, dəyişdirilməlidir.
64. Belə ki, qeyd edilənlərlə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
65. Məhkəmə kollegiyası işəgötürənin əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə tam maddi məsuliyyət daşımasını, hadisənin baş verməsində işəgötürənin konkret qanunsuz hərəkətlərini, fiziki və mənəvi iztirablarının şiddətini, vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsini, işçinin və işəgötürənin şəxsiyyətini, zərərçəkənin əmək qabiliyyətli yaşda olub-olmamasını və s. diqqətəlayiq olan halları nəzərə alaraq mənəvi zərəri 5.000 manat məbləğində qiymətləndirir. Belə ki, məhkəmə kollegiyası zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmini müəyyənləşdirərkən qeyd edilən hallardan başqa həmçinin zərərçəkənin davranışının zərərin yaranmasına müəyyən şərait yaratdığını nəzərə alır.
66. Belə ki, bədbəxt hadisəsinin baş verməsinə əsas olan səbəblər Cavabdeh MMCnin direktor müavini X7 zəif nəzarəti, yəni 18 nömrəli vəzifə təlimatının “İ.Vəzifələri” bölməsinin 2-ci bəndinin “... işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət etmək” tələbinə riayət etmədiyi ilə yanaşı, həmçinin mexanik İddiaçı ehtiyatsızlığı (01/2022 nömrəli İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında aktın 12-ci bəndi) olduğu, əmək qanunvericiliyinin pozuntusuna həm də iddiaçı tərəfindən yol verildiyi müəyyən edilmişdir. Halbuki Mülki Məcəllənin 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
67. Şərh olunanların məcmusunu nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 5.000 (beş min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilir. Belə ki, şəxsin sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Kollegiya vurğulayır ki, fiziki şəxsin, əmlak və ya qeyri-əmlak hüquqlarının pozulduğu halda dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Nəzərə alınmalıdır ki, bu halda pozulmuş hüququnun ödənilən təzminatla tam bərpa olunması qeyri-mümkündür. Zərərçəkmiş şəxsin müəyyən miqdarda təzminat ilə təmin edilməsi onun keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət etmiş olur.
68. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən göstərilmiş hüquqi xidmət xərcinə görə 200 manat məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə gəldiyi qənaəti ilə razılaşaraq qeyd edir ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır.
69. Belə ki, vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin məhkəmə tərəfindən müəyyən edilən məbləği ağlabatan olmalı, bu zaman göstərilən yardımın həcmi, müddəti, baxılan işin mürəkkəbliyi və s. amillər nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, Vəkil mülki iş üzrə vəkil olaraq birinci instansiya icraatının yekunlaşmasına bir ay qalmış qoşulmuş, onun iştirak etdiyi iclasların və məhkəmədə prosessual hərəkətlərin sayı az olmuşdur.
70. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-896/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsi mənəvi zərər üzrə müəyyən edilmiş məbləği hissəsində dəyişdirilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh MMC-dən İddiaçı xeyrinə mənəvi zərər olaraq 5.000 manat məbləğində pul tutulmalıdır. Belə ki, iddiaçıya dəymiş mənəvi zərərin 5.000 (beş min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan, ədalətli və mütənasib əvəzi kimi qəbul edilə bilər.
71. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 72.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-896/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qətnaməsi “mənəvi zərərin məbləği” hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh MMC-dən mənəvi zərərə görə 5.000 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova