Məhkəmə qərarları › İş №2(103)-156/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-156/2021

16.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-156/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(003)-2117/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlərin 26.06.2003-cü il təvəllüdlü X7 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Zirə qəsəbəsi, 252 saylı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zirə qəsəbəsi, 252 saylı ev iddiaçının mülkiyyətindədir. Həmin daşınmaz əmlaka dair adına RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehlər iddiaçıya məxsus evə Xəzər Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsinə əsasən köçürülmüşlər. Həmin qətnamənin təsviri hissəsində qeyd olunmuşdur ki, iddiaçıların mübahisəli yaşayış sahəsindən başqa daimi yaşayış yeri yoxdur. Lakin bu belə deyil, çünki cavabdehlərin qeydiyyatda olduğu yaşayış sahəsi hazırda onların istifadəsindədir və faktiki onlar həm iddiçıya məxsus evdən həmdə özləri qeydiyyatda olan Bakı şəhəri, Zirə qəsəbəsi, Sərdarov küçəsi, 41 saylı evdən istifadə edirlər. İddiaçı isə öz mülkündən məhrum olunmuş və sərbəst özü istədiyi kimi sahib ola bilmir, ondan istifadə edə bilmir. Cavabdehlər könüllü evdən çıxmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(003)- 2117/2019 saylı qətnaməsi ilə (hakim Hüseyn Hüseynli) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 26.06.2003-cü il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 252 saylı evdən çıxarılmaları qət olunmuşdur. Cavabdehlər birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, mübahisəli yaşayış sahəsinə məhkəmə qərarı ilə köçürülmələri, hazırda da orada yaşaması, oradan istifadə hüquqlarının olması, mülkiyyətçinin dəyişməsinin onların istifadə hüquqdarına xitam verilməsinə əsas olmaması, iddianın rədd olunmalı olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı ev 18 dekabr 2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(003)- 739/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 (14 may 1999-cu il təvəllüdlü Cavabdeh3 və 26 iyun 2003-cü il təvəllüdlü X7 ilə birlikdə) və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı evə köçürülmələri qət edilmişdir. İşdə olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş VİİJQ seriyalı, 306337 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X3 arasında nikah 20.08.1996-cı il tarixdə bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********17 saylı, 15 iyul 2019-cu il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv materiallarında ünvan 5 41 saylı evin qeydiyyatdan keçməsi haqqında məlumat (sənəd) aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Zirə qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 88 saylı, 24.07.2019-cu il tarixli məktubdan görünür ki, Zirə qəsəbə nümayəndəliyi Sərdarov küçəsi 41 ünvanına baxış keçirmiş, hal-hazırda həmin evdə X5 atasının rəhmətə getdiyi ildən etibarən (2016-cı ildən) həmin ünvanda tək yaşayır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı ev 18 dekabr 2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdehlər sözügedən ünvana Xəzər Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə köçürülmüşlər və hal-hazırda da orada yaşayırlar. Cavabdeh1 X5 ilə 20 avqust 1996-cı il tarixdən rəsmi olaraq nikaha daxil olmuş, onların birgə nikahlarından Cavabdeh2, Cavabdeh3 və 26 iyun 2003-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh1 övladları ilə birlikdə iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yaşayırlar. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı ev iddiaçıdan əvvəl cavabdehin qayınanası Cavabdeh3 Sərən qızının mülkiyyətində olmuşdur. Cavabdeh 2016-cı ildən övladları ilə birlikdə Xəzər Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən həmin ünvana köçürülərək orada yaşamışlar. Həmin müddətdən cavabdehin sözügedən mənzilə istifadə hüququ yaranmışdır. Lakin, sonradan həmin mənzil 2018-ci il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Həmin andan cavabdehin sözügedən evlə bağlı heç bir hüquqi bağlılığı qalmamışdır. Cavabdehin həyat yoldaşı X5 2016-cı ildən etibarən ünvan 5 ünvanında yerləşən 41 saylı mənzildə yaşayır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh və onun övladlarının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı evə bağlılığı itdiyindən onlar mübahisəli mənzildən çıxarılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan yaşayış sahəsinə (Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı ev) məhkəmə qərarı ilə köçürülərək, orada yaşamalarını, həmin yaşayış sahəsinə istifadə hüquqlarının yaranmasını müəyyən etmiş, lakin əsassız olaraq yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar cavabdeh tərəfin sözügedən evlə bağlı heç bir hüquqi bağlılığı qalmaması, bu səbəbdən də cavabdehlərin oradan çıxarılmalı olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. İşin faktiki halları və qanuni qüvvədə olan məhkəmə qərarı ilə (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 may 2016-cı il tarixli, 2(003)-739/2016 saylı qətnaməsi) müəyyən olunur ki, Cavabdeh1 20 avqust 1996-cı ildə Meybəli Babayevlə ailə həyatı quraraq ilkin olaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdarov küçəsində yerləşən 41 saylı evə gəlin köçmüş, 2000-ci ilin əvvəllərində həyat yoldaşı və qaynanası (Cavabdeh3 Sərən qızı) ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı evə köçmüş, orada yaşayaraq, birgə təsərrüfat idarə etmiş, oradan istifadə hüququ əldə etmişdir. Göründüyü kimi, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmuşdur. Yəni, cavabdehlərin mübahisəli yaşayış sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində istifadə hüquqları yaranmışdır. Həmçinin, yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Cavabdeh3 Sərən qızı cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması barədə iddia qaldırsa da, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır (həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır). Belə olan halda cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının sonradan, yəni yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi nəticəsində saxlanılıb-saxlanılmaması məsələsi iddianın qanuni həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki, işin müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri 6 saylı «Səyyar-Asan xidmət» mərkəzində notariat kontorunun notariusu tərəfindən təsdiq edilən 15 dekabr 2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən mübahisəli yaşayış sahəsi Cavabdeh3 Sərən qızı tərəfindən hazırki iş üzrə iddiaçıya bağışlanmış, sonuncunun mülkiyyət hüquqları 18 dekabr 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. MM-nin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmçinin, MM-nin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göründüyü kimi, yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi faktı özü-özlüyündə istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Xüsusilə qeyd edilməlidir ki, işin faktiki hallarından və məhkəmə qərarlarından (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsi və yuxarı instansiya məhkəmələrinin qərarları) görünür ki, hazırki iş üzrə iddiaçının Meybəli Babayevlə (Cavabdeh1 əvvəlki həyat yoldaşı) faktiki nikah münasibətlərindən bir uşağı vardır, Meybəli Babayevin həmin uşaq üzərində atalığı məhkəmə qaydasında müəyyən olunmuşdur. Atalığın müəyyən olunması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı iddia ərizəsində Meybəli Babayevlə 2015-ci ilin sentyabr ayından 2016-cı ilin sentyabr ayınadək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı evdə qeyri-rəsmi ər-arvad kimi yaşamasını, bir uşaqlarının olmasını və s. göstərmişdir. Şahid qismində ifadə vermiş Cavabdeh3 Sərən qızı isə bildirmişdir ki, oğlu Meybəli Babayev həqiqətən İddiaçı ilə faktiki ailə qurmuş, 2015-ci ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 252 saylı evə gəlmiş, 2016-cı ilin sentyabr ayınadək orada yaşamış, bir uşaqları olmuş, həmin vaxtı oğlu ilə Cavabdeh1 arasında boşanma prosesi davam etmiş, Cavabdeh1 məhkəmə qərarı ilə həmin evə köçürülmüş, bundan sonra Səbinə ilə Gülbacı arasında dava olmuş və Gülbacı evdən çıxmışdır. Göründüyü kimi, iddiaçı yaşayış sahəsini bağışlama yolu ilə əldə edən zamanı cavabdehlər Cavabdeh1 Meybəli Babayevlə nikahda olmasını, ailə münasibətlərinin pozulmasını, cavbadehlərin məhkəmə qərarı ilə mübahisəli yaşayış sahəsinə köçürülmələrini, orada yaşamalarını bilmişdir. Bu hallar isə iddiaçının yaşayış sahəsini əldə edən zamanı əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmaması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Eyni zamanda, iddiaçı yaşayış sahəsini əldə edən zamanı cavabdehlərin razılığının alınmasına, yəni istifadə hüququndan imtina barədə notariat qaydasında təsdiqlənmiş öhdəlik götürmələrinə dair də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, yaşayış sahəsinə mülkiyyət hüququ sonradan iddiaçıya keçsə də, cavabdehlərin evə olan istifadə hüquqları aradan qalxmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf cavabdehlərin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməsi, mübahisəli yaşayış sahəsindən istifadəyə zərurətin qalmaması və s. bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsini və həmin Məcəllənin 30-cu maddəsini tətbiq etməklə də maddi hüquq normalarının tələblərini pozmuşdur. Çünki, cavabdehlərin mübahisəli yaşayış sahəsinə 2000-ci ilin əvvəllərində köçərək orada yaşamaları və istifadə hüququ əldə etmələri işin faktiki halları və məhkəmə qərarları ilə müəyyən olunmuşdur. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində hüquqi qiymət verilməsi mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının 2018-ci il tarixdə yaranması faktı da vəziyyəti dəyişdirmir. Çünki, mübahisəli yaşayış sahəsinin hüquqi rejimi ondan əvvəl də xüsusi mülkiyyət formasında olmuş, cavabdehlərin həmin vaxtı yaşayış sahəsindən istifadə etmiş, orada yaşamış, həmçinin əvvəlki mülkiyyətçinin cavabdehlərin yaşayış sahəsindən çıxarılması barədə iddia tələbi rədd edilmiş, cavabdehlərin hüquqlarının mövcudluğu tanınmışdır. Belə olan halda, hazırki mübahisəyə «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini də tətbiq etmək mümkün deyildir. Həmin qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun ilk dəfə dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan, belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır (Qeyd: Konstitusiya Məhkəməsində baxılmış həmin işin faktiki hallarına əsasən, iddiaçı X.Məmmədova cavabdehlərin oğlu V.Bəylərovla 2001-ci ildə faktiki ailə qurmuş, qayınatası M.Bəylərovun istifadəsində olan mübahisəli evə gəlin köçmüş, lakin mübahisəli yaşayış evi sonradan, yəni 2 iyul 2011-ci il tarixində ilk dəfə xüsusi mülkiyyət hüququ əsasında cavabdeh M.Bəylərovun adına dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən də, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələr mübahisəli fərdi evin ilk dəfə M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişlər). Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin yaşayış sahəsinə əşya hüququ olan istifadə hüquqları mövcud olduğundan, həmin hüquqa mülkiyyətçi tərəfindən müvafiq kompensasiya təklif olunmaqla və ya cavabdehlərin yaşayış sahəsindən istifadəyə zərurət aradan qalxdağı halda (daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə və s.) və digər qanuni əsaslarla xitam verilə bilər. Göründüyü kimi, iddiaçı hazırki vəziyyətdə tələbinin əsası kimi istinad etdiyi halları əsaslanıdra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MM-nin 158.4-cü maddəsinin tələbinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-nin 228.3-cü maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(003)-2117/2019 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(003)- 2117/2019 saylı qətnaməsi ləğv olunsun, iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar