Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1569/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X2 katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1, İddiaçı cavabdeh «xxxx” ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli , 2(006)-797/2019 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh «xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx” ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə iddiası qismən təmin olunaraq, “xxxx” ASC-dən İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə vurulmuş 5000 manat maddi və 5000 manat mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə xx.xx.2017-ci il tarixdə ona məxsus olan **-VK-*** dövlət qeydiyyat nişanı, “VAZ-21074” markalı minik avtomobili icbari sığorta etdirərək müqavilə bağlamışdır. Bunun müqabilində 75 manat sığorta pulu ödəmişdir. Lakin, üstündə 5-6 ay keçikdən sonra yolda hərəkət edərkən DYP əməkdaşları onu saxlamış və bildirmişlər ki, maşının sığorta olunmadığı üçün cərimə edilmişdir. Bundan sonra o, dəfələrlə Sığorta şirkəti ilə əlaqə saxlamış və onlar məsələni özləri həll edəcəklərini bildirmiş və onu inandırmışlar. Lakin, xx.xx.2018-ci il tarixdə Yol Polis əməkdaşları idarə etdiyi nəqliyyat vasitəsini ondan alaraq cərimə meydançasına apardılar. “xxxx” ASC ilə əlaqə saxlasa da, onun müraciətləri və zəngləri belə əhəmiyyət vermədilər. Məcbur olub onun üçün tətbiq edilmiş 6 cərimə sənədi üzrə 393 manat pul ödəmişlir. (Əlavə olaraq 1 ədəd cərimə sistemə oturmadığı üçün hələ ödəməmişdir). “xxxx” ASC onunla müqaviləni xx.xx.2017-ci il tarixdə bağlamasına baxmayaraq noyabr 2017-ci il tarixdə onun icbari sığortası sistemə qeydiyyata almişdır. Hazırda cavabdeh ona dəymiş maddi ziyanı ödəmir. Cavabdehin ücbatından bütün sinir sistemi pozulmuşdur, xəstəlik tapmış, hal-hazırda da müalicə alır. Cavabdeh ona 393 (üç yüz doxsan üç) manat ödədiyi pul və hələ sistemə qeydə alınmamış digər cərimə (məbləğini bilmir), ümumilikdə 5 000 (beş min) manat maddi və 5 000 (beş min) manat mənəvi zərər vurmuşdur. İddia tələbləri üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmiş və şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməyərək iddia tələbini cuzi hissədə təmin etmişdir. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-də sığorta etdirdiyini və bununla bağlı 75 manat məbləğində ödəniş etdiyini qeyd etsə də, avtomobili sığorta etdirmək üçün hansı şəxslərlə əlaqə saxladığını, 75 manat pul vəsaitini kimə və hansı qaydada ödədiyini qeyd etməmişdir. Qeyd olunanlar hər hansı digər şəxslərin onların adından qanunsuz istifadə edərək iddiaçıya qarşı dələduzluq etdiklərini deməyə əsas verir. İcbari sığorta müqavilələri qanunvericiliyin tələbinə görə yalnız elektron qaydada bağlana bildiyindən və həmin müqavilələr üzrə sığorta haqları yalnız nağdsız hesablaşma yolu ilə birdəfəlik həyata keçirildiyindən onlarla heç bir əlaqəsi olmayan naməlum şəxslərin icbari sığorta müqaviləsi bağlamaq adı ilə iddiaçını aldadaraq onun pulunu mənimsəməsi ona “xxxx” ASC tərəfindən deyil, onların adından istifadə etmiş hər hansı naməlum şəxslər tərəfindən zərər vurulduğunu sübut edir. İddiaçı ilə “xxxx” ASC arasında xx.xx.2017-ci f il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-6553/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-797/2019 saylı qətnaməsi ləğv edilərək iddia tələblərinin rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-6553/2019 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Hazırki apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətin məzmununa uyğun izahat verərək, eləcə də mülki iş üzrə kassasiya şikayəti verərəkən öz vəsaiti hesabına vəkilin xidmətlərindən istifadə etdiyini göstərərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiasının tam təmin edilməsi, habelə hüquqi yardıma görə vəkilə ödədiyi pulun cavabdehdən tutulmasını, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 təmsil etdiyi ASCnin apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd edilməsi, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarında göstərilənləri də nəzərə almaqla, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək İddiaçı maddi və mənəvi zərər tələbinə dair iddiasının qismən təmin olunması barədə iş üzrə əsaslandırılmış yeni qətnamə qəbul edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına, iş üzrə toplanmış sübutlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan “İcbari Sığorta” müqaviləsinin dair məlumatından görünür ki, İddiaçı ilə “xxxx” ACS-nin arasında xx.xx.2017-ci il tarixli 1QA2VBQCUBA4E saylı iddiaçıya məxsus olan **-VK-*** dövlət qeydiyyat nişanı, “VAZ-21074” markalı minik avtomobili icbari sığorta etdirərək müqavilə bağlanmışdır. Sığorta müqaviləsinə əsasən sığorta haqqı – 75 manat, “Bonus-malus əmsalı” -0,75 qəpik, yekun sığorta haqqı – 56,25 manat, əmlaka vurulan zərərdən sığortası 5 000 ( beş min) manat, sağlımlığa vurulan zərər sığorta ödənişinin (bir şəxsə üçün) məbləği isə 5000 (beş min) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Daxilli İşlər Nazirliyi – BDYPİ-nə cəmi 393 (üç yüz doxsan) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Daxilli İşlər Nazirliyi – BDYPİ-nə cəmi 393 (üç yüz doxsan) manat məbləğində pul ödənilmişdir. Ali Məhkəmə iş üzrə öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı tam şəkildə rədd edərkən qeyd etmişdir ki, İddiaçı iş materiallarının 5-ci səhifəsində olan (iddiaçı bunu elektron qaydada bağlanmış müqavilə kimi qiymətləndirir) icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsini ona sığorta təşkilatının hansı əməkdaşı tərəfindən verildiyi barədə heç bir məlumat verməmiş, icbari sığorta müqaviləsi üçün ödədiyini iddia etdiyi 75 manat (halbuki iddiaçının istinad etdiyi sığorta müqaviləsində yekun sığorta haqqının 0,75 Bonus-Malus əmsalı nəzərə alındığında 56,25 manat olması qeyd edilmişdir) sığorta haqqına dair ödəniş qəbzini təqdim etməmiş və Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sığorta müqaviləsi hesab etdiyi sənədin sonunda qeyd edilən qaydada (portal və ya sms xidməti vasitəsilə) elektron sənədin doğruluğunu yoxlamamış və aldadıldığını bildiyi halda bununla bağlı aidiyyəti qurumlara və sığorta təşkilatına müraciət etməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə zərərin yaranmasına aidiyyəti qurumlara və sığorta təşkilatına müraciət etməyən iddiaçının məsuliyyətsizliyi zəmin yaratmışdır. Apellyasiya instansiyası məhkəməsi sübutetmə yükünü prosessual qanunvericiliyin tələblərinə (MPM 77.1, 106) uyğun olaraq düzgün bölüşdürməmiş, habelə cavabdeh tərəfin hər hansı sübutla təsdiqlənməyən izahatları sübut kimi qəbul etmişdir. İddiaçı tərəfin icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsini təqdim etməsi baxımından sığorta müqaviləsinin bağlanmaması, və yaxud vaxtında bağlanmamasının səbəblərinin məhz iddiaçı tərəfin hərəkət və ya hərəkətsizliyindən ibarət olmasına dair sübutetmə yükünün artıq cavabdehin üzərinə düşməsinə baxmayaraq, məhkəmə cavabdehdən buna dair aidiyyəti sübutlarla təsdiq edilən əsaslandırma əldə etmədən iş üzrə yekun nəticəyə gəlməklə prosessual pozuntuya yol vermişdir. Məhkəmə müqavilənin bağlanması anını müəyyən etmək üçün ilk növbədə cavabdehin ayrı-ayrı nümayəndələri tərəfindən iddiaçı daxil olmaqla, əhaliyə təqdim edilən icbari sığorta haqqında təkliflərin ümumi oferta, və yaxud ofertaya dəvətdən ibarət olmasına qiymət verilməlidir. İşin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinı icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsi əlavə etmişdir. Həmin “İcbari Sığorta” müqaviləsinin dair məlumatından görünür ki, İddiaçı ilə “xxxx” ACS-nin arasında xx.xx.2017-ci il tarixli 1QA2VBQCUBA4E saylı iddiaçıya məxsus olan **-VK-*** dövlət qeydiyyat nişanı, “VAZ-21074” markalı minik avtomobili icbari sığorta etdirərək müqavilə bağlanmışdır. Sığorta müqaviləsinə əsasən sığorta haqqı – 75 manat, “Bonus-malus əmsalı” -0,75 qəpik, yekun sığorta haqqı – 56,25 manat, əmlaka vurulan zərərdən sığortası 5 000 ( beş min) manat, sağlımlığa vurulan zərər sığorta ödənişinin (bir şəxsə üçün) məbləği isə 5000 (beş min) manat müəyyən edilmişdir. Həmin məlumat vərəqəsində ştrix-kod (barkod) əks olunmuşdur. Qanunverciliyə əsasən ştrix-kod - sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan koddur. Apellyasiya baxışı zamanı məlumat vərəqəsindəki ştrix-kod proqram vasitəsilə yoxlanılarkən aşağıdakı məlumatlar aşkar olundu: “Muqavile: 1QA2VBQCUBA4E Quvveye minme tarixi: xx.xx.2017 00:00 Quvveden dusme tarixi: xx.xx.2018 23:59. Muddet: 1 (bir) il SİĞORTACİ: Cavabdeh ASC. Sigortali: İddiaçı İslam oğlu. NV ** VK ***, VAZ/21074. Sigorta haqqi: 56,25 AZN. Bununla da, cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri bir daha təkzib olundu. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən sığorta agenti (agent) təşkilati hüquqi formasından asılı olmayaraq hər hansı hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs ola bilər. Sığorta müqaviləsini bağlamaq və sığorta haqlarını qəbul etmək səlahiyyəti sığortaçıya məxsusdur. Bu səlahiyyət agentlik müqaviləsində göstərmək şərtilə agentlərə də verilə bilər. Agent müqavilə ilə sığortaçının adından və onun verdiyi səlahiyyət daxilində vasitəçilik fəaliyyəti göstərir, o cümlədən sığortaçını təmsil edərək onun adından sığorta müqaviləsini bağlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin Məcəllənin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. Həmin Məcəllənin 408.7-ci maddəsinə əsasən əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsi əsasında, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür; 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 4-cü bəndində qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Pelumun qərarının 10-cu bəndində izah edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, «xxxx” ASC ilə İddiaçı arasında xx xxxxx 2017-ci il tarixdə sığorta münasibətləri yaranmış, Sığortaçı onun üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və nəticədə «xxxx” ASC-nin ucbatından İddiaçı zərər dəymiş, o, bir neçə dəfə inzibati xəta haqqında məsuliyyətə cəlb edilərək inzibati qaydada cərimə olunmuş, dəfələrlə cərimə olunması ilə əlaqədar mənəvi sarsıntı da keçirtmişdir. Birinci instansiya məhkəməsi «xxxx” ASC tərəfindən İddiaçı zərər vurulması barədə düzgün nəticəyə gəlsə də, qətnamə ilə tutduğu 500 manatın zərərin hansı növünə aid olmasını fərqləndirməmiş, maddi və mənəvi zərərə ayrı-ayrılıqda qiymət verməmiş, gəldiyi nəticə kifayət qədər aydın olmamışdır. Halbuki, İddiaçı iddia ərizəsindən görünür ki, o, həm maddi, həm də mənəvi ziyan tələb edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli mədaxil qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Daxilli İşlər Nazirliyi – BDYPİ-nə cəmi 393 (üç yüz doxsan) manat məbləğində pul ödənilmişdir. Mübahisələndirilən sığorta müqaviləsi üzrə isə 75 manat sığorta haqqı ödəmişdir. Həmin məsələlərlə bağlı dəfələrlə öz vəsaiti hesabına mobil telefon vasitəsilə «xxxx” ASC-yə zənglər etmiş, idarə etdiyi avtomobilin cərimə meydançasına aparılması ilə əlaqədar əlavə yol və nəqliyyat xərcləri yaranmışdır. Beləlikə, Kollegiya bütün bu halları nəzərə alaraq, İddiaçı vurulmuş maddi zərərin məbləğini 500 (beş yüz) manat məbləğində qiymətləndirir. Bundan başqa, Kollegiya mənəvi zərərin məbləğini müəyyən edərkən «xxxx” ASCnin İddiaçı müraciətinə əsasən tərəflər arasında yaranmış problemə laqeydlik göstərərək vaxtında həll etməməsini, nəticədə İddiaçı bir neçə dəfə inzibati xəta haqqında məsuliyyətə cəlb olunmasını nəzərə alır və mənəvə zərərin məbləğini 300 (üç yüz) manat məbləğində qiymətləndirir. Kollegiya bu nəticəyə gələrkən həmçinin «xxxx” ASC-nin apellyasiya şikayətinin dəlillərini inandırıcı və “ağlabatan” hesab etmir. Belə ki, əgər hər hansı şəxs həqiqətən saxta sənədlər tərtib etməklə «xxxx” ASC-nin adından saxta sığorta müqaviləsi bağlamış olsaydı, ilk növbədə sığorta şirkəti onun işgüzar nüfuzuna xələl gətirən bu halın və ya gələcəkdə belə halların qarşısını almaq üçün müvafiq qurumlara müraciət edə bilərdi. Lakin «xxxx” ASC-nin belə tədbirlər görməsi iş materialllarından görünmür. Əksinə iş materiallarından görünür ki, “xxxx” ASC və İddiaçı arasında xx.xx.2017-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığortalanmış və şirkət problemi uzun müddətdən sonra gec də olsa həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual və maddi pozuntulara yol verərək təqdim olunmuş ilkin sübutları tam təmin etməmiş, «xxxx” ASC tərəfindən İddiaçı zərər vurulması barədə düzgün nəticəyə gəlsə də, qətnamə ilə tutduğu 500 manatın zərərin hansı növünə aid olmasını fərqləndirməmiş, maddi və mənəvi zərərə ayrı-ayrılıqda qiymət verməmiş, zərərin məbləğini işin faktiki hallarına uyğun müəyyən edə bilməmiş, bununla da hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin əsassız qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti “xxxx” ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, İddiaçı hazırki mülki iş üzrə öz vəsaiti hesabına vəkilin hüquqi yardımından (xidmətindən) istifadə etməklə kassasiya şikayəti vermişdiir və Kollegiya ona göstərilmiş hüquqi yardıma görə xərci 200 (iki yüz) manat məbləğindən qiymətləndirir və hesab edir ki, həmin məbləğ də Azərbaycan Resspublikası 107, 115 və 119-cu maddələrinə əsasən cavabdeh “xxxx” ASC-dən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin Maddə 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 404-1, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh “xxxx”ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli , 2(006)- 797/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh “xxxx”ASC-dən maddi zərərə görə 500 (beş yüz) manat, mənəvi zərərə görə 300 (üç yüz) manat olmaqla dəymiş zərərə görə cəmi 800 (səkkiz yüz) manat, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1569/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1569/2020
23.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver