Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1571/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-887/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona məxsus tekstil malların və cehizlik əşyaların (qab-qacaq) dəyərinin 20000 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı ki, Cavabdeh1 ilə yaşadığı evin yaxınlığında Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində 42 və 44 saylı binaların qarşısında yerləşən “FU FU” geyim mağazasında tanış olmuşdur. Belə ki, cavabdeh həmin mağazada anası Məryəmlə birgə işləyirdi və o, həmin mağazadan qızlarına və özünə zəruri geyim əşyaları alırdı. İşləmədiyi üçün o da ticarətlə məşğul olmaq qərarına gəlmiş, borca və faizə pul götürərək cehizlik tekstil mallar aldı ki, üstündə bir az bahasına satıb gündəlik ehtiyaclarını ödəsin. Bu işin gəlirli olduğuna onu Səbinə və anası inandırdılar. Beləliklə, gətirdiyi malları satmaq məqsədilə Səbinəyə özündə mal olduğunu bildirdi. Səbinə və anası Məryəm 2014-cü ilin noyabr ayında evinə yığdığı bütün alver mallarını şirin dillərilə aldadaraq yığışdırıb apardılar. Aldadıldığını mağazanın az sonra bağlanmasını gördükdə başa düşmüşdür. Cavabdeh1 qızl ilə onun anası Cavabdeh3 ilə birlikdə onu aldadaraq mallarını aparmışdır. Hər dəfə gəlib malları atasının maşınında, yalnız bir dəfə qardaşı Zaur gəlib aparmışdır. Ailə üzvləri hamılıqla mülki iş üzrə cavabdehdirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-887/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 10000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları düzgün araşdırılmayıb, Binəqədi raayon polis idarəsində verdiyi izahatında bildirib ki, iddiaçı cehiz əşyalarını Rəna adlı şəxsə satıb. Ona satmaq üçün cehiz əşyaları verməyib. Lakin işə baxmış hakim çəkişmə prinsipini pozmuş, bu halları məhkəmədə iddiaçı tərəf sübut edə bilmədiyi halda ona qarşı ədalətsiz qərar qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9248/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 887/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7676/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9248/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılması təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər iştiraklarını təmin etməmişlər. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdi ki, cavabdeh Səbinə tərəfindən ondan alınmış 10000 manatlıq malların dəyərindən həqiqətən də 2014-cü ilin dekabrında Səbinənin atası Fərhad tərəfindən 500 manat ona verilmiş, qalan 9500 manat pulun isə ona qaytarılacağı bildirilsə də, indiyənədək həmin pul ona qaytarılmamışdır. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin əsassız olub, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı ötən məhkəmə prosesində iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya şikayəti Cavabdeh1 tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın ona qarşı təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçının şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmış, Cavabdeh1 izahatında 2014-ci ilin noyabr ayında iddiaçı işlədiyi mağazaya gələrək cehiziik mallarının olduğunu və satmaq istədiyini bildirmiş, o, İlahədən bir neçə dəfə həmin mallardan özü və ailəsi üçün götürüb pulunu qaytarmış, həmin vaxtlarda İlahə ona həmin malları satmaqda kömə etməsini xahiş etmişdir. O, da İlahayə demişdir ki, alverlə məşğul olan Rəna adlı şəxsin olduğunu bildirmiş, razılaşmışlar ki, malları Rəna satsın. İlahə həmin malları onun işlədiyi yerə qoyurmuş Rəna isə həmin malları götürürmüş. Daha sonra İlahə onunla hesab apararaq təxminən 10000 manatlıq malın Rənada olması məlum olmuşdur. Lakin Rəna həmin pulu İlahəyə verməmişdir. Sonradan həmin malın 3050 manatını İlahayə ozü vermişdir. Qalan pulu Rənadan götürməsini bildirmişdir. İlahə isə malı deyil, pulu istəmişdir. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı sübut qismində məhkəməyə 1 nəfər şahid təqdim etmiş, birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X3 ifadəsində iddiaçı ilə əvvəllər qonşu olduqlarını, 8 ildir rəfiqə olduqlarını, iddiaçının tekstil və sevis mallarının onun iştirakı ilə hissə-hissə Səbinəyə və anasına verilməsinin şahidi olduğunu, malların satılıb İlahəyə hissə-hissə verilməsi danışıqlarında iştirak etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, malların Rəna adlı şəxsə yox, məhz Səbinəyə verilməsi iş materialları ilə təsdiq olunur, məhkəmə iclasında iştirak edən cavabdehlər isə 10000 manatlıq malın Rənada olmasına dair məhkəməyə heç bir sübut təqdim etmirlər. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının Cavabdeh1 qarşı qismən 10000 manat məbləğində təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iş materiallarından göründüyü kimi, iddiaçının iddia tələbinin qanuni əsası Cavabdeh1 tərəfindən ondan alınmış malların nə özünün, nə də dəyərinin qaytarılmamasına görə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəalarına söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.1). Əsassız varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Hazırki işdən göründüyü kimi, iddiaçının şikayəti əsasında Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılmış, həmin İdarənin xx.xx.2015-ci il tarixli qərarı ilə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Lakin sonradan materiallar Binəqədi rayon Prokurorluğunda öyrənilmiş və xx.xx.2015-ci il tarixli qərarla Binəqədi RPİ-nin xx.xx.2015-ci il tarixli qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş, material əlavə yoxlama aparılması üçün Binəqədi rayon RPİ-yə göndərilmişdir. Bununla bağlı həmin iş üzrə Binəqədi rayon RPİ tərəfindən yenidən araşdırma aparılmış və bu dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğvi üçün əsas olmuş hallar aradan qaldırılmadan, heç bir araşdırma aparılmadan xx.xx.2015-ci il tarixdə yenidən həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra həmin material Binəqədi rayon Prokurorluğunda yenidən öyrənilmiş və xx.xx.2016-cı il tarixdə İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair Binəqədi RPİ-nin xx.xx.2015-ci il tarixli qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmiş, material əlavə yoxlama aparılması üçün Binəqədi RPİ-yə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 7676/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdi ki, yuxarıda adı çəkilən Binəqədi rayon Prokurorunun xx.xx.2016-cı il tarixli qərarından sonra müvafiq yoxlamanın aparılması və hansı qərarın qəbul edilməsi iş materialları ilə müəyyən olunmadığı üçün bu barədə Binəqədi RPİdən materiallar tələb olunub tədqiq olunmalıdır. Bununla bağlı işə apellyasiya qaydasında yenidən baxılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburiliyini nəzərə alaraq Binəqədi RPİ-nə müvafiq sorğu məktubu göndərmiş və həmin sorğu məktubuna cavab olaraq məhkəməyə materiallar daxil olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi RPİ tərəfindən məhkəməyə daxil olmuş materiallardan müəyyən olundu ki, İddiaçı müraciəti əsasında toplanmış materiallar üzrə Binəqədi rayon Prokurorunun xx.xx.2016-cı il tarixli qərarından sonra Binəqədi rayon RPİ-də yenidən araşdırma aparılmış və fevral 2016-cı il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərar və sorğuya cavab olaraq məhkəməyə daxil olmuş Binəqədi RPİ-də İddiaçı verdiyi yazılı izahatdan müəyyən olunur ki, İddiaçı Cavabdeh1 verdiyi 10000 manatlıq malların dəyərindən Səbinənin atası Fərhad tərəfindən 2014-cü ilin dekabr ayının əvvəllərində 500 manat ödənilmiş, qalan 9500 manat pulun isə ona ödəniləcəyi bildirilsə də, həmin pul bu günə qədər ödənilməmişdir. Apellyasiya baxışı zamanı İddiaçı Bakı şəhər Binəqədi RPİ tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş sənədlərə etiraz etməyərək, həqiqətən də həmin İdarədə verdiyi izahatında bildirdiklərini təsdiqləmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya baxışının hədləri daxilində araşdırılan iddia tələbi əsaslı olsa da, birinci instansiya məhkəməsi həmin iddia tələbini təmin edərkən onun məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Yəni, hazırki işdə iddiaçının 10000 manat pulun cavabdehdən tutulması barədə iddia tələbinin yuxarıda göstərilənlərlə bağlı 9500 manat hissəsi təmin edilməli idi. Azərbaycan Respublikası MPM-nin 106.1 və 106.3-cü maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçıya məxsusluğu mübahisə doğurmayan malların ona deyil, Rəna adlı şəxsə verilməsi barədə dəlili də hazırki iddia tələbinin təmin edilməsi əsasını dəyişmir. İddiaçı sözügedən malları Cavabdeh1 vermiş, sonuncu malların üçüncü şəxsə verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən- Cavabdeh1 10000 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli və həmin hissədə Cavabdeh1 tutulmalı olan məbləğ 9500 manat müəyyən edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-887/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- Cavabdeh1 10000 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh1 9500 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2(103)-1571/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1571/2020
10.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver